LEKSİKOLOGİYA ŞÖBƏSİ Məlumdur ki, leksikologiya sözləri öyrənir. Lakin başqa şöbələrdən fərqli olaraq, burada söz təklikdə izah olunur. Bu şöbə sözün mahiyyətini, leksik sistemdə mövqeyini, onların qruplarını tədqiq edir. Eyni zamanda, burada dilin söz ehtiyatı, leksik tərkibin inkişaf tarixi də aydınlaşdırılır. Dilçiliyin tarixindən məlum olur ki, bu və ya başqa dilin leksik vahidlərinin nəzəri-leksikoloji aspektdə tədqiqinə əvvəllər bir o qədər əhəmiyyət verilməmişdir. Buna görə də son zamanlara qədər bu şöbə nisbətən zəif inkişaf etmişdir. Ümumiyyətlə, leksikologiya məsələlərinə, əsasən, leksikoqrafiya işlərində bu və ya digər münasibətlə toxunulmuşdur.
Leksikologiya problemləri müasir dilçiliyin də ən aktual məsələlərinə çevrilmişdir. Bu məsələlərə xüsusilə XX əsr dilçiliyində daha çox fikir verilmiş və böyük tədqiqat işləri aparılmışdır. Dünya xalqlarının dillərinin, demək olar ki, əksəriyyətinin leksik sistemi elmi əsasda müəyyən dərəcədə araşdırılıb tədqiq olunmuşdur. Böyük işlər aparılmasına baxmayaraq, dünya dilçiliyində hələ də leksikologiyanın başlıca problemi – söz problemi lazımi səviyyədə işıqlandırılmamışdır. Ümumiyyətlə, dilçilik elmində söz nədir sualına vahid və ümumməqbul cavab yoxdur. Eləcə də sözlə bağlı daha bir sıra leksikoloji problemlər indi də öz geniş həllini gözləyir.
SÖZ LEKSİKANIN BAŞLICA VAHİDİ KİMİ
Dildə ən məhsuldar, işlək ünsiyyət vahidi sözdür. Söz həm də dil elementlərinin mərkəz vahididir. Çünki hər bir dilə məxsus danışıq səsləri də söz tərkibində birləşir, dilin ən böyük nitq vahidi olan söz birləşmələri və cümlələr də sözlərdən əmələ gəlir. Bunlardan da belə nəticə çıxarmaq olur ki, söz dilin leksik sistemində başlıca nitq vahididir. Hətta bütövlükdə dilin özünü belə sözə tabe edərək onu söz dili adlandırırlar. Çünki dilin xüsusiyyətləri aydın şəkildə işarələr sistemindən ibarət olan sözdə özünü göstərir. Söz tərkibində fonemlər və morfemlər bir-biri ilə məntiqi əlaqəyə girir, nitqlə təfəkkürün, dillə gerçəkliyin əlaqəsi aydın şəkildə əks olunur, onların bir-biri ilə qarşılıqlı münasibətlərinin xüsusiyyətləri üzə çıxır. Ən nəhayət, söz müxtəlif dillərin və dil qruplarının fərqli cəhətlərini aşkara çıxaran başlıca vasitədir.
Bütün bunlar göstərir ki, söz leksikanın əsas vahidi kimi öyrənilməli, sərhədi müəyyən olunmalı və onun dildə özünü göstərən bütün əlamət və xüsusiyyətləri aşkara çıxarılmalıdır. İndiyədək sözün əsl təbiətini üzə çıxarmaqda dilçilər yekdil fikrə gələ bilməmişlər. Bu, sözün mürəkkəb və özünəməxsus daxili təbiətə malik olduğunu göstərir. Bir sıra dilçilər (L.V.Şerba, İ.A.Boduen de Kurtene və b.) sözün təbiətini cümlə ilə, filosoflar məfhumla əlaqəli öyrənir, bəziləri (V.V.Vinoqradov) sözü gerçəkliyə münasibətinə görə müəyyənləşdirməyə çalışırlar. Sözü müstəqil və bütövlüyünə görə, qrammatik, fonetik və semantik tutumuna görə də müəyyənləşdirmək cəhdlərinə rast gəlinir.
Əslində, hər hansı bir dilə məxsus söz tiplərinin müxtəlifliyinə ən sadə və tipik misallar göstərmək də mümkündür. Məsələn, “Bayırda onun həzin və məlahətli səsi eşidilirdi” cümləsində yeddi söz işlənmişdir. Lakin bu sözlərin hamısı cümlədə fikrin ifadəliyinə eyni dərəcədə xidmət etmir. Burada əsas fikri ”Onun səsi eşidilirdi” cümləsi ilə vermək olar. Göründüyü kimi, burada üç söz iştirak edir. Bayırda, həzin və məlahətli sözlərini cümləyə daxil etməklə məna tutumu daha da zənginləşdirilmişdir. Bu cümlədə işlənən və ayrılıqda heç bir məna bildirməyən dil vahididir. Həmin cümlədə isə iki söz arasında məna əlaqəsi (həzin və məlahətli) yaradır.
Cümlədə sözlər çoxmənalılığına görə də bir-birindən fərqlənir. Məsələn, “O məni gördü” cümləsində o əvəzliyi olduqca müxtəlif mənalar ifadə edə bilir. O dedikdə, burada insan (kişi və ya qadın, oğlan və ya qız) və ya heyvan (it, pişik, at, quş, inək və s.) nəzərdə tutula bilər. Belə olduqda həmin sözün mənası cümlə daxilində deyil, mətn daxilində aşkara çıxır. Göstərilən dil faktları bir daha sübut edir ki, söz olduqca mürəkkəb təbiətə malik bir dil vahididir. Onu leksikanın başlıca vahidi kimi tədqiqata cəlb etmək, dildəki əsas vəzifələrini müəyyənləşdirmək, müxtəlif leksik variantlarını aşkara çıxarmaq və bu əsasda təsnif etmək dilçiliyin ən vacib problemləridir.
SÖZÜN ƏSAS VƏZİFƏLƏR-Dildə söz iki əsas vəzifəni yerinə yetirir: 1) Gerçəklikdə baş verən müxtəlif hadisələrin adını bildirmək; 2) Məfhumları ümumiləşmiş şəkildə ifadə etmək. Bu iki vəzifə bir-biri ilə qarşılıqlı əlaqədədir və bir-birinə qarşılıqlı təsir göstərir. Lakin bu vəzifələr müxtəlif sözlərdə eyni dərəcədə özünü göstərmir. Müxtəlif söz qruplarında bunların bəzən biri, bəzən də o biri daha qabarıq nəzərə çarpır, bəzən də həmin vəzifələr sözlə bərabər səviyyədə özünü göstərir. Üçüncü hal dildəki sözlərin əksəriyyətində baş verir. Məsələn, meyvə, ağac, kağız, kitab, jurnal, qəzet, meşə, qələm, quş, qapı, açar, daş, dəniz, çörək və s. sözlərdə sözün konkret ad və ümumi şəkildə məfhum bildirməsi vəzifələri, demək olar ki, bərabər səviyyədədir. Lakin elə sözlər də vardır ki, onlar konkret ad bildirmədən daha çox ümumiləşmiş məfhumu ifadə edir, məsələn, insan, heyvan, bitki, hadisə, iş, əşya, ölkə və s. sözlər bu tiplidir.
Bu cür sözlərə ən çox mücərrəd isimlər daxildir. Məsələn, fikir, xəyal, xoşbəxtlik, xeyirxahlıq, kədər, narahatlıq, sevinc, gülüş, yuxu və s.
SÖZLƏRİN TƏSNİFİ PROBLEMİ- Sözlərin daxili quruluşunun mürəkkəbliyi və ümumiyyətlə, müxtəlifliyi onun bir leksik vahid kimi təsnif olunmasını çətinləşdirir. Çünki sözlər dil sistemində öz məna xarakterinə, vəzifəsinə, gerçəkliyi ifadə tərzinə, leksik və qrammatik xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Müasir dilçilikdə sözlər müstəqil məna bildirib-bildirmədiyinə görə iki qrupa bölünür: 1) müstəqil mənalı sözlər; 2) köməkçi sözlər. Bu meyar əsasında sözlər əsas nitq hissələri (isim, sifət, say, əvəzlik, feil, zərf) və köməkçi nitq hissələri (qoşma, bağlayıcı, ədat) daxilində təsnif edilir. Müstəqil mənalı sözlərdən əşyanın adını bildirən sözlər isim, əşyanın əlamətini bildirən sözlər sifət, əşyanın miqdarını bildirən sözlər say, əşyanın adını əvəzetmə yolu ilə ikinci dəfə bildirən sözlər əvəzlik, əşyanın hərəkətini bildirən sözlər feil, əşyanın yerini, istiqamətini, hərəkətini, əlamətini, zamanını bildirən sözlər zərf adı altında öyrənilir.
Dilçilikdə ən mübahisəli tədqiqat sahələrindən biri nitq hissələrinin təsnifidir. Bu məsələ indiyə qədər həll olunmamış qalır. Dilçilikdə sözlərin məna əsasında təsnifi də böyük maraq doğurur. Burada sözlər oxşarlığa və qarşılıqlığa görə semantik birlik əsasında təsnif olunur. Məsələn, heyvanat aləmi adı altında külli miqdarda sözlər birləşir. Bu cəhətdən dildə çoxlu miqdarda söz qrupları mövcuddur.
ƏDƏBİYYAT SİYAHISI Afad Qurbanov. Ümumi dilçilik. I cild (3 cilddə). Bakı, 2019
А.В.Суперанская. Общая теория имени собственного. M., 1973
Сборник материалов для описания местностей и племен Кавказа. Тифлис, 1880–1893
A.Gardiner. The theory of proper names. London, 1940.