Metodologiya – nəzəri və praktiki fəaliyyətin təşkili və quruluşunun prinsipləri və üsullarının sistemi, eyni zamanda bu sistem haqqında təlimdir. Metodoloji problemlərə aiddir: elmin obyekti və predmeti, qanunauyğunluq, anlayış, kateqoriya aparatı, metodlar, elmin statusu, prinsiplər. Elmin obyekti və predmeti öyrənilən hadisənin sərhəddini, konkret elmin digər elmlər sistemində yerini müəyyən edir. Hal-hazırda istənilən elmin predmeti kimi obyektiv mövcud olan proses (hadisə) seçilir, o müəyyən baxış çərçivəsində öyrənilir. Elmin obyekti-real mövcud olan gerçəklikdir (təbii və ictimai), onun çoxlu tərəfləri və xassələri vardır, onların hər biri müstəqil öyrənmə predmeti ola bilər. Elmin predmetinin müəyyən edilməsi bir çox amillərdən asılıdır: bu sahədə əldə olunan biliklərdən, sosial praktikanın inkişafından və s. Elmin obyektinin və predmetinin seçilməsi sosial işin nəzəriyyəsi və praktikasının məzmununa təsir edir. Növbəti metodoloji problem – konkret sosial biliklərin qanunauyğunluğunun təhlilidir, onun dərk olunmasından praktikanın nəticəsi asılıdır. Real gerçəklikdə obyektiv mövcud olan qanunauyğunluq elmin təsdiq etdiyi qanunauyğunluğun məzmun və formalarından fərqlidir.
Sosial iş nəzəriyyəsinin əsas qanunauyğunluqları
Sosial iş nəzəriyyəsinin qanunauyğunluğu sosial vəziyyətə aid olan sosial əlaqə və hadisələrin məcmusunun inteqrasiya formasında xarakter və istiqamətini ifadə edir. Xüsusi ədəbiyyatlarda sosial işin qanunauyğunluğunu iki qrupa ayırırlar: 1) Sosial iş subyektinin fəaliyyət göstərməsi və inkişafının qanunauyğunluğu; 2) Sosial fəaliyyətin subyekti və obyekti arasındakı əsaslı əlaqə və onların dialektikası. Əsas qanunauyğunluğu dövlətin sosial siyasəti və cəmiyyətdə sosial işin məzmunu arasındakı qarşılıqlı əlaqəni, eyni zamanda sosial inkişafın məqsədləri və sosial işin inkişaf səviyyəsi arasındakı qarşılıqlı əlaqəni aid etmək olar. Sosial işin qanunauyğunluğu obyektiv xarakter daşıyır və adamların arazularından, istəklərindən, bilik və iradələrindən asılı olmayaraq təzahür edir və obyektiv xarakter daşıyır. Sosial iş nəzəriyyəsinin fokusunda adamların problemi, gündəlik dünyaları dayanır. Sosial praktika öz məğzinə görə çoxsahəli və inteqrativdir, ona görə də sosial işin qanunauyğunluğu sosial kömək sisteminin fəaliyyətinin əsas meyllərinin ideal orta inikası kimi özünü göstərir. Belə olduqda sosial proseslərə və kliyentin özünü hiss etməsinə təsir edən sosial dəyişikliklərin miqdarı sosial qarşılıqlı fəaliyyətin subyektini və obyektlərinin nəticələrindən və ehtimal, şəry etmə və fenomenoloji modellər haqqında danışmağa imkan verir. Nəzərə alsaq ki, sosial münasibətlər çox əhəmiyyətli olması, fikirlərin dağınıqlığı və qismət mühakimələrinin subyektivliyi ilə xarakterizə olunur, pozitivizm, obyektivizm, siyasi modelləşdirmə əvvəllər olduğu kimi kliyentin və sosiumun dəyər-məna problemlərinin inkar olunmasına baxmayaraq, sosial işdə kateqoriyalılıq qəbul olunmazdır. Sosial iş nəzəriyəsinin həll olunmamış və diskussiyalı metodoloji problemləri-müasir elmi vəziyyətin əsas xüsusiyyəti belədir. Bu vəziyyət sosial iş nəzəriyyəsinin digər elmlər arasında rolunun və yerinin axtarışına birbaşa təsir edir. Bu təsirdən, sosial iş nəzəriyyəsinin elmi biliklərin bütün struktur-nəsli əlamətləri vardır: tədqiqatın xüsusi predmet və obyekti, qanunauyğunluğu, xüsusi anlayışlar, kateqoriyalar, prinsiplər və tədqiqat modelləri. Digər tərəfdən, o, daha çox tətbiqi elmlər qrupuna aiddir və fənlərarası istiqamətlə xarakterizə olunur. Sosial işin elmi fənn kimi elmi statusunun qiymətləndirilməsində iki yanaşma vardır. Birinin tərəfdarları belə hesab edirlər ki, sosial işin nəzəri əsaslarını insan və cəmiyyət haqqında qarışıq elmlər təşkil edir (sosial fəlsəfə, sosiologiya, antropologiya, psixologiya və s.); digər yanaşma tərəfdarları sosial işin elmi fənn kimi sərbəstliyini sübut etməyə çalışırlar, onun çərçivəsində nəzəri və tətbiqi aspektlərinin ayrılmasını qeyd edirlər.
. Sosial iş nəzəriyyəsinin əsas prinsipləri
Sosial iş nəzəriyyəsinin metodologiyasının mühüm xüsusiyyəti bir sıra ümumi elmi prinsiplərdən istifadə olunmasıdır. Sosial işin əsas prinsipi kimi fəlsəfənin və sosial psixologiyanın inteqrasiyalı prinsipləri çıxış edir. Determinizm prinsipi sosial hadisələrin səbəb şərtlənməsini iqtisadi və siyasi amillərlə göstərir, ictimai münasibətlərin vəziyyəti, onların formalaşması və təzahürünün spesifikasını müəyyən edir. Qnoseoloji yanaşma prinsipi cəmiyyətdə proseslərin sosial-tarixi özünəməxsusluğunu hərtərəfli öyrənməyə və müqayisə etməyə istiqamətlənmişdir. Onların spesifikasını, inkişaf meyllərini və qanunauyğunluğunu görməyi öyrənir. Şəxsi yanaşma prinsipi sosial prosesləri öyrənərkən, nəzərə almağı tələb edir ki, onun daşıyıcıları kimi həmişə tələbatları və maraqları, dəyər meylləri, hissləri və fikirləri olan konkret şəxsiyyət çıxış edir. Şüur və fəaliyyətin vəhdəti prinsipi sosial işi sosial kliyentin cəlb olunduğu bu və ya digər fəaliyyət növlərinə düzgün başa düşməklə silahlandırır və şüurun səviyyəsinin bu fəaliyyətin inkişafına təsirini, onun forma və nəticələrinin özünəməxsusluğunu nəzərə alır. Sosial işin prinsipləri elmi nəzəriyyələrin məntiqi formasının və empirik fəaliyyətin əsas qaydalarının mühüm struktur ünsürləri kimi çıxış edir. Sosial iş nəzəriyyəsinin aşağıdakı prinsiplər qrupunu ayırmaq qəbul olunmuşdur.: Ümumfəlsəfi prinsiplər cəmiyyət, insan və onların qarşılıqlı fəaliyyəti mexanizmləri haqqında bütün elmlərin əsasında dayanır: determinizm prinsipi, əks etmə-inikas prinsipi, inkişaf prinsipi, şüur və fəaliyyətin vəhdəti prinsipi, tarixlik prinsipi, fərd və onun sosial mühitlə ayrılmaz əlaqəsi prinsipi. Sosial siyasi prinsiplər sosial işin məzmun və istiqamətinin dövlətin sosial siyasətindən şərtlənmiş asılılığını, tələblərini ifadə edir: sosial işə regionların özünəməxsusluğunu nəzərə almaqla dövlət yanaşmasının vəhdəti, onun məzmununun və metodlarının demokratizmi, şəxsiyyət və sosial qruplarla sosial işin məzmum, forma və metodlarının seçilməsində şəxsiyyət və ya sosial qrupların həyat fəaliyyətinin konkret şəraitinin nəzərə alınması, sosial işçinin fəaliyyətinin qanuni və ədalətli olması. Təşkilati prinsiplər təşkilati, funksional-ierarxik əlaqələr münasibətlərin mürəkkəbliyini və çoxcəhətliliyini əks etdirir (kadrların sosial-texnoloji kompetentliyi, hüquq və öhdəliklərin vəhdəti prinsipi və s.). Psixoloji-pedaqoji prinsiplər kliyentə psixo-pedaqoji təsir və onunla qarşılıqlı fəaliyyətin vasitələrinin seçilməsinə olan tələbatı ifadə edir: kliyentlərin həyat fəaliyyətinin şəraitinin qiymətləndirilməsinin kompleks təhlili və onlarla iş metodları; fərdi yanaşma, sosial işin istiqamətləri və ünvanı. Sosial işin spesifik prinsipləri sosial xidmət göstərilməsi sahəsindəki fəaliyyətin əsas qaydalarını müəyyən edir. Onları universallıq, sosial hüquqların qorunması, sosial reaksiya vermək, profilaktik istiqamət, kliyentosentrizm, öz gücünə arxalanmaq, sosial ehtiyatların maksimallaşması, konfidensiallıq (məxvilik), tolerantlıq prinsipləri aiddir.
Sosial iş nəzəriyyəsinin kateqorial aparatı
Anlayış – kateqoriya aparatı biliklərin məntiqi nizamlanması sisteminin mühüm komponentidir. Bu elmin öyrəndiyi hadisələrin geniş formada əks olunmasına imkan verən anlayışların, kateqoriyaların və terminlərin məcmusudur, eyni zamanda onların xassələrinin, əlamətlərinin və qanunauyğunluqlarının təsbit edilməsi yolu ilə onlar arasındakı əlaqədir. Anlayış aparatı məntiqi əməliyyatların tətbiq edilməsi yolu ilə empirik müşahidə və təcrübənin nəticələrinin ümumiləşdirilməsi yolu ilə formalaşır və elmin strukturunu yaradır. Anlayış hadisələr və proseslər arasındakı əsaslı, daha sabit və təkrarlanan əlaqəni aşkar etməyə imkan verən mühüm məntiqi formadır. Məhz anlayışlar vasitəsi ilə istənilən elmdə (sosial işdə də burada istisna deyildir). Hadisələrin mahiyyətini anlamaqda vahid qərara gəlməyə, sosial gerçəkliyin qanunauyğunluğunu və inkişaf meyllərini ifadə etməyə imkan yaranır. Elmi biliklərdə anlayışın iki səviyyəsi ayrılır. Empirik təcrübəni, müşahidə və eksperimentin nəticələrini əks etdirən anlayışın birinci səviyyəsini təşkil edir. İlkin anlayışları və onlar üzərindəki məntiqi əməliyyatları şərh etmək yolu ilə yaranan anlayışlar ikinci anlayış səviyyəsini təşkil edir və nəzəri hesab olunur. İstənilən elmin ən mühüm, əsas, onun aparatını təşkil edən anlayışlar kateqoriyalar adlanır. Sosial elmin kateqoriyaları məsələsi mürəkkəbdir, belə ki, onların əks etdirdikləri hadisə və proseslər dəyişkən, çoxsahəli, rəngarəng, bir-birinə dolaşıb, sosial biliklərin ayrı-ayrı sahələri tərəfindən müxtəlif cür şərh olunur. Bu da sosial iş nəzəriyyəsi üçün olduqca aktualdır.
Sosial iş nəzəriyyəsində anlayışların spesifikliyi
Sosial iş kateqoriyaları arasında aşağıdakıları ayırmaq olar: 1) sosial iş nəzəriyyəsi üçün spesifik olmayan kateqoriyalar, belə ki, onların ifadə etdikləri hadisələr və proseslər başqa elmlər tərəfindən də öyrənilir (sosial münasibət, sosial fəaliyyət, şəxsiyyət, fərd, sosiallaşma, sosial qrup və s.). 2) ilk növbədə sosial işin kateqoriyası olan, ancaq başqa elmlərin də istifadə etdikləri kateqoriyalar (psixososial iş, sosial reabilitasiya, sosial firavanlıq və s.) 3) məhz sosial işə aid olan kateqoriyalar (sosial sığorta, sosial-tərcümeyi-hal, sosial işçi və s.). Elmi kateqoriya aparatının işlənib hazırlanması sosial iş nəzəriyyəsinin qabaqcıl vəzifələrindən biridir. Sosial işin kateqoriyası sosial praktikasının müxtəlif sahələrində sosial işin müxtəlif təşkilatlarına aid olunması əlamətinə görə təhlil oluna bilər. Təhsildə sosial işin anlayış aparatı orduda və ya tibbi müəssisələrdə sosial işi təsvir edən anlayışlar sistemindən fərqlənir. Müxtəlif kateqoriyalı kliyentlərlə və ya fərqli xüsusi vəziyyətlərlə (məsələn, hərbi münaqişələr olan yerdə) sosial işə aid olan anlayışları aşkar etmək məqsədəuyğundur. Bu cür ixtisaslaşma, bölgü praktiki sosial işin məzmununun spesifikasını əks etdirir. Peşəkar və könüllü sosial işin təşkilinin özünəməxsusluğu, sosial iş sisteminin idarə olunmasının texnoloji aspektləri spesifik anlayışlar qrupunda – “sosial iş üzrə menecment”, “sosial işin iqtisadiyyatı” - əks olunur. Sosial işin nəzəriyyə və praktikasının sonrakı inkişafı ilə onun kateqoriyalar sistemi genişlənəcək və dəqiqləşəcəkdir. Beləliklə, sosial iş nəzəriyyəsi – ictimai elmlər sistemində sosial humanitar biliklərin sərbəst sahəsidir, ona elmi biliklərin bütün struktur elementləri və inteqrasiya etmək və tətbiqi istiqamət xasdır.
XIX-XX əsrin əvvəllərində sosial işin nəzəriyyəsi və təcrübəsinin inkişafı
Hal hazırda sosial iş ölkəmizdə özünün institutlaşma mərhələsinə qədəm qoymaqda, təşəkkül istiqamətlərini müəyyənləşdirməkdədir. Bu sahənin inkişafı bir çox obyektiv və subyektiv problemlərlə qarşılaşmasına baxmayaraq, onun elmi-nəzəri əsaslarının ölkəmizdə təsis edilməsi gündəmdə duran ən vacib məsələlərdən biridir. Əgər nəzərə alsaq ki, sosial iş insan fəaliyyətinin elə bir sahəsidir ki, orada nəzəriyyə daima praktikanın davamı kimi çıxış edir, onda sosial işin nəzəri problemlərinin tədqiqi xüsusi onəm kəsb edir. Bu və ya digər sosial problemin həllinin praktiki cəhətdən mürəkkəbliyi sosial işçiləri, mütəmadi olaraq nəzəri sahəyə müraciət etməyə və biliklərini davamlı olaraq zənginləşdirməyə məcbur edir. Bir məqamə da xüsusi olaraq vurğulamaq lazımdır ki, sosial işin nəzəriyyə və praktikası anlayışlarının seçilib ayrılması prosesi XX əsrin 70-ci illərindən başlamışdır. İctimai hadisə kimi sosial iş insan toplumu yarandığı gündən mövcuddur və müxtəlif tarixi dönəmlərdə, bu yönümdən hər bir cəmiyyət, öz üzvlərinə müxtəlif cür kömək etməyə çalışmışdır. Göstərilən kömək və dəstək, müvafiq cəmiyyətin ümumi inkişafı, konkret tarixi dövr üçün mədəniyyətinin səviyyəsi ilə müəyyən olunur. Tarixdən məlum olan ən birinci sosial kömək vasitəsi – sədəqədir. Sonralar dövlətin meydana gəlməsi ilə əlaqədar, kömək, dəstək göstərmək prosesinin məzmunu sistem xüsusiyyətləri ilə zənginləşdi (proses nizama salındı, qanunvericilik əsasları hazırlandı və s.). Sosial işin inkişafında xristian ideologiyası da əhəmiyyətli rol oynamışdır. Kilsə, əhalinin müxtəlif kateqoriyalarına köməyin və dəstəyin göstərilməsi sahəsində institutların yaradılması ilə əlaqədar fəal rolu ilə qənaətbəxş olmayıb, o, həmçinin xristian doktrinası vasitəsi ilə də dəstək prosesinin məzmununu zənginləşdirir. Yoxsulluq, dilənçilk kimi halların anlamı özünəməxsus fəal sosial-dini kontekstdə - dünyanın böyük Allahın obraz və simasına rəğmən dəyişdirilməsi yönümündə nəzərdən keçirilir. XIX əsrin ikinci yarısından başlayaraq, köməyin göstərilməsi prosesində fəal rolu təkcə dövlət, kilsə oynamaqla qalmayıb, həmçinin müxtəlif ictimai təşkilatlar – xeyriyyəçi, maarifçi, feminist təşkilatlar da rol oynamağa başladılar. Dövlətin kömək və dəstək sistemi, öz diqqətini əsasən kasıbçılıq, yetimlik, əlillik və s. bu kimi sosial bəlaların profilaktikası və aradan qaldırılması yolları üzərində cəmləşdirir. Bir sıra ölkələrdə, dövlətin yerlərdə əhalinin sosial təminatı və dəstəyi siyasətini məqsədyönlü surətdə gerçəkləşdirməsi məqsədi ilə dövlət təşkilatları da yaranır (Almaniyada Elberfeld sosial təminat sistemi, Rusiyada əyalət mərhəmət sistemi kimi). Dövlətdən fərqli olaraq ictimai təşkilatlar, əhalinin o kateqoriyalarına sosial kömək göstərirlər ki, dövlət, bu və ya digər səbəblər üzündən onlarla əlaqələrini tam genişləndirə bilmir (İngiltərədə deviant qruplarla iş, Rusiyada maarifçilik fəaliyyəti, ABŞ-da emiqrantlarla iş). Praktiki fəaliyyət növü olaraq sosial iş tibb, sosiologiya, psixologiya kimi elm sahələrində də təşəkkül etməyə başlayır. Artıq gündəmdə çox aktual bir məsələ durur – müxtəlif kateqoriyadan olan vətəndaşlara professional sosial köməyin göstərilməsi və bu kömək sisteminin yaradılması. Bu isə öz növbəsində, müvafiq ali məktəblər çərçivəsində xüsusi hazırlıq görmüş mütəxəssislərin hazırlanmasını nəzərdə tuturdu. Bu ehtiyac inkişaf etmiş sənaye ölkələrində bir-birinin ardınca sosial iş tədris müəssisələri və fakültələrin açılmasına səbəb oldu. Elmi ədəbiyyatın təhlili sübut edir ki, sosial işin elmi dərk tarixinin nəzəri ənənələri, ictimai həyatın önəmli hadisələrindən biri olan xeyriyyəçiliyin sosial rolunun və məzmununun öyrənilmməsi, eləcə də ehtiyacı olanlara sosial köməyin göstərilməsi elmi əsasların - müxtəlif psixoloji, sosioloji, psixoterapevtik doktrinaların tətbiqi cəhdləri ilə başlayır. Sosial tarix və sosial işin tarixi üzrə əksər mütəxəssislərin yekdil fikri ondan ibarətdir ki, müasir ictimai hadisə kimi sosial işin yaranma tarixi, onun nəzəri əsaslarının yaranma tarixi ilə eyni vaxta – yəni XIX əsrin ikinci yarısına təsadüf edir. Bu tarixdən başlayaraq, XX əsrin əvvələrinə kimi tarixi-sosioloji, statistik, sosial-iqtisadi tədqiqatlar bir daha sübut edir ki, ictimai şüurda məişət problemləri prioritet yer tutmaqla, qlobal məsələlər sırasına daxil olaraq, iqtisadi, siyasi və sosiomədəni proseslərin inkişafına nəzərə çarpacaq təsir göstərir. İlk növbədə ictimai həyatın urbanizasiya kimi hadisəsini qeyd etmək lazımdır, çünki məhz bu proses, o dövrdə intensiv sənaye inkişafının əsasını qoymaqla, kənd əhalisinin kütləvi surətdə şəhərə axınına təkan vermiş oldu. Bütün bunların məntiqi nəticəsi olaraq, cəmiyyətdə marjinal təbəqələrin nisbəti, xüsusi ilə də, şəhər şəraitinə zəif uyğunlaşmış birinci və ikinci nəsil şəhərlilərin sayı artmağa başladı. Şəhər əhalisinin sürətli urbanizasiya nəticəsində sütərlə artması, sənaye istehsalının artması və istehsal üsulunun mürəkkəbləşməsi işçi qüvvə daşıyıcısına, onun səhhətinə, əhval-ruhiyyəsinə, firavanlığına xüsusi diqqətin yetirilməsini tələb edirdi. XIX əsrin sonu XX əsrin əvvəllərində həm dövlət orqanları, həm də iri firmalar aktiv surətdə təkcə təhsilə, əhalinin professional hazırlığı ilə bağlı sahələrə deyil, həmçinin sosial sahəyə diqqət yetirməyə başladılar. Bu intensiv inkişafın labüd nəticəsi olaraq, artıq XX əsrin sonlarına doğru sosial xidmətlərin göstərilməsi üzrə inkişaf etmiş ölkələrdə, texniki cəhətdən mükəmməl təmin olunmuş sosial sahədə, insan davranışının qanunauyğunluqlarının öyrənilməsindən bəhs etmək lazım gəlirdi. Bu da müasir sosial iş sisteminin formalaşmasına təsir göstərmişdir. İctimai hadisə kimi müasir sosial iş sisteminin formalaşmasına təsir göstərən digər önəmli amil, XIX əsrdə zəhmətkeşlərin öz hüquqları uğrunda apardıqları mübarizələridir. İri şəhərlərdə və sənaye müəssisələrində işçilərin sayının artması, fəhlə hərəkatının və həmkarların təsisatlanma prosesini gücləndirməklə, həm burjua hökumətləri, həm də iri sahibkarlar qarşısında sosial işin müxtəlif formalarının tətbiqinin dəstəklənməsi zərurətini tələb kimi qoydu. Bu tələblərə diqqətin yetirilməməsi onunla nəticələnə bilərdi ki, onsuz da vüsət almaqda olan tətil və hərbi toqquşmalar dalğası daha da alovlana bilərdi. Və XX əsrdə proletar inqilabının alovları bəzi ölkələrdə - o cümlədən Rusiyada alovlandı. Bu inqilabın dağıdıcı xarakteri, mütərəqqi ictimaiyyəti, daha ədalətli ictimai quruluşa keçidin təkamül yollarını axtarmağa, mövcud və yaranmaqda olan sosial problemlərin həlli istiqamətində, daha çevik mexanizmlərin işlənib hazırlanmasına məcbur etdi. Sosial işin təşəkkülünün elmi mərhələsi, onun təkamülünün bir çox faktorları ilə, ilk növbədə, XX əsrin əvvəlləri üçün əksər ölkələrdə keyfiyyətcə dəyişmiş ictimai münasibətlər və əlaqələr sistemi ilə bağlı idi. Bəs sosial kömək paradiqmasının dəyişməsinə səbəb olan, bu keyfiyyət dəyişiklikləri nələrdən ibarət idi? Bunlar aşağıdakılardan ibarət idi: 1. Ümumi yaşayış norma və prinsipləri ilə bağlı olan bütöv toplumun parçalanması; 2. Urbanizasiya və sənayeləşmə; 3. İnsanın cəlb olunduğu sosial əlaqələr sisteminin genişlənməsi və sayının artması. XX əsrin əvvəlləri üçün, sosial iş nəzəriyyəsi və praktikasının formalaşmasına, onun təkamülünə mühüm təsir göstərən faktorlar sırasında aşağıdakıları qeyd edirlər: 1. Makro 2. Mezo 3. Mikro faktorlar Təkamülün makrofaktoruna bunlar aiddir: əsrin əvvəllərində baş vermiş sənaye inqilabı; insan hüquqları və onların müdafiəsi sahəsində sosial siyasətin dəyişməsi; xəstələr və qocalar üçün sosial sığorta sisteminin təşkili. Təkamülün mezofaktorlarına bunlar aiddir: vurğunun, müştəriyə maddi köməkdən, onun öz problemlərini müstəqil surətdə həll edə bilməsi qabiliyyətinə doğru dəyişdirilməsi – müştərilərin təlimi; sosial işçilərin praktiki maraqlarının dəyişməsi, sinfi maraqlardan, müştərinin şəxsiyyəti və onun maraqları istiqamətinə keçid. Təkamülün mikrofaktorlarına bunlar aiddir: sosial işçilərin diqqətinin “hadisələrlə iş” üzərində cəmləşdirilməsi; praktikada, hadisənin öyrənilməsi ilə bağlı psixoanalitik üsulların tətbiqinin əsaslandırılması; fərdi iş metodlarının və texnikalarının formalaşması, yaxud sosial işçinin fəaliyyətinin, müştərinin istəkləri və arzuları əsasında qurulması. Sosial işin nəzəri dərk edilməsi ilə əlaqəli ilkin addımlar, dünyanın bir çox ölkəsində feministlər tərəfindən atılmışdır. Sosial işin elmi surətdə öyrənilməsinin yüksəliş dövrü kimi XX əsrin əvvəllərini, xüsusi ilə də 1915-20-ci illəri və Meri Riçmondun müəllifliyi ilə çıxan “Elmi sosial iş” əsərini qeyd etmək olar. O, ilk dəfə olaraq, sosial işçilər tərəfindən aparılan sosial işin keyfiyyətinin qiymətləndirilməsi məqsədi ilə geniş sxemlər toplusu təklif etmiş, sosial problemlərin diaqnozlaşdırılması yollarını göstərmişdir. XX əsrin əvvəllərində kliyentin ehtiyaclarına qarşı fərdi yanaşma ideologiyası geniş yayılmağa başlayır. Bu üsul sosial işin müxtəlif sahələrində - tibbdə, əmək münasibətləri sahəsində məsləhətvermədə, qəyyumluq və s. geniş tətbiq edilirdi.
XX əsrin 20-50-ci illərində sosial işin nəzəriyyəsi və təcrübəsinin inkişafı
1921 – 30-cu illər, sosial işin fərdi metodlarına psixoloji biliklərin daxil olduğu illər kimi xarakterizə olunur. Biheviorizm, freydizm kimi məktəblərlə təmsil olunan “yeni psixologiya”, sosial işin nəzəriyyə və praktikasında öz əksini tapır. Bu dönəm sosial iş nəzəriyyəsində, irsilik, fərdin fizioloji inkişafı, intellektin inkişafı və geri qalması kimi fenomenlər öz interpretasiyasını tapır. Baxmayaraq ki, “müalicə” konsepsiyası sosial işdə aparıcı rol oynayırdı, bununla belə, “müdaxilə” konsepsiyasının da ortaya çıxması, günün tələbi hesab oluna bilərdi. “Müştərinin sosial tarixi” və “müalicə” kimi üsullar, fərdi işdə üstünlük təşkil etməklə, sosial işçinin kömək prosesindəki sosial standartlarına çevrilmişdilər. Müvafiq kömək prosesində aşağıdakı vacib interaktiv elementləri seçib ayırırlar: ehtiyarlardan istifadə olunması; kliyentə problemlərini anlamasında köməkçi olmaq; müştəriyə öz “xarici sosial proqramına” işləmək qabiliyyətinin aşılanması və inkişaf etdirilməsi. Psixoanalitik nəzəriyyələr əsasında, qarşılıqlı əlaqə modellərinin hazırlanmasından başqa, sosial işçi ilə kliyent arasındakı qarşılıqlı əlaqə prinsipləri də müəyyənləşdirildi və Riçmond bunu mental gigiyena prinsipləri adlandırdı. Sonralar bu prinsiplər sosial işçilərin etik kodeksininin əsası kimi götürüləcək. Bu prinsiplər özünə aşağıdakı müddəaları daxil edirdi: kliyentə rəğbət bəslənməsi; üstünlüyün ona verilməsi; onun təriflənməsi; onunla birgə fəaliyyət planlarının qurulması. Bu dövrdə, fərdi üsulun gələcək inkişafını V.Robinsonun və C.Taftın əsərlərində müşahidə etmək olar. Robinson, diqqət mərkəzinə müştərinin situasiyasının deyil, onun dəyərlərinin, fərdi təcrübəsinin qoyulmasını və kömək prosesinin məhz bu dominantlar üzərində qurulmasını təklif edir. Sosial işçi ilə kliyent arasındakı arasındakı praktiki qarşılıqlı əlaqədə əsas diqqət, kliyentin keçmişinə, uşaqlıq həyəcanlarına, vərdişlərinə və dəyərlərinə yetirilir. Sosial işin nəzəriyyə və praktikasının inkişafında mühüm rol oynayan nəzəri istiqamətlərdən biri də sosial işin funksional modelidir. Bu istiqamətin əsas ideoloqları kimi O.Rank və C.Taft çıxış edirdilər. Freydin ideyalarından çıxış edən Rank belə hesab edirdi ki, şəxsiyyətin inkişafı prosesində yaranan böhranlı vəziyyətlər, onun doğuşdan aldığı zədələrin nəticəsidir. Onu görə də yaşadığı mühitdən asılı olmayaraq sosial işçi ilə kliyentin görüşü labüddür. Bu istiqamət daha çox kliyentə köməyin göstərilməsi üzərində diqqəti çəmləşdirirlər, onun uşaqlıq həyəcanlarına daha az maraq göstərirlər. Bu fərdi iş məktəbinin əsas anlayış aparatını formalaşdıran aparıcı anlayış proses anlayışıdır. Kömək prosesində pozitiv dominantların mövcud olması kontaktın qurulmasını asanlaşdırır. Funksional məktəb özünün nəzəri əsaslarını diaqnoz üzərində deyil, sosial işçi ilə müştəri arasındakı qarşılıqlı münasibətlər üzərində qurur və qeyd edir ki, bu münasibətlərdə ən önəmli şey, situasiyanın dəyişdirilməsinin forma və vasitəsi olan proses çıxış edir. Bu məktəb, sinxron üsul – “burada və indi” prinsipinə əsaslanır və sosial işçi ilə müştəri arasındakı qarşılıqlı münasibətlərdə, müştərinin hal-hazırki təcrübəsi, hiss və emosional həyəcanları aktuallaşdırılır. Buradan belə bir nəticə hasil olur ki, müştəriyə təklif edilən kömək yerində olmalı və onun özü tərəfindən qəbul edilməlidir. Bu halda subyektlər arasında başqa münasibətlər yaranır, onlar partnyorlara çevrilir və situasiyanın dəyişməsi üçün bərabər məsuliyyət daşıyırlar. Cari nəzəri istiqamət, məqsəd olaraq qarşısına, kliyentə kömək texnikalarının və metodlarının yaradılmasını, onların inkişafını qoyur. 1928-ci ildə sosial işçilərin Milford konfransında kliyentlə fərdi sosial işin əsas aspektləri müəyyənləşdirildi. Bunlar aşağıdakılardan ibarətdir: 1. Sosial həyatın ümumi qəbul olunmuş normalarından tipik sapmaların, dəyişmələrin öyrənilməsi. 2. Həyati bilgilərdən və qarşılıqlı əlaqələrin qurulması normalarından istifadə olunması. 3. Çətin vəziyyətə düşmüş konkret insanın həyatının təfərrüatı ilə tanış olmaq. 4. Sosial dəstəyə ehtiyac duyan insanlara lazımi köməyin göstərilməsi və müvafiq kömək metodlarının tətbiq edilməsi. 5. Sosial müalicədə yerli icmanın vəsait və ehtiyatlarından istifadə olunması. 6. Əldə olunmuş biliklərin və toplanmış təcrübənin, fərdi üsulun tələblərinə uyğunlaşdırılaraq tətbiq edilməsi. 7. Sosial işin fərdi üsulunun məqsədlərini, etikasını və xüsusiyyətlərini müəyyənləşdirən fəlsəfi əsasların anlamı. 8. Sadalanan bütün aspektlərin vahid sosial iş sistemində birləşdirilməsi. 1957-ci ildə F.Baystekin sosial işçi ilə müştərinin qarşılıqlı əlaqələrindən bəhs edən kitabı çıxır. O, sosial işçi ilə müştəri arasındakı qarşılıqlı əlaqələrin əsas prinsiplərini aşağıdakı şəkildə ifadə edir: fərdiləşmə hisslərin ifadəsində aşkarlıq müştərinin emosional durumuna nəzarət birbaşa münasibətlər müstəqilliyin inkişafı məxfilik Fərdi iş metodu özünün sonrakı inkişafında, praktik səviyyəyə xüsusi diqqət yetirir. Bunun əyani nümunəsi kimi H.H.Perlmanın “problemin həlli metodu” çıxış edir. Onun nəzəri üsulunun məzmununda üstünlük təşkil edən anlayışlar kimi -yer, problem, proses, ehtiyatlar terminləri qeyd edirlər. Problem dedikdə, fərdin müstəqil surətdə tələbatlarını ödəyə bilməmək qabiliyyəti və onun sosial fəaliyyətinə maneçilik törədən situasiya başa düşülür. Proses dedikdə, müştərinin probleminin lazımi istiqamətdə dəyişməsinə səbəb olan, təkrarlanan ardıcıl fəaliyyət modeli başa düşülür. Prosesdə hərəkətlər ardıcıllığını aşağıdakı şəkildə təsvir etmək olar: mənfi enerjinin buraxılması, narahatçılıq hisslərinin uzaqlaşdırılması, müsbət motivasiyanın formalaşdırılmasına kömək, dəstək; emosional blokadanın yarılması; problemin rasionallaşdırılması – sosial işçi ilə müştəri birgə, problemin yeni anlamını, ona qarşı fərdi münasibətləri təkrar formalaşdırır və növbəti addımları müəyyənləşdirirlər. sosial işçi müştəri ilə bərabər, onun problemlərini həll edəcək və mühitinə, rollarına uyğun gələcək, mümkün imkan və ehtiyatları axtarıb tapır. Texniki baxımdan sosial işçi ilə müştərinin qarşılıqlı əlaqələri aşağıdakı əsas prosedurlardan ibarət olur: kliyentin probleminin və onu törədən səbəblərin identifikasiyası; kliyentin və sosial işçinin problemin düzgün anlamında əminlikləri; informasiyanın toplanması və analizi; qarşılıqlı əlaqə planlarının hazırlanması, onun gerçəkləşdirilməsi və təkmilləşdirilməsi. Əsasən sosial sahəyə meylli bir fəaliyyət növü kimi sosial iş, öz nəzəri əsaslarını sosial elmlər sahəsində - ilk növbədə sosial psixologiyada, sosial pedaqogikada və sosiologiyada axtarmağa başlamışdır. Sosial iş nəzəriyyəsi sahə fənni olaraq, əsas baza fənnləri olan sosiologiya və psixologiyanın elmi nailiyyətlərinin təsirinə məruz qalmaya bilməzdi. Belə ki, sosiologiyada struktur-funksionalizm, sistem analizinin, eləcə də marksist yönümlü münaqişə nəzəriyyələrinin güclənməsi, sosial iş nəzəriyyəçilərinin də baxışlarında nəzərə çarpacaq dəyişikliklər etməyə nail olmuşdu. Sosial işin nəzəriyyəsi çox səviyyəlidir və onun əsaslarını sosial işin tələbatlarından asılı olaraq, müəyyən zaman kontekstinə uyğun olaraq formalaşdırılmış sosioloji və sosial-psixoloji konsepsiyalar əsasında yaradılmış kliyent və sosial işçi münasibətləri modeli təşkil edir. Əhalinin köməyə ehtiyac duyan müxtəlif sosial qruplarına köməyin göstərilməsi, sosial siyasətin gerçəkləşdirilməsi və sosial iş orqanlarının fəaliyyətlərinin optimallaşdırılması məqsədi ilə, struktur sosial işin nəzəri-metodoloji nüfuzu da artmağa başladı. Xüsusi sosial fəaliyyət növü və ictimai hadisə kimi, sosial işin nəzəri əsaslarını bir neçə konseptual model təşkil edir. Baxmayaraq ki, ayrı-ayrı nəzəri modellərin seçilib ayrılması şərti məna kəsb edir, bununla belə, aşağıdakı modellərin mövcudluğu haqqında tam əminliklə danışmaq olar: 1. psixodinamik 2. biheviorist 3. koqnitiv 4. sistemli-ekoloji Psixodinamik yaxud psixososial model insanın psixi həyatı ilə, onun həyat fəaliyyətinə təsir göstərən xarici münasibətlər arasındakı tarazlığın təmin edilməsi ilə əlaqədar olan bir nəzəri modeldir. Onlar arasında ən geniş yayılmışı “situasiyada şəxsiyyət” konsepsiyasıdır. Bu konsepsiyanın mərkəzində, bir tərəfdən insanlarla, digər tərəfdən isə, ətraf mühit ilə əlaqəli olan şəxsiyyət durur. Bu konsepsiya öz diqqətini insanın keçmişində deyil, bu günündə cəmləşdirir və şəxsiyyətin real sosial situasiyasını necə qəbul etməsini təhlil edir. Sosial işin psixodinamik model çərçivəsində gerçəkləşdirilməsi ilə əlaqədar, psixososial təsirin bir neçə mühüm mərhələsini ayırırlar: 1. kliyentin problemlərinin öyrənilməsi; 2. kliyentin sosial vəziyyətinin, psixi durumunun və hisslərinin öyrənilməsi; 3. sosial işçi ilə kliyentin yaxınlaşması və əlaqələrin yaradılması; 4. kliyentin həyatında baş vermiş əsas hadisələrin nəzərdən keçirilməsi və onların insanın cari problemləri ilə əlaqəsi; 5. qarşılıqlı etimad əsasında, kliyent ilə sosial işçi arasında razılaşdırılmış hərəkətlər planının yaradılması; 6. kliyentin problemlərinin həlli ilə əlaqədar, sosionomla kliyentin müştərək fəaliyyətləri.
XX əsrin 60-cı illərindən etibarən sosial işin nəzəriyyəsi və təcrübəsinin inkişafı
1960-cı illərdən başlayaraq, sosial işin əsaslarının nəzəri modellər tərkibi yenidən zənginləşməyə başlayır və koqnitiv və sistem modelləri meydana çıxır. Psixodinamik və biheviorist modellərdən fərqli olaraq koqnitiv model, diqqətini kliyentin öz davranışına rasional-məntiqi nəzarət etməsi üzərində cəmləşdirir. Sosial işin koqnitiv modeli, insan şüuru, onun insan davranışına təsiri, insanın fərdi və sosial problemlərinin həlli məsələləri ilə məşğul olur. Bu model, sosial işin problemlərinin dərk edilməsi və həllində, psixososial, sosioloji, sosial üsulların elementlərindən istifadə edir. İnsanın öz fərdi və sosial maraqlarının müdafiəsi məqsədi ilə rasional düşüncə tərzini optimallaşdırması vasitəsi ilə koqnitiv model, müştəri və sosionomu, təkcə özlərinin dəyişməsinə, mühitə uyğunlaşmasına deyil, həmçinin onların sosial ətrafının da təkmilləşdirilməsinə doğru yönəldir. Koqnitiv model çərçivəsində, bir neçə mühüm məqam ortaya çıxır və onları da cari modelin səciyyəvi xüsusiyyətləri kimi xarakterizə etmək olar. Bunlar aşağıdakılardan ibarətdir: İnsanları o zaman yaxşı başa düşmək olur ki, onlar daima axtarışda olur, şəxsi və ictimai həyatlarındakı maneələri dəf etməklə, müəyyən məqsədə can atırlar: 1. İnsanlar gördüklərinə və anladıqlarına rəğmən öz gerçəklik modellərini yaradırlar. 2. İnsan sosial gerçəkliyə uyğunlaşmaqla, həm özü dəyişir, həm də reallığı dəyişdirməyə cəhd göstərir və nəticədə özünə arxayınlıq hissi qazanır. 3. İnsanın və mühitin adaptasiyası prosesinə mən-biz duyum təsəvvürləri təsir edir. Beləliklə, koqnitiv üsul insan davranışının rasional aspektlərinə əsaslanmaqla, sosial iş problemlərinin həllinə kompleks şəkildə yanaşır. Müvafiq modelin əsasını simvolik interaksionizmin tezislərindən biri – yalnız subyektin özü tərəfindən yaradılmış bir gerçəklik mövcuddur mülahizəsi təşkil edir. Bu tezisi sosial işə şamil etmiş olsaq, onda bu o demək olacaqdır ki, subyektin duyumu yanlış deyil, fərqli bir şey kimi nəzərdən keçirilməlidir, yəni kliyent ilə iş metodları sərt olmayıb öyrədici, tərbiyələndirici olmalıdır. Sosial işin koqnitiv nəzəriyyəsinin meydana çıxması Q.Qoldşteynin adı ilə bağlıdır. Bu konsepsiyada əsas yeri “persepsiya” – sosial kontekstdə (perseptiv sahədə) baş verən interaksiyalar (qarşılıqlı münasibətlər) tutur və bu qarşılıqlı münasibətlər, fərdi rasional fəaliyyətə ruhlandıran stimullara cavabın nəticəsidir. Qoldşteynin fikrincə, persepsiyaya bu cür baxış, sosial və psixoloji üsulları əlaqələndirir və özünə həm düşüncə və hissləri, həm də xarici dünyanı, sosial mühiti daxil edir. Şəxsiyyətin xarici mühitlə qarşılıqlı əlaqəsi, fəal transaksional bir prosesdir və aşağıdakı fəaliyyət növləri onun əsas aspektlərini təşkil edir: adaptasiya – öz məqsədlərini gerçəkləşdirmək üçün xarici mühitlə uyğunlaşma; sabitləşdirmə - daima dəyişməkdə olan səbəblərə baxmayaraq, daxili və xarici sistemlər arasındakı tarazlığın qorunub saxlanılması; intensional fəaliyyət – daxili məqsədlərə uyğun olaraq, xarici mühitdə müəyyən dəyişikliklərin edilməsinə nail olmaq. Sosial işin koqnitiv modeli, eləcə də sosial işçinin fəaliyyəti, ilk növbədə, sosial təlimi, biliklərə yiyələnməyi nəzərdə tutur. Bununla əlaqədar Qoldşteyn praktikada tətbiq edilən 3 əsas tədris tipini ayırır: 1. strateji–informasiyanın əldə edilməsi, müəyyən məqsədə nail olmaq üçün təcrübənin toplanılması. 2. taktiki – gündəlik həyata uyğunlaşmaq məqsədi ilə. 3. adaptiv–öz “mən”in və yaradılmış gerçəkliyin dəyişdirilməsinə doğru tönəldilmiş tədris. Tədris prosesi özünə 4 ardıcıl mərhələni daxil edir: 1. “diskirminasiya” – xarici mühitin problemlərinin dərk edilməsi mərhələsi. 2. “konseptual” – informasiyanın emal edilməsi prosesində müştəri tərəfindən istifadə olunan ideya və simvolların öyrənilməsi mərhələsi. 3. “prinsipial” – dəyərlər sisteminin və daxili “mən”in öyrənilməsi mərhələsi. 4. “problemin həlli” mərhələsi - əvvəlkilərin özünəməxsus sintezi olmaqla, həm proses, həm də situasiyanın məntiqi qiymətləndirilməsinin ikinci üsuludur. Bu mərhələ özü də 3 əsas alt mərhələdən ibarətdir: 4.1. birinci alt mərhələdə, mövcud problem müştəri üçün anlamlı və hiss edilən olur. 4.2. ikincidə problem təhlil edilir, onun həllinin müxtəlif üsulları araşdırılır, fəaliyyət strategiyası müəyyənləşdirilir; 4.3. yekin mərhələdə, seçilmiş strategiya gerçəkləşdirilir və insan tərəfindən gələcəkdə oxşar problemlərin həlli istiqamətində texnologiyalar hazırlanır. Əvvəllər bu modelin heç də bütün sosial işçilər tərəfindən qəbul edilmədiyinə baxmayaraq, 1980-ci illərdən başlayaraq sosial işdə geniş tətbiq olunur. Struktur sosial işin nəzəri əsaslarını təşkil edən bəzi konsepsiyaları da nəzərdən keçirmək məqsədəuyğun olardı. Onlardan biri də sistem üsuludur. Sosial işdə bu üsulun 3 əsas modeli mövcuddur. Onlardan birincisinin əsasında fon Bertalanfinin sistem nəzəriyyəsi durur. Özünün ilkin variantında bu üsul bioloji materiala rəğmən hazırlanmışdı və qeyd olunurdu ki, bütün orqanizmlər altsistemlərdən ibarət sistemlərdir və sistemin özü isə daha böyük sistemin bir hissəsidir. Məsələn, insan, daima dövriyyədə olan qan dövranı, maddələr mübadiləsi, toxumaları olan və bu tozumaları da öz növbəsində, atomlardan və daha kiçik hissəciklərdən ibarət olan, bir varlıq olmaqla, cəmiyyətin bir hissəsidir. Bu nəzəriyyədən, özünə sosial qrupları, ictimai institutları, ailələri, kiçik qrup və kollektivləri daxil edən, sosial sistemlərin analizində də, geniş istifadə etməyə başladılar. Qərbdə XX əsrin 70-ci illərində sosial iş praktikasında bu üsulun tətbiqi geniş vüsət almağa başlayır. Sistem üsulunun ən məşhur nümayəndələri kimi A.Pinkus və A.Minaxan`ı qeyd etmək olar. Bu üsulun tətbiqi ilə əlaqədar, tədqiqatçılar tərəfindən irəli sürülən əsas arqument ondan ibarət idi ki, insanlar bir çox hallarda, öz həyatlarını yaxşılaşdırmaq istəklərində, onları əhatə edən çox saylı sistemlərdən asılı olurlar. Buradan isə belə bir nəticə hasil olur ki, insanın sosial müdafiəsi problemlərinin həllinin uzunmüddətliliyi, əsasən, sistemin təkmilləşdirilməsi və tənzimlənməsindən asılı olur. Bu baxış çərçivəsində belə bir təsəvvür geniş yayılmışdır ki, insanlara 3 tip sistemlər yaxından kömək göstərirlər: Birincisi, qeyri-formal sistemlərdir (ailə, dostlar və s.) İkincisi, formal sistemlərdir (siyasi partiyalar, həmkarlar və s.) Üçüncüsü, sosietal sistemlərdir – bunlar əsas sosial institutlardır (məktəb, hüquq mühafizə orqanları və s.) Bu kontekstdə sosial işçinin vəzifələri 2 qrupa ayrılır: Bir tərəfdən, insanlara problemlərinin həlli ilə əlaqədar kömək göstərəcək təşkilat və idarələrin fəaliyyətinin optimallaşdırılması ilə əlaqədar olan vəzifələr; Digər yandan, öz tələbatlarını ödəmək, insanın özünümüdafiə potensialını yüksəltmək məqsədi ilə, köməyə ehtiyacı olan insanlara, sosial iş müəssisələrindən geniş istifadə olunması ilə əlaqədar, sosial işçilər tərəfindən köməyin göstərilməsi. İnsan həyatında problem situasiyaları o zaman yaranır ki, onunla mühiti arasındakı əlaqə ya pozulur, yaxud da təhrif olunur. Məhz aşağıdakı hallarda bu baş verə bilər: bu və ya digər növ sistem mövcud olmur; insan ona kömək göstərmək iqtidarında olan sistemlərin mövcudluğu haqqında ya bilmir ya da bilmək istəmir; insanın bu və ya digər sistemə daxil olması onun üçün yeni problemlər yaradır; və ən nəhayət, müxtəlif sistemlərin münaqişəsi. Müvafiq üsulun tətbiqi zamanı sosial işçinin qarşısında duran əsas vəzifə, kliyent ilə onu əhatə edən sistemlər arasındakı münasibətlərin elə tərəflərini axtarıb tapmaqdır ki, məhz onlar problem və gərginlik mənbəyidir və bu problemlərin həllində sosial işçi hansı əməli tədbirlər keçirə və təklif edə bilər məsələləri gerçəkləşdirilmiş olsun. İkinci sistem modeli. İkinci sistem modeli Talkott Parsons nəzəriyyəsinin sosial işin tələbatlarına uyğunlaşdırılması ilə əlaqədar idi və qeyd etmək lazımdır ki, onun tətbiqi çox uğursuz oldu. Məsələ ondan ibarət idi ki, Parsons konsepsiyasının sosiologiya elmində ənənəvi olaraq tənqidə məruz qalan hissələri – məhz, sosial sistemdə münasibətlərin ifrat ahəngdarlığı, sistemin ta əvvəlindən tarazlığa meylli olması, subyektin fəallığının təcrid olunması kimi konseptual məqamları sosial işə tətbiq etmək cəhdləri göstərildi ki, bu da əsasən qeyri-sabit sistemlərlə əlaqəli olan sosial iş təcrübəsi üçün işlək nəzəri model ola bilməzdi. Və nəhayət, praktiki tətbiq və dinamik inkişaf nöqteyi-nəzərindən uzunmüddətli hesab edilə biləcək son model sistem – ekoloji modelidir. Bu modelin “həyat modeli” adlanan konsepsiyası günümüzdə çox populyardır. Cari model, insanları “qarşılıqlı mübadilə” vasitəsi ilə daima ətraf mühitə uyğunlaşmağa çalışan subyektlər kimi nəzərdən keçirir, yəni fərdlər ətraf mühiti dəyişdikləri kimi, özləri də onun təsiri altında dəyişirlər. Ekosistemlər nəzəriyyəsində sosial işin əsas vəzifəsi, insanların adaptiv qabiliyyətlərinin yüksəldilməsindən, insanla mühit arasındakı kompromisi daha da adaptiv etmək məqsədi ilə, insanların əhatəsinə təsirin göstərilməsindən ibarətdir. Beləliklə, müvafiq üsulda sosial işçi, müştərinin problemlərinin həlli ilə əlaqədar, təkcə onun özünü deyil, həmçinin onu əhatə edən mühitə də təsir göstərməli olur. Sosial işin strukturunda sistem-ekoloji üsulu öz nümunəsini hərtərəfli şəkildə, əhalinin sosial təminatı və dəstək işinin təşkilində tapır. Bu dəstək, əhalinin ehtiyacı olan müəyyən qruplarına həm mərkəzləşdirilmiş (formal), həm də fərdi-qeyri-formal şəkildə (qonşuların, qohumların) göstərilən köməyi əhatə edir. Beləliklə, bu kömək həm şəxsi, həm də ictimai ola bilər. Şəxsi kömək əsasən sosionomların və müştərilərin psixoloji imkanlarından, ictimai isə, tərbiyə və əks əlaqədən, ixtisaslaşdırılmış müəssisələrin təsir effektlərindən istifadə edir. Sistem üsulunun digər üsullardan fərqli cəhəti ondan ibarətdir ki, o, diqqətini kliyentin şəxsiyyətində və psixi problemlərində deyil, onun həyati problemlərinin sosial məzmununda cəmləşdirirlər. Bu üsulun mövcud çatışmazlıqlarından biri kimi, insanlara köməyin göstərilməsi ilə əlaqədar yolların seçilməsindəki konkretliyi və texnoloji cəhətdən qeyri-mükəmməlliyini qeyd edirlər.
Nəzəri çərçivə, nəzəri yanaşma, nəzəriyyə və model anlayışlarını izah edin
Nəzəri çərçivənin tərkibini meydana gətirən şeylər - Sosial iş, sosial iş konsepsiyası və fəlsəfəsidir. Sosial iş konsepsiyası və fəlsəfəsi, peşəkar fəaliyyətin nəzəri olaraq tərif edilməsi və ona dair dərin və hərtərəfli fikir istehsalıdır. Sosial iş konsepsiyası və fəlsəfəsi, sosial işin nə olduğunu, ne üçün olduğunu, niyə var olduğunu ortaya qoyur; sosial işin başlıca prinsiplərini müəyyənləşdirir. Sosial iş nəzəriyyəsi və fəlsəfəsi sahəyə aid əsas elmi kateqoriyalar, etik normalar və prinsiplərin cəmidir. Sosial işçilər üçün konsepsiyalar, sosial işin nəzəriyyə və fəlsəfəsi daxilində sosial iş aparılarkən, ehtiyac hiss edilən nəzəriyyələrdir. Bu konsepsiyaları Şeafor&Horesji(2002) istiqamət götürməyə kömək edən nəzəriyyələr və praktiki modellər olaraq iki yerə ayırır və aşağıdakı kimi tərif edirlər. İstiqamət götürməyə kömək edən nəzəriyyələr əsasən sosiologiya, psixologiya ya da antropologiya kimi sahələrdəki nəzəriyyələrin əsasında yaranan sosial iş nəzəriyyələridir. Belə konsepsiyalar davranışların ya da bəzı fərdi və ya ictimai problemlərin necə və/və ya niyə meydana gəldiyini başa düşməyə kömək edir. Bu konsepsiyalar bir problemi dərk etmək və fundamentindəki səbəbləri aydınlaşdırmaq üçün lazımdır. Müəyyən bir situasiyada dəyişikliyin necə ediləcəyi isə praktika çərçivələrinə baxmaqla görülə bilər. Praktika çərçivələri, praktik yanaşmalar, tətbiqi nəzəriyyələr və tətbiqi modellərdən meydana gəlir. Sosial işdə nəzəri yanaşmalar, sosial işin subyektlərini və obyektlərini müəyyənləşdirir, praktik sosial işin necə həyata keçiriləcəyinə dair fikirlər ortaya qoyar. Tətəbiqi nəzəriyyələr davranışın və ya vəziyyətin (problemin) necə aydınlaşdırılacağı və dəyişikliyin necə yaradıla biləcəyini izah edirlər. Tətbiqi model isə, bir sosial iş müdaxiləsinin necə həyata keçiriləcəyini təfərrüatı ilə izah edən çərçivədir. Sosial işin nəzəriyyə ilə olan əlaqəsi tsiklikdir (döngüseldir). Kateqorial aparat müştərək söz ehtiyatı yaradır. Bu söz ehtiyatı sahənin anlayışlar bütününü, yəni sosial iş nəzəriyyəsi və fəlsəfəsini formalaşdırmağa kömək edər, başqa sözlə müştərək dil formalaşdırmağı təmin edər. Gördüyümüz işi mənalandırma prosesi və bu prosesdə yaratdığımız bilik olan sosial iş nəzəriyyəsi və fəlsəfəsi, işi necə həyata keçirəcəyimiz mübahisəsini də gətirir, beləcə sosial işçilər nəzəriyyələrin öyrənilməsinə istiqamətlənirlər. Bu bilgi eklektik ve nəzəridən praktikə doğru enən sosial işi necə həyata keçirəcəyimizi öyrədən bilgidir. Bu bilgilərin işığında sosial iş praktikası həyata keçirilir. Yəni bilgilərimizi həyata ötürürük. Həm bu ötürmə sırasında, həm də təcrübədən sonra nə etdiyimizi, necə etdiyimizi yenidən nəzərdən keçirmək və dəyərləndirmək qaçınılmazdır. Dəyərləndirmə, sosial iş təcrübəsinin gözlənilən nəticələri verib-vermədiyini yoxlamaq və tətbiq etdiyimiz metod və texnologiyaların nəzəri bazamızla uyğun gəlib-gəlmədiyini sınaqdan keçirməkdir. Praktik təcrübəmizi nəzəriləşdirir; buradan öyrəndiklərimizlə yeni anlayışlar tapa bilər ya da peşənin nə olduğuna dair yeni fikirlər ortaya qoyar, praktikaya tətbiq etmək üçün müəyyən etdiyimiz bir nəzəriyyəni ya da nəzəriyyələri dəyişdirib inkişaf etdirə bilərik.
Ümumi sosial iş konsepsiyası
Sosial iş birbaşa praktiki fəaliyyətin nəticəsində yaranan peşə sahəsi olduğu üçün, peşənin yaranması ilə birlikdə peşə sahəsi olub-olmadığı mübahisələri davam edərkən, sosial problemlərin həllinə istiqamətlənən konsepsiya əsasında mövcuddu. Bu ilk konsepsiya İngilis dilində ‘generic social work’ olaraq adlandırılan ümumi sosial iş anlayışıdır. Bu anlayış, sosial xidmət təhsilini və praktikasını bilavasitə öz təsirinə məruz buraxmışdır. Ümumi konsepsiyada əsas diqqət müdaxilənin növlərinə verilir. Bu anlayışda sosial işçi ya hadisə, ya qrup, ya da icma əsasında fəaliyyət göstərən bir mütəxəssis olaraq qəbul edilir. (Zastrow,1999: 7). Bu anlayışa görə sosial işçi, müraciyətçi ilə qarşılaşdığı vaxt onun probleminə qulaq asmalı, başa düşməli və ona kömək etməli, bu kömək prosesini də fərd, qrup və ya icmadan biri ilə həyata keçirməlidir. Bir başqa ifadə ilə bu konsepsiya içindəki sosial işçi qarşısına çıxan problemli situasiyanı həll etməyə çalışarkən, aldığı peşə təlimini, öyrəndiyi nəzəriyyələri, əldə etdiyi bacarıq və vərdişləri üç fəaliyyət mərkəzindən ancaq birində istifadə etməlidir. Bu üç sosial iş mərkəzi, fərd, qrup ya da icmadır. Xüsusilə fərdlə işdə ya da problem (vaka) ilə sosial işdə fərdlə sosial iş metodundan istifadə edilir. Fərdlə sosial iş müraciyət edən fərdlə sosial işçi arasında üz-üzə, bilavasitə təmas qurulur. Qrupla sosial işdə, müştərək bir məqsədi ya da problemi olan qruplarla sosial işçinin apardığı prosesdir. Burada sosial işçi qrup içindəki fərdlərlə tək-tək iş aparmaz, bunun əvəzinə bənzər ehtiyacı və ya məqsədi olan fərdləri bir qrupa yığar və məqsədə qrupla sosial iş apararaq çatmağa çalışar. İcmada sosial işdə isə, müdaxilə hədəfindəki kütlə bilavasitə icmadır. Belə sosial işə icmanın təşkilatlandırılması da deyilir. Məqsəd icmanın ehtiyaclarının, yenə icmanın təşkilatlanması, öz imkanlarının hərəkətə keçirilməsi ilə həll edilməsidir. Bu konsepsiyanın əhəmiyyəti ilk konsepsiya olmasıdır və sosial işçinin praktikada tətbiq etdiyi peşəsinə dair ümumi, tutarlı və sistemli bilik mənbəyi olmasıdır. Ümumi sosial iş konsepsiyasının digər bir əhəmiyyəti isə, sosial işdə elmi əsaslı biliyin ortaya qoyulduğu ilk konsepsiya olmasıdır. Bu konsepsiyanın əhəmiyyətli olmasına baxmayaraq, onun oryata qoyduğu elmi biliyin praktikaya tətbiq edilməsi prosesində ciddi bir problem yaranmışdır. Bu problem qısaca belədir: Ümumi sosial iş təhsili görən sosial işçi sosial problemlə qarşılaşdığı vaxt onu hər hansı bir metodla həll etmək məqsədi güdürdü. Yəni gələn kliyentə fərdlə sosial iş dairəsində necə kömək edilə bilər, və ya qrupla sosial iş daxilində necə kömək edilə bilər. Bu istiqamətdə qərar alındıqdan sonra, bir müdaxilə planı hazırlanırdı. Bu nöqtədə sosial işçinin kliyenti dinlədiyi, başa düşdüyü və onunla aparacağı sosial işi planlaşdırıb hərəkətə keçdiyi vaxt konsepsiyasının ağırlıq mərkəzi (odağı), bəzən müraciət edənin problemindən tətbiq ediləcək metoda keçirdi. Real həyatda sosial işçi fərd, ailə, qrup, icma və cəmiyyət səviyyəsindəki problemlərə, fərd və qrup, təşkilat və qurumsal-ictimai səviyyədə müdaxilələr edir. Bütün sosial işçilər peşə həyatlarında müxtəlif qruplarla iş təcrübəsi müxtəlif olsa da, sosial iş sahəsinə olan ehtiyac sosial işçinin hər səviyyədə müdaxilə üçün lazımi bilik, bacarıq və dəyərlərə malik olmasını tələb edir. Belə vəziyyətdə, ümumi sosial iş anlayışının fərd, qrup və icma əsaslı ayrılması sosisal iş praktikasında kifayət qədər səmərəli olmamışdır. Daha sonra bu ümumi konsepsiya yerini xüsusilə Amerika mənşəli ixtisaslaşma (specialist) konsepsiyasına buraxmışdır.