Məsələ№1.
24 yaşında sürücü, avtomobil qəzası nəticəsində qəzadan 1 saat sonra xəstəxananın təcili yardım şöbəsinə gətirilmişdir. Anamnezində başqa daxili xəstəliyi, daimi qəbul etdiyi dərman maddələri yoxdur, alkoqol qəbul etməyib.
Fiziki muayinədə huşu aydın, tənəffüsü spontan, suallara adekvat cavab verir, tənəffüsün sayı 24/dəq, nəbzi 112/dəq, ritmikdir, hər iki qoldan ölçülən qan təzyiqi bərabər, 90/60 mm c. süt.
Baş-boyun deformasiyasız, hər iki göz bəbəkləri izokorikdir. Onurğa üzərində palpasiya ilə ağrı, krepitasiya, deformasiya yoxdur.
Döş qəfəsi üzərində tənəffüs keçiriciliyi simmetrikdir, krepitasiya yoxdur. Hər iki ağciyər üzərində sərtləşmiş vezikulyar tənəffüs eşidilir, xırıltı yoxdur.
Xəstənin qarnında qoruyucu kəmər izi var. Qarın müayinəsində kəmər izi boyu toxunmaqla olan dəri-dərialtı yumşaq toxuma ağrısı var, qarnı yumşaqdır, dərin palpasiya ilə sağ qabırğaaltı nahiyyədə kəmər izi proyeksiyasında minimal həssaslıq qeyd olunur, qarının başqa nahiyyələrində ağrı, həssaslıq yoxdur, periton qıcıqlanma simptomu mənfidir. Canaq deformasiyası yoxdur, çanaq sümükləri üzərində ağrı, həssaslıq, dəri hematomu aşkarlanmadı. Xəstəyə sidik kateteri taxıldı, sidiyi təmiz, hematuriya yoxdur. Rektal müayinədə hematokeziya yoxdur. Yüngül susuzluk hissi olan xəstəyə periferik damar yolu açılıb kristalloid maye infuziyası başlandı.
Suallar:
-
Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?
-
Klinik diaqnoz nədir?
-
Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
Məsələ№2.
37 yaşında qadın, avtomobil qəzası nəticəsində qəzadan 20 dəqiqə sonra xəstəxananın təcili yardım şöbəsinə gətirilib.
Fiziki muayinədə huşu aydın, tənəffüsü spontan, suallara adekvat cavab verir, tənəffüsün sayı 24/dəq, nəbzi 112/dəq, ritmikdir, hər iki qoldan ölçülən qan təzyiqi bərabər, 90/60 mm c. süt.
Baş-boyun deformasiyasız, hər iki göz bəbəkləri izokorikdir. Onurğa üzərində palpasiya ilə ağrı, krepitasiya, deformasiya yoxdur.
Döş qəfəsi sol yarısı üzərində tənəffüs keçiriciliyi yaxşıdır, krepitasiya yoxdur, palpasiya ilə ağrı yoxdur, sağ tərəfdə qabırğalar üzərində öndə ağrı var, tənəffüs keçiriciliyi azalıb. Auskultasiyada sol ağciyər üzərində sərtləşmiş vezikulyar tənəffüs eşidilir, xırıltı yoxdur, sağ ağciyərin aşağı payı üzərində tənəffüs səsləri zəif eşidilir.
Xəstənin qarnında qoruyucu kəmər izi var. Qarnın müayinəsində kəmər izi boyunca palpasiya zamanı dəri və dərialtı yumşaq toxuma ağrılıdır, lakin qarnı yumşaqdır, dərin palpasiya ilə sağ qabırğaaltı nahiyyədə kəmər izi proyeksiyasında həssaslıq qeyd olunur, qarının başqa nahiyyələrində ağrı, həssaslıq yoxdur, periton qıcıqlanma simptomu mənfidir. Canaq deformasiyası yoxdur, çanaq sümükləri üzərində ağrı, həssaslıq, dəri hematomu aşkarlanmadı. Xəstəyə sidik kateteri taxıldı, sidiyi təmizdir, hematuriya yoxdur. Rektal müayinədə hematokeziya yoxdur.
Anamnezində başqa daxili xəstəliyi, daimi qəbul etdiyi dərman maddələri yoxdur, alkoqol qəbul etməyib.
Xəstənin çəkilmiş döş qəfəsi rentgenoqramında sağda ön aksillar və orta klavikulyar xətt boyu 4,5,6,7 qabırğa sınıqları, sağda pnevmo-hemotoraks aşkarlanmış, qarının USM –də qaraciyər 4-5 ci segment sərhədində 4,5 cm uzunluqda və kapsuldan etibarən 2,5 cm dərinliyə qədər parenximanın xətşəkilli laserasiyası, qarın boşluğunda sağ qabırğaaltı nahiyyədə maksimum 50 ml qədər qan aşkarlanmışdır.
Suallar:
-
Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?
-
Klinik diaqnoz nədir?
-
Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
Məsələ№3.
45 yaşında qadın, dünən axşamdan yeməkdən iki saat sonra mədə nahiyəsində başlayan daha sonra göbək ətrafına yayılan qarın ağrısından, iştahsızlıqdan şikayətlənir. Axşam yeməkdə eyni gün bişmiş şorba yeyib. Omeprazol kapsul, Maalox suspenziya, Baralgin, No-şpa tablet qəbul edib, ağrısı bir qədər kütləşsə də tam keçməyib, gecə yarıdan etibarən qarının sağ aşağı hissəsində qalıb. Axşam saatlarında ürəkbulanması olsa da, qusa bilməyib, hal-hazırda ürəkbulanması yoxdur. Ən son dünən normal konsistensiyalı defekasiyası olub, qaz çıxarır. Hərarəti olmayıb, dizurik şikayətləri yoxdur.
Anamnezində daxili xəstəliyi, daimi qəbul etdiyi dərman maddələri, allergiyası yoxdur, 10 il əvvəl uşaqlıqdan kənar boru hamiləliyi səbəbilə sol tərəfli tubektomiya olunub. Menstrual sikli düzgündür, 4/28, son aybaşısı 5 gündür bitib.
Fiziki müayinədə: Ümumi vəziyyəti yaxşı, huşu aydındır, Nəbz- 68/dəqiqə, A/T- 120/75 mm c.süt, bədən hərarəti -36,70C.
Fiziki müayinədə - tənəffüs və ürək damar sistemi patologiyasızdır. Qarnında köp var, göbəkaltı orta xətt boyu əməliyyat çapığı var, auskultasiyada bağırsaq səsləri normoaktivdir,palpasiyada hepato-splenomeqaliyası yoxdur, kütlə palpasiya edilmir, qarnı sağ qalça çuxuru nahiyyəsində ağrılıdır, sağ qalça çuxuru nahiyyəsində və sağ qasığa doğru palpasiya ilə həssaslıq qeyd edilir, periton qıcıqlanma simptomu- Şetkin- Blümberg, Rovzinq simptomları müsbətdir. Pasternatski simptomları hər iki tərəfdə mənfidir.
Suallar:
-
Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?
-
Klinik diaqnoz nədir?
-
Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |