Tarix dərsliyi. V-XI siniflərin tarix dərsliklərinin təhsil-tərbiyəvi və inkişafetdirici vəzifələrinin xarakteristikası – onlar arasında ardıcıllıq və varislik.
Dərslik - tədris fənni üzrə biliklərin başlıca mənbəyi olub Respublika Təhsil Nazirliyi tərəfindən təsdiq olunur. Bu və ya digər fənn və mövzu üzrə proqram materialının məzmununu açır, sual və tapşırıqları, test nümunələrini əks etdirir.
Dərslik – müəllimin istinad etdiyi əsas bilik mənbəyi və əsas tədris vasitəsidir. Dərslikdə məktəb proqramı həcmində şagirdlərin yaş və hazırlıq səviyyəsinə uyğun olaraq tarix elminin əsasları şərh olunur. Dərsliyin əsas məqsədi – fənnə aid olan elmlərin vəhdətini yaratmaq, tarix elminin əsaslarını sistemləşdirmək, nəzəriyyə və praktika arasında əlaqəni yaratmaqdır.
Tarix dərsliyi məlumat daşıyıcısı funksiyasını yerinə yetirir, yəni, dövlət proqramını təzahür etdirərək, inkişaf etdirərək təhsilin əsas mahiyyətini və məğzini açır. Dərslik sistemləşdirici funksiyanı – yəni hadisə və prosesləri məntiqi ardıcıllığını təmin edir və digər mövcud materialları sistemləşdirir. Dərslik nəzarətedici funksiyasını da yerinə yetirir, yəni, o öyrənilmiş materialın mənimsənilməsinə və möhkəmləndirilməsinə nəzarət edir. Dərslik tərbiyəedicilik funksiyanı da yerinə yetirir.
Tanınmış tarixçi – metodist A.A.Vagin tarix dərsliklərinin tərtibində aşağıda sadalanan tələblərin gözlənilməsini məqsədəuyğun hesab edir:
1) Tarix dərsliyinin məzmunu elmi cəhətdən qüsursuz olmalıdır. Tarixi dövrlər məntiqi-xronoloji ardıcıllıqla verilməlidir; 2) dərslikdəki şərhlər, tarixi hadisələrin səciyyələndirilməsi və qiymətləndirilməsi, ümumiləşdirilmiş fikirlər və nəticələr həmin yaşda olan şagirdlər üçün anlaşıqlı olmalıdır. Elmi məlumatları sadə, aydın, bədii şəkildə şərh etməklə, şagirdlərin lüğətini zənginləşdirməli, onların nitqini və tarixi təfəkkürünün inkişafına kömək etməlidir; 3) Tarix dərsliyindəki didaktik materialların yerləşdirilməsi, yeni anlayışların vaxtında açılıb göstərilməsi ilə dərslik tarixi hadisələrin şagirdlər tərəfindən dərk olunması prosesinin düzgün təşkil edilməsini təmin etməlidir; 4) məzmunun seçilib ayrılması, ən mühüm anlayışların açılıb göstərilməsi, ictimai həyatın ən mühüm tərəflərinin öyrənilməsi cəhətdən, həm də problemlərin tədriclə artan mürəkkəbliyi və onları öyrənməyin dərinliyi mənasında və nəhayət dərsliklərin metodiki cəhətdən şagirdlərin ardıcıl yaş qrupları üçün dərsliklər arasında ardıcıllığın olması təmin edilməlidir; 5) tarix dərsliyinin metodik aparatı da olmalıdır:
- tarix dərsliklərində tarix xəritələri (o cümlədən rəngli xəritələr), illüstrasiyalar və digər əyani təsvirlər (diaqramlar, sxematik planlar və s.) və kiçik arayış materialı, mündəricat, xronoloji cədvəl olmalıdır.
Metodik ədəbiyyatda tarix dərsliyi – «nağıl edən» dərslik və «yığcam məlumat verən dərslik» haqqında məsələ hələ də mübahisəli olaraq qalır.
«Açıq» dərslik müdafiəçiləri ilə «nağıl edən» dərslik tərəfdarları arasındakı mübahisə şagirdlərin yaşı hesaba alınmaqla müxtəlif üsulla həll edilir. V-IX siniflərdə nağıl və təsvir daha çox yer verilməlidir. X-XI siniflər üçün dərsliklərin məzmununun şərhində nəzəri ünsürlü təhlil, elmi xarakteristika, nəticə və ümumiləşdirmələr daha çox olmalıdır. Ancaq hər bir yaş üçün tarix dərsliyində müxtəlif metodlarla şərh olunmuş material olmalıdır. Belə olduqda məktəbli orada həm canlı nağıl, həm gözəl təsvir, xarakteristikalar tapar. Dərsliklərdə hadisələrin yığcam şərhi də, mürəkkəb tarixi hadisələrin izahı da, qısa nəticə və ümumiləşdirmələr də olmalıdır. Hazırda məktəblərimiz interaktiv təlimə uyğunlaşdırılmış dərslikləri gözləyir.
Dərs materialı həmin yaşda şagirdlər üçün maraqlı olmalı, biliyə həvəs oyatmalıdır, dərsdə və evdə ciddi və cəzbedici rolunu iş üçün həvəsləndirməlidir. Dərslik düşünməyi öyrətməli, şagirdlərin nitq inkişafına kömək etməlidir. Tarix dərsliyinin mətni üçün seçilən didaktik materiallar aşağıdakı prinsiplər əsasında seçilməlidir: 1) dərslik – proqramın tədris materialının seçilməsinə qoyulmuş tələbləri yerinə yetirir. Hər kurs üçün seçilən tədris materialı cəmiyyətin inkişafının əsas inkişaf dinamikasını və qanunauyğunluğunu açmağa xidmət etməlidir; 2) dərslik üçün seçilən material tarixi prosesin əsas tərəflərini və istiqamətlərini özündə ehtiva etdirən faktlara əsaslanmalıdır; 3) dərslikdəki tarixi hadisə və proseslər həmin prosesin təzahür etdiyi ölkənin tarixi nümunəsində verilməlidir; 4) başqa ölkələrin nümunəsində bu prosesin xüsusiyyətləri göstərilməlidir.
Tarix dərsliklərində həssaslıq (həssas məsələlərə münasibətdə etik normalar gözlənilməlidir). Belə ki, dərslikdə irqi etnik, milli, dini, müxtəlif sosial qrupların, cinslərin hisslərinə hörmətlə yanaşılmalıdır. Dərslikdə cinslər arasında bərabərlik məsələsi, gözlənilməli və onların imkanlarının bərabərliyi ideyası təlqin olunmalıdır. Dərslikdəki mətnlər və tapşırıqlar irqi, etnik, milli, dini, müxtəlif sosial qrupların, cinslərin arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməlidir. Azsaylı xalqların maraqları və potensialları ümummili (Azərbaycan Respublikası) və ümumdünya mənafeləri ilə əlaqəli şəkildə verilməlidir. Tarixi şəxsiyyətlər səciyyələndirilərkən onların yerli, sosial, milli və ümumbəşəri cəhətləri göstərilməlidir.
Tarix dərsliyi bir sıra komponentlərdən ibarətdir: 1) mətn (əsas, əlavə, izahedici), 2) mətndənkənar komponentlər: mənimsəmə aparatının təşkili; 3) illüstrativ material, istiqamətləndirmə aparatı.
Dərsliyin əsas mətni nəzəri və faktiki materialı özündə birləşdirir və təsviri, izahedici xarakter daşımalıdır. Əlavə mətn məlumat materialından ibarətdir. İzahedici mətn qeydlərdən və şərhlərdən ibarətdir.
Mətndənkənar komponentlər suallar sistemi və tapşırıqlardan (mənimsəmə aparatının təşkili), elmi-idraki illüstrasiyalardan, müxtəlif göstəricilərdən (is-tiqamətləndirimə aparatı) ibarətdir. Dərsliyin strukturu faktların seçilməsi ilə təyin edilir. Dərslik başlıqlara və paraqraflara bölünərkən, paraqrafların bütövlüyü, tamlığı, süjetin bitkinliyi nəzərə alınmalı, paraqrafların məzmunu və sayı isə dərslərin sayına uyğun gəlməlidir.
Tarix, şagirdlər qarşısında, tarixi prosesi və onun qanunauyğunluqlarını açıqlayaraq, yeniyetmələrdə dünyagörüşünün formalaşması prosesində əsas rol oynayır.
Tarix üzrə tədrisin məzmunun əsas elementi – bilikdir. Biliklər özündə insanın sosial təcrübəsini cəmləşdirir və dünyagörüşünün, müasir həyatda hadisələrin çətinlik və ziddiyyətlərinin düzgün başa düşülməsi üçün şərait yaradır. Tarixi biliklər – ideya – mənəvi tərbiyənin və dünyagörüşünün formalaşmasında və tarixi reallıq haqqında anlayışların formalaşdırılmasında mühüm rol oynayır.
Tarixi öyrənərkən məktəbliklər hadisələrlə, keçmişin əşyaları ilə, müxtəlif dövrlərdə yaşamış və fəaliyyət göstərmiş insanların həyat tərzi ilə tanış olurlar. Faktların vaxt baxımından lokallaşdırılması şagirdlərdə xronoloji biliklər, məkan baxımından lokallaşdırılması isə – tarixi coğrafi biliklər tələb edir. Hadisələr, xronologiya, tarixi coğrafiya konkret faktların köməyi ilə dərk edilir. Məlum olduğu kimi tarixi biliklər strukturunun birinci komponentini – tarixi anlayışlar təşkil edir ki, şagirdlər də tarixi anlayışları məhz dərslikdən mənimsəyirlər.
Dərslikdəki təlim materialları şagirdlərdə tarixi faktlar haqqında təzahür yaratmaqla, bu faktların daxili mənasını dərk etməyə və bunlar arasındakı əlaqənin yaradılmasına motiv yaradır. Tarixi biliklərin ikinci daha yüksək fazası nəzəri biliklərdir. Tarixi mahiyyət və tarixi faktların izah olunması anlayışlar, qanunlar sisteminin köməyi ilə həyata keçirilir, bu da tarixi biliklər strukturunun üçüncü komponenti – tarixi proseslərin qanunauyğunluqlarıdır.
Orta məktəbdə şagirdlər tarix elminin ancaq başlanğıc mərhələsi ilə tanış olurlar. Keçmişin və indinin təzahürlərinə metodoloji yanaşma şagirdlərin qiymətləndirici mülahizələrini formalaşdırır, onların tarixi şəxsiyyətlərə və hadisələrə münasibəti bildirmək bacarıqlarının yaranmasına zəmin yaradır. Tarixi faktlara verilən qiymətlərə elmi yanaşma, elmi yəqinlik tarixi mənbələrdən əldə edilmiş biliklərə əsaslanır. Tarixi biliklərin strukturuna tarixi materiallar üzərində əməliyyat vasitələri də daxildir. Şagirdlər tarixi faktları öyrənir, təsəvvürlərində canlandırır və əvvəllər alınmış biliklərdən istifadə etməyi öyrənirlər. Əvvəllər qavranılmış əməliyyat vasitələrinin köməyi ilə şagirdlər müəyyən bacarıqlara yiyələnirlər və onların dərketmə fəaliyyəti yüksəlir.
Müəllimin tarixi biliklərin strukturunu və funksiyasını bilməsi ona tədris məsələlərini daha səmərəli yerinə yetirməyə imkan verir. Bütün bunlar gələcək nəslin tərbiyə və inkişafına köməklik göstərir. Ona görə də dərsliklər Azərbaycan tarixi ilə ümumi tarixin ardıcıllığı və ümumi səciyyəvi xüsusiyyətlərini nəzərə almaqla tərtib edilir. Azərbaycan tarixi ilə ümumi tarixin məntiqi və xronoloji ardıcıllığı məsələləri ümumtəhsil orta məktəblərində tarix təhsilinin müasir sistemi fəslində daha geniş vermişik.
Dərslikdəki materialları dövrlər üzrə səciyyələndirməklə orta məktəbdə tarix təhsilinin məzmunu haqqında daha, yetərli təsəvvür əldə edə bilirik. Orta məktəbin tarix dərsliklərində Vətən tarixi ilə ümumi tarix arasında məntiqi tarixi ardıcıllıq prinsipini əsas götürməklə tarix təhsilinin gələcəkdəki yeni məzmununu belə təsvir edirik:
I. Sivilizasiyaya qədərki insanların həyatı;
II. Qədim sivilizasiyalar;
III. Orta əsr sivilizasiyaları;
IV. Ənənəvi cəmiyyətdən sənaye cəmiyyətinə keçid;
V.Sənaye cəmiyyətinin inkişafı;
VI. Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid.
Dostları ilə paylaş: |