Sovet hakimiyyəti illərində Azərbaycanda dövlət və din münasibətləri
1920-ci ilin aprel işğalı Şimali Azərbaycanda yaradılmış dövlət müstəqilliyinə son qoymaqla müstəqil dövlətin bütün dövlət təsisatlarını defakto ləğv etmişdi. Lakin ilk illərdə formal olaraq dövlətin bir neçə strukturu saxlanılmışdı. Ümumiyyətlə, bütün dinlərə, xüsusən də İslam dininə düşmən olan bolşevik-kommunist ideologiyası əhalinin milli-dini dəyərlərinə düşmən kəsilmişdi. Sovet hakimiyyətinin dinə münasibətinin başlıca prinsipi onun dövlətdən ayrılması idi. Lakin buna baxmayaraq, Sovet dövlətinin ilk illərində yeni quruluşun ideoloqları İslam dininin özünəməxsusluqlarını və dindarların milli heysiyyətlərini nəzərə almaq məcburiyyətində idilər.
1920-ci ilin may ayında Azərbaycan İnqilab Komitəsinin “Vicdan azadlığı” haqqında dekretinə görə, Xalq Maarif Komissarlığının (XMK) tabeliyindəki bütün dövlət məktəblərində dini təlimlərin tədrisi və hər hansı dini mərasimin keçirilməsi qadağan olunmuş, Dini İşlər üzrə Nazirlik ləğv edilmişdi. XMK-nın xüsusi əmri ilə tədris müəssisələrinin və məktəb şuralarının sədri vəzifəsini tutan dini dərəcəli şəxslər vəzifələrindən azad edilmişdilər. Dini İşlər üzrə Nazirlıyin ləğv edilməsi ilə bağlı dekret əslində hər vətəndaşa istənilən dinı etiqadı seçmək və ya heç bir dinə etiqad etməmək hüququ, eyni zamanda dinin lehinə və ya əleyhinə təbliğat aparmaq azadlığı vermişdi. Dinə etiqadı ayrılıqda hər şəxsin vicdan işi hesab edən dövlət dinə münasibətdə bitərəf qalaraq heç bir dini cərəyanın tərəfində durmur, onlardan heç birini maddi və mənəvi cəhətdən müdafiə etmirdi. Sovet dövləti böyüməkdə olan nəslin təhsil və tərbiyə işini XMK-nın sərəncamına vermiş, bütün dövlət və qeyri-dövlət məktəblərində hər hansı dini mərasimin keçirilməsi qadağan olunmuşdu.
Sovet hakimiyyətinin ilk illərində hökumət dindarları ələ almaq məqsədi ilə müxtəlif siyasi aksiyalar həyata keçirirdi. Məsələn, Qurban və Ramazan bayramları dövlət səviyyəsində qeyd edilir, Novruz bayramı günlərində məktəblərdə tətillər başlanır, küçələrdə şagirdlərin bayram nümayişləri, teatr və klublarda tamaşa və konsertlər təşkil edilirdi. Hətta 1921-ci ilin avqust ayının 30-da Nəriman Nərimanovun göstərişi ilə Məhərrəmlik günlərində Təzəpir və Bibiheybət məscidlərində dindarlara ərzaq paylanmışdı. 20 sentyabr 1920-ci ildə isə Azərbaycan İnqilab Komitəsinin dekreti əsasında Bakıda Azərbaycana məxsus qızıl, gümüş, platin, brilyant və mirvaridən ibarət qiymətli əşyaların mərkəzləşmiş şəkildə saxlanılmasını təmin etmək üçün Dövlət Mühafizə İdarəsi təsis olunmuşdu. Lakin dekretdə xüsusi olaraq göstərilirdi ki, qiymətli sərvətlərin təhvil verilməsi dini icmaların ixtiyarındakı sitayiş əşyalarına aid edilmir.
1922-ci ilin noyabr ayında Təzəpir məscidinin axundu Ağa Əlizadənin imzası ilə Azərbaycan Kommunist Partiyasının Rəyasət Heyətinə ərizə daxil olmuşdu. Axund hökumətdən Kərbəla ziyarətinə gedənlərə yardım göstərilməsini xahiş etmişdi. Mərkəzi Komitənin Rəyasət Heyəti Kərbəlaya ziyarətə gedən vətəndaşlar haqqında məsələni müsbət həll edərək, zəvvarlara o vaxt üçün böyük məbləğ olan üç yüz manatadək qızıl pul ayrılmasına qərar vermişdi.
1922-ci illərdə Volqaboyu, Ukrayna, Krım və Qafqazı aclıq bürümüşdü. 90 milyon əhalisi olan 40 quberniya aclıq içində idi. Əhaliyə yardım məqsədi ilə 1922-ci ilin may ayının 23-də Təzəpir məscidində Azərbaycan SSR dindarlarının başçıları - Axund Ağa Əlizadə, qazı Əbdülrəhim Hacızadə və b. ruhanilər aclıqla əlaqədar bütün dünya müsəlmanlarına müraciət edərək kömək istəmişdilər. Müraciətdə deyilirdi: “Müsəlman qardaşlar! Siz yaxşı bilirsiniz ki, Islam dininin əsaslarından biri əziyyət çəkənlərə, ilk növbədə aclara və yoxsullara yardım etməkdən ibarətdir. Krımdan, Volqaboyundan və başqa vilayətlərdən gələn ürək dağlayan fəryadı eşidin”. Təzəpir məscidinə toplaşan Azərbaycan üləmaları İran, Türkistan (Orta Asiyadakı türk-müsəlman coğrafiyası nəzərdə tutulur), Türkiyə, Hindistan və Əfqanıstan ruhanilərinə müraciət edərək onları aclara fəal kömək göstərməyə çağırırdı.
Nəriman Nərimanovun Təzəpir məscidində maraqlı çıxışlarından biri 1920-ci ilin iyun ayında Azərbaycan SSR-nin qadınları qarşısında olmuşdur. O, İslam dininin ən humanist addımlarından biri olan qadın-kişi bərabərliyi üzərində xüsusi dayanmış, qadınların məscidə gəlib onu dinləməsini yüksək qiymətləndirmişdi. N.Nərimanov çıxışında Təzəpir məscidinin şəhərin siyasi həyatında oynadığı rola da aydınlıq gətirmişdi.
1920-ci ilin əvvəllərində mətbuatda, partiya dairələrində müxtəlif dini ayin, bayramlar, Məhərrəmlik günlərində müsəlmanların matəm mərasimi və onların qadağan edilməsi haqqında məsələlər də müzakirə edilirdi. N.Nərimanov bu dövrdə bütün təzyiqlərə baxmayaraq, həmin meyllərin artmasına kəskin müqavimət göstərmişdir. Hətta o, 1922-ci ilin avqust ayında Məhərrəmlik təziyyəsinin qadağan edilməsinə qarşı çıxmışdı. Bu münasibətlə Təzəpir məscidinə gələn N.Nərimanov dindarlara müraciətində demişdi: “Peyğəmbərin ən sevimli nəvəsi İmam Hüseyn (ə) öz gücsüzlüyünü bilərək, Həzrət Məhəmmədin (s) qanunlarım pozan, hamını və hər şeyi qızılla ələ almaq istəyən Yezidə qarşı mərdi-mərdanə çıxış etməklə böyük qəhrəmanlıq göstərmişdir. İmam Hüseyn tabe olsun və öz vicdanım qızıla satsın deyə, Yezid böyük bir vilayətin idarə olunmasını ona təklif etdi. O, bunu qəbul etmədi, həlak oldu”.
O, fikirləri ilə İmam Hüseynin (ə) şəhidlik məktəbinin həqiqi fəlsəfəsini dəqiq xarakterizə edir, İmamın İslam dininin müdafiəsi uğrunda canını fəda etməsini milli-mənəvi dəyərlərin xilası kimi qiymətləndirir, milli-mənəvi dəyərlərin, bütün maddiyyatdan üstün olduğunu vurğulayır, hər kəsin bu dəyərlərə sadiq qalmasının vacibliyinə işarə edirdi.
1923-cü ilin avqust ayında AK(b)P-nin Bakı Komitəsinin Rəyasət Heyəti bütün rayon partiya komitələrinə və məsul işçilərinə Məhərrəmlik mərasimləri əleyhinə kampaniya aparmamaq barədə göstəriş vermişdi. 1925-ci ilin aprel ayında xüsusi qərarda inqilabi bayramlarla yanaşı, altı xüsusi dini bayramın da qeyd olunması nəzərdə tutulmuşdu.
Keçən əsrin iyirminci illərinin sonu-otuzuncu illərinin əvvəllərində SSR-nin başqa respublikalarında olduğu kimi, Azərbaycan SSR-də də İslam dininə hücumlar başlanmışdı. Bu işə, əsasən, yuxarı sinif şagirdləri, tələbələr, ədəbiyyat və incəsənət xadimləri cəlb edilmişdilər. Dövlət dini işlərdə bitərəflik, vətəndaşın vicdan azadlığı barədə özünün elan etdiyi prinsiplərindən uzaqlaşmağa başlamışdı. Dindarlara münasibətdə inzibatçılıq tətbiq olunurdu. Məhz elə buna görə 1924-cü ildə Bakıda yaradılan “Allahsızlar cəmiyyəti” zəhmətkeşlərin geniş dairəsini öz tərəfinə cəlb edə bilməmişdi.
İllər keçdikcə dinlə mübarizə daha geniş vüsət almış, məscidlərin müsadirəsi irimiqyaslı kampaniya formatına keçmişdir. 1928-ci ilin dekabr ayında AK(b)P Mərkəzi Komitəsinin Rəyasət Heyətinin iclasında “Kəndlilərə mədəni ehtiyacları üçün verilmiş məscidlər haqqında” məsələyə baxılmış, nəticədə bir sıra məscidlər mədəni-maarif müəssisələrinə çevrilmişdi. Müxtəlif idarələrə məscidlərdən minbərləri çıxartmaq, dini lövhələrin üstünü ağartmaq və məscidlərin hissə-hissə boşaldılması üçün əmrlər verilmişdi. SSRİ-nin başqa müttəfiq respublikalarında olduğu kimi, Azərbaycan SSR-də də məscidlərin və mədrəsələrin bağlanmasına, din xadimlərinin təqib olunmasına göstərişlər gəlmişdi. Quran zərərli bir kitab kimi qadağan edilmişdi. Azərbaycan SSR qəzalarında məscidlər dağıdılmış, ya da anbar, kitabxana və yaxud da muzeyə çevrilmişdi. Təkcə Quba qəzasında iyirmi iki gün ərzində 18 məscid mədəni-maarif binalarına çevrilmişdi. Lənkəran qəzasında isə yüzlərlə məscid dağıdılaraq, tikinti materialları kimi inzibati binaların inşasında istifadə olunmuşdur. Azərbaycan SSR-də 1929-cu ildə VII Ümumazərbaycan Sovetlər qurultayı ilə bağlı keçirilən seçki kampaniyası dövründə 400 məscid bağlanmışdı. Hələ AK(b)P-nin II qurultayında N.Nərimanov öz çıxışında qeyd etmişdi ki, «bizdə elə kommunist müsəlmanlar var ki, kəndə girən kimi adamları məsciddən qovur və əmr edir ki, məscidləri bağlayın. Kommunistlər fəxr edirlər ki, guya böyük iş görürlər. Onlar güman edirlər ki, bizim inqilabımızı genişləndirir və möhkəmləndirirlər. Mən belələrini əksinqilabçı adlandırıram, çünki bunlar bizim işlərimizi korlayırlar».
Məscidlərin bağlanması və onların məktəb üçün uyğunlaşdırılması əksər hallarda yerli partiya təşkilatlarının rəhbərliyi altında aparılır, onların bəziləri daha çox məscid bağlamaq üçün sosializm yarışı metodlarından istifadə edirdilər. Bir sıra qəzalarda məscidləri inzibati qaydada mədəniyyət müəssisələrinə çevirirdilər. Bu sahədə inzibati amirlik o dərəcəyə çatmışdı ki, “kollektivləşmə” ilə eyni zamanda ictimai-siyasi vəziyyətin kəskinləşdiyini nəzərə alan AK(b)P-nin VII qurultayı (1929-cu ilin aprel ayı) bu işdə əyintilərə yol verildiyini göstərmiş və belə məsələləri könüllülük əsasında həll etmək barəsində xəbərdarlıq etmişdi. Bu xəbərdarlığa baxmayaraq, yenə də dinə qarşı münasibətdə ciddi təhriflər, yolverilməz hadisələr baş verirdi: zor işlədilməsi; komsomolçuların mollalara hücum etməsi, hətta, onları döyməsi, məscidlərə basqın olunması, məscid xadimlərinin təhqiri və s. bu kimi hadisələr adi hal almışdı.
Kommunist Partiyası rəhbərliyi ateist mövqeyə sadiq qalaraq, dinin rol və əhəmiyyətini ictimaiyyətin gözündən salmaq üçün müxtəlif vasitələrdən istifadə edirdi. Bakıda dinin tarixini öyrənmək, tədqiq etmək əsasında onun əleyhinə təbliğat kampaniyası aparmaq, “mürtəce” rolunu göstərən materiallarla onu geniş xalq kütləsi qarşısında ifşa etmək “elmi-praktik” kampaniyaya çevrilmişdi.
1929-1937-ci illərdə respublikada bağlanmış məscidlərin əksəriyyətindən məktəb, klub və ya anbar kimi istifadə edilirdi. Otuzuncu illərin sonlarında Azərbaycan SSR-də ancaq 20 məscid formal olaraq fəaliyyət göstərirdi, onların bəziləri müharibədən sonrakı illərdə də açıq idi. Bu illərdə Bakıda Bibiheybət məscidi 1934-cü ilin sentyabr ayında partladılmış, Əmircanda Murtuza Muxtarov məscidi, Əjdər- bəy məscidi, İçərişəhərdə Cümə məscidi bağlanmış, Suraxanı Atəşgah məbədi isə tam baxımsız vəziyyətə salınmışdı.
1934-1938-ci illərdə Azərbaycan SSR-də 27458 nəfər repressiyaya məruz qalmışdır ki; onların da arasında din xadimləri az deyildi. Repressiyaya məruz qalan və güllələnənlər arasında Nargin adasında qətlə yetirilən Qurani-Kərimi Azərbaycan dilinə ilk tərcümə edənlərdən biri 83 yaşlı Bakı qazısı Mir Məhəmməd Kərimağa da var idi.
Azərbaycan Respublikası Dövlət Arxivində Təzəpir məscidi ilə bağlı saxlanılan maraqlı bir sənəd diqqəti cəlb edir. Sənəddə 1934-cü ilin sonlarınadək Bakıda və Azərbaycan SSR-in qəzalarında müsadirə olunan, mədəni-maarif müəssisələrinə çevrilən və məhv edilən məscid və kilsələrin sayı haqqında Moskvaya - mərkəzi hökumətə məlumat verilmişdir. Bibiheybət məscidi, Aleksandr Nevski kilsəsi və onlarla başqa dini məbədlərin “zəhmətkeş əhalinin xahişi ilə” məhv edilməsi əsaslandırıldıqdan sonra Təzəpir məscidinin, Müqəddəs Məryəmin Miladı baş kilsəsinin və erməni kilsəsinin təyinatının dəyişdirilərək onların saxlanılması məqsədəuyğun hesab olunurdu. Təzəpirlə bağlı qeyd olunmuşdur ki, tarixən bu ərazidə məscid tikilməmişdən əvvəl müsəlmanların ziyarət etdiyi pir mövcud olmuşdur. Şəhərin qatı dindar əhalisinin evləri ilə əhatə olunan bu məscidin sökülməsi ciddi narazılıqlar doğura bilər. Ona görə də yaxın gələcək- də bu binanın sovet fəhlələrinin mədəni istirahət yerlərindən birinə çevrilməsinə razılıq verilməsi tövsiyə olunurdu. Bu sənəddən görünür ki, o zamankı Azərbaycan SSR rəhbərliyi də Təzəpir məscidinin sökülməsinin tərəfdarı olmamışdır.
Beləliklə, iyirminci illərin əvvəllərində Sovet hakimiyyətinin “tən-tənəli” surətdə elan etdiyi vicdan və din azadlığı bu şəkildə heçə endirilmişdi və bu, mahiyyət etibarilə, əslində, xalqı öz mənəvi kökləri və ənənələrindən ayırmaq cəhdindən başqa bir şey deyildi. Lakin Azərbaycan xalqı özünün tarixinə, mənəviyyatına bağlılığı sayəsində bu illərin ağır sınağından uğurla çıxmış, “ideoloji” təzyiqdən xilas ola bilmişdir.
O dövrü tədqiq etdiyimiz zaman Sovet hakimiyyətinin ateist ideologiyasının Şimali Azərbaycanda açıq şəkildə iflasa uğradığını görürük. Əhali arasında allahsızlıq siyasətinə qarşı daxili müqavimət, milli-mənəvi dəyərlərdə pünhanlıq və onların qorunub saxlanılması ateizmin qəbul edilməməsinin açıq sübutudur. Siyasi hakimiyyətdən çəkinən insanlar arasında dindən uzaqlaşma prosesinin getdiyi görünsə də, daxildə hər kəs Allaha olan inancını qoruyub saxlayırdı. Dolayısıyla ateizm heç vaxt Şimali Azərbaycanda insanların qəlbinə yol tapıb hakim ideologiyaya çevrilə bilmədi. Və bu, ölkənin rəhbər strukturlarında çalışanların verdikləri qərarlarda daha çox hiss olunurdu.
Doktor N.Nərimanov dinin xalqın milli mənəviyyatına nə dərəcədə bağlılığını və Azərbaycan cəmiyyətinin ayrılmaz tərbiyəvi hissəsi olduğunu yaxşı bilirdi. Bunun üçün də hər zaman xalqın inancına hörmətlə yanaşmış, Azərbaycan SSR-in rəhbər vəzifələrində çalışdığı zaman bu məsələdə həssaslıq nümayiş etdirmişdir. Lakin N.Nərimanovun dünyagörüşündəki millilikdən narahat olan partiya rəhbərləri və onların əlaltıları onu Azərbaycandan uzaqlaşdırmağı respublikada gələcəkdə məkrli işlərin icrası üçün vacib hesab edirdilər. Bu, belə də oldu. Məhz onun Azərbaycan SSR-dən uzaqlaşdırılması nəticəsində dinimizə qarşı repressiya və təcavüz maşını işə düşdü, milli-dini ziyalılar total şəkildə məhv edilməyə başlandı.
Şimali Azərbaycanda Sovet hakimiyyəti qurulmasının ilk illərində marksizm-leninizm ideyalarının yayılmasına başlıca əngəl müsəlman ruhaniləri tərəfindən yaradılır və onlar sosializmə qarşı barışmaz mövqe nümayiş etdirirdilər. Müsəlman ruhanilərinin mövqeyi Oktyabr çevrilişi, habelə, Şimali Azərbaycanın sovetləşməsi dövründə özünü əyani şəkildə büruzə verirdi.
Şimali Azərbaycanda Sovet hakimiyyətinin ilk çağlarında Gəncədə və Zaqatalada Sovet hakimiyyəti əleyhinə qaldırılmış qiyamlarda çoxlu ruhani nümayəndələri fəal iştirak etmişlər. Azərbaycan SSR-də yüksək rütbəli ruhanilərin əksəriyyəti əksinqilabçı partiya olan Ittihad partiyasının üzvü olmuş, ölkədə Sovet hakimiyyətini devirmək üçün əksinqilabi qiyamlarda yüksək mövqelər tutmuşlar. 1922-ci ilin 10-17 avqustunda və 1923-cü ilin 18-19 oktyabrında Qubadlı qəzasında baş vermiş əksinqilabi qiyamların başçıları ruhanilər Hacı Qasım bəy Çələbioğlu və sabiq qazı Bəxti Əfəndi olmuşlar.
Lakin Sovet hakimiyyətinin zor gücünə qurulması və sovet adamlarının həyat tərzinin kökündən dəyişməsi, habelə, din əleyhinə aparılan inzibati-ateist tədbirlər nəticəsində dini ibadət yerlərinin, ruhanilərin mövqeyi və hörməti əsaslı şəkildə sarsıdılmışdı. Üzdə də olsa, dindən uzaqlaşdırılanların sayı sürətlə artır, məscid və kilsələr tədricən bağlanırdı. Buna baxmayaraq, 1925-1926-cı illərdə Azərbaycan SSR-də hələ 1700-dək məscid mövcud idi. Təkcə Bakı şəhəri və Bakı qəzasında 120-dən artıq məscid fəaliyyət göstərirdi.
İyirminci illərdə dini gözdən salmaq üçün Sovet hökumətinin xüsusi xidmət orqanları tərəfindən hazırlanan bir qrup “din xadimlərinin antidin fəaliyyətlərini də nəzərdən qaçırmaq olmaz. Məhz onlar aşıladıqları şəriət qaydaları ilə əməllərinin uyğun gəlməməsi, dindən gəlir mənbəyi kimi istifadə etməyə başlaması, həqiqi din xadimləri arasında təxribat aparması, onları heç nədən güdaza verməsi və digər düşünülmüş və məqsədyönlü addımlar insanlar arasında din xadimlərinə etimadsızlığı formalaşdırmağa başladı. Çünki cəmiyyət din xadimlərinin sözləri ilə əməllərinin uyğun gəlmədiyini açıq şəkildə görə bilirdi.
Hadisələrin sonrakı inkişafı - aramsız həbslər, sürgünlər, qətllər din xadimlərini Sovet rejiminə qarşı olan mövqelərindən geri çəkilməyə, sərt fitvalar verməkdən yayınmağa vadar etmişdi. Hətta, yuxarıda qeyd edilən “din xadimləri’nin bəziləri yeni hakimiyyətə daha loyal münasibət bəsləyərək hakimiyyəti lənətləmir, “hər bir hakimiyyət Allahdandır” - deyirdilər. Bakının məşhur mollalarından olan Mir İslam Mir Yunisoğlu 1928-ci ildə Hacı Pirverdi məscidində oxuduğu moizədə demişdi: “Ay camaat, Allah-Təala öz nökərlərinə buyurmuşdur ki, qismətdən artıq yemək olmaz. Qismətinizə qail olun. Bizim də qismətimizə Şura hökuməti çıxıb, Allahımıza şükür edib hökumətimizə qulluq etmək bizim borcumuzdur”.
Həmin dövrlərdə yaranmış sosial-siyasi mühit bəzi uzaqgörən din xadimlərinə dinin gələcək müqəddəratı haqqında da fikirləşməyi diktə edirdi. Hətta bəzi din xadimlərinin gələcək üçün dini kadrların hazırlanması haqqında düşündüyü barədə də faktlar var. Onlar İranın Məşhəd və Qum şəhərlərinə, İraqın Nəcəf şəhərinə və başqa İslam mərkəzlərindəki dini məktəblərə tələbə göndərir, Respublikanın ayrı-ayrı bölgələrində bağlanmış mədrəsələri dirçəltməyə çalışırmışlar. Bakının Buzovna qəsəbəsindəki məscidin keçmiş axundu otuzuncu illərdə gizli yolla Məşhədə gedərək, orada dini təhsil alıb qayıdanlardan olmuşdur. Sovet qanunvericiliyinin ölkə daxilində dini təhsili qadağan etməsinə baxmayaraq, 1933-cü ildə Zaqatala və Balakən rayonlarında bir neçə gizli mədrəsə fəaliyyət göstərmişdir.
Azərbaycan müsəlman ruhanilərinin antisovet əhval-ruhiyyəli qisminin mövqelərinin zəiflədilməsi üçün dini ayinlər haqqında yerli qanunvericilik formalaşdırılmışdı. “Kilsənin dövlətdən və məktəbin kilsədən ayrılması haqqında” Leninin məşhur dekreti (5 fevral l‘) 18-ci il) əsasında tərtib edilmiş və Nəriman Nərimanovun təşəbbüsü ilə Azərbaycan Xalq Maarif Komissarlığının verdiyi “Vicdan azadlığı haqqında” (15 may 1920-ci il) dekretinin bu sahədə xüsusi rolu olmuşdur. Həmin dekret əsasında Respublikadakı Dini Etiqad Nazirliyi ləğv edilmiş, dinin dövlətdən və məktəbin dindən ayrıldığı elan edilmişdir. Sovet Azərbaycanı vətəndaşlarının könüllü olaraq istədikləri dinə etiqad etməkdə, yaxud heç bir dinə etiqad etməməkdə azad olduqları qanunlaşdırılmışdır.
Sovet Rusiyasının hərbi təcavüzündən sonra Azərbaycanda məscidlərin və ruhanilərin səlis təşkilat quruluşu və ümumi struktur sistemi olmamışdır. Formal olaraq onlar Ufa şəhərində yerləşən Ümumrusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinə tabe idilər. Lakin bu təşkilatla əlaqə çox zəif olmuş və formal xarakter daşımışdır. Bəzi şiə ilahiyyatçılarının (Molla Əli Ağazadə, Bakı qazısı Mirməhəmməd Kərim ağa, axund molla Məhəmməd və başqaları) bu sahədə mütəşəkkillik yaratmaq təşəbbüsləri nəticə verməmişdir. Buna baxmayaraq, Azərbaycan SSR-də ruhanilərin kortəbii fəaliyyət göstərdiyini də demək olmazdı. Respublika ərazisində ilahiyyatçıların fəaliyyətinə başlıca olaraq Bakı məscidlərinin axundları, imam-xətibləri və nüfuzlu mollaları istiqamət verirdilər. Adətən onlar Bakının Təzəpir, yaxud Hacı Pirverdi məscidinə, axund Şeyx Qəni Molla Abdullaoğlu, Molla Murad Axundov və başqa nüfuzlu din xadimlərinin mənzillərinə toplaşar, burada ictimai-siyasi həyata öz münasibətlərini bildirər, yaranmış yeni şəraitlə əlaqədar dini qorumaq, imkan daxılində onu təbliğ etmək, Azərbaycan SSR-də dini həyatı fəallaşdırmaq və s. bu kimi məsələləri müzakirə edərdilər.
1941-1945-ci illər müharibəsinin ilk illərində ümidsizliyə qapanmış insanların kütləvi şəkildə dinə üz tutmaları bir daha Kommunist Partiyasının irəli sürdüyü ateizm siyasətinin iflasa uğramasını təsdiqlədi. 1943-cü ildə müharibənin gedişində əsaslı dönüş yarandıqdan sonra İosif Stalin Qərb dövlətləri ilə münasibətləri yaxşılaşdırmaq üçün müəyyən siyasi gedişlərə əl atdı. O, tezliklə müharibənin qələbə ilə bitəcəyini bilirdi. SSRİ dünyadan təcrid olaraq öz varlığını qoruyub saxlaya bilməzdi. Müharibədən sonra dünyada hegemon dövlətlərdən biri kimi qəbul olunmaqla yanaşı, həm də ideal siyasi kimi nüfuz qazanmalı idi. İkinci cəbhənin açılması və müharibədən sonra Qərb dövlətləri ilə əməkdaşlıq və inteqrasiya üçün isə müəyyən islahatların həyata keçirilməsi vacib idi. Bu islahatların ən önəmli olanlarından biri dini təsisatların formalaşdırılması idi.
Əlbəttə, Ufa şəhərində olan Mərkəzi Müsəlman Ruhani İdarəsi SSRI ərazisində fəaliyyət göstərən müsəlman dini obyektlərinin və ruhanilərin fəaliyyətinə nəzarət və rəhbərlik etmək iqtidarında deyildi. 1943-1944-cü illərdə bu idarənin sədri müfti A.Rəsulovun formal xarakterli dövlət tərəfindən hazırlanmış təklifi və SSRİ Ali Soveti Rəyasət Heyətinin müvafiq qərarı ilə SSRİ-dəki müsəlman obyektlərinə və ruhanilərinə əməli rəhbərlik etmək üçün aşağıdakı müstəqil müsəlman ruhani idarələri yaradılmışdi:
Dostları ilə paylaş: |