N. HƏSƏNZADƏNİN "ATABƏYLƏR" PYESİNİN TƏHLİLİ
Müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Əliməmməd oğlu Həsənzadə 1931-ci il fevral ayının 18-də Qazax rayonunun Poylu stansiyasında (indiki Ağstafa rayonu ərazisi) anadan olmuşdur. Atası Poylu dəmiryolunda işləmişdir.
Bir yaşında atasını, 23 yaşında isə anasını itirən gənc Nəriman ibtidai və orta təhsilini öz rayonunda almış, 1949-53-cü illərdə indiki Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. 1954-56-cı illərdə ordu sıralarında xidmətdə olmuşdur.
1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirərək ikinci ali təhsil almış, Moskvada ikiillik Ali Ədəbiyyat Kurslarında da oxumuşdur.
1962-65-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuş, “Azərbaycan – Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək (1965) elmlər namizədi alimlik dərəcəsi almışdır.
1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və Gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990-cı illər) vəzifələrində işləmişdir. SSRİ Yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə mətbuat və informasiya nazirini əvəz etmişdir.
N.Həsənzadənin yaradıcılığında tarixi şəxsiyyətlər mövzusu ayrıca bir tədqiqat əsəri ola bilər. Onun "Nəriman" və "Zümrüd quşu" epik-dramatik poemaları, "Nuru Paşa" poeması, "Atabəylər" və "Pompeyin Qafqaza yürüşü" mənzum pyesləri düşünülmüş bir bədii konsepsiyanın reallaşmasıdır. "Nuru Paşa" istisna olunmaqla adını çəkdiyimiz digər əsərlər Sovet dövründə yazılmışdır. Olsun ki, "Nəriman" poemasında o zamankı həqiqi tarixin unutdurulduğu dövrün məhsulu olan Azərbaycan tarixi kitablarından gələn müəyyən təsirlər var, amma N.Həsənzadə böyük Nərimanın Azərbaycan qarşısında xidmətlərinə heç bir kölgə salmamışdır.
"Nuru Paşa" poemasına gəldikdə isə, artıq bu əsərdə Şair Nəriman Həsənzadə ilə Tarixçi-tədqiqatçı Nəriman Həsənzadə birləşir. Əsərdə Qafqaz İslam Ordusunun komandanı, Osmanlı ordusunun general-leytenantı Nuru Paşanın Bakının azad olunması uğrunda (1918) Gəncədən Bakıya qədər keçirdiyi uğurlu döyüş əməliyyatından söz açılır. Ancaq poemada Nuru Paşanın bu tarixi missiyasının tərənnümü ilə yanaşı, istiqlal və azadlıq düşüncələri də öz əksini tapmışdır.
Nəriman Həsənzadə təzadlar şairidir. Həyatda, cəmiyyətdə, böyük dünyamızda baş verən hər hansı bir hadisə onun poeziyasında öz əksini tapır. Onun "Kimin sualı var?" adlı poemasında cəmiyyətdəki haqsızlıqlar, bu haqsızlıqların rişələri, kökləri araşdırılır. Poemada xoşbəxt olmağa çalışan iki insanın faciəsindən söz açılır, biri İlhamdır, biri Ağgün. Bu iki gəncin bir güclü rəqibləri var. Onun adı Ədalətsizlikdir ki, Ədalət adı ilə onların qarşılarına çıxır. Bəli, iki gözəl insanı həyatda bədbəxtliyə düçar etmək üçün bir adam da kifayət edərmiş. Bir adam!.. Amma görün, o bir adam necə arxalıdır, hər yerə şaxələnib. Bir şaxəsi ali məktəbə, biri nazirliyə, biri daha böyük yerə... Bu şaxələr uzandıqca istedadın yolunu kəsir, qəlbini yaralayır. Ağgün böyük sevgiyə layiq ikən fəlakət izləyir onu, nüfuzlu bir institut professorunun oğlu Ədalət onun saf və bakirə duyğularına xəyanət edir. Onu öz ailələrinə yaraşdırmayan professorun səyi ilə Ağgün institutdan çıxarılır, hardasa uşaq bağçasında işə düzəlir. İllər keçir... Ömrü tənhalıqda keçən Ağgün səhvlərini bir-bir xatırlayır. Amma ömrün bu anları onu adi bir qızdan düşünən insana çevirir. Özünü dərk etməyə başlayır.
Ağgün qız yatmışdı, gəlin oyandı.
Dünyada təzədən doğuldu Aygün.
Həyat çox sərtdir, mürəkkəbdir və elə olur ki, başdan-ayağa günah içində batanı da silkələyir, onu ADAM OLMAĞA səfərbər edir. Çünki təməli gözəlliklə yoğrulan, yaxşılıq, xeyirxahlıq üstündə qurulan bir həyatda həmişə günah içində yaşamaq, kimlərəsə pislik edə-edə yaşamaq da yaşamaq deyil. Poemada, bütün əsər boyu yaxşılıq-xeyir-gözəllik şəri-pisliyi-rəzilliyi mühakimə edir. Ən çox da ittihamçı İlhamdır... O, hörmətli professorunun səhvlərini üzünə deyir, onun elm aləmində yüksəkdə dura-dura bir insan kimi alçaldığını, mənən cılızlaşdığını çəkinmədən söyləyir. Öz kasıb, əlləri qabarlı anası ilə Ədalətin anasını müqayisə edir, məhəbbəti ucundan fəlakətə yuvarlanan Ağgünün çox təmiz, pak bir qız olduğunu söyləyir. Nəhayət, Ədalətin özündə də mənəvi bir tərpəniş başlanır. Başqa bir qızla evləndiyi günün səhərisi hiss edir ki, can atdığı səadət bu deyilmiş.
Bəzən şairlərin yaradıcılığından söz açanda "millət şairi", "istiqlal şairi", "azadlıq şairi", "məhəbbət şairi", "təbiət şairi" və s. bu qəbildən olan ifadələr işlədirlər. Təbii ki, belə bir bölgü və bu prinsip çox zaman özünü doğrultmur. Nəriman Həsənzadəyə gəldikdə, bütün bu ifadələri bir kənara qoyub O, ŞAİRDİR deyirik. Şair üçün təbiətin gözəlliklərindən yazmaq, poetik boyalarla, sözün rəngləriylə tablolar çəkmək, yaxud Vətəninin, xalqının azadlığı, müstəqilliyi barədə düşüncələrini ifadə etmək, sevdiyi xanımına şeirlər həsr etmək bütün bunlar onun missiyasına aiddir. Şair odur ki, o, bizim düşündüyümüzü deyə bilir və bununla da bizim üçün doğmalaşır. N.Həsənzadə 90-cı illərin o çətin, mürəkkəb, sarsıntılı günlərində bir çox şeirlər yazdı, sanki ürəyimizdən keçənləri poeziyanın etiraz nidalarına çevirdi. Şair 90-cı illərin əvvəllərində İranda oldu, "Cənub həsrəti" silsiləsi də bu zaman yarandı.
Keçdim Culfadakı dəmir körpüdən,
orda fars dayanıb, burda rus durur.
Qarşıda -
ikiyə bölünmüş Vətən,
ortada -
bir Araz, bir namus durur.
Nəriman Həsənzadə dünyaya göz açdığı Poylu haqqında gözəl bir poema yazıb. Xatırlayıram ki, 2007-ci ilin dekabr ayında Nəriman Həsənzadə ilə birgə mən də onun doğulduğu həmin qəsəbəyə getdik. Həmyerliləri Nəriman müəllimi çox hərarətlə qarşıladılar. Televiziya çəkiliş aparır deyə nənələr, ağsaqqal kişilər, Poylunun cavan qızları, oğlanları onun pişvazına çıxdılar. Əsl el bayramıydı. Nəriman müəllim də şeirlər oxuyur, bu kənddə keçirdiyi uşaqlıq və gənclik illəri haqqında xatirələr söyləyirdi. Amma onun çıxışında bir nisgil də hiss elədim. Dedi ki, bu kənddə daha mənim yaşıdlarımın sayı azalıb. Onda hiss elədim ki, ömür keçib, gün keçib, Nəriman Həsənzadə daha axtardıqlarını tapa bilmir. Amma onu da hiss elədim ki, həmin iki günlük səyahətdə bütün Ağstafa, Qazax eli - qocalı, cavanlı - Nərimanı sevirlər. Bu sevgi isə Nəriman müəllimin bütün ömrünə yetər..
Bu dünyanın gözəl vaxtı Poyluda qaldı,
Bir qız mənə süzgün baxdı, Poyluda qaldı,
Göy üzündən ulduz axdı, - Poyluda qaldı,
Taleyimin dalısınca getdim Poyludan, -
Beşiyimin görüşünə döndüm sonradan.
Nəriman Həsənzadəni təkcə şair kimi tanımırıq, o, həm də gözəl publisist və dramaturqdur. Hər iki sahədə uğurları var.
"Bütün Şərq bilsin", "Atabəylər", "Pompeyin Qafqaza yürüşü", "Midiya sarayı", "Nabat xalanın çörəyi", "Kimin sualı var" - bu pyeslər onun bir dramaturq kimi uğurlarından xəbər verir. Akademik İsa Həbibbəyli "Müasirlik işığında bədii yanaşma" məqaləsində şairin dramaturji yaradıcılığı geniş təhlil olunur. İsa Həbibbəyli haqlı olaraq yazır ki, "Nəriman Həsənzadənin yaradıcılığında dramaturgiyaya gedən yol lirikasındakı epik əlamətlərdən başlanır. Kiçik həcmə malik olmasına baxmayaraq "Ayaqqabılar" şeiri bir ailənin dramı təsiri bağışlayır... Bu qəbildən şeirlər Nəriman Həsənzadənin lirikasındakı dramatizmin tumurcuqlarıdır.gNəriman Həsənzadə Azərbaycan ədəbiyyatında "epik-dramatik" formatda poemanın əsas yaradıcılarından biridir. "Nəriman", "Zümrüd quşu", "Kimin sualı var" epik-dramatik poemaları "Arabaçı" və "Ayaqqabılar" şeirlərindən süzülüb gələn epik-dramatik əlamətlərin qanunauyğun məntiqi yekunudur".
"Bütün Şərq bilsin" poeması Azərbaycan xalqının böyük oblu Nəriman Nərimanovun tale dramıdır - İ.Həbibbəylinin bu fikriylə biz də razılaşırıq. "Atabəylər" və "Pompeyin Qafqaza yürüşü" pyesləri isə tarixi mövzudadır. Onların hər ikisi şeirlə yazılmışdır. Hər iki pyes uzun müddət teatrlarımızın səhnəsində müvəffəqiyyətlə oynanılmışdır.
Nəriman Həsənzadənin bir ədəbiyyatşünas-tənqidçi və publisist kimi fəaliyyəti haqda söz açmaq olar. Doğrudur, o, bu sahələrdə qızğın fəaliyyət göstərməmişdir, amma nə yazıbsa, yaxşı yazıb, ürəkdən yazıb. Onun ulu öndər Heydər Əliyevlə görüşləri səmimiyyətlə xatırlanır: "Heydər Əliyev təkcə Azərbaycan KP MK-nın Birinci katibi vəzifəsinə gəlməmişdi, həm də mənim və başqa sənət adamlarının ədəbi taleyini şər qüvvələrdən qorumağa sanki Haqdan göndərilmişdi. Təhlükəsizlik Nazirliyindəki ilk görüşümüzdən o mənim ürəyimə girmişdi". Daha sonra yazır: "Heydər Əliyev "Ədəbiyyat və incəsənət" qəzetinin ideya müəllifiydi... Kimlərsə ayağımızdan çəkir, Heydər Əliyev əlimizdən tuturdu...gHeydər Əliyevi tanıyan yaşlı nəslin nümayəndələri yaxşı bilirlər ki, o, diqqətcil, möhkəm yaddaşa malik bir insan idi. Otuz-qırx il əvvəl bir rəqəm oxuyub, bir hadisənin şahidi olmuşdusa, hamısını olduğu kimi -yerli-yataqlı deyirdi. Tanrı vergisiydi".
Bu yazıda təbii ki, Nəriman Həsənzadənin çoxcəhətli yaradıcılığını bütünlüklə təhlil etmək mümkün deyil. O, elə şairlərdəndir ki, tənqidçiyə söz demək, təhlil etmək imkanı verir. Mən isə sadəcə bir yubiley məqaləsi yazdım... Azərbaycan şeirinin Nərimanı isə artıq doqquzuncu onilliyini yaşayır. Bu yazını Xalq şairinin "Girov" şeiri ilə bitirirəm:
Bilmirəm, bir ömrü yaşamışammı,
ya heç yaşamağa başlamışammı?
Bəlkə yüz ilim var hələ qabaqda,
bəlkə bircə həftəm qalıb o vaxta.
Deyirlər, söz qalır dünyada yalnız,
gəldi-gedəriyik qalan hamımız.
Deyə bilmişəmmi qalan söz olsun,
adımla çəkilən filan söz olsun.
Adım Nərimanın adıdır, nə qəm,
o şöhrət qazanıb getdi bu ada.
Şöhrətli bir adı yaşadan mənəm,
şöhrətsiz olan da mənəm dünyada.
Adlar yolumuza çıraq olurlar,
yolların mənzili kəsə olmayır.
Bir söz qəzasında həlak olurlar,
bu ömür-hər ömrə nəsib olmayır.
Ürəkdir bu eşqlə qaynayıb-daşan,
sinəmdə çırpınır alışmaq üçün.
Bir insan ömrünü girov qoymuşam
bir şair ömrünü yaşatmaq üçün.
Ədəbiyyat siyahısı
http://anl.az › h
https://azkurs.org/microsoft-word-materiallar-full-menim-genclere-xususi.html?page=55
https://sia.az/az/news/literature/855957.html
Dostları ilə paylaş: |