Hakimiyyət formaları Hakimiyyətlər, başqa sözlə siyasi rejimlər aşağıdakı əlamətlərə görə müəyyənləşdirilir:
- idarəedən qrupun və ya liderin seçilmə prosedurlarına, dövlət orqanlarının fəaliyyət qabiliyyətinə görə;
- hakimiyyətin real bölüşdürülməsinə görə;
- hakimiyyət bölgüsünə əməl olunub-olunmamasına, siyasi hakimiyyətə kimin və necə nəzarət etməsinə görə;
- siyasi hakimiyyətin tətbiqi metodlarına görə (icazəli, yoxsa yasaqlı; inandıran, yoxsa məcbur edən);
- siyasi iştiraka əhalinin münasibətinə, bu münasibətin formalarına görə (aktiv, yoxsa passiv; mütəşəkkil yoxsa stixiyalı);
- cəmiyyətdə hüquq və azadlıqların durumuna görə;
- sosial və siyasi münaqişələrin həlli üsullarına görə;
- siyasi mədəniyyətin siyasi proseslərə təsir gücünə görə;
- cəmiyyətdə siyasi partiyaların mövcudluğuna, onların dövlətlə münasibətlərinin məzmun və xarakterinə, eləcə də müxalifətin statusuna görə;
- ordunun cəmiyyətdə status və roluna görə:
- medianın hüquqi və siyasi statusuna görə müəyyənləşir.
Siyasi rejimlərin növləri: 1. Totalitar siyasi rejim
Belə rejimlər, adətən inqilablar, hərbi çevrilişlər, cəmiyyətdaxili kəskin qarşıdurmalar, siyasi hakimiyyət böhranları, xarici təsirlər və təcavüzlər əsasında formalaşır. Rejimin əsas xarakterik cizgiləri aşağıdakılardır:
- hakimiyyət bir kütləvi partiyanın monopolyasına keçir və oliqarxiya prinsipi ilə qurulur, idarəçilik bir nəfər tərəfindən aparılır və dövlət institutlarının fəaliyyəti sıx şəkildə ona bağlanır;
- iqtisadiyyat tam mənada dövlətin nəzarətinə keçir, milliləşdirilir, şəxsi mülkiyyət ortadan qalxır;
- cəmiyyətin bütün sferalarına sirayət edən rəsmi dövlət ideologiyası formalaşdırılır; - daxili siyasətin əsas aləti kimi ardıcıl repressiyalar həyata keçirilir;
- media üzərində texnoloji nəzarət həyata keçirilir;
- silahlı mübarizə imkanları tam nəzarətə götürülür, müxalifətin müqavimət imkanları, hətta onun mövcudluğu faktı ortadan qaldırılır.
Totalitar rejimlərdə insanların şüuruna «biz və onlar», «doğma və yad», «dost və düşmən», «ağ və qırmızı», «bizimlə olmayan bizə düşməndir», «təslim olmayanı məhv etməli», «insan yoxdursa, problem də yoxdur» düşüncələri hakim kəsilir, toplum «parlaq gələcək», «ən yaxşı ölkə» və s. ilğımlarıyla, yalançı illüziyalarla çaşdırılır.
Totalitar rejimlər XX əsrin məhsuludur. Bir çoxları bu qənaətdədir ki, totalitarizmin meydana gəlməsinə industrial inkişaf təkan verdi.