Siyasi texnologiyaların ümumi problemləri



Yüklə 15,91 Kb.
tarix20.11.2023
ölçüsü15,91 Kb.
#165428
Mühazirə 1


Siyasi texnologiyaların ümumi problemləri
1. Siyasi texnologiyalar mövzusu haqqında
2. Azərbaycanda siyasi texnologiyaların inkişafı və xarici təcrübə
3. Siyasi texnologiyaların əsas anlayışları və onların əlaqəsi
4. Seçki kampaniyası resursları
Müasir beynəlxalq münasibətlər sistemi və siyasi proseslər əvvəlki, yəni ənənəvi fəaliyyət prinsipindən getdikcə uzaqlaşaraq daha çox müasir dövrün tələblərinə uyğunlaşmağa və inkişaf etməyə başlayır ki, bu da bir tərəfdən müsbət, digər tərəfdən mənfi nəticələrə gətirib çıxarır. Aparılan analitik təhlillər zamanı qarşıya çıxan ən ciddi problemlərdən biri də, mövcud şəraitdə vəziyyətin idarə edilməsidir.
Hazırkı şəraitdə dövlətin və cəmiyyətin idarə edilməsində əsas vasitələrdən hesab edilən siyasi texnologiyaların nədən ibarət olması və hansı mənanı daşıması axtardığımız sualın cavablandırılması üçün şərait yaradacaq. O zaman ortaya suallar çıxır; siyasi texnologiyalar nədir? Onun əsas funksiyası və vəzifəsi nədən ibarətdir?. Qeyd edilən sualların cavablandırılması zamanı həm də bizə məlum olacaq ki, siyasi texnologiyalar dövlətin və cəmiyyətin idarə edilməsində nə dərəcədə mühüm əhəmiyyətə malikdir.
Siyasi texnologiyalar anlayışı mahiyyət etibarı ilə çox geniş anlayışdır və bir neçə sahəni əhatə etməkdədir. Burada sosial medianın təsirlərindən başlayaraq seçki sisteminə qədər bir sıra elementlər yer almaqdadır. Siyasi texnologiyalar eyni zamanda müəyyən təsiretmə vasitəsi də hesab edilir. Yəni siyasi texnologiyalar vasitəsi ilə istər ölkə və ya cəmiyyət daxilindən, istərsə də kənardan təzyiqlər və təsir etmək imkanı yaranır ki, bu da son nəticədə müəyyən güclərin maraqlarına xidmət etməsinə şərait yaratmış olur. Bucür təsir və təzyiqetmə vasitələri həm də ona gətirib çıxarır ki, istənilən anda dövlət və cəmiyyət daxilində xarici güclərə işləyən şəxs və ya şəxslər, qrup və ya qrupların imkanlarından yararlanaraq sosial media və digər vasitələlərlə dövlətin yürütdüyü siyasətə təsir edəcək hərəkətlər edirlər və ya buna şərait yaradırlar, beləliklə də istənilən formada gündəmi dəyişdirməyi bacarırlar. Buna misal olaraq qeyd edək ki, II Qarabağ savaşı zamanı dövlət və cəmiyyətin böyük əksəriyyəti cəbhədə gedən müharibəyə və əldə edilən qələbəyə kökləndiyi halda, bir qrup insanın sosial media üzərindən müharibəyə yox və ya müharibəyə sonra şüarları və fikirləri səsləndirməsi ondan xəbər verir ki, mövcud şəraitdə kənar güclər dövlətin apardığı siyasətə və siyasi iradəyə qarşı çıxmaq məqsədi ilə belə təzyiq və ya təsir mexanizmlərini seçib. Əlbəttə bu və bu kimi çox misallar göstərmək olar ki, daxili və kənar güclərin təsiri ilə müəyyən təzyiq və təsir elementləri yaratmağa çalışırlar.
Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinə nisbətdə siyasi texnologiyalar o dərəcədə yüksək səviyyədə inkişaf etməsə də, amma bu sahədə ciddi irəliləyişlərin olduğunu qeyd etmək mümkündür. Düzdür, müstəqilliyimizin ilk illərində yaranmış şəraitlə əlaqədar olaraq bu sahədə ciddi boşluqların olduğunu və xarici qüvvələrin ölkə daxilində müxtəlif qruplar vasitəsi ilə təzyiq və təsir imkanları formalaşdırdığı heçkəs üçün sirr deyildi. Həmin dövrdə sosial media sahəsi o qədər çox inkişaf etməsə də, digər media vasitələri ilə hadisələrə və proseslərə təsir etməyə çalışırdılar. Bu sahədə ən önəmli vasitə isə, qəzet, jurnal və digər media orqanları hesab olunurdu. Həmin dövrdə xüsusilə də, seçkilər ərəfəsində kənar güclərin verdiyi maliyyə və maddi dəstəklə bir qrup vətəndaş cəmiyyəti nümayəndələri daha da aktivləşir, müxtəlif adlar, şüarlar və bloklar adı altında seçki təbliğat və təşviqat kompaniyaları təşkil edir və aparırdılar.
Zaman keçdikcə dövlətin beynəlxalq birliyə inteqrasiyasının intensivləşməsi, maliyyə resurslarının artması paralel olaraq vətəndaş cəmiyyətinin inkişafına da şərait yaratmış oldu. Əlbəttə, Azərbbaycanın siyasi texnologiyalar sahəsində beynəlxalq birlikdən öyrənməli olduğu çox önəmli amillər vardı ki, bunlar da müəyyən zaman içində aparılmış təcrübə proqramları ilə aradan qaldırılmağa çalışılmışdır. Hazırkı şəraitdə Azərbaycanın siyasi texnologiyalar sahəsində apardığı fəal işlər ölkənin istər daxildən, istərsə də xaricdən təhlükəsizliyinin təmin olunmasında müstəsna rola sahibdir. Sosial media məkanında aparılan işlər və ölkəmizə qarşı yönəlmiş dezinformasiyanın dəf edilməsi informasiya müharibəsində əldə edilən nailiyyətlər sırasında qeyd edilə bilər. Bununla belə kənar güclərin ölkə daxilində formalaşdırdığı maraq qrupları vasitəsi ilə sosial mediada aktivləşməsinin qarşısının zamanında alınması dövlətin siyasi texnologiyalar sahəsində atdığı ciddi addımlardan xəbər verir.
Dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə də böyük güclərdə uzun illərə dayanan müstəqillik dövrünün olması siyasi texnologiyalar sahəsində də özünü ciddi şəkildə hiss etdirməkdədir. Onların həm öz aralarında dünyanın müxtəlif regionlarında nüfuz qazanmaq uğrunda apardığı mübarizədə, həm də kiçik dövlətlərin üzərində formalaşdırmağa çalışdığı təzyiq və təsir elementləri əksər vaxt səmərəli ola bilir ki, burada da siyasi texnologiyaların çox ciddi təsirləri olduğunu görmək mümkündür. Misal olaraq qeyd edə bilərik ki, Rusiyanın Ukraynada apardığı işğalçı müharibədə Qərb dövlətlərinin Ukraynaya göstərdiyi hərtərəfli dəstək nəticəsində artıq Ukraynanın Rusiya üzərində təkcə hərbi üstünlük deyil, eyni zamanda informasiya və kəşfiyyat üstünlüyü əldə etməsi siyasi texnologiya vasitələrinin səmərəli fəaliyyətindən də xəbər verən amillərdəndir.
Heç kəs üçün sirr deyildir ki, siyasi texnologiyalar dövlətin və cəmiyyətin bütün sahələrində özünü göstərməkdədir. İstər informasiya təhlükəsizliyi sahəsində, istər dövlətin idarə edilməsində, istərsə də dövlət və dövlətlərə qarşı təzyiq və təsir vasitələri kimi istifadə edilən siyasi texnologiyalar seçki prosesində təbliğat və təşviqat prosesində də daha geniş şəkildə istifadə edilməkdədir. Seçki prosesinin başlamasında bitməsinə qədərki dövr ərzində baş verən proseslərdə, yəni seçkilərin təyin edilməsi, namizədlərin irəli sürülməsi, partiyaların qurulması, seçki qərargahlarının təşkil edilməsi, seçki kampaniyalarının aparılması və digər hərəkətləri siyasi texnologiyaların detalları kimi qeyd edə bilərik. Təbii ki, seçki kampaniyaları dövründə tərəflər arasında istər maddi resurslar, istər insan resursları, istərsə də maliyyə resursları bərabər şəkildə olmur. Həmçinin, informasiya resursları da bərabər şəkildə təşkil edilmir. Yəni verilən dəstəkdən asılı olaraq namizədlər və ya partiyalar, eləcə də təşəbbüs qrupları özlərinin seçki qərargahlarını təşkil edir və onların idarə edilməsini həyata keçirir. Seçkilərin təşkili və keçrilməsinin özü də, siyasi texnologiyaların tərkibinə daxildir.
Nəzərə alsaq ki, seçki prosesi və seçki institutlarının formalaşdırılması və idarə edilməsi dövlətin idarə edilməsinin önəmli hallarından biridir, o zaman seçki prosesinin siyasi texnologiyalar sahəsində önəmli yerə sahib olduğunu asanlıqla deməyə imkan yaranmış olur. Beləliklə, qeyd etmək lazımdır ki, siyasi texnologiyalar dedikdə dövlətin idarə edilməsində yalnızca bir sahə deyil, bütünlükdə bütün resurslardan istifadə edilməsi nəzərdə tutulur. Yəni, həm media məkanına nəzarət, həm seçkilərin keçrilməsi, həm ölkə gündəminin müəyyən edilməsi, həm də daxili və sabitliyin təmin edilməsi. Bütün bunlar seçki texnologiyalarına daxil olan elementlər hesab edilə bilərlər.
Samir Hümbətov, Siyasi elmlər kafedrasının müəllimi. 17.09.2023 Saat 01:55
Yüklə 15,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin