Demokratiyanın formaları Demokratiya barədə çoxsaylı düşüncələr və təcrübələr göstərdi ki, bu bir formalı dövlət idarəçiliyi ola bilməz. Yəni demokratiyanın formaları müxtəlifdir. Nümayəndəli demokratiya. Xalq öz seçdikləri nümayəndələr vasitəsiylə siyasi hakimiyəti formalaşdırır.
Müasir dövrdə demokratiyanın ən geniş yayılmış forması nümayəndəli demokratiyadır. Vətəndaşlar siyasi qərarların qəbul edilməsində birbaşa deyil, hakimiyyət orqanlarına seçdikləri nümayəndələr vasitəsiylə (millət vəkilləri, bələdiyyələr, merlər və b.) iştirak edirlər.
Birbaşa demokratiya (referendum, plebisit, toplantı və s.). Dövlət və cəmiyyət həyatının əsas məsələləri birbaşa xalq səsverməsi ilə həll edilir. Referendum Qərbdə bir qayda olaraq qlobal problemlərin həlli zamanı tətbiq edilir. İlk referendum 1439-cu ildə İsveçrədə keçirilib. Sonralar referendum dünya praktikasında geniş yayıldı və bir çox ölkələrin konstitusiyasında özünə yer tapdı. Referendum prinsipial məsələ ilə bağlı seçicilərə müraciətdir və nəticədə konstitusiya, qanunvericilik, yaxud da daxili və xarici siyasətin vacib məsələləri ilə bağlı qərar qəbul olunur. Plebisit-hansısa ərazinin taleyini müəyyənləşdirmək üçün xalqın rəyini öyrənmək və qərar qəbul etmək üçün spesifik referendum formasıdır.
Birbaşa demokratiyanın tətbiqi müəyyən çətinliklər yaratdığından son zamanlar dövlətlər təmsilçi, yəni nümayəndəli demokratiyaya üstünlük verir.
Demokratik idarəçiliyin iki forması var: prezident və parlament idarəçiliyi. Prezident idarəçiliyi formasında prezident və parlament müxtəlif vaxtlarda və ayrı-ayrı seçkilərlə seçilir. Prezident geniş səlahiyyətlərə malik olur.
Parlament idarəçiliyi formasında prezident və parlament eyni seçkilər əsasında seçilir, hökuməti parlament formalaşdırır. Bu cür idarəçilik formasının tətbiq olunduğu bir sıra ölkələrdə prezident də parlament tərəfindən seçilir.
Müasir dövrdə parlament idarəçiliyinin 3 forması var:
1. Hökumət parlamentdə çoxluq əsasında formalaşır (50%-dən çox səs toplayan partiya hökuməti formalaşdırır).
2. Parlament koalisiya əsasında formalaşır (hökumət mütləq çoxluq qazana bilməyən bir neçə partiyanın koalisiyası əsasında formalaşır).
3. Parlament konsensus əsasında formalaşır (etnik, regional prinsiplərlə).