Avtoritar siyasi rejim.
Bir qayda olaraq avtoritarizm totalitarizmlə demokratiya arasında keçid rolunu oynayır. Ona bəzən totalitarizmin «yüngül» forması kimi də baxılır. Belə rejimlər siyasi hakimiyyətin tək əldə cəmləşdirildiyi, başqa institutların rolunun azaldıldığı, siyasi müxalifətin sıxışdırıldığı rejimlərdir. Ancaq şəxsiyyətin və cəmiyyətin siyasi sferadan kənar avtonomluğu saxlanır. Rejimin əsas xarakterik cizgiləri aşağıdakılardır:
- hakimiyyət bir şəxsin və yaxud qrupun əlində cəmləşir;
- hakimiyyətin bölüşdürülməsi prinsipinə etinasız yanaşılır;
- əsas təsir imkanları dövlətin əlində cəmləşdirilir;
- böyük repressiya apparatı olmur;
- fərdin və toplumun siyasi fəaliyyəti ciddi şəkildə reqlamentləşdirilir, məhdudlaşdırılır;
- vətəndaşlara dövlətin yasaq etmədikləri qaydalara uyğun davranmağa icazə verilmir;
- demokratiyanın bəzi elementləri saxlanılır (seçki, parlament uğrunda mübarizə, kütləvi aksiyalara məhdudiyyət qoyulmaqla icazə və s.);
- media nisbətən azaddır, ancaq senzura dövlətin sosial institutu kimi saxlanıla da bilər;
- vətəndaş davranışının tipik forması konformizmdir, siyasi mühitə biganəlik, bir sıra hallarda isə ikrah formalaşır;
- siyasi elita elektorat tərəfindən deyil, «yuxarı» tərəfindən, onun iradəsinə uyğun formalaşdırılır.
1980-1990-cı illərdə totalitarizmin ən böyük qalası olan SSRİ-nin çökməsi ilə post-sovet məkanında avtokratiyanın, kvazidemokratiyanın tipik nümunələri meydana gəldi.
Demokratik siyasi rejim Demokratiya mənbəyi xalq olan hakimiyyət formasıdır. Belə rejimlərdə insan geniş hüqüq və azadlıqlara sahibdir, dövlət və cəmiyyət işlərində aktiv iştirak edirlər. Demokratiyanın əsas xarakterik cizgiləri aşağıdakılardır:
- hakimiyyətin bölüşdürülməsi prinsipinə tam əməl olunur; - seçkili orqanlar birbaşa, bərabər və gizli səsvermələr əsasında formalaşır;
- vətəndaş cəmiyyəti yüksək inkişaf dərəcəsinə malikdir, o dövlətə və bütün siyasi sistemə nəzarət edə bilir;
- dövlətin fəaliyyətində qeyri-siyasi metodlarla davranmaq istisna təşkil edir, kompromisslərlə, konsessusla işləmək prioritetdir, dövlət hüquq dövlətidir; - çoxpartiyalılıq əsas şərt sayılır;
- leqal müxalifət var və o siyasi prosesin ayrılmaz tərkib hissəsidir; - media senzuradan tam azaddır, hakimiyyəti tənqid edə bilər, ancaq onu zorla devirməyə çağıra bilməz;
- güc strukturları daxili və xarici təhlükəsizliyə cavabdehdir, siyasətdən kənardadır; - hüquq və azadlıqlar bütün cəmiyyətə məxsusdur;
- plüralist siyasi mədəniyyət hakimdir;
- ideoloji plüralizm mövcuddur, rəsmi ideologiya yoxdur.
Demokratiyanın mahiyyəti xalqla hakimiyyət, eyni zamanda sosial qruplar və onların siyasi strukturlarının təmsilçiləri arasında daimi dialoqda təzaşür edir. İdealda dialoq cəmiyyətin inteqrasiya formasıdır. Müxtəlif iqtisadi, siyasi, informasiya və b. resurslara malik olduqlarından praktikada isə tərəflərin dialoq imkanları bərabər olmur.
Demokratiya bir siyasi rejim kimi sosiokulturoloji və psixoloji özəlliklərə malik olduğundan bir cəmiyyətdən digərinə mexaniki transformasiya olunmur. Demokratiyanın inzibati üsullarla və mexaniki şəkildə tətbiqi, çox keçmədən həmin siyasi məkanda özünün problemlərini döğurur. Demokratiya insanların ardıcıl maariflənməsini, onların mədəni səviyyəsinin, siyasi şüurunun inkişafını, cəmiyyətdə birgəyəşayış normaları ilə bağlı mütərəqqi qaydalara və vərdişlərə yiyələnməsini tələb edir. O, həm də müsbət vərdişlərə yiyələnmiş insanın həyat tərzidir. Demokratik cəmiyyətdə insan dinamik və çevik olmalıdır. Bu cəmiyyət tənbəlləri, nadanları, ümummədəni səviyyəsi aşağı olan, yaranmış vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkən aciz insanları sevmir.
Kimi demokrat hesab etmək olar?
- polifonik təfəkkür tərzinə malik olan; - tolerant;
- kompromisə və konsessusa meylli;
- konstruktiv və qurucu;
- öz yolunu dəqiq müəyyənləşdirən;
- hər zaman alternativliyi nəzərə alan;
- özünütəsdiqə tələbat hiss edən insan və s.