Mövzu 3 Siyasi hakimiyyət. Demokratiya Plan Siyasi hakimiyyət anlayışı Hakimiyyət bölgüsü


Demokratiya anlayışı, onun əsas əlamətləri



Yüklə 26,2 Kb.
səhifə6/7
tarix10.04.2023
ölçüsü26,2 Kb.
#95457
1   2   3   4   5   6   7
M-4

Demokratiya anlayışı, onun əsas əlamətləri
Demokratiya qədim yunan sözü olub, «xalq hakimiyyəti» mənasını verir. Demokratiyaya Amerika prezidenti Linkolnun verdiyi qiymət əhatəlidir: «demokratiya xalq tərəfindən, xalqın özü üçün formalaşdırılan xalq hakimiyyətidir». O, çox qədim idarəçilik formasıdır. M. ö. V əsrdəki «Perikl epoxasında» hakimiyyət azad vətəndaşlar məclisinə məxsus idi. Bu məclis müntəzəm olaraq şəhər meydanında öz yığıncaqlarını keçirir, ictimai işləri müzakirə edir, qərarlar isə sadə səs çoxluğu ilə qəbul olunurdu. Lakin Afina demokratiyasının ciddi qüsurları da var idi. Belə ki, 400 min əhalisi olan dövlətin ancaq 40 mini tam hüquqlu vətəndaş sayılırdı. Qadınlar, köçkünlər, qullar siyasi hüquqlara malik deyildi. Nisbətən sonrakı dövrlərdə afinalılara demokratiyanın başqa forması məlum oldu. Bu kütlə hakimiyyətinə (oxlokratiya) yaxın bir idarəçilik forması idi. Sözügedən hakimiyyət formasının da qüsuru o idi ki, kütlələr əksər hallarda qanunlara əməl etmir və kütlə tiraniyası yaranırdı.
Sonrakı dövrlərdə Avropa ölkələrində demokratiya haqqında daha bitkin təsəvvürlər formalaşdı və yeni-yeni ideyalar meydana gələrək praktikaya tətbiq edildi. 1787-ci ildə ABŞ Konstitusiyası qəbul edildi. Amerika dövlətinin əsasını qoyanlar xalq idarəçiliyinin demokratik prinsiplərini özündə əks etdirən normalarla, «azadlığın və hər bir fərdin müdafiəsi» kimi liberal dəyərləri bir araya gətirərək onu praktikaya tətbiq etdilər. Sonralar T. Cefferson yazırdı: «Avropada demokratiya uğrunda çoxlu qan axıdılıbsa, Amerikada çoxlu mürəkkəb axıdılıb». Amerika demokratiyasını öyrənən Aleksis Tokvil isə bu qənaətə gəlmişdi ki, azadlığın və siyasi bərabərliyin bərqərar edilməsi barədə Amerika təcrübəsi Avropa kontinentində də həlledici əhəmiyyət kəsb etmişdi.
Demokratik rejimin xarakterik xüsusiyyəti cəmiyyətin liberal metodlarla idarə olunması, hamı tərəfindən qəbul edilən insan haqları, azadlıqları və plüralizmdir. Həlledici metod məcburetmə deyil, inandırmadır. Təsiretmə metodları qanunlarla məhdudlaşdırılır və cəmiyyətin nəzarəti altında olur. Demokratik rejimlərin əsas əlamətlərini aşağıdakı kimi ümumiləşdirmək olar:
- xalq hakimiyyətin mənbəyidir;
- hakimiyyət orqanları seçki ilə formalaşır və müntəzəm dəyişdirilir;
- çoxpartiyalı, rəqabətli sistem mövcud olur;
- siyasi müxalifət leqal fəaliyyət göstərir;
- gerçək söz azadlığı bərqərar olur;
- vətəndaş və hüquq cəmiyyəti yaratmaq istiqamətində mübarizə gedir.
Xalq hakimiyətin mənbəyidir. Demokratik rejimlərdə hakimiyyəti xalq forimalaşdırır, ona müəyyən səlahiyyətlər verir və nəzarət edir. Demokratiya təkcə respublika idarəçiliyi formasında deyil, konstitusiyalı monarxiya şəraitində də tam mümkündür (Böyük Britaniya, Belçika, Hollandiya, İspaniya, Yaponiya və b.).
Hakimiyyət orqanlarının seçki ilə formalaşması və müntəzəm dəyişdirilməsi. Hakimiyyətə seçki ilə gələn istənilən dövlət xadimi, məmur konstitusiya ilə müəyyənləşdirilmiş müddətdə vəzifədə olur. Bu rejimdə xalqın mütləq əksəriyyətinin dəstəyini qazananlar belə konstitusiya ilə müəyyən olunmuş vaxtdan artıq vəzifədə qala bilməzlər. Hakimiyyət daim xalqın nəzarəti altında olur.
Çoxpartiyalı, rəqabətli sistem. Gerçək tarixi təcrübə göstərir ki, çoxpartiyalılıq olmadan siyasi rəqabət də mümkün deyil. Rəqabətsiz isə cəmiyyətin tərəqqisi qeyri-mümkündür. Müxalifətçiliyin fəlsəfəsi hakimiyyətdə olan siyasi rəqibin idarəçilikdə yol verdiyi qüsurları aşkar edib xalqa çatdırmaqdır. Rəqabət məcbur edir ki, hakimiyyətdə olan partiya öz fəaliyyətinə ciddi nəzarət etsin. Belə rəqabət mühiti son nəticədə bütün cəmiyyətin tərəqqisinə gətirib çıxarır. Demokratik rejimlər siyasi partiyaların meydana gəlməsinə və fəalyyət göstərməsinə maneələr yaratmır. Qərb ölkələrində təxminən eyni gücə malik olan iki, yaxud üç aparıcı partiya siyasi hakimiyyət uğrunda mübarizə aparır. Postsovet ölkələrində və Şərqi Avropada isə siyasi partiyalar çoxdur və onların çox vaxt seçki zamanı bir-birlərinin fəaliyyətinə maneələr yaratması da gerçəklikdir.
Siyasi müxalifət leqal fəaliyyət göstərir. Gerçək demokratiyanın bərqərar olması üçün müxalifət leqal fəaliyyət göstərməli, hakimiyyəti kəskin tənqid etmək imkanlarına malik olmalıdır. Müxalifət cəmiyyətdə demokratiyanın əsas müdafiəçilərindəndir. O, cəmiyyəti ortaya çıxa biləcək istənilən təhlükədən xəbərdar edir və bu təhlükənin qarşısını almaq üçün mövcud resursları səfərbər etməyə çalışır.
Gerçək söz azadlığı. Söz azadlığının gerçəkdən bərqərar edilməsi demokratik rejimlərə xas olan əsas xüsusiyyətlərdəndir. Volter yazırdı: «Mən sizin fikrinizlə razı olmaya bilərəm, ancaq mən həyatımı verməyə hazıram ki, siz onu söyləyə biləsiz». İstənilən tənqid subyektivdir və ünvanlandığı adamın xoşuna gəlmir. Lakin tənqid həkim kimidir. O ağrıyan yeri göstərir. Söz azadlığı ictimai ziddiyyətləri də aşkar etmək gücündədir. Söz azadlığının boğulması cəmiyyəti ümumi inkişafdan saxlayır və ictimai aqressiya yaradır.
Vətəndaş cəmiyyəti və hüquq dövləti yaratmaq cəhdi. Vətəndaş cəmiyyətinin formalaşdırılması dövlət hakimiyyətinə aid olan səlahiyyətlərin tədricən vətəndaşlara, onların təsis etdikləri institutlara ötürülməsidir. Bu evolyusiyon prosesə təkan verməyə hakimiyyət özü maraqlı olur. Qeyrikommersiya təşkilatları, xeyriyyə fondları vətəndaş cəmiyyətlərinin aparıcı institutlarıdır.
Müasir dünyada demokratiyanın inkişaf istiqamətlərini aşağıdakı kimi ümumiləşdirmək olar:
1. Liberalizmdəki təbii-hüquqi təlimə uyğun olaraq dövlətin bütün vətəndaşlarına şamil edilən azadlıq və bərabərlik prinsipi. Cəmiyyətin demokratikləşmə dərəcəsinə uyğun olaraq bu prinsiplər get-gedə daha çox praktikiya tətbiq edilir.
2. Demokratiya get-gedə daha çox dövlətlərdə və ərazilərdə yayılır. Bu dövlətlərdə birbaşa demokratiyanın prinsipləri əsasən yerli özünüidarəetmə səviyyəsində təzahür edir. Vətəndaşlar dövlət idarəçiliyində birbaşa deyil, seçdikləri nümayəndələr, təmsilçilər vasitəsiylə iştirak edirlər.
3. Nümayəndəli demokratiya forması, ilk növbədə, vətəndaş cəmiyyətinin iqtisadi maraqlarının çoxsaylı ifadəsinə cavab olaraq meydana gəlir.
4. Müasir liberal demokratik dövlətlər bir-birlərindən fərqlənsələr də ümumi liberal-demokratik prinsiplər və dəyərlər üzərində qurulur.
5. Liberal demokratiyaya daim inkişafda və təkmilləşməkdə olan bir proses kimi baxılır. Böyük Britaniyanın baş naziri U. Çerçill demokratiya haqqında deyirdi: «Demokratiyanın çoxsaylı çatışmazlıqları var. Ancaq onun üstün cəhəti odur ki, hələ heç kim bu idarəçilik formasından yaxşısını icad edə bilməyib».

Yüklə 26,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin