POLAD VƏ ÇUQUNUN QƏLİBLƏRƏ TÖKÜLMƏSİ TEXNOLOGİYASI VƏ AVADANLIQLARI
Tökmə istehsalatı - maşınqayırmanın əridilmiş metalı qəliblərə tökməklə çeşidli pəstahlar və ya detallar hazırlanması ilə məşğul olan sahəsidir. Qəliblərin daxili boşluqları pəstahın (detalın) xarici görünüşü ilə eyni olur. Soyutma zamanı qəlibə tökülmüş metal bərkiyərək içərisinə töküldüyü boşluğun görünüşünü saxlayır. Alınan son məmulata ( qəlibdən çıxarılan) tökük deyilir. Əridilmiş metalın kristallaşma və sonrakı soyuma proseslərində töküklərin mexaniki və istismar xassələri formalaşır. Tökmə istehsalatının əsas vəzifəsi detalın forma və ölçülərinə yaxın töküyün alınmasından və mexaniki emal prosesini sadələşdirməkdən ibarətdir. Töküklərin hazırlanmasında müxtəlif tökmə üsüllarından istifadə olunur: torpaq qəliblərda tökmə, əridilən modellər üzrə tökmə, metal qəliblərə tökmə, mərkəzdəz qaçma üsulu ilə tökmə, təsyiq altında tökmə və s. tökmə üsulunun tətbiq sahəsi istehsalın həcmindən, töküyün forma və ölçüsündən, iqtisadi samaraliliyindən və digər amillərdən asılıdır. Tökmə qəlibi – işlək boşluq əmələ gətirən elementlər sistemidir ki, həmin boşluğa metal tökdükdə tökük formalaşır. Tökmə qəlibləri birdəfəlik və daimi qəliblərə ayrılır. Birdəfəlik qəliblər qum-gil qarışıqlarından hazırlanır və yalnız bir tökmə almaq üçün yarayır, sonra dağıdılır. Daimi qəliblər metallardan hazırlanır və çoxlu miqdarda (yüzlərlə, minlərlə) töküklər almaq üçün yararlı qalır. Qəliblər əl və maşın vasitəsilə hazırlanır. Əl ilə qəlib hazırlama üsulu bir və ya bir neçə tökük alınması üçün və böyük kütləli tökükləri hazırladıqda tətbiq edilir. Torpaq qəlibləri əsasən maşınla hazırlanır, alınmış töküklərin dəqiqliyi və əmək məhsuldarlığı yüksək olur. Qəlibləmə - tökmə proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, əmək məhsuldarlığının artmasını, maya dəyərinin aşağı düşməsini və töküklərin keyfiyyətinin yüksəlməsini təmin edir. Ümumilikdə tökmə məhsulları müəyyən məsaməliyə, qeyricinsliyə və döymələrə nisbətən zəif mexaniki xassələrə malik olur.
Töküklərin birdəfəlik qum-gil qəliblər vasitəsilə istehsal texnologiyası aşağıdakı proseslərdən ibarətdir:
1. Tökmə texnologiyasının tərtibi, modelin və içlik qutusunun konstruksiyasının yaradılması;
2. Model və içlik qutusunun hazırlanması;
3. Tökmə qəlibin və içliyin hazırlanması;
4. Qəlib və içlik qatışığının hazırlanması;
5. Metalın əridilməsi və hazırlanması;
6. Tökmə qəlibinin quraşdırılması;
7. Qəlibə maye metalın tökülməsi, qəlibdə metalın kristallaşması və töküyün soyuması;
8. Töküyün qəlibdənçıxarılması, içliyin tökükdən şıxardılması;
9. Töküyün təmizlənməsi və budalanması (çapılması);
10. Töküklərin termik emalı və töküyün keyfiyyətinə nəzarət.
Tökükləri istehsal etmək üçün qara metalların ərintilərindən: boz, yüksəkmöhkəmlikli, döyülən və başqa növ çuqunlardan; karbonlu və legirlənmiş poladlardan; mis, sink, alüminium və maqnezium kimi əlvan metal ərintilərindən; titan, molibden, volfram və s. kimi çətinəriyən metalların ərintilərindən istifadə edirlər.
Qəlibin hazlrlanması üçün istifadə edilən model, içlik qutusu, tökmə sistemi üçün vasitələr, modelaltı taxta və ya model tavası birlikdə model komplektini təşkil edir. Model komplekti ağac, metal, plastik kütlə, gips və sement materiallardan hazırlanır. Modelin vəzifəsi hissənin xarici formasını qəlibdə yaratmaqdan ibarətdir. Modelin üzərində içliklərin qəlibdə oturdulmasını təmin etmək üçün içlik nişanları (başaltı yeri) qoyulur. İçlik qutuları töküklərdəki daxili boşluqları yaratmaq üçün qəlibə qoyulan içliklərin hazırlanması üçün istifadə edilir.Modelaltı taxta ağacdan hazırlanır və fərdi qəlibləri əl ilə hazırladıqda tətbiq edilir.Model tavası metaldan hazırlanır və xüsusi maşınla bir və ya bir neçə modeli, tökmə sistemi, tökmə sistemi, nəfəslik və əlavəlik elementlərini bağlamaq üçün istifadə edilir. Bir tərəfli və ikitərəfli model tavasından istifadə edilir. Birtərəfli model tavasında yalnız bir yarımmodel, ikitərəflidə isə hər iki yarımmodellər birləşdirilir. Odur ki, bir ikitərəfli model tavası ilə həm üst həm də alt yarımqəliblər hazırlanır. Model komplektində əsas hissələr olan model və içlik qutuları kifayət qədər möhkəm olmalı, qabarmamalı, nəm çəkməməli, öz ölçüsünü saxlamalı, modelin qəlibdən, içliyin qutudan asanlıqla çıxmasını təmin etməli və.s. tələbləri ödəməlidir. Fərdi və kiçik seriyalı istehsalda model və içlik qutuları ağac materialdan hazırlanır. Bunun üçün qoz, cökə, küknar, şam, ağcaqayın və s. istifadə edilir. Ağac modellər qurudulmuş materialdan, xırda kəsikləri, doğrantıları birləşdirməklə hazırlanır və nəmlik çəkməməsi üçün rənglənir, laklanır. Modelin səthi töküyün metalından və səthin emal olunub- olunmamasından asılı olaraq qırmızı (çuqun üçün), ğöy (polad) və ya sarı (əlvan metal üçün) rənglərlə boyanır. Modeldəki içlik nişanları qara rənglənir. Ağac model ucuz başa gəlir, lakin dözümlülüyü az olur. Seriyalı istehsalda epoksid qətranlarından və plastik kütlələrdən hazırlanmış model və qutulardan da istifadə edilir. Iri seriyalı və külli istehsalda model və içlik qutuları alüminium ərintilərindən, çuqun, tunc və bürüncdən hazırlanır ki, bunlarında ölçü dəqiqliyi və dözümlülüyü yüksək olur. Metal model əl ilə qəlibləmədə 10 minədək, maşınla 50-150 minədək qəlibləmə üçün yararlı qalır. Modeli hazırladıqda tökülən maye metalın yığışma dərəcəsini nəzərə almaq lazımdır. Əsas qəlibləmə vasitəsi olan opoklar (qəlib qutuları) çuqun, polad və tökmə alüminium ərintilərindən hazırlanır. Opoklarda qəlib qırışıqlarını yaxşı saxlamaq, möhkəmlətmək və qəlibdə ventilyasiyanı təmin etmək üçün onlar arakəsməli, gözlüklü hazırlanırlar. Opokları daşımaq üçün onların yan dəstəkləri və ya qulpu (sapfası) olur. Qum- gil qəliblərini hazırlamaq üçün müxtəlif qəlibçi alət və vasitələrdən, lopatkalardan, əl və pnevmatik döyəcəklərdən, xəlbirlərdən, malalardan, ərsinlərdən və s. istifadə edilir.
Qəlibləmə materialları və qatışıqları.Qəlib və içlik qatışıqlarının əsasını qum və gil təşkil edir. Köməkçi materiallar kimi ağac kəpəyi, torf, koks və ya daş kömür tozu, mazut, müxtəlif bərkidicilər və yanmaya qarşı hazırlanmış xüsusi qatışıqlardan istifadə edilir. Qəlib qumu müxtəlif ölçüdə kvars dənələrindən, gil və başqa oksidlərdən ibarət olur. Gil və başqa bərkidicilər qum dənələrini birləşdirir.
Bərkidici –bitişdirici metallar xüsusilə qurudulan içlik qarışıqları üçün tətbiq edilir. Bəzi halda əlif yağı , qətran, konifol və neftin distillə məhsullarından da istifadə edilir. Bəzi qarışıqlar (kömür tozu, mazut, xüsusi boyalar və pastalar) yanıb yapışmanın qarşısını alır. Materiallara nəmlik vermək üçün qarışığa su əlavə edilir. Qəlib və içlik qatışıqlarına ilkin təzə materiallarla bərabər xüsusi hazırlıqdan keçmiş, işlənmiş-yanmış qatışıqlar əlavə edilir.
Qəlibləmə qatışıqları aşağıdakı əlamətlərə görə təsnif olunurlar:
-tətbiq olunma xarakterlərinə görə -üzlük , doldurucu və vahid qəlib qatışıqları;
-tökmə zamanı qəlibin vəziyyətinə görə-nəm qəliblər üçün və quru qəliblər üçün qəlib qatışıqları;
-tökülən metalın növünə görə- çuqun, polad və əlvan metal töküklər üçün qəlib qatışıqları.
Ədəbiyyat
1. Eyvazov B.Y. Metallurji proseslərin ekologiyası. Bakı, Təhsil, 2014, 260 s.
2. Mirbabayev M.F. Hava məkanının ekologiyası. Bakı, AzTU, 2015, 140 s.
3. Məmmədov R. Azərbaycanın metallurgiya sənayesi və onun inkişaf perspektivləri // Xalq qəzeti, 15.06.2012, s. 3–4.
4. Şükürov R.İ., Rəhimov M.M. Metallurgiya. Bakı: Maarif, 2005, 334 s.
Dostları ilə paylaş: |