1
IX
Torpaqda istilik və hava rejmləri
PLAN:
1.Torpaqda istilik haqqında
ümumi məlumat
2.Torpaqda istiliyin mənbəyi
3.Torpağın istilik xassələri
4.Torpağın istilik rejimi
5.Torpağın radiasiya və istilik balansı
6.Torpağın istilik (temperatur)
rejiminin tipləri
7.Torpağın hava rejimi haqqında ümumi məlumat
8.Sərbəst torpaq havasının tərkibi
9.Torpaq havasının atmosferlə
qaz mübadiləsi
10.Torpağın hava rejimi və
onun tənzimlənməsi
Torpaq daim atmosferlə təmasda olub, atmosfer iqliminin təsirinə məruz qalır. Bu
təsirin vacib elementi – torpağın səthinə daim günəş enerjisinin axıb gəlməsidir. Bu zaman
enerjinin bir hissəsi torpaq tərəfindən udularaq onun qızmasına sərf olunur, qalan hissəsi
isə şüalanma vasitəsilə atmosferə qaytarılır. İstiliyin torpağa daxil olması və onun
atmosferə verilməsi – dinamik prosesdir. Onların günəş radiasiyasının axıb gəlməsinin
sutkalıq və mövsümi dəyişkənliyindən və torpağın özünün xassələrindən də asılıdır.
Torpağın istilik vəziyyəti onun horizontlarının temperatur göstəriciləri ilə səciyyələnir.
Torpağa istiliyin daxil olması, hərəkəti, akkumulyasiyası və verilməsi ilə bağlı
hadisələrin məcmusu torpağın istilik rejimi adlanır. Torpağın istilik rejimi, su rejimi ilə
birgə torpaqəmələgəlmə proseslərinin dinamikasını müəyyən edir. Temperatur kimyəvi,
fiziki-kimyəvi, biokimyəvi və bioloji proseslərin intensivliyinin əhəmiyyətli amili kimi
çıxış edir. Torpaqda müxtəlif birləşmələrin həll olması və çökməsi, mikroorqanizmlərin və
torpaq faunasının həyat fəaliyyəti torpağın istilik rejimi ilə əlaqədardır. İstilik – bitkinin
böyüməsi və inkişafı üçün əhəmiyyətli amildir. Kənd təsərrüfatı bitkilərinin böyüməsi və
məhsuldarlığı, xüsusən də toxumun cücərməsi, kök sisteminin inkişafı, fotosintezin
intensivliyi torpağın istilik şəraitindən asılıdır. Torpağın kifayət qədər istiliklə təmin
olunmaması bitkilərin məhsuldarlığını aşağı salan və hətta onların məhv olmasına gətirib
çıxaran əsas amil kimi çıxış edə bilər. Ona görə də torpağın istilik rejiminin
formalaşmasının qanunauyğunluğunun öyrənilməsi və onun təmzimlənməsi yollarının
işlənməsi böyük əhəmiyyət kəsb edir. Torpaqların istilik xassələri və istilik rejimi
A.P.Vaykov, A.F.Çudnovskiy, M.İ.Budıko, A.M.Şulgin, V.N.Dimo, R.H.Məmmədov,
A.P.Gərayzadə və başqaları tərəfindən hərtərəfli öyrənilmişdir.
Torpaqda istiliyin mənbəyi- Günəşin şüalanan enerjisi (günəş radiasiyası) – torpaqda
istiliyin əsas mənbəyidir. Torpaq az miqdarda da olsa istiliyi Yerin dərin qatlarından
(kimyəvi, bioloji və radioaktiv proseslər nəticəsində yaranan istilik) alır. Üzvi maddələrin
(peyin, bitki qalıqları, şəhər məişət tullantıları və s.) parçalanması nəticəsində alınmış
istilik parnik və örtülü qrunt şəraitində yetişdirilən tərəvəzçilikdə geniş istifadə olunur.
Günəşin şüalanan enerjisi torpağın səthi tərəfindən udularaq, istilik enerjisinə
çevrilir və torpağın aşağı horizontlarına verilir. Günəş enerjisinin bir hissəsi torpağın
səthindən əks olunur. Əgər torpağın səthində temperatur atmosferin yer səthinə yaxın
temperaturundan yüksək olarsa, torpaq günəş radiasiyası hesabına akkumulyasiya etdiyi
istiliyi verir. Torpağın səthi tərəfindən udulmuş enerjinin torpağın səthindən şüalanan
2
enerjiyə nisbətindən asılı olaraq, torpağın səthi ya qızacaq, ya da soyuyacaqdır. Bu da öz
növbəsində torpağın aşağı horizontlarının istilik vəziyyətinə təsir göstərəcəkdir. Torpağın
üst horizontları ilə aşağı horizontlar arasında temperatur fərqi böyük olduqca, istiliyin
ötürülməsi daha intensiv şəkildə baş verəcək. Ona görə torpağın səthi - torpağın istilik
vəziyyətini formalaşdıran əhəmiyyətli şərtdir. Torpağın səthi tərəfindən udulan və əks
olunan istiliyin miqdarı onun bir sıra göstəricilərindən – rəngindən, aqreqatlığından,
nəmliyindən və s. asılıdır.
Torpağın səthinə axıb gələn günəş radiasiyasının miqdarı ərazinin coğrafi
mövqeyindən və relyef şəraitindən, həmçinin ilin və sutkanın vaxtından və atmosfer
vəziyyətindən (buludluluqdan, havanın açıqlığından və s.) asılıdır. Şimal yarımkürəsində
şimaldan cənuba hərəkət etdikcə günəş radiasiyasının miqdarı artır.
Mülayim enliklərdə günortaya yaxın saatlarda günəş radiasiyasının axını hamar
səthdə dəqiqədə 0,8-1,5 kal /sm2 təşkil edir. Torpağın səthinin xüsusiyyətləri ilə yanaşı,
torpağın istilik xassələri də onun temperatur vəziyyətinə, qızmasına və soyumasına təsir
göstərir.
Torpağın istilik xassələri-Torpağın istilik xassələrinə - torpağın istilik udma
qabiliyyəti, torpağın istilik tutumu və torpağın istilik keçiriciliyi daxildir. Torpağın istilik
udma qabiliyyəti – torpağın günəşin şüalanan enerjisini udma qabiliyyətidir. O,
Albedonun (A) miqdarı ilə səciyyələnir. Albedo – torpaq səthindən əks olunan qısa
dalğalı günəş radiasiyasının miqdarıdır və ümumi günəş radiasiyasından %-lə ifadə
olunur. Albedonun miqdarı nə qədər az olarsa, torpaq bir o qədər çox günəş radiasiyasını
udmuş olar. Albedo torpağın rəngindən, nəmliyindən, struktur vəziyyətindən, torpaq
səthinin hamarlığından və bitki örtüyündən asılıdır.
Qara və humusla zəngin torpaqlar günəş enerjisini açıq rəngli torpaqlarla
müqayisədə daha çox udurlar, eynilə nəm torpaqlarla müqayisədə quru torpaqlarda günəş
enerjisi az udulur. İstilik tutumu (C) – torpağın istilik udma qabiliyyətidir. İstilik tutumu
kütlə vahidilə 1q və ya həcm vahidi ilə 1 sm
3
torpağı 10C qızdırmaqdan ötrü zəruri olan
istiliyi ilə səciyyələnir və kalori miqdarı ilə ifadə edilir.
Bununla əlaqədar çəki (və ya xüsusi) istilik tutumu və həcm istilik tutumu bir-
birindən fərqləndirilir. Torpağın istilik tutumu onun mineraloji və qranulometrik
tərkibindən, tərkibindəki üzvi maddənin miqdarından, torpağın nəmliyindən,
məsaməliyindən və havanın miqdarından asılıdır.
Torpağın mineral və üzvi komponentləri ilə müqayisədə suyun istilik tutumu daha
yüksək olduğundan, nəm torpağın temperaturunun yüksəlməsindən ötrü quru torpaqla
müqayisədə daha çox istilik tələb olunur. Nəm torpaqlar yavaş-yavaş qızır və yavaş-yavaş
da soyuyur. Quru torpaqlar isə əksinə, tez qızır və tez də soyuyur. Nəm halında yüksək
istilik tutumuna malik gilli torpaqlar qumlu torpaqlardan fərqli olaraq yazda tədricən
qızırlar. Payızda yüksək nəmlik şəraitində onlar tədricən soyuyur və qumlu torpaqlardan
isti olur. Suvarma və becərmədən istifadə etməklə torpağın nəmliyini və məsaməliyini
dəyişmək, bununla da torpağın temperaturunu tənzimləmək mümkündür.
Torpağın istilik keçiriciliyi – torpağın istilik keçirmək qabiliyyətidir. Bu torpağın
çox əhəmiyyətli xassəsidir. Istiliyin bir qatdan digər qata ötürülməsi torpağın bu
xassəsindən asılıdır. Torpağın istilik keçiriciliyi 1 saniyə ərzində qalınlığı 1sm olan 1sm
3
torpaqdan keçən kalori ilə ifadə olunmuş istiliklə ölçülür. Torpaq çox fazalı sistem
olduğundan, onu təşkil edən maddələrin (su, hava, üzvi maddələr, bərk hissəciklər və s.)
istilikkeçiriciliyi müxtəlifdir.