QARŞI YATAN
QARA DAĞIM
SORAR OLSAN
ARAZ GÜNDÜZ
2012
Ataların sözüdür, deyərlər: “Yük əyiləndə daşı da yerindən-yurdundan eylər”. Anlamını bilməyənlər üçün deyim, bilsinlər: hansısa daşqaçı* heyvanın belinə çatılan yükün dəngəsi(tarazlığı) pozulanda, yükün əyilən yüngül tayına bir daş qoyub dəngəni düzəldərlər, gəlib uğrağa(mənzilbaşına) çatdıqları yerdə isə daşı götürüb atarlar qırağa, daş da beləcə yerindən-yurdundan ayrı düşər.
Günlərin bir günü, XIX yüzilin Rus-İran savaşı bitib, yağılarımız Azərbaycanı ikiyə böləndə, Güney Azərbaycanın Qaradağ bölgəsindən bir bölük adam, mal-qaralarını, var-yatırlarını da götürüb, köçüb gəliblər indi Qaradağlı adı ilə tanınan bizim bu kəndə. Nə üçün belə elədikəri unudulub gedib, indi bunun niyəsini bilən yoxdur, ancaq qaradağlıdan poçtalyon Ağaxan kişi bunun elə belə də olduğunu, öz babasından eşitmişdi, ötən yüzilin 60-cı illərində mənə də belə danışmışdı. Köçən yurdun dəyəri düşən yurdda bilinər, deyiblər. Görünür, o köçə-köçdə, ürəklərini qaplayan nisgilin ağırlığından ruhlarının dəngəsi pozulduğundan da, mənim ulu babalarım Savalanın yanından keçəndə, bir qaya parçası götürüb, ruhlarını dəngələmiş, gəlib çatandan sonra o qaya parçasını çıxarıb, kəndimizin yuxarı başına qoymuşdular. İndi kəndimizin kürəyini söykədiyi bu hündür təpəyə Bala Savalan deyirlər, ən çöçünü isə bilirsinizmi nədir?–bu yerlərdə birinci qar ilk öncə Bala Savalanın başına düşər; bir də görürsən bir az aşağıda, beş-on addım o yana yağış yağır, Bala Savalana qar!..
Mənim sözümün ucundan tutub, gedib Cəlilabadın xəritəsində Qaradağlı adında kənd axtarmayasınız ha, onsuz da tapa bilməyəcəksiniz! Yolunuz o yanlara düşsə, soraq-soraqla arayıb-axtarıb, orada Soltankənd adında bir kənd tapacaqsınız, kənddə böyükdən-kiçiyə, qarşınıza kim çıxsa: bu hansı kənddir?–soruşacaqsanız, hamısı da bir ağızdan: bura Qaradağlıdır, deyəcəklər!..
Ötən yüzilin 90-cı illərində, ərinmədim, arayıb-axtarıb, Çar Rusiyasında, 1897-ci ildə çəkilmiş bir xəritə tapdım, baxıb nə görsəm yaxşıdır, bu xəritədə də mənim Qaradağlımın adını götürüb Soltankənd yazıblar!..
Mənim araşdırmalarıma görə, kəndimizin adındakı bu qarışıq-dolaşıqlığın yaranmasında Xudayar bəyin əli olub...Huşunuz ayrı yerə getməsin, Ulu Mirzə Cəlilin Danabaş kəndindən tapıb üzə çıxardığı Xudayar bəyi demirəm, mən dediyim Xudayar bəy Dövlətalı bəyin törəməsi, indi Dövlətalıbəyli adlanan kənddən, Çar hökümətinin əlaltısı olan birisiymiş. Dərəbəylik yönətimi(üsuli-idarəsi) elə o çağlarda yaranıb, qol-qanad açıbmış deyəsən. Təpəlik-dərəlik bir relyefi olan bizim bölgəni də, Çar höküməti dərələrə bölüb, ayrı-ayrı dərələrin də vergisini yığmağı yerli quyruqbulayanlarına tapşırıbmış. Bizim dərənin də vergisini bu Dövlətalıbəyli Xudayar bəyin əliylə toplarmış. Çox ola bilsin də, elə bu kəndimizin adına yiyələnmiş Soltan da, o çağlar, Qaradağlının qolçomağımı, yoxsa hampasımı olub, götürüb kəndi vergi dəftərinə onun adı ilə yazıblar, sonra da necə deyərlər, al görüm, bu da sənə Qaradağlı yerinə, Soltankənd!..
Deyəsən, “su gələn arxa bir də gələr” deyimini ancaq yaxşılıqlar üçün deməyiblər, elə yamanlıqlar üçün də beləymiş... Sovetlərin basqısından sonra Qaradağlının bir bölük adamı köçüb gediblər Güney Azərbaycana, orada Germi deyilən bölgədə yurd salıblar, sonradan yavaş-yavaş, bir ucu Ərdəbil, bir ucu Tehran, səpələniblər bütün İranın dörd bir yanına. Sovetlər bir az yerini bərkidəndən sonra, Qaradağlıda azdan-çoxdan başı tərpənən kim varsa, birilərini tutub göndəriblər gedər-gəlməzə, qalanını da ötən yüzilin otuzuncu illərində sürüblər Qazaxıstana... Yerdə qalanlarının da başlayıblar başlarında qoz sındırmağa, Qaradağlı da yaman-yaxşı, ölmə-diiril gəlib çatıb bugünkü çağa...
1961-ci ildə Qaradağlıdan uzaqda, Ağusəm kəndində müəllimlik eləyən atam, öz kəndində ev tikmək üçün Cəngan kənd sovetinə diləkçə(ərizə) yazıb yer istəyəndə, qayıdıb deyiblər, yuxarıdan göstəriş var, yaxın illərdə bütün yan-yörədəki kəndləri köçürüb yığacaqlar kənd sovetinin yerləşdiyi kəndə, kişi də götürüb Cəngan kəndində ev tikib, yurd salıb. Bu da, o çağlar Xruşşovun 20 ilə(1981-ci ilə kimi) kommunizm qurmaq hap-gopunun bir qaradağlının başında çatlaması idi, sanasan, yaxın iyirmi ildə kommunizm qurulası, bütün kəndlər yığışıb bir kommunada yaşayası, hamı könüllü işləyəsi, kommuna da bunların dolanışığını gen-bol ödəyəsiymiş... Bir sözlə, eşşəklə yoncanın nağılı...
Mən ata-baba ocağım olan Qaradağlıda böyüyüb, boya-başa çatmasam da, Qaradağlıdan vur-tut 4 km aralıda, yaşadığım qonşu kəndin adamları, sağ olsunlar, məni qaradağlı olduğumu unutmağa qoymayıblar. Çox olub, nəsə demişəm, nəsə eləmişəm, baxıb deyiblər: qaradağlıdır da, qaradağlı! Niyə belə deyiblər, bunu danışsam uzun çəkər, ancaq sözarası deyim, qaradağlılıq da hamı yerindən duranın başaracağı deyil ha!..
Bilənlər bilir, bir yanı Cəlilabaddan, Yardımlıdan, Lerikin Dırığlı deyilən obalarından başlamış, bir ucu Gilana, o biri ucu Ərdəbildən keçib Səraba dirənən geniş bir bölgədə, sayı milyonlarla ölçülən bir özgün(orijinal) türk boyu yaşayır. O tayda özlərinə muğanlılar, bu tayda moranlılar deyən bu türk boyunun özgünlüyü təkcə elə onun danışıq ağzında(dialektində) deyil, bundan başqa da gözə çarpan çox nəsnələr var, indi yeri düşmüşkən onlardan bir neçəsini burada sizlərin qulluğuna yetirmək istəyirəm.
1300 illik islamın, izlərini sonacan pozub itirə bilmədiyi əski türk inanclarının qalıqları ilə, burada addımbaşı üzləşirsən. Örnək üçün, burada bu gün də, bir çoxlarının(belələrinə türkəsaya adamlar deyirlər) inandığı “tarı(tanrı) kişi” adlandıra biləcəyimiz bir kult da qalmışdır, bu yerin adamları öz gündəlik yaşamlarında onunla arasıkəsilməz bir bağlılıq içində yaşamaqdadırlar. Mən Azərbaycanımızın başqa bölgələrində belə bir kultun olub-olmadığını soraqlamışam, ancaq indiyənəcən haradasa buna oxşar bir inanc tapa bilməmişəm. “Tarı kişi”, deyilənlərdən anlaşıldığına görə, göylərdə yaşayan, insanların işdəklərinə göz qoyan, onlara könüllərinin əyri-düzlüyündən asılı olaraq, uğur, yoxsa uğursuzluq göndərəcəyini götür qoy-eləyən, sonra da bunları onların yoluna çıxaran, ulu bir GÜCDÜR. Baxın, “tarı kişiylə” bağlı necə alqışlar vardır, bu adamların dilində: Tarı kişi dayağında dursun; Yaxşı yol, Tarı kişi yolunu açıq eləsin; Sağlıqla qalın, sizləri Tarı kişiyə ismarladım; habelə bunun kimi... Bu bölgədə əski türk qam-şamançılığın izləri bu gün də itib-batmayıb. Belə inanclara bağlı olan, türkəsaya deyilən adamları mən çox görmüşdüm, ən ilginci o idi, bu adamlar toyuq-cücədən başlamış, bütün qalan heyvanlaracan, bundan başqa da, yerlə, göylə, suyla, küləklə də danışardılar. İşi düz gətirəndə, yoxsa da dara düşəndə, bu adamlar dayanıb göyə baxar, “tarı kişi” ilə, birincidə alqışla, ikincidə qınaqla uzun-uzadı danışardılar... Bizim qonşu kənddən gilarlı Əbil kişinin “tarı kişi” ilə söz güləşdirməsi bu gün də dillərdə-ağızlarda gəzir.
Azərbaycan türkünün kökünü təkcə oğuzlarla bağlamaq düzgün deyil, bunu oğuzlardan çox-çox qabaqlar bu torpaqlarda yaşamış digər türk boylarının addımbaşı gözəçarpan izləri söyləməkdədir. Mən bunu öncələr, başqa bir yazımda demişəm, indi burada yenələmyi yersiz saymıram: Biləsuvardan Masallıya kimi təkcə elə yolboyu üzləşilən yer adları, bunun belə olduğunu yetərincə andırmaqdadır. Bulqar-Savir türk boylarının adını yaşadan Biləsuvarda, Bulqarçaydan keçib, gəlib çatırsınız Hunların bir qolu olmuş, indiki macarların soykökünün qaynaqlandığı Mişar türklərinin ad qoyub getdiyi Mişarçaya çatırsınız, oradan sovuşub, Göytəpəyə gəlib çıxırsınız, buradan Kuman türklərinin adını yaşadan Komanlı kəndinə əlini uzatsan çatar, Komanlıdan da əski türk boylarından olan Basmalların yurd yeri olan Masallıya beş addımlıq yoldur...
“İstəyirsiniz, sizlərə bir yalan deyim, danışığımıza körpü olsun”, Qaradağlının ağsaqqalları durub-durub, birdən sözə belə başlarlar. Gəlin, Qarluk* türklərinin bizim bölgədə qoyub getdikləri bir izdən danışım sizə, başınıza batsa sizin yararanıza, batmasa mənim yalanıma yazarsınız. Uşaqlıq çağlarımızda, yaşlı qandaşlarımız(qohumlarımız) bizləri başına yığıb, çox dadlı-duzlu sözlərlə oxşardılar, bunların içində bir “kösövxan” sözü də vardı, bizim içimizdə ən istəkli kimdirsə ona da deyərdilər. İndi mənə deyin görüm, necə yəni “kösövxan”? Yoxsa demək istəyirdilər, biz Ata Ocağımızın kösövüyük? Onda bu “xan” çinini-titulunu nə üçün yapışıdrırdılar bu sözə? Günlərin bir yaxşı günü, Mahmud Qaşqarlının “Türk Sözlüyünü” açıb baxıram, görürəm götürüb yazıb, Qarluklar öz böyüklərindən, öndərlərindən kimi çox sevərdilərsə, onlara “kölsüvvxan”* deyərdilər. İndi özünüz deyin, bizə uşaq çağı deyilən o “kösövxan” sözü ilə bu “kölsüvvxanın” bir ilişkisi var, yoxsa mən yanılıram?..
Deyir, nəyi düşünürəm, o da başıma gəlir. Mənim bu yazdıqlarımı yerliçilik düşkünlüyünə, bölücülüyə yozmaq istəyənlər də ola bilər, onlara bir sözüm var, deyib keçmək istəyirəm. Güc birlikdədir, deyiblərsə də, ancaq mən biləsi gücsüzlərin birliyindən də güc yaranmaz, o taylı, bu taylı Azərbaycanımızın birliyini-bütünlüyünü oluşduran türk boylarının içində yığılıb qalmış güc qaynaqlarını tapıb, o qaynaqların gözünü açmadan, bulaqları irmaqlara, irmaqları çaylara, çayları ucu-bucağı görünməyən dənizə axıtmadan, biz gücümüzü bir yerə yığa bilmərik, o dəniz isə bizim türk varlığımızın dəyərlərinin yatağı olmaqla, orada Dəmirqapıdan başlamış Həmədana kimi bütün oymaqlarımızın, boylarımızın payı olmalıdır, minillərin sınağından çıxıb bugünümüzə gəlib çatan bu dəyərlərin qorunması bizim boynumuzun yüküdür! Ən başlıcası isə, məncə, bizi özlüyümüzdən ayrılmağa qoymayan, özümüzdən artıq eləyən dəyərlərin itib-batmaması, biri-biriylə qovuşub, qarşısıalınmaz bir axınla, bugündən gələcəyə yönəlməsidir...
“Əsi”, “əsinti”–külək deməkdir, bunu mən demirəm, Mahmud Qaşqarlı deyir. İndi isə sizlərə Qaradağlının ağbirçəyi(“qaradağlıca” buna “ağbaşdı” deyirlər), Əsi nənədən danışmaq istəyirəm. İldə bircə yol əlimə girəvə düşüb, Rusiyanın 2500 kmlik yolunu basa-basa gəlib kəndimizə çıxdığım günlərin birində, 30 il olar üzünü görmədiyim, yüz yaşını adlamış Əsi nənənin görüşünə getdim. Deyəcəyəm, inanmayacaqsınız,–yaman gözlərdən iraq!–Əsi nənəni otuz il öncə necə görmüşdümsə, elə də qalmışdı! Huşu-başı yerində, gözləri iti, danışığında sözünün başı ilə ayağı yerli-yerində, tərpənişində qıvraq, davranışında ayıq-sayıq... Uzağı 60 yaş vermək olası Əsi nənə ilə baş-başa verib, Qaradağlının keçmişindən, olanından-keçənindən uzun-uzadı danışdıq, düzü vaxt çatmadı, sözümüzün ardını saxladıq sonrakı ildə baş tutacaq görüşümüzə...
Əsi nənənin danışdıqlarındanl “Ay ba a, ötənlil bütün örəmə-törəmələrim yığışıb gəldilər kəndə, dedilər nənə, sənin yüzilliyini keçirməyə gəlmişik; mən də qayıdıb deyirəm, ay uşaqlar, mən olanları-keçənləri götür-qoy eləyirəm, sayıb-sanalayıram, elə bilirəm, mənim ancaq doxsan yaşım ola-olmaya”.(Qadınlar, deyəsən elə dünyanın o başında da, bu başında da yaşlarını gizləməyi, azaltmağı sevirmişlər!..) Babam Əmən kişidən söz salır: “Sənin baban, üzün olduğuna görə demirəm, çox zirək, gözüaçıq kişi idi. Çar höküməti yıxılanda buralarda bir neçə il “aşkaralıq çağı”* oldu. Eşşəkçilərdə* bir Qara bəy vardı, yan-yörədəki kəndlərin gününü düymüşdü göy əskiyə. Bizim Qaradağlıya da çox korluq verirdi, onun qudurmuşları gəlib örüşdən kəndin qoyun-quzusunu, mal-qarasını sürüb aparırdılar, dillənəni də basıb döyürdülər. Günlərin bir günü, Şahverdilidən* Əmən, Eyvazlıdan* Şəröxan(yəni Şərəfxan) gedib adama bir aynalı tüfəng aldılar, kənd adamı da qayıdıb deyəsi: Əmən Tarı kişiyə güllə atmaq istəyir! Nə başını ağrıdım, Əmənlə Şəröxan başladılar bu Qara bəyin adamlarını güdməyə, bir gün də kəndin qoyun-quzusuna basqın eləyəndə, bunlardan ikisini vurub öldürdülər. Qara bəydən elçi gəldi, mənim ölmüş adamlarımı verin, bir də sizin kəndlə işim olmayacaq, deyə ismarış göndərmişdi. Bunlar dedilər yox, kəndinizin ağsaqqalları əllərində Quran gəlib bütün kəndin gözü qabağında and içib ağu yalamasalar, bir də bizim kəndə korluq verməyəcəklərinə and içməsələr, bu iş baş tutan deyil. Elə də oldu, əllərində Quran gəldilər, yalvar-yapışla ölülərini alıb getdilər. Belə kişilər vardı, o çağlar...” Beləcə söz-sözü çəkdi, ayrılana yaxın, Əsi nənədən bayatıdan-qoşmadan nə bildiyini soruşdum, Əsi nənə də bir oturuma, bayatı-bayatı dalıycan, qoşuq-qoşuq dalıycan, dedikcə dedi... Arada: Əsi nənə, nə olar, bir-iki ağı da desənə–dedim, ancaq gərək deməyəydim, Əsi nənə duruxdu, doluxsundu(görünür, bir anlığına yüzillik ömrünün itkilərini andı), sonra kövrək bir səslə: yox ay bala, üz vurma, deyə bilməyəcəyəm, deyib susdu...
Sizinlə görüşmək umdusu ilə, sözümü bitirməzdən qabaq, Əsi nənənin söz boxçasından bir neçə qoşuğu baxışlarınıza çatdırıram.
Bu dağları aşaram,
Duman gəlsə, çaşaram,
Məni çox söylətməyin,
Söylədikcə coşaram.
Bu dağlar daşdı dağlar,
Səndən kim aşdı dağlar,
Yuxu gözümü tutdu,
Ceyranım qaçdı dağlar.
Bu dağlar qoşa dağlar,
Verib baş-başa dağlar,
Necəsən bir ah çəkim,
Dönəsən daşa dağlar.
Mən aşiq oyan dağlar,
Gün ilən boyan dağlar,
Bu yan qap-qaranlıqdır,
Necədir, o yan dağlar?
Göz yaşımı əndərim,
Yönün sənə döndərim,
Birdən könlün istəsə,
Sənə kimi göndərim?
Qaş qaradır kömürdən,
Gündür gedir ömürdən,
Səni tapa bilmərəm,
Çarıq geysəm dəmirdən.
Ət çəkməyə şişim yox,
Nə yeməyə dişim yox,
Bu dünyada gün görüm,
O dünyayla işim yox.
Mixək əkdim mərzə mən,
Biçdim, vurdum dərzə mən,
Öz bəxtimin əlindən,
Hara gedim ərzə mən.
Aşıq naşı əlindən,
Atma daşı əlindən,
Üzüm giley eləyir,
Gözüm yaşı əlindən.
Qapımızdan keçdi mələk,
Qaraçılar toxur ələk,
Mənə yazı yazan fələk
Yazını poza bilmirəm,
Qəribəm dözə bilmirəm.
Qapımızdan keçdi molla,
Gümüş verim, atın nalla,
Mənə yazı yazan allah
Yazını poza bilmirəm,
Cavanam, dözə bilmirəm.
Bakı bağlarında yemədim üzüm,
Ağızdan-ağıza deyilir sözüm,
Səni sevən yerdə kor olsa gözüm,
Gülü budağında xar olan canım,
Gen dünya başına dar olan canım.
*Daşqaçı–yükdaşıyan anlamındadır.
*Qarluklar–əski türk boylarından olub, öz xanlarını “elteber”, “yabqu” deyə çağırmışlar, ancaq Mahmud Qaşqarlının deməsinə görə, başçılarından çox sevimli olanlarını “gölsuvvxan” deyə çağırmışlar, bu isə göl suyu kimi arı ərdəmli, göl kimi dərin anlaqlı anlamındadır.
“Aşkaralıq çağı”–Çar höküməti yıxılandan sonra, ucqarlarda özbaşınalağın, qolugüclülüyün baş alıb getdiyi çağları el içində belə adlandırırlar.
*Eşşəkçilər–Qaradağlının qonşuluğunda kənddir, Sovet dönəmində adını dəyişib, Zəhmətabad qoyublar. Kəndin belə adlanmasının nədəni belə olub: XIX yüzilin sonlarında Cəlilabadın Hasıllı kəndinin adamları ilə buradakı Rus qarnizonu arasında baş verən savaşdan sonra, Hasıllının “eşşəkçilər”, “şatırlı(çörəkbişirənlər), habelə başqa topluqları Hasıllıdan köçüb, “Eşşəkçilər”, “Şatırlı” adları ilə tanınan kəndləri salıblar.
“Şahverdilər”, “eyvazlılar”, Qaradağlı kəndinin iki böyük oymağıdır(tayfasıdır).
Dostları ilə paylaş: |