TəLƏBƏ: abasov emil müƏLLİM: quliyev röVŞƏN



Yüklə 52,38 Kb.
tarix14.12.2023
ölçüsü52,38 Kb.
#176954
ABASOV EMİL-AZ TARİXİ 5


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


TƏLƏBƏ: ABASOV EMİL
MÜƏLLİM: QULİYEV RÖVŞƏN
FƏNN: AZƏRBAYCAN TARİXİ
QRUP: 561A2
KURS: 1
İXTİSAS: MAŞIN MÜHƏNDİSLİYİ




1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclasından sonra gürcü nümayəndələri seymdən çıxıb öz müstəqilliklərini elan etdilər. Səhəri gün bölgədə yaranmış mürəkkəb vəziyyəti müzakirə etmək məqsədilə keçmiş seymin müsəlmanlardan ibarət üzvləri Tiflisdə toplandılar. Burada Nəsib bəy Yusifbəylinin geniş məruzəsi dinlənildi. Hərtərəfli müzakirədən sonra onlar Şərqi Zaqafqaziyanın idarə olunmasını üzərlərinə götürmək üçün Zaqafqaziya müsəlmanlarının Müvəqqəti Milli Şurasını elan etdilər. Müvəqqəti Milli Şuranın yaradılması və onun vəzifələri haqqında məlumat vermək üçün N.Yusifbəyli, Ş.Rüstəmbəyov və X.Sultanovdan ibarət nümayəndə heyəti Tiflisdən Gəncəyə göndərildi.
1918-ci il mayın 28-də Tiflisdə Qafqaz canişininin iqamətgahında doktor Həsən bəy Ağayevin sədrliyi ilə Milli Şuranın ilk iclası keçirildi. Uzun və hərtərəfli müzakirədən sonra Azərbaycanın Müstəqil Xalq Cümhuriyyəti kimi elanı barədə "İstiqlal Bəyannaməsi" qəbul edildi. Bəyannamənin 4-cü bəndində deyilirdi ki, "Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi gözləmədən qəməlrounda (hüdudları daxilində) yaşayan bütün vətəndaşlarına hüquqi siyasiyyə və vətəniyyə təmin eylər". Mayın 30-da isə Azərbaycanın müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə məlumatlar verildi.
Bununla da XX əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslər, imperiya daxilində bir araya gətirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması 1918-ci il mayın 28-də Azərbaycana istiqlaliyyətini elan etmək şansı verdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ölkəmizin çoxəsrlik tarixinin, sosial-iqtisadi və mədəni inkişafının, əsrin əvvəllərində başlanan, Rusiya imperiyasının süqutu ilə daha da genişlənən milli azadlıq mübarizəsinin məntiqi yekunu oldu. Təbii ki, bu dövrdə müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər xalqın gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edirdi.
İstiqlal Bəyannaməsini qəbul edən Milli Şura Azərbaycan hökumətini təşkil etməyi bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Elə həmin gün F.Xoyskinin təklif etdiyi Nazirlər Şurasının tərkibi təsdiq edildi. İlk hökumətin tərkibi "Müsavat", Müsəlman Sosialist bloku, "Hümmət", "İttihad" və bitərəflərdən ibarət olmaqla formalaşdırıldı. Milli Şura F.Xoyskini Nazirlər Şurasının sədri və daxili işlər naziri, X.Sultanovu hərbi nazir, Nəsib bəy Yusifbəylini xalq maarifi və maliyyə naziri, Məhəmmədhəsən Hacınskini xarici işlər naziri, Xudadat bəy Məlikaslanovu post-teleqraf və yollar naziri, Əkbər ağa Şeyxülislamovu əkinçilik və əmək naziri, Camo bəy Hacınskini dövlət nəzarəti naziri vəzifəsinə təsdiq etdi. İstiqlal Bəyannaməsində ali icraedici hakimiyyətin müvəqqəti hökumətə məxsus olduğu bildirilirdi və hökumət Milli Şura qarşısında məsul idi.
Müsəlman Şərqində ilk demokratik və hüquqi dövlət kimi istiqlaliyyətini bütün dünyaya bəyan edən Azərbaycan ilk gündən beynəlxalq aləmdə tanınmağı qarşıya məqsəd qoydu. Hökumətin və ali qanunverici orqanın səlahiyyətlərini eyni zamanda icra edən Milli Şuranın bu istiqamətdə ilk mühüm addımlarından biri 1918-ci il iyunun 4-də qardaş Türkiyə ilə hərbi-siyasi müqavilənin imzalanması oldu. "Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi" adlanan həmin sənəddə "Dinclik və asayişi möhkəmləndirmək, ölkənin təhlükəsizliyinin təmini üçün əgər zərurət olarsa, Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür" müddəasının yer alması o zaman gənc müstəqil dövlət üçün taleyüklü məsələ idi.
Azərbaycan Milli Şurasının 1918-ci il iyunun 13-də Tiflisdə keçirilən sonuncu 6-cı iclasında isə erməni-daşnak hərbi birləşmələrinin azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğınlar barədə İrəvandan gələn həyəcanlı xəbərlər geniş müzakirə olunurdu. İrəvandan qayıtmış şura üzvü İbrahim Ağa Vəkilov müsəlmanların acınacaqlı vəziyyəti barədə məlumat verərək onlara 150 min rubl həcmində yardım göstərilməsini təklif edirdi. O, həmçinin quberniyada müsəlman qaçqınların sayının 150 min nəfərə çatdığını, 206 kəndin dağıdıldığını, sakinlərinin olmazın işgəncələrə məruz qaldığını bildirdi. Bütün bunları nəzərə alan Milli Şura isə türk ordusu komandanlığından İrəvan qaçqınlarının ərzaq təminatına və doğma kəndlərinə qayıtmalarına kömək göstərməyi xahiş etdi.
1918-ci il iyunun 16-da isə Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncə şəhərinə köçdü. Azərbaycan Respublikasının müvəqqəti paytaxtının Gəncədə yerləşməsi haqqında dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanat göndərildi. Lakin orada müxtəlif irticaçı qüvvələr Azərbaycan Milli Şurası və Müvəqqəti hökumətin işini pozmağa cəhd göstərirdilər. İyunun17-də Milli Şuranın buraxılması və bütün qanunverici hakimiyyətin hökumətin səlahiyyətinə keçməsi haqqında qərar qəbul edildi. Qərarda bildirilirdi ki, hökumət hər vasitə ilə Azərbaycanın müstəqilliyini qorumalı, siyasi azadlıqlar, torpaq və başqa vacib qanunları ləğv etməmək şərti ilə qalan məsələlərin həllində tam ixtiyar sahibi olmalıdır. Müvəqqəti hökumət altı aydan gec olmayaraq Müəssislər Məclisinə seçkilər keçirib hakimiyyəti ona təhvil verməlidir.
Nazirlər Şurasının tərkibində bəzi dəyişikliklər edildikdən sonra yeni kabinet işə başladı. Müxtəlif qüvvələr arasında mübarizə gücləndiyi üçün iyunun 19-da Azərbaycanda yaranmış gərgin vəziyyət nəzərə alınaraq ölkə ərazisində hərbi vəziyyət elan edildi. Bakı quberniyası Xalq Komissarları Sovetinin Gəncə üzərinə hazırladığı hücumun qarşısını almaq və daha sonra Qafqaz İslam Ordusunun köməyi ilə Bakını azad etmək üçün milli qoşun hissələrinin yaradılması sahəsində əməli işlər görülməyə başladı. Hökumət vaxt itirmədən bu istiqamətdə ciddi addımlar atırdı. Nazirlər Kabinetinin 1918-ci il 26 iyun tarixli, 164 saylı sərəncamı ilə Azərbaycan Milli Ordusunun yaradılması Xalq Cümhuriyyəti hökumətinin tarixi qərarlarından biri oldu. Eyni zamanda hökumət ictimai asayişin, qanunçuluğun qorunması, vətəndaşların təhlükəsizliyinin təmini üçün iyulun 2-də ilk polis bölüyünün təşkilinə qərar verdi. Sonrakı aylar müvəqqəti hökumətin Azərbaycanın paytaxtına sahib olması uğrunda mübarizəsinə həsr edildi.
Dövlətçilik atributlarına sadiq qalan cümhuriyyət hökuməti xalqda milli ruhu da yüksəltməyə çalışır, özünüdərkə xidmət edən addımları xüsusilə diqqət mərkəzində saxlayırdı. Bunun ən bariz nümunələrindən biri də 1918-ci il iyunun 27-də "Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında" fərmanın imzalanması idi. Sənəddə deyilirdi: "Dövləti lisan türk dili qəbul edilərək, irəlidə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istimalına müsaidə edilsin". Beləliklə, iki il müddətində ölkədə dövlət orqanlarının işinin tamamilə ana dilinə keçməsi nəzərdə tutulurdu. Fərmanla Azərbaycan dilli savadlı kadrların çatışmazlığı nəzərə alınaraq, dövlət idarələrində müvəqqəti olaraq rus dilindən istifadəyə icazə verilirdi.
1918-ci il iyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq, noyabrın 9-da isə yaşıl, qırmızı və mavi zolaqlı, üzərində ulduz olan bayraq (Azərbaycanın hazırkı dövlət bayrağı) dövlət bayrağı kimi qəbul edildi. Tarixi qərarlardan biri də gənc respublikanın milli qürur yerinə çevrilən dövlət himninin qəbulu idi. Azərbaycanın milli valyutasının - manatın dövriyyəyə buraxılması da cümhuriyyət hökumətinin uğurlu islahatlarından biri kimi böyük əhəmiyyət kəsb edirdi.
1918-ci il iyul ayının 15-də hökumət Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə qərar vermişdi. Komissiya I Dünya müharibəsi zamanı Cənubi Qafqazda erməni millətçiləri, daşnaklar tərəfindən türk-müsəlman əhalisinə qarşı törədilən soyqırımı cinayətlərini, onların əmlaklarının talan olunması faktlarını araşdırıb cinayətkarları məsuliyyətə cəlb etməli idi. Təhqiqatın materialları cəmləşdirilib əsasən Avropa dillərində çap olunmalı və yayılmalı idi. Həmin il avqustun 11-də "Hərbi mükəlləfiyyət haqqında" qərar qəbul olundu, avqustun 23-də isə "Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında" fərman imzalandı.
Milli hökumət eyni zamanda Azərbaycan ətrafında mövcud informasiya blokadasını yarmağa, respublikanı dünya miqyasında tanıtmağa, fəaliyyəti haqqında xalqı məlumatlandırmağa ciddi ehtiyac duyurdu. Sentyabrın 15-də Gəncədə rəsmi dövlət orqanı olan "Azərbaycan" qəzetininın ilk sayının çapdan çıxması da bu zərurətdən irəli gəlirdi. Qəzet həmin dövrə qədər çap olunan bir çox nəşrlərdən fərqli olaraq tarixi bir missiyanı həyata keçirir, gənc, müstəqil Azərbaycan dövlətinin həyatında baş verən ictimai-siyasi və iqtisadi prosesləri işıqlandırır, hökumətin rəsmi mövqeyini ifadə edirdi.
1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, respublika ərazisinin müəyyən hissəsi, o cümlədən Bakı və ətraf rayonlar erməni-bolşevik birləşmələrinin nəzarəti altında idi. Birinci Dünya müharibəsindən, habelə Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən istifadə edən ermənilər mənfur iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olmuş, Azərbaycanın bəzi bölgələrini, o cümlədən Bakını işğal etmişdilər. Bu isə yeni yaranmış Xalq Cümhuriyyətinin tam müstəqilliyinə imkan vermir, onun fəaliyyətini məhdudlaşdırırdı. Müstəqilliyə yeni qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətin isə özünün ərazi bütövlüyünü təmin etmək və daxildəki erməni-bolşevik birləşmələrini zərərsizləşdirmək imkanları hələ yetərincə deyildi. Bu ərəfədə Müəssislər Məclisinin çağırılması sahəsində işlərə başlamaq üçün Nazirlər Şurasının sədri, daxili işlər və xalq maarifi nazirlərindən ibarət komissiya yarandı. Bu komissiyanın öz işini sürətləndirdiyi və ümumiyyətlə dövlət quruculuğu sahəsində apardığı islahatların genişləndiyi bir şəraitdə Azərbaycanın beynəlxalq vəziyyəti kökündən dəyişmiş oldu. Dünya müharibəsinin bitməsi ilə Antanta adından Britaniya qoşunları Bakını tutmalı idi.
Gərginliyin son həddə çatdığı bir vaxtda - 1918-ci ilin iyununda Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu iyun-avqust aylarında Gəncədə, Yevlaxda, Göyçayda, Kürdəmirdə və digər bölgələrdəki ağır döyüşlərdə eser-menşevik və daşnak qoşunlarını darmadağın edərək sentyabrın 15-də Bakıya daxil oldu. Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Beləliklə, 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara, özbaşınalıqlara son qoyuldu. Ermənilərin xalqımızı cismən məhv etmək və "böyük Ermənistan" yaratmaq xülyasının qarşısı qətiyyətlə alındı. Bakı "Sentrokaspi diktaturası"ndan azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçdü, mühüm dövlət təsisatları məhz burada yerləşdirildi, ölkədə quruculuğun əsas mərhələsinə start verildi.
Noyabrın 16-da Azərbaycan Milli Şurası fəaliyyətini yenidən bərpa edərək müsəlman Şərqində ilk demokratik parlamentin formalaşdırılması istiqamətində əməli fəaliyyətə başladı. Milli Şuranın noyabrın 19-da keçirilən ikinci iclasında "Müvəqqəti Azərbaycan parlamanının təşkili haqqında" qanun layihəsi geniş müzakirə olundu, habelə Müəssislər Məclisinə - geniş tərkibli Azərbaycan parlamentinə seçkilər dekabr ayının 3-nə təyin edildi. Seçkilərlə bağlı qəbul edilmiş qərarda göstərilirdi ki, Azərbaycanda müxtəlif millətlər məskunlaşdığı üçün qanunvericilik orqanında bütün millətlərin nümayəndələri təmsil olunmalıdır. Yeni formalaşdırılacaq parlament 120 nəfərdən ibarət olmalı, 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları, 1 nəfər isə yəhudiləri təmsil etməli idi. Milli Şuranın 19 noyabr 1918-ci il tarixli iclasının qərarına əsasən, 1917-ci ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə də birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil edildi.
1918-ci il dekabrın 7-də isə H.Z.Tağıyevin Qızlar məktəbinin binasında Azərbaycan Parlamentinin təntənəli açılışı keçirildi. Parlament ilk iclasında bir sıra məsələlərlə yanaşı, F.Xoyski hökumətinin istefasını da qəbul etdi və yeni hökumətin təşkili qərara alındı. Hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırıldı, o, 1918-ci il dekabrın 26-da öz proqramı ilə çıxış edərək yeni kabinetin tərkibini açıqladı. Parlament hökumətin proqramını qəbul etdi və ona etimad göstərdi.
Ümumiyyətlə, peşəkar parlamentin təşkili ilə Xalq Cümhuriyyətinin parlamentarizm tarixində ikinci mərhələ açılmışdı. Bu dövrdə parlamentin 11 daimi komissiyası fəaliyyət göstərmiş, 145 iclası keçirilmiş, müzakirəyə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Lakin parlamentdə daxili ziddiyyətlərin kəskinləşməsi, fraksiya və qruplaşmaların çoxluğu onun normal fəaliyyət göstərməsini əngəlləyirdi. Ayrı-ayrı fraksiya və qruplar bir çox hallarda özlərinin məhdud fraksiya və qrup mənafelərini ümummilli mənafedən üstün tuturdular. Məsələn, parlamentin sosialist bloku "yoxsulların mənafeyini müdafiə etmək" pərdəsi altında müntəzəm olaraq Azərbaycanın sovet Rusiyasına birləşdirilməsi ideyasını təbliğ etmiş, orada diplomatik nümayəndəliyin açılması barədə qərarın qəbuluna nail olmuş, nəhayət, Qızıl Ordunun ölkəyə müdaxiləsinə tərəfdar çıxmışdı. Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ayda hökumətin 5 dəfə dəyişdirilməsi də məhz bu ziddiyyətlərin nəticəsi sayılmalıdır.
Bu müddətdə Cümhuriyyət hökumətinin təşəbbüsü ilə "Azərbaycan parlamentinin yaradılması haqqında", "Parlamentin mühafizəsinin təşkil edilməsi haqqında", "Dağlılar hökumətinə 10 milyon yardım edilməsi haqqında", "Hərbi nazirliyin heyəti haqqında", "Parlament iclaslarında iştirak etməyən deputatlar haqqında", "Dövlət xidmətində olmaqla parlament üzvü olmağın qəbuledilməzliyi haqqında", "Deputatlıq və məmurluq haqqında", "Fəhlə nəzarəti haqqında", "Azərbaycan Respublikası hökuməti idarələrində çalışan qulluqçulara birdəfəlik müavinət verilməsi haqqında", "Yollar və qara yollar, onların təmiri və inşasının Yollar Nazirliyinə verilməsi haqqında", "Müəssislər Məclisinə seçkilər üçün qanunnamə hazırlanmasına görə 20 min rubl ayrılması haqqında", "Vergilər sahəsində şikayətləri araşdırmaq üçün Maliyyə Nazirliyi nəzdindəki Ali Şura instansiyasının yaradılması haqqında", "Poçt və teleqraf nizamnaməsinin 131-ci və digər maddələrinin ləğv edilməsi haqqında", "Azərbaycan quberniya sənaye vergisi idarəsinin təşkili haqqında", "1918-1919-cu illər üçün quberniya və dairə vergi idarələrinin seçilməsi qaydaları haqqında" və digər qanunların qəbulu xüsusi əhəmiyyət daşıyırdı.
Azərbaycan hökuməti koalisiyalı kabinet idi. Burada üç nəfər rus naziri də təmsil olunmuşdu. Koalisiyalı yeni kabinet partiya prinsipi üzrə deyil, parlament fraksiyalarının hökumət başçısına və proqramına etimad prinsipi üzrə təşkil edilmişdi. Sonrakı, 1919-cu ilin mart və dekabr kabinetlərindəki dəyişikliklərdə də eyni prinsip əsas tutulurdu. Son iki kabinetə Müsavat Partiyasının görkəmli xadimi Nəsib bəy Yusifbəyli başçılıq etmişdir. Onun da hökumət proqramı F.Xoyskinin fəaliyyət göstərdiyi proqrama uyğun idi. Mövcud olduğu 17 ay ərzində müstəqil Azərbaycanın milli hökuməti demək olar ki, bütün sahələrdə əsaslı dəyişikliklərə nail oldu, ölkədə genişmiqyaslı islahatlar aparıldı.
Bu illərdə Azərbaycan torpaqlarının ərazi bütövlüyünü qoruyub saxlamaq sahəsində hökumət əzmlə mübarizə aparırdı. O zaman Xalq Cümhuriyyətinin ərazisi 97,3 min kvadratkilometr idi. Bundan başqa, 15,6 min kvadratkilometrlik Azərbaycan torpaqları isə Gürcüstan və Ermənistanla mübahisəli ərazi sayılırdı və milli hökumət həmin torpaqların qaytarılması uğrunda mübarizəni daim davam etdirirdi. Bundan başqa, həmin dövrdə ölkənin inzibati ərazi quruluşu geniş şəraitə uyğun olaraq dəyişdirilirdi. Qarabağda erməni iğtişaşlarını yatırtmaq və Ermənistanın əlini bu torpaqlardan kəsmək üçün burada xüsusi valilik yaradıldı, yerli ermənilərə mədəni sahədə muxtariyyət verildi.
Ölkənin maliyyəsini qaydaya salmaq və dağıdılmış iqtisadiyyatını bərpa etmək sahəsində xeyli işlər görüldü. 1918-ci ilin martında neft sənayesi və Bakı-Batum neft kəməri bərpa edildi. Bakı-Culfa dəmiryolunun çəkilişi sürətləndirildi. Azərbaycan Dövlət Bankı yaradıldı, kənd təsərrüfatı üçün xırda kredit bankları açıldı. Şəhərlərdə əmanət kassaları şəbəkəsi bərpa edildi. Gürcüstan ilə birlikdə müvəqqəti bon buraxıldı, bu isə ölkənin maliyyə vəziyyətini bir qədər sabitləşdirə bildi.
Dövlət orqanlarının ana dilinə keçməsi ilə yanaşı, ictimai həyatın milliləşdirilməsinə başlandı. Milli kadr çatışmazlığı problemini həll etmək üçün məktəblər və kurslar açıldı. Azərbaycan ordusu və hərbi donanmasının yaradılması ən vacib işlərdən biri oldu.
Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin, xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı. Bu baxımdan parlamentin 1919-cu il sentyabrın 1-də qəbul etdiyi "Bakı Dövlət Universitetinin təsis olunması haqqında" qanunu xüsusi qeyd etmək lazımdır. Universitetin açılması cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, onun ideyalarının yaşamasında, habelə xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.
Elm və təhsilin inkişafı yönümündə mühüm addımlar atan Cümhuriyyət hökuməti milli kadrların hazırlanması işinə də xüsusi qayğı ilə yanaşırdı. Hökumətin təklifi ilə Azərbaycan parlamenti 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi. Xaricə göndəriləcək gənclərin müəyyənləşdirilməsi məqsədilə xüsusi müsabiqə komissiyası yaradılmışdı. Komissiyanın qərarına əsasən ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərilmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti və parlamenti ölkənin başı üstünü almış xarici müdaxilə təhlükəsini sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq aləmdə tanınması istiqamətində də fəal, ardıcıl iş aparırdı. Parlamentin xüsusi diqqət yetirdiyi problemlərdən biri də Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin tənzimlənməsi idi. Gərgin müzakirələrdən sonra Gürcüstanla münasibətlər nizama salındı, İranla Azərbaycan arasında dostluq əlaqələri haqqında müqavilə imzalandı. Məlum səbəblərdən daşnak Ermənistanı və sovet Rusiyası ilə münasibətləri sahmanlamaq isə mümkün olmadı.
Hökumətin xarici siyasət sahəsində mühüm addımlarından biri də 1918-ci il dekabrın 28-də parlamentin sədri Ə.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi idi. Məhz bu nümayəndə heyətinin səyi nəticəsində 1920-ci il yanvarın 12-də Paris sülh konfransına qatılan əksər ölkələr Azərbaycanın müstəqilliyini tanıdılar. 1920-ci il aprelin 22-də isə parlament hökumətin təşəbbüsü əsasında Britaniya, Fransa, İtaliya, İsveçrə, Polşa və ABŞ-da diplomatik nümayəndəliklərin açılması haqqında qanunu qəbul etdi. Lakin bir neçə gün sonra - 1920-ci il aprelində 27-28-də bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi ilə bu işlər yarımçıq qaldı.
Əsrlərin mücadiləsi kimi XX əsrin əvvəllərində - 1918-ci ilin 28 mayında müstəqilliyini elan etmiş Azərbaycan xalqı müəyyən obyektiv və subyektiv səbəblərdən bu nemətin şirinliyini uzun müddət dada bilmədi: Xalqın düşüncəsində dərin iz salmış milli müstəqillik və dövlətçilik amalı növbəti dəfə amansızlıqla boğuldu. Respublikamız uzun illər sovet imperiyasının ideoloji buxovları altında fəaliyyət göstərməyə məcbur oldu.
Azərbaycan Xalq Cümhuriyyəti 23 ay müddətində bütün sahələrdə ciddi dönüş yaratmağa müvəffəq oldu. Bu, cümhuriyyətin xalqın maraqlarına xidmət etdiyini təsdiqləyən fakt kimi hər zaman qiymətləndirilə bilər. Mövcud olduğu qısa vaxt ərzində Cümhuriyyət hökuməti cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən əsaslı islahatlar apardı, bununla da ölkədə davamlı inkişaf prosesinin əsası qoyuldu. Azərbaycanın görkəmli ziyalıları və ictimai-siyasi xadimləri bu prosesin daim ön sıralarında getdilər və məhz onların fərdi təşəbbüskarlığı, qətiyyəti və intellektual səviyyəsi həmin islahatların müvəffəqiyyətlə həyata keçirilməsinə geniş imkanlar yaratdı.
1991-ci ildə Azərbaycan ikinci dəfə özünün dövlət müstəqilliyini elan etdi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. Ölkə başçısı İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamında qeyd edildiyi kimi, "1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı".
Bu gün Prezident İlham Əliyev irs-varislik ənənələrinə sadiq qalmaqla, Azərbaycanın müstəqil ölkə kimi möhkəmlənməsinə və inkişafına, demokratik, hüquqi dövlət quruculuğuna çalışır. Cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılması isə bu siyasətin əsas qayəsini təşkil edir. Ümumilikdə həyata keçirilən siyasət Azərbaycanın bölgədə tam müstəqil respublika kimi mövcudluğuna ədəbi təminatdır.
Yüklə 52,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin