AZƏRBAYCAN RESPULİKASININ TƏHSİL NAZİRLİYİ A ZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
SƏRBƏST İŞ
Fakultə: Filologiya İxtisas: Azərbaycan dili və ədəbiyyat Qrup: 2201B Fənn: Dilçiliyə giriş Müəllim: Filologiya üzrə fəlsəfə doktoru, dosent, İradə Məzahim qızı Kərimova Tələbə: Yeganə Məmmədova Mövzu: Nəzəri dilçiliyin onomologiyası və leksikologiya şöbəsi
BAKI-2022 Nəzəri dilçiliyin onomologiyası və leksikologiya şöbəsi ONOMALOGİYA ŞÖBƏSİ Dildəki xüsusi adların məcmusu onomastika, ondan bəhs edən dilçilik şöbəsi isə onomalogiya adlanır. Onomalogiya termini iki yunan sözündən ibarətdir; onoma – “ad”, logiya – “təlim” mənasını bildirir. Onomalogiya dilin lüğət tərkibindəki xüsusi adların əmələ gəlməsi, xüsusiyyətləri, inkişafı və təsnifi ilə məşğul olur. Onomastik vahidlər izahlı və ikidilli lüğətlərdə özünə hələ geniş yer tapmamışdır. Həm də bunlar qrammatik cəhətdən lazımi səviyyədə öyrənilməmişdir. Bizcə, onomastik vahidlər dilin leksik, qrammatik materiallarından törədiyinə görə lüğət tərkibinin ayrılmaz bir bölməsi kimi tədqiq edilməlidir.
Onomalogiyanın obyekti olan xüsusi adlar dilin lüğət tərkibinin bir hissəsidir. Dilin sistemində bunlann özünəməxsus yeri vardır. Dildə ayrıca lay təşkil edən onomastik vahidlər əlamət və xüsusiyyətlərinə görə başqa lüğəvi materialdan aydın şəkildə seçilir. Eyni zamanda, bunların özləri də daxilən müəyyən qruplar, sistemlər təşkil edir. Bu cəhət nəzərə alınaraq xüsusi adlar təsnif olunur. Dildəki xüsusi adların əlamətləri çoxdan alimlərin diqqətini cəlb etmişdir. Hələ antik dövrün mütəfəkkirləri dilin lüğət tərkibini iki yerə bölərək ümumi sözləri və xüsusi adları müəyyənləşdirmiş, xüsusi adlara aid fikirlər söyləmişlər. Qədim dövrün tədqiqatçıları Misir mətnlərindən xüsusi coğrafi adları seçmiş, onların təsnifini vermişlər. Onomastik materialın tədqiqi ayrı-ayrı dövrlərdə diqqət mərkəzində durmuşdur. Lakin onomastik leksikaya olan elmi maraq daha çox XIX əsrdə güclənmişdir. Bu əsrdən etibarən istər Asiyada, istərsə də Avropanın bir sıra ölkələrində xüsusi adlara aid onlarca elmi-tədqiqat işləri, izahlı lüğətlər meydana çıxmışdır. XIX əsrin ortalarından xüsusi adlarla təkcə dilçilər deyil, tarixçilər və coğrafiyaşünaslar da məşğul olmuşlar. XIX əsrin axırlarında xüsusi adlardan toponimlər diqqəti daha çox cəlb etmişdir. Bu növ leksik kateqoriyanın öyrənilməsi məqsədilə elmi cəmiyyətlər və xüsusi komissiyalar yaradılmışdır. Əsrin sonunda Qafqazda da bu sahədə çoxlu material toplanılmışdır.
XX əsrin əvvəllərindən Rusiyada, İngiltərədə, Fransada, Almaniya və başqa ölkələrdə xüsusi adların tədqiqi ilə dərin və ətraflı məşğul olunmağa başlanmışdır. İngilis alimi Allan Qardiner 1940-cı ildə Londonda çap olunmuş “Xüsusi adlar nəzəriyyəsi” adlı əsərində məsələnin tarixinə müraciət etdikdən sonra xüsusi adların təsnif və təsviri məsələlərindən bəhs etmişdir. Keçmiş sovet ölkəsində onomastik tədqiqatlar xüsusi olaraq inkişaf etdirilmişdir. Xüsusi adların (istər xüsusi şəxs adlarının, istərsə də xüsusi coğrafi adların) tədqiqi hətta bir sıra dilçilik institutlarında elmi iş planına daxil edilmişdir. Bunun da nəticəsində XX əsrin II yarısında sovet xalqlarının dillərindəki xüsusi adlara dair elmi əsərlərin, lüğətlərin sayı nəzəri cəlb edəcək dərəcədə çoxalmışdır. Rus alimlərindən V.A.Nikonov, A.A.Reformatski, B.A.Serebrennikov, A.V.Superanskaya və başqaları xüsusi adlara aid problemlərin bir sıra məsələlərini işıqlandırmışlar. A.Superanskaya “Xüsusi adların ümumi nəzəriyyəsi” (1973) adlı əsərində onomastik leksikanın tədqiqinə aid olan nəzəri məsələlərin bir çoxunu həll etməyə çalışmışdır. Lakin A.Superanskaya bu sahəni müstəqil elm adlandırır və bunu sübut etmək üçün çoxlu əsaslar gətirir . Bizcə, onomastika (onomalogiya) xüsusi elm hesab edilə bilməz, çünki onun mövzusu dilçiliyin ümumi obyektindən təcrid edilməyən və bilavasitə onunla möhkəm bağlı olan məsələlər, hadisələrdir. Buna görə də onomalogiya dilçiliyin müstəqil şöbəsidir.
Onomastik materialın bölgüsü və buna müvafiq tədqiqat aparılması nəticəsində onomalogiyanın bir neçə yarımşöbəsi əmələ gəlmişdir. Dilçilikdə onomastik materialın bölgüsü prinsipində müxtəliflik vardır. Bəzi tədqiqatçılar toponimikanı onomalogiyaya qarşı qoyur və onu hətta müstəqil elm hesab edirlər. Bəzi alimlər isə onomalogiyanın iki yarımşöbəsi (antroponimika və toponimika) olduğunu bildirirlər. Tədqiqatların əksəriyyətində su obyektlərinin adlarını bildirən xüsusi adlar (hidronimlər) toponimlərin tərkibində öyrənilir. Bəzi tədqiqatlarda tayfa, qəbilə, xalq adları – etnonimlər xüsusi ad kimi araşdırılmır. Ümumiyyətlə, müasir onomastik tədqiqatlarda xüsusi adlar olduqca müxtəlif bölgülər əsasında araşdırılır. Lakin həmin tədqiqatların nəticələri ümumiləşdirildikdə onomalogiyanın aşağıdakı yarımşöbələri aşkara çıxır: antroponimiya, etnonimiya, toponimiya, hidronimiya, zoonimiya, kosmonimiya, ktematonimiya.
1. Antroponimiya yarımşöbəsi. Dilçilikdə onomalogiyanın şəxs adı, soyadı, ata adı, ləqəb və təxəllüsləri öyrənən yarımşöbəsi antroponimiya adlanır. Atroponimiyada antroponimlərin linqvistik əlamət və xüsusiyyətləri ilə yanaşı, ictimai-sosial problemləri də tədqiq edilir. Bu cəhətdən antroponimiyanın sosiologiya ilə bağlılığı zərurəti meydana çıxır. Bir çox ölkələrdə antroponimik tədqiqatlar XX əsrin 60-cı illərindən sonra daha böyük vüsət almışdır.
2. Etnonimiya yarımşöbəsi. Xüsusi adların bir qrupu kimi öyrənilən tayfa, qəbilə, xalq, millət adları dilçilikdə etnonim termini ilə ifadə olunur. Onomalogiyanın etnonimlərdən bəhs edən yarımşöbəsi etnonimiya adlanır.
Etnonimlərin öyrənilməsi dilin mənşəyinə, tarixinə, xalqların iqtisadi, ictimai-siyasi, mədəni həyatına dair qiymətli faktlar verir. Buna görə də etnonimlər xüsusi lüğət vahidi kimi dilçi, tarixçi alimlərin diqqətini çoxdan cəlb etmişdir. Azərbaycan ictimai fikir tarixində xüsusi mövqeyi olan A.Bakıxanov “Gülüstani-İrəm” əsərində ilk dəfə olaraq qədim tayfa, qəbilə adlarının mənşəyinə toxunmuşdur. Hazırda dünya xalqlarının mənşəyini əks etdirən etnonimik atlasların hazırlanması müasir elmin qarşısında başlıca problemlərdən biri kimi dayanmaqdadır.
3. Toponimiya yarımşöbəsi. Onomalogiyanın ən böyük yarımşöbələrindən biri toponimiyadır. Toponimika yer adlarını – toponimləri öyrənir. Toponimlər cəmiyyətin həyatında xüsusi əhəmiyyət kəsb edir. Toponimsiz inkişaf etmiş xalq, millət təsəvvür etmək mümkün deyildir. Yer üzündə adsız, ünvansız dövlət, ölkə, vilayət, şəhər, kənd, dağ, dərə, təpə və s. coğrafi obyekt yoxdur. İnsan harada məskən salırsa, onun ayağı yerin hansı nöqtəsinə dəyirsə, oraya mütləq ad qoyulur. Bu mənada toponimlər tarixi məlumatları özündə saxlayan leksik vahiddir. Dilin onomastik sistemində toponimlər daha qədim xüsusi adlar hesab olunur. Onomalogiyanın toponimiya yarımşöbəsi toponimləri tədqiq edərkən bu sahə ilə məşğul olan coğrafiya və tarix elminin nəticələrindən də istifadə edir.
4. Hidronimiya yarımşöbəsi. Onomalogiyada bu obyektlərinin adını öyrənən yarımşöbə hidronimiya adlanır, hidronimlər müasir onomastik tədqiqatda həm də toponimik leksikanın tərkib hissəsi kimi də araşdırılır. Lakin bu sahədə aparılan tədqiqatlar nəticəsində göstərilir ki, hidronimlər həm dildə tutduğu yerə görə, həm də yaranma tarixinə və leksik-semantik, qrammatik quruluşuna görə toponimlərdən fərqli xüsusiyyətlərə malikdir. Buna görə də müasir dilçilikdə hidronimlərin ayrıca onomastik vahid kimi öyrənilməsinə meyil güclənir və bunun əsasında da hidronimiya onomalogiyanın müstəqil yarımşöbəsi kimi formalaşmağa başlayır.
5. Zoonimiya yarımşöbəsi. Zoonimiya yarımşöbəsində dilin zooloji leksikasında mövcud olan xüsusi heyvan ad-ləqəbləri öyrənilir. Məsələn, Qəmər (at adı), Məstan (pişik adı), Alabaş, Dəmir, Topuş (it adları) və s. Dildə heyvan və quşlara ad-ləqəb vermə ənənəsi mövcuddur. Müşahidələr göstərir ki, Azərbaycan dilində heyvanların adlandırılması ən çox təsviri xarakter daşıyır. Yəni zoonimlər heyvan və quşların xarici formasını, təsvirini ifadə edir. Dünya xalqlarında zoonimlərin yaranmasına dair çox müxtəlif dil ənənələri mövcuddur.
6. Kosmonimiya yarımşöbəsi. Onomalogiyanın səma cisimlərinin adlarını xüsusi söz qrupu kimi tədqiqata cəlb edən yarımşöbəsi kosmonimiya adlanır. Səma cisimlərinə verilən ad-ləqəblər şərti xarakter daşıyır. Dünyanın müxtəlif dillərində ümumişlək kosmonimlərlə yanaşı (məsələn, Anremua, Delfin, Eridon, Kassiopeya, Mikroskop, Oktant və s.) hər dilin özünəməxsus xalq kosmonimləri də mövcuddur. Məsələn, Azərbaycan dilində işlənən Ülkər, Zöhrə, Şəms, Qəmər, Nahid, Tahir//Tair, Dan ulduzu, Karvanqıran və s. xalq kosmonimləri şifahi xalq ədəbiyyatında geniş yayılmışdır. Onomalogiyanın kosmonimiya yarımşöbəsi bu cür xüsusi adları tədqiq etməkdə astronomiya elminin nəticələrindən də istifadə etməli olur.
7. Ktematonimiya yarımşöbəsi. Dildə mövcud olan maddi-mədəniyyət abidələrinin, elm və texnika, bədii ədə biyyatla bağlı əsərlərin, xüsusi əşyaların, fəxri adların, inzibati idarə, təşkilat və s. adını bildirən sözlər ktematonimlər adı altında onomastikanın ktematonimiya yarımşöbəsində araşdırılır. Onomalogiyanın bu sahəsi hələ tam formalaşmamışdır. Dilçilikdə ktematonimlərin xrematonim, xrononim, ideonim, erqonim kimi növləri öyrənilir. Ktematonimlər, başqa onomastik vahidlərdən fərqli olaraq, ən çox müasir ədəbi dilin zənginləşməsi prosesində yaranır. Buna görə də onomalogiyanın bu yarımşöbəsi ktematonimləri, əsasən, müasir ədəbi dil formasında tədqiq edir. Gələcək onomastik tədqiqatların proqnozu göstərir ki, dilin xüsusi adlardan ibarət olan təbəqəsinin dərindən və hərtərəfli tədqiqi dil və cəmiyyət probleminin müəyyən məsələlərinin işıqlandırılmasında mühüm rol oynayacaqdır.