Şəffaflıq azərbaycan DÖVLƏt orqanlarina veriLMİŞ TÖVSİYƏLƏRİN İcrasinin monitoriNQİNİn nəTİCƏLƏRİNƏ dair hesabat



Yüklə 0,58 Mb.
tarix06.03.2017
ölçüsü0,58 Mb.
#10451
03azeri_vertical_cmyk_600

Şəffaflıq azərbaycan
DÖVLƏT ORQANLARINA VERİLMİŞ TÖVSİYƏLƏRİN İCRASININ
MONİTORİNQİNİN NƏTİCƏLƏRİNƏ DAİR HESABAT
c:\users\toshiba\desktop\evaluation.jpg

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ
ƏDLİYYƏ NAZİRLİYİ
ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ
AZƏRİGAZ İB

Bakı, may 2015



MÜNDƏRİCAT


I

GİRİŞ

3

II

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ

4

III

ƏDLİYYƏ NAZİRLİYİ

7

IV

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ

9

V

AZƏRİGAZ İB

13

VI

DİGƏR SAHƏLƏR

15


MİNNƏTDARLIQ
Bu hesabatın hazırlanması Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Amerika xalqının dəstəyi sayəsində mümkün olmuşdur. Hesabat “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsi” (AŞT) çərçivəsində hazırlanıb. Məzmuna görə, “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi məsuliyyət daşıyır və USAID və Amerika Birləşmiş Ştatları hökumətinin mövqeyini əks etdirməyə bilər.
“Şəffaflıq Azərbaycan” təşkilatı bu hesabatı ərsəyə gətirmiş ekspertlərə və verdikləri töhfəyə görə bütün fiziki şəxslərə, o cümlədən hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə öz dərin minnətdarlığını bildirir. Layihə heyəti “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsi” üzrə bütün tərəfdaşlara, xüsusilə də QHT Platformasına qoşulmağa öz razılığını bildirmiş bütün Azərbaycan QHT-lərinə təşəkkür edir. Xüsusi təşəkkürlər AŞT Layihəsinə göstərdikləri dəyərli və davamlı dəstəyə görə USAID/Azərbaycan təşkilatının heyətinə ünvanlanır.
əlliflər: Şəffaflıq Azərbaycan təşkilatının araşdırma qrupu
Bu hesabatda təqdim olunan məlumatların düzgünlüyünü yoxlamaq üçün bütün səylər göstərilmişdir. Məlumatlar 2015-ci ilin 30 aprel tarixinə qədər olan dövr üçün düzgün hesab olunmalıdır. “Şəffaflıq Azərbaycan” təşkilatı bu məlumatların digər məqsədlər üçün və ya kontekstdən kənar istifadəsinə görə heç bir məsuliyyət daşımır.
© 2015 Müəlliflik hüququ Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinə məxsusdur.


  1. GİRİŞ

Şəffaflıq Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi (bundan sonra ŞA) tərəfindən 4 il müddətində həyata keçirilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsi (AŞT) korrupsiya əleyhinə mübarizədə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun gücləndirilməsini və Azərbaycan Respublikası hökuməti tərəfindən elan olunmuş anti-korrupsiya strategiyasının əsas hədəflərinin və hökumətin ciddi əhəmiyyət daşıyan sahələrdə, o cümlədən Açıq Hökumət Tərəfdaşlığı (AHT) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsinin dəstəklənməsini nəzərdə tutur. AŞT layihəsinin əsas məqsədi vətəndaş cəmiyyətinin şəffaflığının, institusional imkanlarının artırılması, bununla da onların korrupsiyanın azaldılmasına təsirini daha səmərəli etməkdir.


AŞT layihəsi hələ 2005-ci ildən fəaliyyət göstərən, İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzlərinin (ALAC) əsasında təşkil edilmişdir. ALAC layihəsi ölkədə korrupsiyanın dinamikasını müəyyənləşdirmək, onun həll yollarını tapmaq və təhlilini aparmaq məqsədi daşıyan ictimai təşəbbüs olmuşdur. ALAC layihəsinin həyata keçirildiyi dövr ərzində çoxsaylı vətəndaş korrupsiya ilə bağlı ŞA-nın regional mərkəzlərinə müraciətlər etmişdir. Müraciətlər əsasında ŞA tərəfindən toplanmış statistik və təsvir xarakterli məlumatlar korrupsiya portfoliosu, korrupsiya sahəsində mövcud olan təhdidlər, tendensiyalar, eləcə də cəmiyyətdə korrupsiya barəsində formalaşmış fikirlər haqqında sistemli və aydın təsəvvürün formalaşdırılmasına kömək etmişdir. İctimai əsaslarda əldə olunmuş məlumatlar sayəsində ŞA yerli icmaların ehtiyaclarını daha yaxından öyrənmiş, ictimai vəkillik proqramları, o cümlədən institusional və sistem xarakterli korrupsiyaya qarşı mübarizə sahəsində mövcud olan siyasət, strategiya və qaydalarda müsbət dəyişikliklərə gətirib-çıxaracaq təşəbbüslər üçün daha konkret hədəflər müəyyənləşdirmişdir.
Fəaliyyəti dövründə ALAC layihəsi çərçivəsində ŞA müxtəlif dövlət qurumları ilə 2010-2012-ci illərdə 12, AŞT layihəsi çərçivəsində 2013-2015-ci ildə isə 9 dəyirmi masa keçirmişdir. Bu hesabat ŞA tərəfindən vətəndaşların qeydiyyata alınması, kommunal xidmətlərin həyata keçirilməsi, sosial yardımların verilməsi və daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması ilə məşğul olan və digər dövlət qurumuna ünvanlanmış tövsiyələrin həyata keçirilməsinin qısa məzmununu əhatə edir. Hesabat Azərbaycan hökuməti tərəfindən mərkəzi icra orqanlarına rəsmi internet məlumat mənbələrində elektron xidmətlərin göstərilməsinin təmin edilməsi barəsində verilən göstərişləri1,2 nəzərə alaraq bu qurumların elektron xidmətlərinə xüsusi diqqət ayırır.
ŞA tərəfindən verilmiş tövsiyələr bir neçə ümumi istiqaməti əhatə edir:

  • Qanunvericiliyin təkmilləşdirilməsi;

  • İnstitusional çatışmazlıqlara diqqətin artırılması;

  • Elektron xidmətlərin göstərilməsi;

  • Dövlət qurumlarının şəffaflığının və hesabatlılığının təmin olunması.




  1. ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ


Məqsəd

ŞA-nın məqsədi əlilliyi olan şəxslərin hüquqlarının qorunması sisteminin səmərəli idarə olunmasında hökuməti təşviq etmək və dəstək verməkdən ibarətdir.


Tövsiyələrin icrası

Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının qorunması sahəsində islahatları müzakirə etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə dəyirmi masa 21 fevral 2014-cü ildə keçirilmişdir. O vaxtdan etibarən aşağıdakı dəyişikliklərə nail olunmuşdur.


Hüquqi çərçivə

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi ilə bərabər “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nın layihəsi hazırlanmışdır. Hər iki sənəd 2014-cü il aprel ayından dekabr ayına qədər ƏƏSMN-nin veb səhifəsində ictimai müzakirəyə açıq olmuşdur.


Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının qanununa3görə yaşayış minimumu minimum istehlak səbətinin dəyərinə və icbari ödənişlərə görə müəyyən edilən sosial normativ kimi təsbit edilmişdir. Minimum istehlak səbəti əhalinin əsas sosial demoqrafik qrupları üzrə müəyyən edilir. Əhalinin əsas demoqrafik qrupları üzrə yaşayış minimumu müəyyən edilərkən, əmək qabiliyyətli əhali, pensiyaçılar, uşaqlar müəyyən edildiyi halda əlilliyi olan şəxslər nəzərdə tutulmamışdır.
Şəffaflıq Azərbaycan yeni yaşayış minimum istehlak səbəti müəyyən ediləcək qanun layihəsində demoqrafik qrupların tərkibinə əlilliyi olan şəxslərin də əlavə edilməsini tövsiyə edib. Bu tövsiyə 20154 ci il üçün yaşayış minimumu hesablanarkən nəzərə alınmış və əlilliyi olan şəxslər digər qruplarla müqayisədə ən yüksək yaşayış minimumu (140 AZN) ilə ayrıca bir qrup olaraq müəyyən edilmişdir.

Azərbaycan Respublikasının 2015-ci il üçün yaşayış minimumu haqqında

Azərbaycan Respublikasının Qanunu

M a d d ə 1 . Əsas anlayışlar

1.0.3. əhalinin əsas sosial-demoqrafik qrupları – yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlillər, uşaqlar və s);



İnstitusional islahatlar

ŞA beynəlxalq təcrübəyə əsaslanaraq tibbi və sosial reabilitasiya mərkəzlərinin sayının artırılmasını və onların xidmətlərinin keyfiyyətinin yüksəldilməsini tövsiyə etmişdir. ƏƏSMN əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində mütəxəssislərin təcrübəsinin artırılması üçün uzun müddətli təlim proqramını hazırlamağa davam edir. Bu proqram tvinninq layihəsi çərçivəsində və Avropa mütəxəssislərinin5 dəstəyi ilə hazırlanır.6 Nəticədə isə əlilliyi olan şəxslər üçün peşəkar təlim proqramlarının əhatəsi genişlənir. Məsələn, Ramana yaşayış məskənində (Abşeron zonası) 2014-cü ildə açılan reabilitasiya mərkəzi müxtəlif peşələr üzrə əlilliyi olan şəxslərə təlimlər keçirmiş və 272 ən yaxşı məzununa peşəkarlıq sertifikatı təqdim etmişdir.7 Yeni reabilitasiya mərkəzi gözdən əlilliyi olan şəxslər üçün tezliklə Zabratda açılacaq. Mərkəz ixtisaslaşmış QHT-lərlə məsləhətləşmə şəraitində planlaşdırılmış və təchiz olunmuşdur.8


ƏƏSMN əlilliyi olan şəxslərin reabilitasiyasının texniki avadanlıqlarını (eşitmə alətləri, protezlər, əlil arabası və s.) bərpa etmək məqsədilə Bakıdakı əsas mərkəzdən əlavə regionlarda da bəzi xüsusi mərkəzlər qurmaq üçün lazımi sənədləri hazırlamışdır. Bərpa işləri dövlət büdcəsi əsasında maliyyələşəcək.9
E-hökumət

Əlilliyi olan şəxslərə əlillik statusunun verilməsi prosesi avtomatlaşdırılmışdır. Belə ki, Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi yaradılmışdır. Sistem bir neçə dövlət qurumu arasında məlumat mübadiləsinə də imkan yaradır. Lakin, əlillik statusu üçün elektron müraciət hələ də mövcud deyil.


Ictimai institutların şəffaflıq və hesabatlılığı

Nazirlik Facebook və Twitter kimi sosial şəbəkələrdə fəaldır; məlumat mütəmadi olaraq yenilənir və ingilis dili versiyası daxil olmaqla veb səhifəyə yerləşdirilir. Beləcə, 2014-cü il ərzində 500-ə yaxın press reliz yayılmışdır.10


Digər bir yenilik həssas olan bir məsələdə şəffaflığı artırır. Nazirlik Dövlət tərəfindən ev almağa uyğun görülən əlilliyi olan şəxslərin gözləmə siyahısını seçilmiş qruplara bölərək dərc edir. Qarabağ müharibəsi nəticəsində əlilliyi olan qazilər və şəhid ailələri ev üçün gözləmə siyahısındadır. Digər kateqoriyalara gəldikdə isə, mövcud olan digər gözləmə siyahısı yalnız Bakı şəhəri üzrə gözdən əlilliyi olanlarla məhdudlaşıb. Lakin, artıq evlə təmin olunmuş əlilliyi olan şəxslərin siyahısına bütün kateqoriyalardan və bütün ölkə üzrə daxil olunub.
Nəticə və əsas tövsiyələr

Prosesin yavaş olmasına baxmayaraq, inklüziv təhsil və peşəkar təlim proqramlarının genişləndirilməsi yoluyla əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında bəzi nailiyyətlər əldə edilmişdir.11 Bununla bərabər, əlilliyi olan şəxslərə iş imkanlarının yaradılması üçün müvafiq hüquqi təminatlar olsa da,12 praktikada qanun işə götürənlər tərəfindən nadirən tətbiq olunur.


Əlilliyi olan şəxslərin imkanlarının artırılması üçün infrastrukturda da dəyişikliklər edilmiş, onların hərəkət etmələrini və rahatlığını təmin etmək məqsədilə yerüstü nəqliyyatda bir sıra əhəmiyyətli işlər görülmüşdür. Məsələn, gözdən əlilliyi olanlar üçün əsas yol keçidlərindəki bəzi semaforlara səs siqnalları əlavə edilmişdir.13 Həmçinin, yenicə tikilmiş inzibati binalar14 və dəmiryolu stansiyası15 əlilliyi olan şəxslər üçün istifadəyə uyğunlaşdırılmışdır. Dəmiryol stansiyalarındakı sərnişin platformalarının səthlərinin bərabər səviyyəyə gətirilməsi işləri davam etdirilir.
Hələ də, bir çox ictimai yerlərə, o cümlədən, məktəb və hökumət qurumlarına əlilliyi olan şəxslərin getməsi pandus, perila, sanitar qovşağı və ya əlil arabasına uyğun ictimai nəqliyyat kimi uyğun infrastrukturun olmaması səbəbilə çətindir.16

Hüquqi çərçivə

  • “Əlilliyi olan şəxslərin hüquqlarının qorunması” haqqında qanunun qəbul edilməsi;

  • 2014-2018-ci illər üçün Əlilliyi olan şəxslərin hüquqlarının qorunması haqqında Dövlət Proqramının qəbul edilməsi;

  • Əlilliyi olan tələbələrin universitet səviyyəsində pulsuz təhsilində kvota sistemini tətbiq etmək üçün hüquqi dəyişikliklərin qəbul edilməsi.17


İnstitusional islahatlar

  • Işə götürənlərin əlilliyi olan şəxslərdən ibarət kvotanı doldurmaları üçün qanun təminatını işə salmaq və bu təminatı həyata keçirməyənlər üçün cəzanı artırmaq;

  • Əlilliyi olan şəxslər üçün qoltuqağacı, eşitmə cihazı kimi avadanlıqları istehsal və bərpa edən mərkəzi təkmilləşdirmək; onların növlərini artırmaq və individual əlil arabalarının istehsalını əlavə etmək; elə bu müəssisədə əlilliyi olan şəxsləri işə götürmək.


E-hökumət

Əlillik statusu üçün elektron müraciəti tətbiq etmək.


Ictimai institutların şəffaflıq və hesabatlılığı

  • Əlilliyi olan şəxslərin ictimai həyatda, məsələn, seçki qurumlarında, siyasi partiyalarda, vətəndaş cəmiyyətində və s. qərar-vericilik səlahiyyəti olan nümayəndə kimi iştirakını təmin etmək;

  • Dövlət tərəfindən pulsuz evə layiq görülən bütün əlilliyi olan şəxslərin dolğun gözləmə siyahısını dərc etmək.


  1. ƏDLİYYƏ NAZİRLİYİ


Məqsəd

ŞA- nın məqsədi vətəndaşların daha səmərəli sistemlə qeydiyyatdan keçməsi üçün idarə etməyə köməklik etmək və təşviq etməkdir.


Tövsiyələrin həyata keçirilməsi

28 avqust 2014-ci il tarixində Ədliyyə Nazirliyi ilə birlikdə Azərbaycanda vətəndaşların qeydiyyatdan keçirilməsi ilə əlaqədar olaraq islahatların müzakirəsinin dəyirmi masası keçirilmişdir. O tarixdən etibarən, aşağıdakı dəyişikliklər həyata keçirilmişdir.


Hüquqi çərçivə

Ədliyyə Nazirliyinə təkliflər paketi təqdim edildi; vətəndaşlıq vəziyyət anlayışını daha aydın şəkildə təmin edəcək əsas təklif Vətəndaşlıq Vəziyyəti Aktları haqqında xüsusi Qanunun qəbuludur. Baxmayaraq ki, ŞA bu sahədəki irəliləyişlərdən xəbərdar deyil, iki substantiv hüquqi dəyişikliklər qəbul edilmişdir. Beləliklə Ailə məcəlləsində Nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi üzrə dəyişikliklər olunmuşdur.18 Tibbi müayinə və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir. Bununla yanaşı, tibbi müayinənin nəticələri həkim sirridir. Sağlamlıq vəziyyətinin uyğun olduğunu göstərən tibbi arayış və nikah qeydiyyatı üçün ərizə müvafiq orqana təqdim edilir.


Sənədsiz uşaqların qeydiyyatdan keçirilməsi prosesini tənzimləyəm Nizamnamə təkmilləşdirilmişdir.19 Beləliklə, məhkəməyə müraciət halları minimallaşır. Uşaqların üzərində sənədin olmadığı iki ən çox yayılmış halda, tələb olunan sənədləri Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə xüsusi komissiya təqdim edir. Tapılmış uşaqların adından polisin müraciəti əsasında, bir də doğum xəstəxanasında valideynləri tərəfindən tərk edilmiş uşaqların xəstəxananın müraciəti əsasında bu proses başlayır.
İnstitusional islahatlar

Ədliyyə Nazirliyi işçilərinin korrupsiya ilə əlaqədar şübhəli hallarında şikayətləri eşitmək üçün telefon20 və elektron qaynar xətti 21 olan çox az dövlət qurumlarından biridir. Həmçinin, Qeydiyyat və Notarius baş şöbələri şikayətlər üçün öz qaynar xətt nömrələrini təqdim edir. 22 Qaynar xətt operatorları üçün xüsusi təlim proqramları təşkil olunması, nəzarət etmək üçün xüsusi orqan və qaynar xətt səmərəliliyini qiymətləndirmək üçün şərait yaradılması naməlumdur. Qaynar xəttə gələn şikayət və cavablarla əlaqədar olaraq heç bir məlumat yoxdur.


E- hökumət

Hesabat dövründə dəyişiklik yoxdur.


Dövlət qurumlarının şəffaflığı və hesabatlılığı

Hesabat dövründə dəyişiklik yoxdur.


Nəticə və Əsas Tövsiyələr

Son illərdə hökumət tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının reyestri sahəsində şəffaflığın və səmərəliliyin təmin edilməsi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsi (məs., “Adlar və soyadlar haqqında Qanun, “Qeydiyyat şöbələri və nikah evləri haqqında Əsasnamə qəbul edilmişdir) və elektron xidmətlərin təqdim olunub, bununla bərabər bir sıra tövsiyəyə verilə bilər.


Hüquqi çərçivə

  • Vətəndaşlıq vəziyyəti anlayışını daha aydın şəkildə təmin edəcək Vətəndaşlıq Vəziyyəti Aktları haqqında xüsusi Qanunu qəbul etmək;

  • Qanunvericilikdə erkən evlilik23 üçün yerli hakimiyyət orqanlarının icazəsinin əsaslandırılmasını təmin edən xüsusi hallar siyahısını təyin etmək.


İnstitusional islahatlar

  • Qaynar xətt operatorları üçün xüsusi təlimlər təşkil etmək; nəzarət üçün xüsusi orqan və qaynar xəttlərin səmərəliliyini qiymətləndirmək üçün mexanizm yaratmaq; qaynar xəttə daxil olan müraciətləri və şikayətləri təhlil edən hesabat yaymaq.


E-hökumət

  • Sənədləşmə işlərini azaltmaq üçün Ədliyyə Nazirliyi ilə digər dövlət orqanları arasında məlumat bazasını genişləndirmək: birinci olaraq Səhiyyə Nazirliyinin məlumat bazasını genişləndirmək olar. Beleliklə, Səhiyyə Nazirliyinin məlumat bazası üzrə e-xidmətdən istifadə edərək ölüm arayışını yükləmək və nazirliyin məlumat bazasından əldə etmək olar. İkinci olaraq məhkəmələrin məlumat bazasından övladlığa götürmə qaydaları, boşanmalar və ya valideyn hüquqlarından azad olunma kimi məhkəmə qərarlarını götürmək olar.


Dövlət qurumlarının şəffaflığı və hesabatlılığı

  • Nazirliklər və QHT-lərin iştirakı ilə şəffaflıq və hesabatlılığı artırmaq üçün TV və radio proqramları təşkil etmək.



  1. ƏMLAK MƏSƏLƏLƏRI DÖVLƏT KOMITƏSI

(O cümlədən, daşınmaz əmlakın dövlət tənzimlənməsi ilə məşğul olan digər müvafiq dövlət orqanları)
Məqsəd

Şəffaflıq Azərbaycan təşkilatının (“ŞA”) məqsədi hökuməti daşınmaz əmlakın səmərəli qeydiyyat sisteminin hazırlanmasına və idarə edilməsinə təşviq etmək və ona bu işdə kömək etməkdir.


Tövsiyələrin icrası

“ŞA” daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində mövcud qanunvericilikdə və bu sahədə dövlət siyasətinin icrasında olan problemlərin müzakirə edilməsi məqsədilə iki dəyirmi masa keçirmişdir. 29 aprel 2013-cü il və 12 dekabr 2014-cü il tarixlərdə keçirilmiş dəyirmi masalarda daşınmaz əmlakın, o cümlədən yeni çoxmərtəbəli yaşayış binalarının qeydiyyatı ilə bağlı çatışmazlıqların həllini nəzərdə tutan və “ŞA” tərəfindən hazırlanmış tövsiyələr Əmlak Məsələləri Dövlət Komitəsinə (bundan sonra “Komitə”) təqdim olunmuşdur.


Qanunvericilik

Hökumət daşınmaz əmlakın qeydiyyatı sahəsində olan qanunvericiliyə bir sıra dəyişikliklər etmişdir ki, bu dəyişikliklər icra olunma sürəti və miqyasından asılı olaraq Azərbaycanda daşınmaz əmlakın dövlət tərəfindən idarə edilməsi sahəsində mövcud olan çatışmazlıqları əhəmiyyətli dərəcədə azalda bilər.


Son vaxtlar qeydiyyatsız ev sahiblərinin xeyrinə qanunvericilik sahəsində atılmış ən vacib addım Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar, 2015-ci il tarixli fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi olmuşdur. Bu qanunvericilik aktının əhəmiyyəti ondan qaynaqlanır ki, o 2004-cü ilədək qanunvericiliyə uyğun qaydada tikilmiş və adı çəkilən qanunvericilik aktının təsdiq olunmasınadək hüquqi statusu qeyri-müəyyən olan qeydiyyatsız evlərin sahiblərinə öz əmlaklarını qeydiyyatdan keçirmək üçün hüquqi-normativ mexanizm təklif edir.24 Lakin yeni qaydalar bu sahədə səmərəli siyasətin həyata keçirilməsinə əngəl törədən, paytaxtda mövcud olan yüz minlərlə qeyri-qanuni tikilmiş evlərin statusuna aydınlıq gətirmir.
İnzibati səlahiyyətlərin bölgüsündə edilmiş digər mühüm dəyişiklik isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi və onun bəzi səlahiyyətlərinin Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi olmuşdur. Bu dəyişiklik bugünədək iki fərqli dövlət orqanı tərəfindən həyata keçirilmiş əmlak məsələləri üzrə xidmətlərin koordinasiyasının daha yaxşı aparılmasına zəmin yaradır.
Digər müsbət dəyişiklik isə Şəhərsalma və Tikinti Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə əsasən planlaşdırılan tikinti ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının rəy verməsi üçün nəzərdə tutulmuş müddətin 30 gündən 15 günə endirilməsidir.25
Nazirlər Kabineti tərəfindən “Binaların dövlət reyestrinə daxil edilmiş məlumatların tərkibi, təqdim edilməsi və reyestrinə dair qaydaları”n təsdiq edilməsi yeni çoxmərtəbəli binaların vahid məlumat bazasının yaradılması istiqamətində müsbət irəliləyişdir. Yeni çoxmərtəbəli binaların ictimaiyyət üçün əlçatımlı məlumat bazası vətəndaşlara yaşayış binalarında əmlak seçimi vaxtı məlumatlı qərar vermələrinə imkan verəcəkdir.
Hesabat dövründə ən vacib dəyişiklik ASAN xidmət mərkəzlərinə mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi səlahiyyətlərinin təqdim edilməsi olmuşdur.
Vətəndaşlar üçün xüsusi narahatlıq yaradan məsələlərdən biri Bakı şəhərində yeni çoxmərtəbəli yaşayış binalarının qeydiyyatı sahəsində çoxşaxəli problemlərin hələ də qalmasıdır. “ŞA” hüquqşünas-mütəxəssislər qrupunun gəldiyi nəticələr onu göstərir ki, çoxmərtəbəli binaların tikilməsi və onların istismara verilməsinin səmərəliliyini azaldan qanunvericilikdə mövcud olan maneələr çoxaspektlidir.26 Bundan başqa, bu sahədə aparılan fəaliyyətləri tənzimləyən qaydaların icrasındakı qeyri-şəffaflıq belə binaların faktiki və gələcək sakinləri üçün ciddi narahatlıqlar yaradır.
İnstitusional islahatlar

Komitə öz xidmətlərinin əhatə dairəsini genişləndirən və bu xidmətlərə (o cümlədən, öz fəaliyyəti haqqında məlumatlara) çatımlılığı artıran bir sıra yaradıcı siyasət və tədbirlərin icrasına başlamış və davam etmişdir, bu isə son nəticədə xidmətlərin göstərilməsi prosesində şəffaflığı artırmışdır.


Komitənin institusional imkanlarının genişləndirilməsi istiqamətində əsas irəliləyişlərdən biri 22 nəqliyyat vasitəsindən ibarət mobil xidmət ofisinin yaradılması və rəsmi məlumatlara əsasən Bakı və regionlarda həssas sosial qruplardan olan 16 mindən çox vətəndaşa xidmət göstərməsi olmuşdur.27 ASAN səyyar xidmət kimi bu xidmət də cəmiyyətin dövlət xidmətlərinə çatımlılığının təmin edilməsində təqdirəlayiq irəliləyişdir.
Ölkə üzrə daşınmaz əmlakın vahid rəqəmsal kadastr xəritəsinin hazırlanması prosesinin yekun mərhələyə daxil olduğu bildirilir, beləki rəsmi məlumata görə 53 şəhər və rayon üzrə məlumatlar toplanmış və vahid məlumat bazasına əlavə edilməkdədir.28 Bakıda bəzi rayonlar üzrə məlumatın toplanılması yekunlaşsa da, digərlərində davam etməkdədir. Bu sahədə görülən işlərin ümumi kursu müsbət olsa da, bu işlərin icra tempi sürətləndirilməlidir.
Komitənin nəşrləri – “Daşınmaz əmlak” adlı jurnal və “Mülkiyyət” adlı qəzet əmlak məsələləri ilə bağlı aktual mövzuları və qanunvericilikdəki dəyişiklikləri əks etdirir, eləcə də Komitənin xidmətləri haqqında vacib statistik məlumatları müntəzəm qaydada təqdim edir.29
Elektron hökumət və mobil xidmətlər

Komitə öz elektron xidmətlərinin əhatə dairəsini xeyli genişləndirmiş, nəticədə 2013-cü ilin əvvəllindən bəri bu xidmətlərin həm sayı, həm də keyfiyyətində irəliləyişlər olmuşdur. Bununla belə, bu xidmətlər hələ də tam təşkil olunmuş elektron xidmətlər səviyyəsinə çatmamışdır. 2014-cü ildə Komitədən verilmiş məlumata görə 14 elektron xidmət istifadəyə verilmiş və beləliklə göstərilən elektron xidmətlərin ümumi sayı 31-ə yüksəlmişdir.30 Təqdirəlayiq haldır ki, bu xidmətlərin sayı Nazirlər Kabinetinin tələb etdiyi xidmətlərdən xeyli çoxdur. Bununla belə, Komitə Nazirlər Kabineti tərəfindən tələb olunan xidmətlərdən biri olan daşınmaz əmlak obyektinə aid kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi üçün elektron müraciəti istifadəyə verməmişdir.


Komitənin təqdim etdiyi önəmli yeniliklərdən biri SMS xidməti (9193) vasitəsilə məlumatların verilməsidir. Vətəndaşlar bu məlumatlardan faydalanaraq daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqını, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətini və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunu öyrənə bilərlər. Bu Komitənin göstərdiyi 31 elektron xidmətdən 3-nü əhatə edir.31
Komitədən verilən məlumata görə, tezliklə notariat kontorlarının müraciəti əsasında məhdudiyyət (yüklülük) haqqında şəhadətnamələrin elektron qaydada verilməsinə başlanılacaq. Bu xidmət vətəndaşları Komitəyə əlavə səfərlər etmək yükündən azad edəcək.
Nəticələr və əsas tövsiyələr

Komitənin səmərəli xidmət göstərmək qabiliyyətini məhdudlaşdıran bəzi ciddi institusional çatışmazlıqlar qalmaqdadır. 12 dekabr, 2015-ci il tarixdə hökumətə təqdim edilmiş tövsiyələrdə göstərildiyi kimi bu problemlərin ən mühüm nümunələrindən biri çoxmərtəbəli binaların reyestri ilə bağlı proseslərin mürəkkəb və qeyri-səmərəli olmasıdır. Komitə son onillikdə 120 çoxmərtəbəli yaşayış evini reyestrə salmışdır ki, bu rəqəm ötən illərdə tikilmiş çoxmərtəbəli binaların cüzi hissəsini təşkil edir.32




  • Yeni çoxmərtəbəli yaşayış binalarının tənzimlənməsi ilə məşğul olan müxtəlif dövlət orqanlarının əməkdaşlarından ibarət Komissiya yaradılsın və bu Komissiya, tikinti prosesinin müxtəlif mərhələləri ilə bağlı dövlət xidmətlərini bir pəncərə sistemi əsasında, əlaqələləndirilmiş qaydada həyata keçirsin.

  • Yeni çoxmərtəbəli binaların icbari sığortasının təqdim edilməsi və tətbiqi üçün qanunvericilik bazası hazırlansın və onun icrası sürətləndirilsin.

  • Çoxmərtəbəli binaların tikinti prosesində sifarişçi, podratçı, müəllif və müvafiq dövlət orqanlarının fəaliyyət və münasibətlərini tənzimləyən hesabatlılıq mexanizmləri təkmilləşdirilsin.

  • Yeni çoxmərtəbəli binada mənzil əldə edilməsi haqqında alqı-satqı müqaviləsini bağlamış vətəndaşların mülkiyyət hüququnu Komitədə qeydiyyatdan keçirməsinə mövcud olan bürokratik maneələr azaldılsın.

  • Çoxmərtəbəli binanın tikintisinin sifarişçisindən tikinti prosesində tələb olunan sənədlərin siyahısı dəqiq göstərilsin, mümkünsə azaldılsın və vahid elektron portal/vahid pəncərə sistemi əsasında göstərilsin. Sənədlərin siyahısının konkretləşməsi bu sənədləri verən müvafiq icra hakimiyyəti orqanlarının da müəyyənləşdirilməsinə imkan verəcək.



  1. AZƏRIQAZ IB


Məqsəd

ŞA-nın məqsədi istehlakçılara qazın daha səmərəli təchizatını təmin etmək üçün bu sahədə tək inhisarçı olan Azəriqazı təşviq etmək və ona dəstək olmaqdır.


Tövsiyələrin icrası

Azərbaycanda qazın təchizatı sahəsində problem və islahatları müzakirə etmək üçün Azəriqaz İB ilə dəyirmi masa 28 iyun 2011-ci il və 25 iyun 2014-cü ildə keçirilmişdir. Bu günə qədər əhaliyə qazın təchizatında hesabatlılıq və şəffaflığı artırmaq üçün çox az dəyişikliklərə nail olunmuşdur.


Hüquqi çərçivə

Heç bir dəyişiklik yoxdur.


Institusional islahatlar

Qaz təchizində smart sayğacların quraşdırılmasına başlanılmışdır,33 lakin proses yavaş gedir və pulsuz quraşıdırılmalı olan yeni sayğaclar üçün ev sahiblərindən pul tələb edildiyi hallar da mövcuddur. Həmçinin, regionlarda köhnə sayğacların tətbiq olunduğu hallarda sayğacları oxuyan və elektron çeklər verən heç bir alətlərdən istifadə olunmur.34


E-hökumət

Heç bir dəyişiklik yoxdur.


İctimai institutların şəffaflıq və hesabatlılığı

Heç bir dəyişiklik yoxdur.


Nəticə və əsas tövsiyələr

Qaz təchizatı sahəsində praktiki olaraq heç bir dəyişiklik və ya strukturla bağlı islahatlar aparılmır.


Təchizatçı-istehlakçı münasibətlərini tənzimləyən müqavilə sənədi35 təchizatçı-istehlakçı münasibətlərində onların qarşılıqlı hüquq və vəzifələrini kifayət qədər əks etdirmir. Qazdan istifadə Qaydaları”nın 3.1-ci maddəsində qaz paylayıcısının cəmi 7 vəzifəsi sadalanmışdır. Həmin 7 vəzifədən yalnız 1-i (3.1.2-ci maddəsi) qaz paylayıcısının istehlakçının qarşısında daşıdığı vəzifədən bəhs edir. Geridə qalan vəzifələr isə daha çox qabaqlayıcı-xəbərdaredici xarakter daşıyır. Ümumiyyətlə, “Qazdan istifadə Qaydaları”nda qaz paylayıcısının məsuliyyətindən bəhs edən heç bir (!) müddəa yoxdur.
Azəriqaz İB-nin öz veb səhifəsi mövcud deyil; sadəcə çox məhdud və ümumi məlumat SOCAR-ın səhifəsində yerləşdirilib. Qaz təchizatı üçün istehlakçılar tərəfindən ödəniş sistemi vahid hökumət protalına birləşdirilməyib,36 lakin Hökumət Ödəniş Portalı37, Golden Pay38 və Azeri Card39 kimi digər onlayn ödəniş alətləri vasitəsilə mümkündür. Buna baxmayaraq, yeni sayğacların quraşdırılması üçün hüquqi müəssisələr tərəfindən onlayn ödəniş mümkün deyil.
Hüquqi çərçivə

  • Təchizatçı-istehlakçı münasibətlərini tənzimləyən hüquqi çərçivəni nəzərdən keçirib, təchizatçının məsuliyyətlərini müəyyən etmək


Institusional islahatlar

  • Smart sayğacların quraşdırılması prosesini sürətləndirmək və ev sahibləri üçün bunun qanuna uyğun olaraq pulsuz həyata keçirilməsinə nail olmaq.


E-hökumət

  • Smart sayğacların quraşdırılması üçün elektron ödəniş aləti yaratmaq;

  • Qazın təchizatı və smart sayğacların quraşdırılması qarşılığında ödəniş sistemini vahid e-hökumət portalına birləşdirmək.


İctimai institutların şəffaflıq və hesabatlılığı

  • Azəriqaz İB-yə aid veb səhifə yaratmaq;

  • Azəriqaz İB-nin fəaliyyətləri barəsində dolğun məlumat yerləşdirmək;

  • Azəriqaz İB-də əhalinin şikayətlərinə operativ cavab verən “Qaynar xətt” təşkil etmək;

  • Qaz təchizatı işçilərinin Etik Davranış Kodeksini qəbul etmək;

  • Azəriqaz İB ilə bağlı mütəmadi olaraq (ildə bir dəfədən az olmamaq şərti ilə) rəy sorğuları keçirmək, rəy sorğusunun keçirilməsinə müstəqil ekspert-mütəxəssislər, KİV, və vətəndaş cəmiyyəti institutları nümayəndələrini cəlb etmək.



  1. DİGƏR SAHƏLƏR


Azərsu: su istifadəsi qaydalarının qəbulu

ŞA vurğulamışdı40 ki, suyun istifadəçilərə təchizatı heç bir xüsusi qayda ilə tənzimlənməmişdir və istifadəçilər üçün standart müqavilələr mövcud deyil ( həm şəxsi evlər, həm də kommersiya təşkilatları). Su istifadəsi qaydaları nəhayət olaraq qəbul və təsdiq edildi. 41 Bu qaydalar açıq şəkildə su təchizatçılarının və istifadəçilərin hüquqlarını və öhdəliklərini göstərir.


Azərişıq ASC (BakıElektrikŞəbəkə): mövcud sayğacların ətraflı məlumatı

ŞA-nın elektrik enerjisi42 təchizatının tənzimlənməsinin ictimailəşməsi ilə bağlı verdiyi tövsiyəyə uyğun olaraq, Azərişıq (BakıElektrikŞəbəkə) sayğaclar haqqında öz veb səhifəsində43 ətraflı məlumatla birgə, həmçinin müştərilərin qarşılaşdığı mümkün problemlərin siyahısı və onların həlli istiqamətində atılan addımlar yerləşdirib. Veb səhifə həmçinin elektrik istifadəsi üçün öhdəliklər ilə əlaqədar vəsait təqdim edir amma veb səhifədə istifadə tarixləri və ödəmələrlə bağlı izahlı məlumat görmək imkan daxilində deyil.44


ŞA vurğuladı ki, yeni enerji yaradan qurğuların qurulmasındakı əhəmiyyətli nailiyyətlərə baxmayaraq, enerji sisteminin səmərəliliyi istənilən səviyyədə deyildi. Elektrik ötürməsində və paylanmasında itkilərə yol açan regionlardakı köhnə infrastruktur səbəblər arasında idi. ŞA həmçinin tövsiyə etdi ki, bütün ölkəyə elektrik enerjisi istehsalı və ötürməsi funksiyaları paylanılmasından ayrılsın. Yeni tənzimləməyə45 əsasən, Bakı şəhəri elektrik enerjisi paylayan əvvəlki şirkət BakıElektrikŞəbəkə ASC yeni şirkətə çevrilərək bütün ölkəyə elektrik paylama səlahiyyətləri yeni yaranmış Azərİşıq şirkətinə həvalə edildi.
Ədliyyə Nazirliyi : notariuslar üçün e-xidmət

ŞA notarius sistemindəki46 yenilikləri və notariusda (və ya Nazirlik strukturu altında ölkənin hər hansı bir yerində) görüş təyin etmək üçün onlayn xidmətlərə edilən əlavələri yaxından müşahidə edib; bir xidmət daha əlavə edildi – notarius ofisləri haqqında məlumat və notariusda göstərilən xidmətlərin növləri. Qeyd olunmalıdır ki, Nazirliyin veb səhifəsində47 notarius ofisləri və onların fəaliyyətləri haqqında məlumatı iki ayrı xidmət kimi göstərilib, halbuki qanunvericilik və vahid idarəetmə portalı48 bunu bir xidmət kimi təqdim edir. Vahid portal halında yerləşdirilmiş xidmət hər istiqamətdə qeyri-fəaldır49.



Ədliyyə Nazirliyi: hüquqi yardım

ŞA tövsiyə etdi ki, yoxsul insanlar üçün hüquqi imkanlardan istifadə genişləndirilsin. Ədliyyə Nazirliyi, Milli Məclisdə50 müzakirə edilən yoxsul insanlar üçün pulsuz hüquqi yardım xidməti layihəsinə cəlb olunacaq.


Təhsil Nazirliyi: müəllimlər üçün fəaliyyət qiymətləndirməsi

ŞA nın tövsiyəsinə uyğun olaraq ölkənin bir çox regionlarında müəllimlər51üçün ilkin fəaliyyət qiymətləndirməsi tamamlanmışdır. Növbəti maliyyə illərində ilkin qiymətləndirmə fəaliyyətini keçən müəllimlərin maaşında artım olacaq, buna baxmayaraq detallar açıqlanmır.52


Dövlət Qulluğu Məsələləri üzrə Komissiya: dövlət qulluqçuları üçün xidməti fəaliyyət qiymətləndirməsi

ŞA dövlət qulluqçuları üçün layiqlik prinsipinə əsaslanan xidmət fəaliyyətinin qiymətləndirilməsi sistemi ilə bağlı tövsiyə vermişdir.53 Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluqçuları üçün illik hüquqi çərçivədə layiqlik prinsipinə əsaslanan qiymətləndirmə və mükafatlandırma təmin edən “Dövlət Qulluqçularının Xidməti Fəaliyyətinin Qiymətləndirilməsi Qaydalarını”54 qəbul edib.


Dövlət Qulluğu Məsələləri üzrə Komissiya: dövlət qulluğu xidmətindəə götürmədə şəffaflığın artırılması

Komissiyanın 2014-cü ildən başlayaraq işəgötürmə prosesində test imtahanını onlayn izləmək üçün təqdim etdiyi sistem şəffaflığı daha da təkmilləşdirmişdir55 . Dövlət qulluğuna daha da yaxşı hazırlanmaq və biliklərini yoxlamaq üçün namizədlərə 2015-ci ildə yeni onlayn “mock” sistemi köməklik göstərmək məqsədi ilə təqdim edilib.56


Qanunvericilik: korrupsiya haqqında məlumat verən şəxslərin qorunması qanunun inkişafı

ŞA dəfələrlə57 korrupsiya haqqında məlumat verən şəxslərin qorunması qanununun qəbul edilməsi barəsində tövsiyə vermişdir.


Qanunverici iş qrupu yaradılmışdı və iki QHT (ŞA və onun APT layihəsi çərçivəsində tərəfdaşı CRF) ilə birlikdə iki dövlət qurumu (Dövlət Qulluğu Xidməti58 və Korrupsiyaya Qarşı Mübarizə Komissiyası) dəvət olunmuşdur. Qanun layihəsi ictimai müzakirəyə 2015-ci ilin ortasında təqdim ediləcəkdir.
Qanunvericilik: ictimai iştirakçılıq üzrə qanun qəbulu

2011-ci ildə QHT Dövlət Dəstəyi Şurası vətəndaş cəmiyyətini hüquqi çərçivədə tənzimləyən bir çox hüquqi layihələri tərtib edərək müzakirəsini başladıb. Baxmayaraq ki, bu qanun layihəsi artıq Milli Məclisin gündəliyindədir, İctimai Nizam və Peşəkar Assosiasiya qanunu hesabat tarixindən etibarən hələ də qəbul edilməmişdir. ŞA bu qanun layihələrini başlatmamışdır və ya tövsiyə etməmişdir ancaq qanun layihələrinin müzakirəsində iştirak etmişdir.59 İctimai İştirakçılıq qanunu 1 iyun 2014-cü il tarixində qəbul edilib qüvvəyə minmişdir. Qanunvericiliyə müvafiq olaraq dövlət qurumları o cümlədən, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Təhsil nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi vətəndaş cəmiyyəti ilə birlikdə var olan monitorinq şuralarını inkişaf etdirməyə və ya yenilərini qurmağa başlayıblar.




1 2010-2012-ci illər üzrə İkinci “Elektron Azərbaycan” Dövlət Proqramı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin veb səhifəsi, www.mincom.gov.az

2  AR Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli 429 nömrəli fərmanı, www.e-qanun.az

3 Yaşayış minimumu haqqında Qanun, 5 oktyabr 2004, www.e-qanun.az

4 2015-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu, Maddə 1, 1 yanvar 2015-ci ildən etibarən qüvvədədir, www.e-qanun.az

5 29 sentyabr 2014-cü il tarixli press reliz, www.mlspp.gov.az

6 23 sentyabr 2014-cü il tarixli press reliz, www.mlspp.gov.az

7 ƏƏSMN İllik Hesabat 2014, www.mlspp.gov.az

8 Səmiyar Abdullayev ilə müsahibə, Gözdən Əlillər Cəmiyyətinin sədri, 20 Aprel 2015

9 ƏƏSMN İllik Hesabat 2014, www.mlspp.gov.az

10 ƏƏSMN İllik Hesabat 2014, www.mlspp.gov.az

11 Səmiyar Abdullayev ilə müsahibə, Gözdən Əlillər Cəmiyyətinin (AGƏC)sədri, 20 Aprel 2015

12Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında qanunu, 7 iyul 2012-ci il, www.mlspp.gov.az

13 Səmiyar Abdullayev ilə müsahibə, Gözdən Əlillər Cəmiyyətinin (AGƏC)sədri, 20 Aprel 2015

14 BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq Quba Rayon noyabr 2014, www.justice.gov.az

15 Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, iqtisad elmləri doktoru, professor Səlim Müslümovla müsahibə, Yeni Azərbaycan Partiyasının internet saytı (www.yap.org.az ), 8 aprel 2014

16 Gülnarə Hüseynova ilə müsahibə, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının (HXRA) prezidenti, 20 Aprel 2015

17 Gülnarə Hüseynova ilə müsahibə, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının (HXRA) prezidenti, 20 Aprel 2015

18Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu, Maddə 13, 17 oktyabr 2014-cü il, http://president.az/articles/13697

19 Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişikliklər edilməsi haqqında 8 avqust 2014-cü il tarixli Nazirlər Kabinetinin Qərarı

20 012-539-76-75

21 www.justice.gov.az

22Telefon 012 404 42 87 və ya 88

23 Evlilik üçün təyin edilmiş minimum yaş 18 dır, ancaq buna baxmayaraq naməlum hallarda qanun çərçivəsində yerli hakimiyyət organlarının icazəsi ilə bu yaş minumumu 17 yaşına qədər azaldıla bilinir

24 "Daşınmaz əmlak" jurnalı, No 52, 2015-ci il, www.emdk.gov.az

25 Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu, 28 aprel, 2015-ci il, www.president.az

26 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə "Şəffaflıq Azərbaycan" tərəfindən verilmiş 12 dekabr, 2015-ci il tarixli tövsiyələr, www.transparency.az

27 "Daşınmaz əmlak" jurnalı, No 52, 2015-ci il, www.emdk.gov.az

28 "Daşınmaz əmlak" jurnalı, No 52, 2015-ci il, www.emdk.gov.az

29 "Daşınmaz əmlak" jurnalı və "Mülkiyyət" qəzeti üçün veb səhifəyə keçid: www.emdk.gov.az

30 "Daşınmaz əmlak" jurnalı, No 52, 2015-ci il, www.emdk.gov.az

31 "Daşınmaz əmlak" jurnalı, No 54, 2015-ci il, www.emdk.gov.az

32 "Daşınmaz əmlak" jurnalı, No 54, 2015-ci il, www.emdk.gov.az

33 Kommunal məsələlər üzrə mütəxəssis Ələkpər Ağasıyev ilə müsahibə, 6 Aprel 2015

34 ŞA-nın ALAC layihəsi çərçivəsində qəbul olunmuş şikayətlər

35 Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” və 2 №-li Əlavə Qaz parlayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə, www.e-qanun.az

36 www.e-gov.az

37 www.payment.gpp.az

38 www.hesab.az

39 www.azericard.com

40 ALAC layihəsi altında İctimai vəkillik dəyirmi masası, 11 noyabr 2011

41 Nazirlər Kabinetinin № 262 su istifadəsinin qaydalarının təsdiqi qərarı, 17 iyul 2014, www.cabmin.gov.az

42 APT layihəsi altında İctimai vəkillik dəyirmi masası, 28 iyun 2013 il

43 www.bes.az

44 Konstitusiya Araşdırmaları Fondunun kommunal sektoru mütəxəssisi Ələkbər Ağasiyev, 10 dekabr 2013 müsahibə

45 Azərişıq ASC-nin yaradılması ilə bağlı Prezidentin qərarı, 9 fevral 2015, www.president.gov.az

46 ALAC layihəsi altında İctimai Vəkillik və APT layihəsi altında 17 may 2013 tarixli dəyirmi masa 26 aprel 2012

47 www.justice.gov

48 www.e-gov.az

49 16 aprel 2015 tarixindən etibarən

50 Əli Hüseynov: Ədliyyə Nazirliyin köməyi ilə birliktə pulsuz hüquqi yardım göstərilməsi müzakirə olunur, www.femida.az

51 ALAC layihəsi altında İctimai vəkillik dəyirmi masası , 29 noyabr 2013, www.transparency.az

52 Mikayıl Cabbarov müəllimlərin maaşının artacağına dair söz verdi, 28 sentyabr 2014

53 ALAC layihəsi altında tarixli İctimai Vəkillik dəyirmi masası , 2 fevral 2011 , www.csc.gov.az

54 www.csc.gov.az

55 Dövlət Qulluğu üçün Əməkdaşlığı şəbəkəsi görüşü təşkil olunmuşdur. Fakt xəbər qəzeti , 26 dekabr 2013 http://faktxeber.com/

56 22 aprel 2015-ci il tarixli Vüqar Əskərov ilə müsahibə, Dövlət Qulluğu Komissiyası

57 ALAC layihəsi altında Milli məclislə birlikdə İctimai Vəkillik dəyirmi masası, 14 may 2012, www.transparency.az

58 Korrupsiya haqqında məlumət verən şəxslərin qorunması haqqında qanun ictimai olaraq müzakirə olunacaqdır , Trend xəbər agentliyi, 31 iyul 2014 , http://az.trend.az/news/society/2295039.html

59 İctimai iştirakçılıq üzrə qanun, 22 noyabr 2013, www.president.az


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin