Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası



Yüklə 264,75 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix02.01.2022
ölçüsü264,75 Kb.
#41181
  1   2   3
60-72



60 

 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 



№3    

 

Sosial-siyasi elmlər seriyası   

 

2013 

 

 

 

 

UOT 343.31.7 

 

QƏSDƏN SAĞLAMLIĞA AĞIR ZƏRƏR VURMA ƏMƏLİ HAQQINDA 

 

E.İ.MURADOV 

Bakı Dövlət Universiteti  

elsever.muradov@mail.ru 

 

Ədalət  naminə  bir  qulaqda  eşitmə  dərəcəsinin  itirilməsinin  ağır  bədən  xəsarəti  kimi 

qiymətləndirilməsinin  zəruriliyi  ilə  bağlı  əsaslandırılmış  bir  fikri  qeyd  etməyi  məqsədəuyğun 

hesab  edirik:  “eşitmənin  cinayət-hüquqi  mühafizəsi  görmənin  mühafizəsindən  az  əhəmiyyətli 

olmamalıdır”. 

 

Açar  sözlər:  qəsd,  ağır  zərər  vurma,  həyat  üçün  təhlükəli,  həyat  üçün  təhlükəli 

olmayan, zərər vurma 

 

2000-ci  il  Azərbaycan  Republikasının  Cinayət  Məcəlləsi  sağlamlığa 



qəsdə görə məsuliyyət nəzərdə tutan normaları ayrıca fəsildə təsbit etməsə də, 

göstərilən  cinayətlər  nisbətən  müstəqil  əməllər  qrupu  yaradırlar.  Sağlamlıq 

əleyhinə cinayətlərin belə bir “muxtariyyət” əldə etməsinin əsası qismində ilk 

öncə onların növ obyektinin özünəməxsus xüsusiyyətləri çıxış edir. 

Bu  növ  cinayətlərin  spesifik  xüsusiyyətləri  ona  verilən  aşağıdakı 

anlayışda öz əksini tapır: 

“Sağlamlıq əleyhinə  olan cinayətlər dedikdə, digər  insanın sağlamlığına 

qəsd  edən  və  bədən  xəsarətləri  yetirən  və  ya  onun  xəstələnməsinə,  yaxud 

patoloji  vəziyyətə  düşməsinə  səbəb  olan,  həmçinin  zərərçəkmişi  həyat  və 

sağlamlığı  üçün  təhlükəli  vəziyyətə  qoyan  qəsdən  və  ehtiyyatsızlıqdan 

törədilən əməllər başa düşülür”. 

Sağlamlıq əleyhinə olan cinayətləri müxtəlif meyarlar əsasında təsnifləş-

dirmək  olar.  Lakin  tədqiqatın  obyektini  qəsdən  sağlamlığa  ağır  zərər  vurma 

əməli  təşkil  edir.  Buna  görə  də,  qəsdən  sağlamlığa  ağır  zərər  vurma  əməli 

cinayət  qanununun  özündə  göstərilən  nəticələrin  müəyyən  ağırlıq  dərəcəsinə 

görə aparılan təsnifat qrupuna daxildir. 

Tədqiqat planına uyğun olaraq ilk öncə Azərbaycan Republikasının CM-

in  126-cı  maddəsində  nəzərdə  tutulan  qəsdən  sağlamlığa  ağır  zərər  vurma 

əməlini  cinayət  tərkib  əlamətləri  üzrə  tədqiq  edək.  Qəsdən  sağlamlığa  ağır 

zərər  vurma  əməlini  cinayət  tərkib  əlamətləri  üzrə  tədqiq  etməzdən  əvvəl 




61 

 

Azərbaycan  Republikasının  CM-in  126-cı  maddəsi  əsasında  onun  anlayışını 



verək: 

“Qəsdən sağlamlığa ağır zərər vurma yetirildiyi zaman insan həyatı üçün 

təhlükəli  olan  və  ya  görmə,  eşitmə,  nitq  qabiliyyətinin  və  ya  hər  hansı  bir 

orqanın,  yaxud  bu  orqanın  funksiyasının  itirilməsinə,  psixi  pozuntuya  və  ya 

sağlamlığın  başqa  cür  pozulmasına,  əmək  qabiliyyətinin  üçdə  bir  hissəsindən 

az  olmamaqla  uzun  müddətə  itirilməsi  ilə  və  ya  təqsirkar  üçün  aşkar  surətdə 

zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan 

və  ya  hamiləliyin  pozulmasına,  şəxsin  narkomanlıqla  və  ya  toksikomanlıqla 

xəstələnməsinə  səbəb  olan,  yaxud  sifətin  silinməz  dərəcədə  eybəcərləşdiril-

məsində ifadə olunan zərər vurmadan ibarət ictimai təhlükəli əməldir”. 

Qəsdən  sağlamlığa  ağır  zərər  vurma  əməlinin  obyektini  zərərçəkmişin 

sağlamlığı  təşkil  edir.  Ümumdünya  səhiyyə  təşkilatının  Nizamnaməsinə  əsa-

sən, sağlamlıq “yalnız xəstəliklərin və fiziki qüsurların olmaması kimi yox, ən 

ümumi  formada  tam  fiziki,  mənəvi  və  sosial  rifah  vəziyyəti  kimi  müəyyən 

edilir”. 

Hər  bir  insan  onun  cinsindən,  yaşından,  irqi,  milli  mənsubiyyətindən  və 

s. asılı olmayaraq sağlamlığının mühafizəsi hüququna malikdir. Bu hüquq bir 

sıra beynəlxalq hüquqi sənədlərlə (məsələn, sosial, iqtisadi və mədəni hüquqlar 

haqqında Beynəlxalq aktı göstərə bilərik), Azərbaycan Respublikasının Konsti-

tusiyası  ilə,  cinayət  qanunvericiliyi  də  daxil  olmaqla  milli  sahəvi  qanun-

vericiliklə təmin olunur. 

Tibbdə  sağlamlıq  insan  orqanizmin  normal  işləməsini  təmin  edən,  onun 

fiziki və psixi vəziyyəti kimi başa düşülür. Ədəbiyyatda qeyd edilir ki, belə bir 

vəziyyət  orqan  və  toxumaların  anatomik  bütövlüyünün,  onların  fizioloji 

funksiyalarının  normada  saxlanılmasını,  xəstəliklərin  və  patoloji  vəziyyətin 

olmamasını nəzərdə tutur (8, 39). 

Mülki hüquqda sağlamlıq adı altında doğulduğu andan vətəndaşa məxsus 

olan,  özgəninkiləşdirilə  və  başqa  cür  təsvir  edilə  bilməyən  qanunla  qorunan 

qeyri-maddi nemət başa düşülür.  

Beləliklə,  cinayət-hüquqi  mühafizənin  obyekti  kimi  sağlamlıq,  birincisi, 

özünə  yalnız  bədən  yox,  həm  də  orqanizmin  vəziyyətinin  psixi  xarakte-

ristikasını  daxil  edir;  ikincisi,  doğulduğu  andan  hər  bir  insana  məxsus  olan 

mühüm  ayrılmaz  neməti  ifadə  edir;  üçüncüsü,  onun  başqa  (cinayətin 

subyektinə münasibətdə) insana mənsubiyyətini də nəzərdə tutur. 

Azərbaycan  Respublikasının  yeni  Cinayət  Məcəlləsində  sağlamlıq 

əleyhinə  olan  cinayətlərin  anlayışında  əvvəlki  cinayət  qanununundan  fərqli 

olaraq  yeni  termindən  –  “sağlamlığa  vurulan  zərər”  terminindən  istifadə 

edilmişdir. Əvvəlki cinayət qanunvericliyində istifadə edilmiş “bədən xəsarəti” 

termini  ilə  müqayisədə  “sağlamlığa  vurulan  zərər”  termini  daha  uğurlu  hesab 

edilməlidir. Çünki “bədən xəsarəti” anlayışı altında başa düşülən xarici mühitin 

amillərinin təsiri nəticəsində orqanların və toxumaların anatomik bütövlüyünün 



62 

 

və  ya  onların  fizioloji  funksiyalarının  pozulması  sağlamlığa  vurula  biləcək 



zərəri heç də tam ehtiva etmir. 

Orqanizmin anatomik bütövlüyünün və ya bədən orqan və toxumalarının 

fizioloji  funksiyalarının  pozulması  sağlamlığa  vurulan  zərərin  daha  geniş 

yayılmış növləri olsa da, sağlamlığa vurulan bəzi növ kifayət qədər ciddi zərər 

nə  anatomik  bütövlüyün,  nə  də  fizioloji  funksiyaların  pozulması  ilə  əlaqədar 

olmur  (məsələn,  psixi  təsir  nəticəsində  yaranan  psixi  pozuntular,  bir  insandan 

digərinə  keçən  bəzi  yoluxucu  xəstəliklər,  narkomaniya  və  toksikomaniya  ilə 

xəstələnmə  və  s.).  Lakin  “sağlamlığa  vurulan  zərər”  anlayışı  insan  səhhətinə 

dəyə biləcək istənilən zərərli nəticəni ehtiva edir.  

Cinayət  qanunu  ilə  istənilən  insanın  sağlamlığı  mühafizə  edilir.  Zə-

rərçəkmişin  sağlamlıq  vəziyyəti  ona  zərərin  yetirilməsi  zamanı  fakt  məsələsi 

kimi çıxış edir. Zərərçəkmişin sağlamlıq vəziyyəti tövsifə təsir göstərmir. Qeyd 

edilən  məsələ  onu  ifadə  edir  ki,  belə  bir  vəziyyətə  cinayət-hüquqi  qiymət 

verilməsi  zərərçəkmişin  sağlamlığının  keyfiyyət  xarakteristikasından  asılı 

deyildir (bədən və psixi qüsurlar, müalicə edilməyən xəstəliyin olması qoca və 

ya az yaşlı olması və s.). Bu zaman zərərçəkmişin sağlamlığına edilən qəsdin 

onun  cinayətin  törədilməsinə  qədərki  sağlamlıq  vəziyyəti  ilə  müqayisədə  sağ-

lamlıq vəziyyətinin real pisləşməsinə gətirib çıxarmasını və ya çıxara bilməsini 

müəyyən  etmək  lazımdır.  Cansız  obyektə  (məsələn,  göz  protezinin  zədələn-

məsi)  qəsd  faktiki  səhv  haqqında  qaydalara  uyğun  olaraq  məsuliyyətə  səbəb 

olur. 

Ümumi  qaydaya  görə  digər  insanın  sağlamlğına  zərər  yetirilməsi  cəza-



lanmalı olan əməl hesab edilir. Şəxsi sağlamlıq təhlil edilən cinayətin obyekti 

kimi  çıxış  etmir.  Yalnız  özünə  hər  hansı  xəsarətin  yetirilməsi  yolu  ilə  (özünü 

qəsdən şikəst etmə) hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsindən boyun 

qaçırma  halında  məsuliyyət  Azərbaycan  Respublikasının  CM-in  335-ci 

maddəsilə yaranır. 

Zərərçəkmişin  öz  sağlamlığına  zərər  vurulmasına  dair  “şəxsi  razılığı” 

zamanı məsuliyyət məsələsinin həll edilməsi öz mürəkkəbliyi ilə səciyyələnir. 

Ümumi  qaydaya  görə  belə  bir  razılıq  zərərçəkmiş  şəxsin  xahişi  ilə  onun 

sağlamlığına zərər vuran şəxs üçün cinayət məsuliyyətini aradan qaldırmır. 28 

oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikasının “İnsan orqan və (və ya) 

toxumalarının  transplantasiyası  haqqında”  qanununa  əsasən,  orqan  və  (və  ya) 

toxumaların  transplantasiyasına  o  halda  yol  verilir  ki,  digər  tibbi  üsullarla  və 

meyit orqan və (və ya) toxumaları vasitəsilə insan həyatının saxlanması və ya 

sağlamlığının  bərpası  mümkün  olmasın.  Adı  çəkilən  qanuna  görə,  donordan 

orqan  və  (və  ya)  toxumaların  götürülməsi  mütəxəssis-həkimlərin  konsiliumu 

nəticəsində müəyyən edilir və donorun yazılı razılığı əsasında həyata keçirilir. 

İnsan orqan və ya toxumalarının transplantasiya məqsədilə zor tətbiq etməklə 

götürülməsi zamanı, əgər fiziki zor həyata keçirilməsi nəticəsində zərərçəkmiş 

şəxsin  sağlamlığına  ağır  zərər  vurularsa,  onda  təqsirkarın  əməli  cinayətlərin 

məcmusu qaydasında CM-in 137.2 və 126-cı maddələri ilə tövsif edilməlidir. 




63 

 

Cinayətin obyektiv cəhəti bir-biri ilə qarşılıqlı əlaqədə olan üç elementin 



məcmusundan ibarətdir: a) zərərçəkmişin sağlamlığına ağır zərər yetirilməsinə 

istiqamətlənən hərəkət və ya hərəkətsizlik formasında əməl; b) ağır zərərin baş 

verməsində ifadə olunan nəticə; v) əməllə nəticə arasında səbəbli əlaqə. 

Cinayət  həm  hərəkət,  həm  də  hərəkətsizlik  formasında  törədilə  bilər. 

Hərəkət  zərərçəkmişə  fiziki,  mexaniki,  termik,  kimyəvi  və  s.  təsir  formasında 

və ya psixi zorakılıqda ifadə oluna bilər. Sağlamlığa zərər vurmanın üsulu kimi 

hərəkətsizlik o halda baş verir ki, təqsirkar zərərçəkmişə münasibətdə müəyyən 

hərəkətləri  etməyə  borclu  olur,  lakin  bunu  etmir.  Bunun  davamı  olaraq  nəticə 

kimi  çıxış  edən  zərərçəkmişin  sağlamlığına  ağır  zərər  vurulur  (məsələn,  ana 

yeni doğulmuş uşağına süd vermir, yetkinlik yaşına çatmış uşaqlar iflic olmuş 

valideynlərinə zəruri dərman vasitələrini vermirlər və s.). 

Qəsdən  sağlamlığa  ağır  zərər  vurma  maddi  tərkibli  cinayətdir.  Cinayət 

sağlamlığa  ağır  zərər  vurmada  ifadə  olunun  nəticələrdən  birinin  baş  verdiyi 

andan başa çatmış hesab edilir. 

Cinayət  hüquq  nəzəriyyəsində  və  qanunda  sağlamlığa  ağır  zərər 

vurmanın  bütün  növlərini  iki  qrupa  ayırmaq  olar:  a)  həyat  üçün  təhlükəlilik 

əlamətinə  görə  ağır  zərər  vurma;  b)  həyat  üçün  təhlükəli  olmayan,  lakin  baş 

vermiş nəticələrə görə ağır hesab edilən zərər vurma. 

Həyat  üçün  təhlükəli  olan  sağlamlığa  zərər  vurma  həyatı  qorxu  altına 

alan  və  ölümə  səbəb  ola  bilən  vəziyyətdir.  Başqa  sözlə,  belə  zərər  artıq 

yetirildiyi  anda  həyat  üçün  real  təhdidi  özündə  ehtiva  etsə  və  bu  müddətdə 

ölümlə  nəticələnsə  də,  ağır  nəticələrin  baş  verməsilə  müşayət  olunmaya  da 

bilər.  Göstərilən  tibbi  xidmət  nəticəsində  ölümün  qarşısının  alınması  həyat 

üçün təhlükəli olan sağlamlığa zərər vurmaya verilən qiyməti dəyişdirmir. 

Azərbaycan  Respublikasının  Səhiyyə  Nazirliyinin  10  yanvar  2001-ci  il 

tarixli 07 saylı əmri ilə təsdiq edilmiş “Sağlamlığa zərər vurmanın məhkəmə-

tibbi ekspertizası Qaydaları” həyat üçün təhlükəlilik əlamətinə görə sağlamlığa 

ağır  zərər  vurmanın  növlərinin  siyahısını  əhəmiyyətli  dərəcədə  genişlən-

dirmişdir. 

Qaydalar  həyat  üçün  təhlükəli  olan  sağlamlığa  vurulan  zərərə 

aşağıdakıları aid etmişdir: 

a)  kəllə  boşluğuna  keçən,  o  cümlədən  kəllə  toxumasını  zədələməyən 

yaralar; 

b)  ağır dərəcəli baş beyin əzilmələri

c)  döş qəfəsinin yaraları; 

d)  qarına, qarın boşluğuna daxil olan yaralar

e)  uzun borulu sümüklərin açıq yaraları; 

f)  iri qan damarlarının zədələnməsi; 

g)  bədən  səthinin  15%-dən  çox  sahəsini  əhatə  edən  III-IV  dərəcəli 

termiki  yanığı;  bədən  səthinin  20%-dən  çox  sahəsini  əhatə  edən  III 

dərəcəli  yanığı;  bədən  səthinin  30%-dən  çox  sahəsini  əhatə  edən  II 



64 

 

dərəcəli yanığı; eləcə də az sahəni əhatə edən, lakin ağır dərəcəli şok 



törədən yanıqlar. 

Həyat üçün təhlükəli olan zədələr özü-özlüyündə həyatı qorxu altına alan 

vəziyyət yaradırlar. Belə hallara ağır dərəcəli şok, müxtəlif etiologiyaya malik 

koma vəziyyətini, çoxlu qan itirməni və s. göstərə bilərik. 

Qəsdən  sağlamlığa  ağır  zərər  vurmanın  yuxarıda  təhlil  edilən  növündən 

fərqli  olaraq  nəticəsinə  görə  ağır  hesab  edilən  zərərin  növlərinin  tam  siyahısı 

Azərbaycan  Respublikasının  cinayət  qanunvericiliyinin  126.1-ci  maddəsinin 

dispozisiyasının özündə sadalanır. Qanunverici bu siyahıya görmə, eşitmə, nitq 

qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının iti-

rilməsini,  psixi  pozuntunu  və  ya  sağlamlığın  başqa  cür  pozulmasını,  əmək 

qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsini və 

ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin 

tam  itirilməsini  və  ya  hamiləliyin  pozulmasını,  şəxsin  narkomanlıqla  və  ya 

toksikomanlıqla  xəstələnməsini,  yaxud  sifətin  silinməz  dərəcədə  eybəcər-

ləşdirilməsini daxil etmişdir. 

Yuxarıda  qeyd  edilən  Qaydaların  8-ci  bəndinə  əsasən,  görmənin 

itirilməsi adı altında hər iki gözdə tam və daimi korluq və ya 2 metr və ondan 

az  məsafədə  barmaqların  sayıla  bilməməsinə  qədər  görmənin  itməsi  vəziyyəti 

nəzərdə tutulur (görmə itiliyi 0,04 və daha az). 

Beləliklə,  görmənin  itirilməsi  görmə  qabiliyyətinin  bərpa  olunmaz 

dərəcədə itirilməsini və ya görmə itiliyinin yuxarıda qeyd edilən hədlərə qədər 

kəskin  və  dayanıqlı  şəkildə  aşağı  düşməsini  ifadə  edir.  Bu  zaman  görmə 

qabiliyyətinin müvəqqəti itirilməsi görmənin itirilməsi əlaməti üzrə sağlamlığa 

ağır  zərər  vurma  kimi  təhlil  edilə  bilməz.  Bununla  birlikdə,  eynəklərin,  optik 

şüşələrin  və  ya  mikrocərrahi  əməliyyatların  köməyi  ilə  görmə  itiliyinin  bir 

qədər yaxşılaşması onu bərpa edilmiş kimi hesab etməyə əsas vermir və əməli 

Azərbaycan Respublikasının CM-in 126-cı maddəsilə tövsif etmək olmaz. 

Cinayət  hüquq  nəzəriyyəsində  və  məhkəmə-tibb  təcrübəsində  bir  gözün 

görmə  qabiliyyətinin  itirilməsilə  bağlı  vəziyyətin  qiymətləndirilməsi  xüsusi 

mürəkkəblik  doğurur.  Alim  hüquqşünasların  və  məhkəmə-tibb  nümayəndələ-

rinin əksəriyyəti bir gözün görmə qabiliyyətinin itirilməsini ağır bədən xəsarəti 

kimi qəbul edirdi. Fərq yalnız digər mövqenin əsaslandırılmasından ibarət idi. 

Alimlərdən  bəziləri  isə,  hesab  edirdilər  ki,  bir  gözün  görmə  qabiliyyətinin 

itirilməsi ağır bədən xəsarətinə aid edilməməlidir (4). 

Azərbaycan  Respublikasının  Səhiyyə  Nazirliyinin  10  yanvar  2001-ci  il 

tarixli  07  saylı  əmri  ilə təsdiq  edilmiş  “Sağlamlığa  zərər  vurmanın  məhkəmə-

tibbi  ekspertizası  Qaydaları”  qeyd  edilən  mübahisəyə  son  qoydu.  Qaydalarda 

məhkəmə  tibb  işçiləri  kifayət  qədər  dəqiq  mövqe  tuturlar.  Bu  mövqe  ondan 

ibarətdir ki, bir gözdə görmənin tam itməsi zərərçəkmişin əmək qabiliyyətinin 

üçdə birindən çox hissəsinin dayanıqlı itirməsinə səbəb olur və bu əlamətə görə 

də ağır dərəcəli bədən xəsarətlərinə aid edilir. Bir gözün görmə qabiliyyətinin 

itirilməsi  özündə  bu  orqanın  funksiyalarının  itirilməsini  ehtiva  edir  və  bu 




65 

 

əlamətinə görə də sağlamlığa ağır zərər vurmaya aid edilir. Bir göz almasının 



itirilməsi özündə bu orqanın itirilməsini ifadə edir. Məhz buna görə sağlamlığa 

ağır zərər vurma kimi qiymətləndirilir. Bunlarla yanaşı o da nəzərə alınır ki, bir 

gözün zədələnməsi zamanı ikinci gözün də kor olması ehtimalı kəskin şəkildə 

artır  (simpatik  oftalmiya).  Qeyd  edək  ki,  Almaniyanın  CM-in  226-cı  paraq-

rafına  əsasən,  bir  və  ya  hər  iki  gözdə  görmənin  itirilməsi  ağır  bədən 

xəsarətlərinin sırasına daxil edilir (5, 388). 

Kor gözün itirilməsi sağlamlığın pozulması müddətinə görə qiymətləndi-

rilir.  Bir  sıra  hallarda  belə  bir  şikəstlik  sifətin  silinməz  dərəcədə  eybəcər-

ləşdiriməsinin əlaməti kimi xarakterizə oluna bilər. 

Görmə  qabiliyyəti,  əvvəlcədən  zəifləmiş  (1,0-dan  aşağı)  gözlərdə 

görmənin itirilməsi barədə olan faiz cədvəlinə görə təyin edilir. 

Nitq qabiliyyətinin (dilin) itirilməsi dedikdə, aydın başa düşülən səslə və 

anlaşıqlı şəkildə öz fikrini ifadə etmək qabiliyyətinin və ya səsin (afoniya) bər-

pa edilməyəcək dərəcədə itirilməsini başa düşmək lazımdır. Nitq qabiliyyətinin 

müvəqqəti  olaraq  itirilməsi  sağlamlığa  ağır  zərər  vurma  kimi  qiymətləndirilə 

bilməz.  Məhkəmə-tibb  işçilərinin  fikrincə,  kobud  formada  ifadə  olunan 

kəkələmə də sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilməlidir (3, 362). 

1961-ci  il  Azərbaycan  SSR-in  CM-də  nitq  qabiliyyətinin  itirilməsi  əla-

məti  bədən  xəsarətinin  müstəqil  növü  kimi  nəzərdə  tutulmurdu.  Nitq  qabiliy-

yətinin  itirilməsi  zamanı  əməl  orqanın  itirilməsi  (əgər  zərərçəkmiş  dilindən 

məhrum olardısa) və ya bu orqanın funksiyalarının itirilməsi (əgər zərərçəkmiş 

dilinin  saxlanılması  ilə  danışıq  qabiliyyətini  itirərdisə)  əlaməti  ilə  tövsif 

olunurdu. 

Eşitmənin itirilməsi adı altında hər iki qulağın tam karlığı və ya zərərçək-

mişin  qulaq  seyvanından  3-5  sm  məsafədə  gedən  söhbəti  eşidə  bilməməsi 

şəklində  ifadə  olunan  bərpa  olunmaz  vəziyyəti  başa  düşülür.  Cinayət  hüquq 

nəzəriyyəsində  bir  qulağın  eşitmə  qabiliyyətinin  itirilməsini  az  ağır  və  ya 

yüngül bədən xəsarəti kimi qiymətləndirmək təklif edilirdi. Belə hesab edilirdi 

ki,  belə  bir  zərər  yetirmə  zərərçəkmişi  çox  yaxın  məsafədə  uca  səslə  gedən 

söhbəti eşitmək imkanından məhrum etmir (A.S.Nikiforov, N.İ.Zaqorodnikov). 

Azərbaycan  Respublikasının  Səhiyyə  Nazirliyinin  “Sağlamlığa  zərər 

vurmanın məhkəmə-tibbi ekspertizası Qaydalarına” əsasən, bir qulaqda eşitmə-

nin itməsi ümumi əmək qabiliyyətinin üçdə birindən az hissəsinin itirilməsinə 

səbəb  olur  və  bu  əlamətə  görə  də  az  ağır  zərər  vurmaya  aid  edilir.  Ədalət 

naminə  bir  qulaqda  eşitmə  dərəcəsinin  itirilməsinin  ağır  bədən  xəsarəti  kimi 

qiymətləndirilməsinin  zəruriliyi  ilə  bağlı  əsaslandırılmış  bir  fikri  qeyd  etməyi 

məqsədəuyğun  hesab  edirik:  “eşitmənin  cinayət-hüquqi  mühafizəsi  görmənin 

mühafizəsindən az əhəmiyyətli olmamalıdır” (9, 95; 10, 57). 

Hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsi haqqında 

danışarkən ilk öncə orqana anlayış verməliyik. Orqan ümumilikdə bütün orqa-

nizmin  həyat  fəaliyyəti  üçün  əhəmiyyət  kəsb  edən  və  orqanizmdə  müəyyən 

funksiya  yerinə  yetirən  insan  bədəninin  bir  hissəsidir.  Tibb  elmində  insan 




66 

 

bədəninin orqanlarına aid edilir: qol, ayaq, dil, göz, qulaq, daxili orqanlar (be-



yin, ürək, ağciyərlər, qaraciyər, böyrəklər və s.), reproduktiv orqanlar (yumur-

talıqlar,  xayalar)  və  digərləri.  Onlardan  heç  də  hamısı  sağlamlığa  ağır  zərər 

vurmanın təhlil  edilən növünün predmeti  ola bilməzlər.  Məsələn, görmə, nitq 

və  eşitmə  orqanlarına  qəsdlər  Azərbaycan  Respublikasının  CM-in  126-cı 

maddəsilə  tövsif  edilsələr  də,  ümumi  qaydaya  görə  sağlamlığa  ağır  zərər 

vurmanın digər növləri kimi təhlil edilirlər. Böyrəklərin itirilməsilə nəticələnən 

qarın boşluğuna daxil olan yaralar orqanın itirilməsi kimi yox, sağlamlığa zərər 

yetirildiyi  zaman  həyat  üçün  təhlükəlilik  əlamətinə  görə  ağır  bədən  xəsarəti 

kimi qiymətləndirilir. 

Hər  hansı  bir  orqanın,  yaxud  bu  orqanın  funksiyasının  itirilməsi  adı 

altında ilk öncə aşağıdakılar başa düşülür: 

-  əlin,  ayağın  itirilməsi,  yəni  onların  bədəndən  ayrılması  və  ya  həmin 

orqanların funksiyalarının itirilməsi (iflic və ya onların fəaliyyətini istisna edən 

digər vəziyyət); 

- istehsalat, yəni cinsi əlaqəyə girmə və ya mayalanma, döllənmə və uşaq 

doğma  qabiliyyətinin  itirilməsilə  müşayət  olunan  cinsiyyət  orqanlarının 

zədələnməsi; 

- bir xayanın itirilməsi. 

Ədəbiyyatda belə bir fikir mövcuddur ki, mayalanma qabiliyyətinin itiril-

məsi əlaməti nə doxsan yaşlı xanıma, nə də beş yaşlı uşağa şamil edilmir (16, 

409). 

Beləliklə,  orqanın  itirilməsi  adı  altında,  onun  cinayətin  törədilməsi 



zamanı  və  ya  sonrakı  cərrahi  müdaxilə  və  məcburi  amputasiya  nəticəsində 

orqanizmdən  tam  (bərpa  olunmayacaq  dərəcədə,  həmişəlik)  ayrılması  başa 

düşülür. 

Orqanın  funksiyasının  itirilməsi  zərərin  yetirilməsi  nəticəsində  bu 

orqanın özünün tam və ya qismən saxlanılaraq, onun normal işləməsi qabiliy-

yətinin bərpa olunmaz itkisini ifadə edir. 

Əməlin hamiləliyin pozulması əlaməti ilə düzgün tövsifi bir sıra şərtlərə 

riayət edilməsini tələb edir: 

Birincisi,  hamiləliyin  pozulması  (uşaqsaldırma  və  ya  vaxtından  qabaq 

doğma)  xarici  təsirlə,  yəni  zərərçəkmişin  sağlamlığına  zərər  yetirən  şəxsin 

hərəkətləri  ilə  səbəbli  əlaqədə  olmalıdır.  Bir  qayda  olaraq,  belə  təsir  hamilə 

qadına bədən xəsarəti yetirilməsi yolu ilə həyata keçirilir

İkincisi, hamiləliyin pozulması orqanizmin fərdi xüsusiyyətləri və ya zə-

rərçəkmişin xəstəliyi ilə şərtlənməməlidir (ümumi yoluxucu və qeyri-yoluxucu 

xəstəliklər,  maddələr  mübadiləsinin  pozulması,  cinsiyyət  orqanlarının 

inkişafının anomaliyası və s.); 

Üçüncüsü,  hamiləliyin  müddəti,  həmçinin  bədən  xəsarətinin  yetirilməsi 

vaxtı  və  hamiləliyin  pozulması  vaxtı  arasındakı  zaman  fasiləsi  tövsifə  təsir 

göstərmir; 



67 

 

Dördüncüsü,  əməlin  Azərbaycan  Respublikasının  CM-in  126-cı  mad-



dəsilə  tövsif  edilməsi  üçün  təqsirkar  zərərçəkmişin  hamilə  vəziyyəti  haqqında 

məlumatlı olmalı və öz hərəkətləri ilə hamiləliyin pozulmasını dərk etməlidir. 

Qaydalara uyğun olaraq belə kateqoriyadan olan işlər üzrə mama-gineko-

loqun iştirakı ilə məhkəmə tibb ekspertizası həyata keçirilir. 

Təhlil olunan cinayətin qanunsuz abort etmədən (CM-in 141-ci maddəsi) 

fərqi  odur  ki,  hamiləliyin  pozulması  zərərçəkmişin  sağlamlığına  qəsdən  ağır 

zərər  vurmanın  nəticəsidir.  Qanunsuz  abort  etmə  zamanı  təqsirkarın  niyyəti 

zərərçəkmişin sağlamlığına ağır zərər vurmağa istiqamətlənmir. 

Sağlamlığa  ağır  zərər  vurmanın  obyektiv  cəhətini  təşkil  edən  əlamət-

lərdən  biri  də  psixi  pozuntudur.  Psixi  pozuntu  adı  altında  zərərçəkmişin 

sağlamlığına  zərər  vurmanın  nəticəsi  kimi  çıxış  edən  psixi  xəstəlik  başa 

düşülür.  Psixi  pozuntu  yalnız  fiziki  təsirin  yox,  həm  də  psixi  zorakılığın 

nəticəsi ola bilər. 

A.N.Krasikov  ədalətli  şəkildə  qeyd  edir  ki,  hər  cür  psixi  xəstəliyi  ağır 

zərər kimi qəbul etmək olmaz (7, 58). Bununla bağlı olaraq, S.İ.Nikulinin fikri 

daha qəti görünür. Alim qeyd edir ki, “psixiatriyanın istənilən məlum ruhi xəs-

təliyini” psixi xəstəlik hesab etmək olar (14, 40; 13, 53). Azərbaycan Respub-

likasının  CM-in  126-cı  maddəsi  kontekstində  psixi  pozuntulara  yalnız  xroniki 

psixi  pozuntunu,  müvəqqəti  psixi  pozuntunu  və  kəmağıllığı  aid  etmək  olar. 

Belə xəstəliklərə aid edilir: şizofreniya, maniakal-depressiv psixoz, travmadan 

sonrakı ağıl zəifliyi, travmatik epilepsiya və s. 

Sağlamlığa  zərər  vurmanın  nəticəsi  kimi  psixi  pozuntu  əməllə  səbəbli 

əlaqədə  olmalıdır.  Əgər  psixi  xəstəlik  zərərçəkmişin  orqanizminin  fərdi 

xüsusiyyətlərinin və ya müəyyən amillərin təsirinin nəticəsi olmuşdursa, onda 

Azərbaycan Respublikasının CM-in 126-cı maddəsilə məsuliyyət istisna edilir. 

Psixi  pozuntunun  diaqnostikasını,  səbəbli  əlaqənin  öyrənilməsini  məh-

kəmə-psixiatriya  ekspertizası  həyata  keçirir.  Ekspertiza  həmçinin  psixi  xəstə-

liyin ağırlığını da müəyyən edir. 

Qəsdən  sağlamlığa  ağır  zərər  vurma  cinayətinin  obyektiv  cəhətinin  yeni 

əlaməti kimi cinayət nəticəsində zərərçəkmiş şəxsin narkomanlıqla və ya tok-

sikomanlıqla xəstələnməsidir. Azərbaycan SSR-in 1961-ci il CM-də bu əlamət 

nəzərdə tutulmurdu. Bu əlamətin Azərbaycan Respublikasının CM-in 126.1-ci 

maddəsinə  daxil  edilməsini  qanunvericinin  zərərçəkmişin  narkotik  vasitələrin, 

psixotrop,  güclü  təsir  edən  və  ya  toksik  maddələrin  istehlakına  məcburi  öy-

rəşdirilməsi (o cümlədən, fiziki və psixi zorakılığın köməyilə) faktlarına cavab 

reaksiyası kimi qiymətləndirmək olar. 

Narkomaniya,  narkotik  vasitələrdən  və  yaxud  psixotrop  maddələrdən, 

toksikomaniya  isə,  güclü  təsirə  malik  maddələrdən  və  ya  toksikantlardan  sui-

istifadə nəticəsində meydana gələn xəstəlikdir. 

Zərərçəkmişin narkomaniya və ya toksikomaniyadan xəstələnməsinə gə-

tirib  çıxaran  üsulun  əməlin  tövsifinə  təsiri  yoxdur.  Belə  üsulların  sırasına 



68 

 

aldatma, psixi məcbur etmə, zərərçəkmişin orqanizminə narkotik vasitələrin və 



ya toksik maddələrin zorakılıqla yeridilməsi aid edilə bilər. 

Təcrübədə sağlamlığa ağır zərər vurmanın narkomanlar arasında “iynəyə 

oturtmaq”  adlanan  növü  təqsirkarın  qəsdən,  qanunsuz,  zərərçəkmişin  iradə-

sindən və arzusundan  kənar fiziki  və ya  psixi zor  tətbiq etməklə  onu narkotik 

vasitələrin istehlakına öyrətməsini ifadə edir (6, 196). 

Bu cinayətin obyektiv cəhətinin məcburi əlaməti kimi zərərçəkmişin sağ-

lamlığına  zərər  yetirən təqsirkarın  hərəkətlərilə, onun  narkomaniya  və  ya  tok-

sikomaniya  ilə  xəstələnməsi  faktı  arasındakı  səbəbli  əlaqə  çıxış  edir.  Narko-

maniya  və  ya  toksikomaniyadan  xəstələnməyə  səbəb  olan  sağlamlığa  vurulan 

zərərin  ağırlığının  qiymətləndirilməsini  məhkəmə-narkoloji  və  məhkəmə-

toksikoloji ekspertizasının keçirilməsindən sonra narkoloq və ya toksikoloqun 

iştirakı ilə məhkəmə-tibb ekspertizası həyata keçirir. 

Sağlamlığa ağır zərər  vurmanın bu növü üz toxumalarının və ya orqan-

larının  (burun,  qulaqlar,  gözlər,  ağız)  zədələnməsi  nəticəsində  zərərçəkmiş 

şəxsə terapiya, hətta adi cərrahi müalicə metodlarının köməyilə aradan qaldırıla 

bilməyən eybəcər, çirkin, estetik baxımdan xoşagəlməz görünüş verir. 

Azərbaycan  Respublikasının  CM-in  126-cı  maddəsində  bədənin  başqa 

hissələrinin  yox,  yalnız  sifətin  silinməz  dərəcədə  eybəcərləşdirilməsinə  görə 

məsuliyyət  nəzərdə  tutulmuşdur.  Ədəbiyyatda  bu  cinayətin  predmetlərinin 

siyahısına  yalnız  üzü  yox,  həm  də  boyunun  daxil  edilməsi  təklif  edilirdi  (15, 

59). Lakin qanunverici hələ ki, bu yolla getmir. 

Bəzən məhkəmə təcrübəsində bu kimi hərəkətlərin səhv tövsifi hallarına 

rast gəlinir. Belə ki, S. öz tanışı L.-in gözəlliyinə paxıllıq hissilə onun şlyapası-

na duz tozu tökür. Bu tozların təsiri nəticəsində L.-in saçı tökülür. Bu hərəkət-

lərinə  görə  S.  RSFSR  CM-in  108-ci  maddəsilə  (Azərbaycan  SSR-in  CM-in 

102-ci maddəsi) məhkum edilir. Kassasiya instansiyası belə tövsifi hüquqazidd 

hesab edir. Məhkəmə  fikrini onunla  əsaslandırır ki,  S.-in  hərəkətləri zərərçək-

mişin  sifətinin  eybəcərləşdirilməsinə  gətirib  çıxarmamışdır  (11,  74).  Lakin 

dərslik və dərs vəsaitlərində qeyd edilir ki, “eybəcərləşdirmə dedikdə, sifətdə iz 

qoyan hər cür zədə yox, yalnız zərərçəkmişin üzünün təbii görünüşünü dəyiş-

dirən  və  ona  zahirən  son  dərəcə  xoşagəlməz,  iyrənc  və  ya  qorxunc  görünüş 

verən  xəsarət  yetirmə  başa  düşülür.  Xəsarətin  özünün  isə  sifətdə  olması 

məcburi deyildir (başın üz hissəsi). Vacib olan odur ki, belə xəsarət insanın xa-

rici görünüşünü dəyişdirsin (“surət, sima” – sözün kökü “eybəcərləşdirmədir”). 

Təcrübədə eybəcərləşdirmə kimi qulağın kəsilməsi, boyunun qabaq-yan hissə-

sində  kobud  kəsiklərin  olması,  qadının  başında  saç  örtüyünün  bərpa  edilmə-

yəcək  dərəcədə  məhv  edilməsi  və  s.  qəbul  edilir”  (12,  118;  2,  109).  Hesab 

edirik ki, aşağı instansiya məhkəməsinin mövqeyi daha düzgün olmuşdur. 

Ədəbiyyatda  qeyd  edilir  ki,  sifətin  silinməz  dərəcədə  eybəcərləşdiril-

məsinə  nəticəsi  zərərçəkmişin  sifətinin  kobud  şəkildə  dəyişdirilməsinə  gətirib 

çıxaran  daimi,  aradan  qaldırıla  bilməyən  və  əvvəlki  vəziyyətinə  qaytarılması 

mümkün olmayan xəsarətlər aid edilirlər. Belə xəsarətlər burunun, göz qapaq-




69 

 

larının, gözlərin, dodaqların və ya qulaqların çıxarılması, sifətin qaynanmış su, 



alov, buxar, güclü təsirə malik turşu ilə yanması və mexaniki təsirə malik amil-

lərin təsiri nəticəsində meydana gələ bilərlər. Bütün bunların nəticəsində üzün 

yumşaq  toxumaları  kobud  dəyişikliyə  məruz  qalırlar  (toxumaların  ölməsi)  və 

müalicədən  sonra  sifətin  bu  sahələrində  sağalan  dərin  çapıqlar  və  ya  aradan 

qaldırıla bilməyən ləkələr qalırlar. Sifətin eybəcərləşdirilməsinə yalnız burunun 

çıxarılmasını  yox,  həm  də  sınıqların  yerdəyişməsilə  müşayət  olunan  sümük-

lərin sınması nəticəsində onun deformasiyasını göstərmək olar (15, 56-57). 

Sağlamlığa ağır zərər vurmanın bu növü iki məcburi və öz aralarında qar-

şılıqlı  əlaqədə  olan  əlamətlərin  məcmusunu  xarakterizə  edir:  a)  silinməz 

dərəcədə zərər yetirmə; b) sifətin eybəcərləşdirilməsi. Bunlardan birincisi tibbi, 

ikincisi isə, estetik meyarların köməyilə müəyyən edilir. 

Zədənin  silinməzliyi  faktının  müəyyən  edilməsi  məsələsi  məhkəmə-tibb 

ekspertizasının  bilik  sahəsinə  aiddir.  Üzün  zədələnməsi  məsələsinə  münasibət 

bildirərkən  ekspert  bu  zədələrin  Qaydalarda  nəzərdə  tutulan  əlamətlərə  uyğun 

olaraq onların ağırlığını müəyyən edir. Bundan başqa hər bir halda ekspert tibbi 

meyarları rəhbər tutaraq yetirilən zədənin silinməz olub-olmamasını müəyyən 

etməlidir. 

Yetirilən  silinməz  zədənin,  zərərçəkmişin  üzünü  nə  dərəcədə  eybəcər-

ləşdirməsinin  müəyyən  edilməsi  artıq  istintaq  və  məhkəmə  orqanlarının 

müstəsna  hüququdur.  Məhz  məhkəmə  estetik  meyarlara  əsaslanaraq  nəticədə 

əməlin qəti şəkildə tövsifi haqqında məsələni həll etməlidir. 

Zərərçəkmişin  üzünə  yetirilən  zədənin  silinməsi  mümkün  olan  halda, 

lakin  sifətin  eybəcərləşdirilməsinə  birbaşa  qəsdin  mövcudluğu  zamanı,  əməli 

sifətin  silinməz  dərəcədə  eybəcərləşdirilməsi  formasında  ifadə  olunan 

sağlamlığa ağır zərər vurmağa cəhd kimi tövsif etmək lazımdır (CM-in 29 və 

126.1-ci maddələri ilə). 

Qəsdən  sağlamlığa  ağır  zərər  vurma  əməlinin  obyektiv  cəhətini  təşkil 

edən  əlamətlərdən  biri  də  əmək  qabiliyyətinin  üçdə  bir  hissəsindən  az  olma-

maqla uzun müddətə itirilməsi və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş 

şəxsin  peşəkar  əmək  qabiliyyətinin  tam  itirilməsi  ilə  əlaqədar  olan  zərər 

vurmadır.  

Ümumi  əmək  qabiliyyəti  dedikdə,  insanın  özünə  qulluq  edə  bilməsi  və 

ixtisas  tələb etməyən  əmək qabiliyyəti nəzərdə  tutulur  (1, 295).  Ümumi  əmək 

qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla itirilməsi keyfiyyət göstərici-

sidir  (yəni  33%-dən  artıq).  Əmək  qabiliyyətinin  uzun  müddətə  itirilməsi  isə, 

kəmiyyət  göstəricisidir.  Əmək  qabiliyyətinin  uzun  müddətə  itirilməsi  faktını 

ancaq  xəsarət,  patoloji  vəziyyət  və  xəstəliyin  aydın  olmuş  nəticəsindən  sonra 

təyin  etmək  mümkündür.  Qaydalarda  bu  barədə  ancaq  bir  istisna  hal  nəzərdə 

tutulmuşdur.  Məhkəmə-tibbi  nöqteyi-nəzərindən  ümumi  əmək  qabiliyyətinin 

dayanıqlı  itirilməsi  sağlamlığın  120  gündən  artıq  müddətdə  pozulması 

deməkdir.  Belə  hadisələrdə  xarici  mühit  faktorları  təsirindən  törənmiş  xəsarət 

və  xəstəliklər  nəticəsində  zərərçəkmiş  şəxs  120  gündən  artıq  müddətdə  əmək 




70 

 

qabiliyyətini  itirmiş  olur  və  bundan  sonra  da  sağalmağa  doğru  hər  hansı  bir 



irəliləyiş  hiss  edilmir.  Zədələnmələrdə  ümumi  əmək  qabiliyyətinin  dayanıqlı 

itirilmə  həcmi  xəsarətlərin  nəticəsi  aydın  olduqdan  sonra  əmək  qabiliyyətinin 

itirilməsinin faiz cədvəli ilə obyektiv əlamətlərə əsasən təyin edilir. Uşaqlarda 

əmək  qabiliyyətinin  itirilməsi  Qaydalarda  müəyyən  edilmiş  ümumi  qaydalara 

əsasən  təyin  edilir.  Əlillərdə  aldığı  xəsarət  ilə  əlaqədar  əmək  qabiliyyətinin 

dayanıqlı itirilməsi, əlillikdən və onun qrupundan asılı olmayaraq sağlam şəxs-

lərdə olduğu kimi təyin edilir. 

1961-ci  il  Azərbaycan  SSR-in  CM-də  bədən  xəsarətinin  ağırlığının 

müəyyən  edilməsindən  söhbət  getdiyi  zaman  hansı  əmək  qabiliyyətinin 

(ümumi  və  ya  peşəkar)  itirilməsi  haqqında  danışılmırdı.  Bu  hal  nəzəriyyə  və 

təcrübədə  gedən  qızğın  mübahisələrdən  sonra  meydana  gəldi.  Hüququ  tətbiq 

edən  orqanlar  bədən  xəsarətlərinin  ağırlığının  müəyyən  edilməsi  zamanı  daha 

çox ümumi əmək qabiliyyətinin itirilməsi dərəcəsinə üstünlük verirdilər. Belə 

yanaşmanı  çətin  ki,  xüsusən  də  təqsirkarın  zərərçəkmişin  peşəsi  haqqında 

məlumatlı olduğu zaman onun peşəkar əmək qabiliyyətinə təsirdə əks olunan, 

ona  qəsdən  və  düşünülmüş  şəkildə  bədən  xəsarətlərinin  yetirildiyi  hallarda 

ədalətli  hesab  etmək  olardı  (məsələn,  pianoçunun  və  ya  cərrahın  barmaqdan 

məhrum edilməsi, rəqqasın ayağının sındırılması və s.). 

2000-ci il Azərbaycan Respublikasının CM-də qeyd edilən boşluq aradan 

qaldırıldı. Peşəkar əmək qabiliyyətinin tam itirilməsi adı altında zərərçəkmişin 

əsas növ məşğuliyyət qismində seçdiyi həmin növ peşəkar fəaliyyətlə məşğul 

olmaq  qabiliyyətinin  bərpa  olunmayacaq  səviyyədə  itirilməsi  başa  düşülür. 

Burada  əsasən  peşəkar  fəaliyyətin  elə  növləri  nəzərdə  tutulur  ki,  onlar  xüsusi 

fitri  istedad  və  ya  son  dərəcə  öz  zəhmətinə  əsaslanan  bacarıq  və  səriştənin 

olmasını  tələb  edirlər.  Bu  musiqiçinin,  heykəltaraşın,  rəssamın,  artistin, 

cərrahın, idmançının və digərlərinin peşəsi ola bilər. 

Bu növ sağlamlığa ağır zərər vurmanın səciyyəvi xüsusiyyəti ondan iba-

rətdir  ki,  təqsirkar  yalnız  aşkar  surətdə  zərərçəkmişin  peşəsi  haqqında  məlu-

matlı  olmur,  həm  də  şəxsi  peşəkar  əmək  qabiliyyətindən  tamamilə  məhrum 

etməyi  arzulayaraq,  onun  sağlamlığına  zərər  vurur.  Təqsirkar  şəxs  çox  vaxt  o 

dərəcədə  düşünülmüş  və  məqsədyönlü  şəkildə  hərəkət  edir  ki,  onun  vurduğu 

zərər nəticəsində ümumi əmək qabiliyyəti saxlanıla bilər. Lakin bu hal tövsifə 

təsir göstərmir. Məsuliyyət Azərbaycan Respublikasının CM-in 126-cı maddəsi 

ilə yaranmalıdır. 

Əgər zərərçəkmiş bir neçə peşəyə sahibdirsə, onda daha uzun müddətli iş 

stajına  malik  olduğu  və  ya  xüsusi  təhsil  yolu  əldə  etdiyi,  yaxud  ən  yüksək 

ixtisasa  nail  olduğu  peşəkar  fəaliyyətə  yetirilən  zərər  əsas  hesab  edilir.  Məhz 

bu peşə, peşəkar  əmək qabiliyyətinin itirilməsi  dərəcəsinin müəyyən edilməsi 

zamanı  təqsirkarın  niyyətinin  zərərçəkmişin  bu  növ  peşəkar  əmək  qabiliy-

yətindən məhrum edilməsinə istiqamətləndiyi halda nəzərə alınır. 

Təhlil  edilən  cinayət  subyektiv  cəhətdən  həm  birbaşa,  həm  də  dolayı 

qəsdlə  törədilə  bilər.  Təqsirkar  başqa  şəxsin  sağlamlığı  üçün  təhlükəli  olan 




71 

 

əməl  törətdiyini  dərk  edir,  bunun  həmin  şəxsin  sağlamlığına  ağır  zərər  vura-



cağını qabaqcadan görür, belə zərərin vurulmasını arzu edir (birbaşa qəsd) və 

ya onun vurulmasına şüurlu surətdə yol verir (dolayı qəsd). 

Cinayətin  törədilməsinin  motiv  və  məqsədi  müxtəlif  ola  bilər,  lakin  bu 

əməlin  tövsifi  üçün  heç  bir  əhəmiyyət  kəsb  etmir  (tövsifedici  əlamətlərdən 

başqa). 

Burada qəsd çox vaxt qeyri-müəyyən olur. Ona görə də təqsirkarın əməli 

faktiki  baş  vermiş  nəticələrə  görə  tövsif  edilməlidir.  Qəsd  müəyyən  (konkret) 

olduqda,  lakin  sağlamlığa  az  ağır  və  ya  yüngül  zərər  vurulduqda  təqsirkarın 

əməli  sağlamlığa  ağır  zərər  vurmaya  cəhd  kimi  (CM-in  29  və  126.1-ci 

maddələri ilə) tövsif edilməlidir. 

Qəsdən  sağlamlığa  ağır  zərər  vurma  cinayətinin  subyekti  14  yaşına 

çatmış istənilən anlaqlı fiziki şəxs ola bilər. 

 


Yüklə 264,75 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin