Tələbə: Əliyev Sahil Fakültə: Pedoqoji İxtisas



Yüklə 71,96 Kb.
tarix06.06.2020
ölçüsü71,96 Kb.
#31760
NMR Coğrafiyası - Əliyev Sahil



Azərbaycan Respublikasının Təhsil Nazirliyi

“Naxçıvan” Universiteti





Tələbə: Əliyev Sahil

Fakültə: Pedoqoji

İxtisas: “Coğrafiya” müəllimliyi

Fənn: NMR Coğrafiyasi

Kurs: 4

Müəllim: Türkan Əliyeva

Mövzu: Naxçıvan Muxtar Respublikasının Hidroqrafiyası

Naxçıvan Muxtar Respublikasının Hidroqrafiyası

Naxçıvan MR ərazisi kiçik dağ çayları ilə zəngindir. Burada çayların ümumi sayı 400-ə çatır. Onlardan 334-nün uzunluğu 5 km-ə qədər, 31 - ninki isə 6-10 km, 24-nünkü 11-25 km, 7-ninki 26-50 km, 3-nünkü (Naxçıvançay, Əlincəçay, Gilançay) 51-100 km, 1-ninki (Şərqi Arpaçay) isə 100 km-dən artıq.

Ərazidə çay şəbəkəsi bərabər inkişaf etməmişdir. Belə ki, Naxçıvan- çaydan qərbə çay şəbəkəsi son dərəcə zəifdir. Ondan şərqdə, Zəngəzur silsiləsindən axan çaylar isə sıx şəbəkə təşkil edir. Ərazinin şimal-qərbindən cənub-şərqinə doğru dağlar Araza yaxınlaşdığından bu istiqamətdə çayların uzunluğu, sutoplayıcı sahələri və axımları azalır.

Dağlıq hissədə çay şəbəkəsi daha çox inkişaf etmişdir ki, bu da yağıntının artıq olması ilə əlaqədardır. 1000-2500 m yüksəklikdəki sahələrdə rütubətlilik daha artıq olduğundan çay şəbəkəsi qismən yaxşı inkişaf etmişdir. 2500 m-dən yüksək sahələrdə yağıntıların azalması, bitki və torpaq örtüyünün zəif inkişaf etməsi burada çay şəbəkəsinin azalmasına səbəb olur. Bu zonada yeraltı sular çoxlu bulaqlar şəklində üzə çıxır. 3000 m və daha yüksək sahələrdə relyef əsasən çılpaq və qayalıq, atmosfer çöküntüləri isə nisbətən az olduğundan, çay şəbəkəsi zəif inkişaf etmişdir. Bəzi çay hövzələrinin (Naxçıvançay, Əlincəçay, Gilançay) 2500 m-dən yüksək sahələrdə çay şəbəkəsinin sıxlığı 0.10 km/kv.km-ə qədər azalır. 1000 m-dən aşağıda

yerləşən dağətəyi və düzənlik sahədə çay şəbəkəsinin zəif inkişaf etməsinin başlıca səbəbi bu zonada yağıntının azlığı, buxarlanmanın intensiv getməsi və çay sularının çökmə süxurlara tez hopmasıdır.

Naxçıvan MR-in bütün çayları Araz hövzəsinə daxildir. Ərazinin mərkəzi və cənub-şərq hissəsində çaylar öz başlanğıcını Zəngəzur və Dərələyəz silsilələrinin dik yamaclarından götürür. Aşağıda əsas çay hövzələri haqqında qısa mə’lumat verilir.

Şərqi Arpaçay öz uzunluğu, sululuğu və təsərrüfat əhəmiyyətinə görə Naxçıvan MR-in müstəsna çayı hesab edilir. 2630 kv.km sutoplayıcı sahəyə malik olan Şərqi Arpaçay başlanğıcını Ermənistan ərazisində 3000 m yüksəklikdə alp çəmənlikləri zonasından götürüb, 780 m yüksəklikdə Araza tökülür. Uzunluğu 126 km, orta çoxillik su sərfi 25.7 kub metr/san-dir. Arpa kəndindən aşağıda, Muxtar respublikanın.ərazisində Şərqi Arpaçaya Cağazir, Yaycı, Axuraçay qolları qovuşur. Bu sahədə çayın yatağı 150-200 m-ə qədərdir. Ümumiyyətlə, Şərur rayonunda əkin sahələrinin 60 faizə qədəri Şərqi Arpaçayın suyu ilə suvarılır.

Naxçıvançay ərazidə ikinci böyük çaydır. Onun uzunluğu 81 km, sutoplayıcı sahəsi isə 1630 kv.km-dir. Dərələyəz və Zəngəzur silsilələrinin cənub yamaclarındakı bulaqlardan və qar sularındap əmələ gələn Naxçıvançayın sağ qolları sol qollarına nisbətən daha çox inkisaf etmişdir. Naxçıvançayın 26 iri qolu vardır (Cəhriçay, Şahbuzçay, Küküçay, Sələsüzçay, Qahabçay və b.). Naxçıvançay və onun qolları yuxarı axınlarında, o cümlədən Keçəldağın yamaclarında, Batabatda, Salvarfıda, Küküdağın ətəkələrində (Dərəboğazda), Qaraquşda və s. sahələrdə bir çox yüksək debitli bulaqların suyunu qəbul edir. Bu hissədə çay qolları dik yamaclı dar dərələrlə axır. Biçənəkdən cənuba Zərnətün çayının töküldüyü yerdən başlayaraq Naxçıvançayın yatağı genişlənir. Lakin Kolanı kəndindən yuxarı, Gömürçayla Qışlaqçayın arasında yataq yenidən daralır. Qızılboğazdan aşağıda isə yataq xeyli genişlənir.

Naxçıvançay və onun qolları yuxarı axınlarından başlayaraq suvarmada geniş istifadə edilir. Odur ki, vegetasiya dövründə onun suyu Araza çatmadan quruyur. Naxçıvançayın axımını tənzimləmək üçün sün’i göllər yaradılmışdır. Ümumiyyətlə, Naxçıvançay Babək və Şahbuz rayonlarının başlıca suvarma mənbəyi olub, 15000 hektara yaxın əkin sahəsini su ilə tə’min edir.

Əlincəçay Naxçıvan MR-in üçüncü əsas çayıdır. Xəzinədərə və Ləkətağsu çaylarının birləşməsindən əmələ gəlir. Başlanğıcını Qırxlar dağından şimal-qərbdə, 2800 metr yüksəklikdən götürüb 695 m yüksəklikdə Gülüstan kəndi yaxınlığında Araza tökülür. Uzunluğu 61

km, sutoplayıcı sahəsi isə 600 kv.km-dir. Əlincəçay əsasən yeraltı, qar və qismən yağış suları ilə qidalanır. Onun dərəsi yuxarı axında bir qədər dar və dərin, orta və aşağı axında isə genişdir. Əlincəçay Araza qovuşduğu yerdə dayaz yarğanla axır. Əsas qolları Xoşkeşin, Zoğalçay, Xəzinədərə və Gevikçaydır.

Gilançayın uzunluğu 53 km, sutoplayıcı sahəsi 426 kv.km-dir. Onun başlanğıcı 2700 m yüksəklikdə yerləşmişdir. Başlıca qolları Saqqarsu, Nəsirvazçay, Xırdaçay və Parağaçaydır. Çayın dərəsi yuxarı və orta axınında dar, aşağı axında isə genişdir. Gilançayın əsas qida mənbəyi qar və yağış sularıdır. Yeraltı sular da az rol oynamır. Gilançayın suyu ilə Ordubad və Culfa rayonlarında 2000 hektara qədər sahə suvarılır. Təəssüflə qeyd etmək lazımdır ki, Dəstə, Əylis və Ordubad maili düzənliklərində salınmış yüz hektarlarla meyvə bağları son illər baxımsızlıq üzündən suvarılmadığından tamamilə sıradan çıxmışdır.

Ordubadçay öz başlanğıcını Şıxyurdu dağından götürərək, 630 m yüksəklikdə Araza tökülür. Onun uzunluğu 19 km, sutoplayıcı sahəsi isə 42 kv.km-dir. Ordubadçayın suyu ancaq suvarmaya sərf edilir. Bu çaydan ümumi uzunluğu 16 km olan 21 kanal çəkilmişdir. Hövzələrinin quruluşu və təbii xüsusiyyətlərini nəzərə alaraq Naxçıvan MR çaylarını bir-birindən fərqli olan 3 hissəyə ayırmaq mümkündür.

Birinci hissə çayların başlanğıcından 2000-2200 m mütləq yüksəkliyə qədər olan sahədən yuxarı axınını əhatə edir. Bu sahədə çaylar Kiçik qollardan, bulaqlardan, qar sularından əmələ gəlib, alp və subalp çəmənliyi zonasında sıldırım yamaclı dərələrlə axır.

İkinci hissədə çaylar orta dağlıq zonaya daxil olub, dar və dərin dərələrlə sür’ətlə axaraq, çoxlu astanalar, bə’zən yüksəkliyi 20-30 metrə çatan şəlalələr əmələ gətirir. Bu hissə çay hövzələrinin 2200- 2000 m-lə 1000 m yüksəklikdə olan sahələrini əhatə edir.

Üçüncü hissə çayların aşağı axınında dəniz səviyyəsindən 1000 m-dən alçaqda yerləşən dağətəyi və düzənlik sahələrini ohatə edir. Bu hissədə çaylar düzənlik sahəyə çıxdığından sür’əti xeyli azalır, axınları sakitləşir, yataqları genişlənir və tədricən ətraf relyefə qovuşur.

Ərazi çaylarının illik axımının əmələ gəlməsi təbii amillərin qarşılıqlı tə’siri ilə əlaqədardır. İllik axımın miqdarına tə’sir edən əsas amillər iqlim şəraiti, xüsusilə, yağıntı və havanın temperaturu, relyef, çay hövzələrinin geoloji quruluşu, torpaq və bitki örtüyüdür. Dağlıq ölkə şəraitində iqlim və digər fiziki-coğrafi amillər şaquli zonalar üzrə qanunauyğun dəyişdiyindən axım da müvafiq surətdə dəyişir.

Yağıntının maksimum düşdüyü yüksək zonada (2500 m) orta illik axım modulu 9-12 l/san. kv.km olub, ümumi ərazi üçün ən yüksək kəmiyyət təşkil edir. Lakin həmin kəmiyyət 2600-2800 m-dən yükşəkdə tədricən azalmağa başlayır. Arazboyu düzənlik sahədə isə yağıntının miqdarı son dərəcə az (220-250 mm) olduğundan burada orta illik axım 0,5 l/san.kv.km və ya 16 mm, bə’zi sahələrdə isə yox dərəcəsindədir.

Müşahidə mə’lumatlarının təhlili təbii şəraitin çay axımına tənzimedici tə’sirini və axımın paylanma xüsusiyyətini müəyyən etməyə imkan verir. Əraziyə düşən yağıntının 33-dən 95 faizə qədəri itərək axım vermir. Başqa sözlə, axım əmsalı 0.05 l-lə 0.63 arasında tərəddüd edir. Axım əmsalının ərazidə dəyişməsi yağıntının paylanmasına uyğundur. O, şimal-qərbdən cənub-şərqə və Araz vadisindən dağlıq sahəyə doğru artır. Respublikanın düzənlik hissəində onun qiyməti minimuma çatır.

Yağıntı ilə axım arasındakı fərqi müəyyən edən əsas göstərici çay hövzəsində gedən buxarlanmadır. Ərazinin dağlıq hissəsində gedən buxarlanmanın miqdarı ildə 315 mm-ə çatır ki, bu da yağıntının (600- 700 mm) demək olar ki, yarısını təşkil edir və axım miqdarına təqribən bərabərdir. Yüksəkliyin azalması ilə buxarlanmanın miqdarı da azalaraq 220 mm-ə çatır. Arazboyu düzənlik sahədə isə yağıntının demək olar ki, hamısı buxarlanmaya sərf olunduğundan axım əmsalı sıfra yaxınlaşır.

Burada mümkün buxarlanma 1200-1400 mm arasında tərəddüd edir və dağlıq sahəsindəkindən 4 dəfə artıq olur. Odur ki, ərazinin böyük hissəsini (30-32 faiz) təşkil edən Arazboyu düzənlik sahə ən quraq şəraitə malikdir. Burada sün’i suvarma tətbiq etmədən kənd təsərrüfatı bitkilərini yetişdirmək mümkün deyildir.

Ümumiyyətlə, Naxçıvan MR çaylarının qidalanmasında qar və yeraltı sular mühüm yer tutur. Yağış suları ikinci dərəcəli əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, ərazinin çayları ilin 6-8 ayı ərzində başlıca olaraq yeraltı sular hesabına qidalanır.

Respublikanın şimal-qərbindən cənub-şərqinə gəldikcə həm yağıntının, həm də axımın miqdarı artır. Belə ki, Çanaqçıçayda, Cəhənnəmdərədə orta illik axımın miqdarı 0-3 l/san kv.km-ə bərabər olduğu halda, Gilançayda 12 l/san.kv.km-dir. Bütün yuxarıda deyilənlər nəzərə alınaraq Naxçıvan MR üç hidroloji rayona ayrılır:

1. Gilançaydan şərqə su ilə daha çox tə’min olunan sahə.

2.Gilançaydan qərbə su ilə daha az tə’min olunan sahə.

3.Əsasən susuz olan Arazboyu düzənlik sahə

Axımın il ərzində paylanması

Naxçıvan MR çaylarının əsas qida mənbəyini təşkil edən qar iyunun axırınadək, bə’zən isə iyuladək tədricən əriyərək, çayların səviyyəsini sabit halda saxlayır. Buna görə də çaylar apreldən iyunun axırlarınadək sulu olur. Arabir baş verən şiddətli yağışlar çayların suyunun birdən-birə artmasına səbəb olur.

Çayların az sulu vaxtı iyul-seotyabr aylarına düşür ki, bu dövrdə onların əsas qida mənbəyini yeraltı sular təşkil edir. Payız-qış dövründə (noyabr-mart) yay dövrünə nisbətən çayların suyu qar əriməsi hesabına bir qədər artır. Çaylarda axımın əsas hissəsi aprel-iyul aylarının payına düşdüyü halda, kənd təsərrüfatının suya ciddi ehtiyacı olduğu yay aylarında (iyul-sentyabr) su tamamilə azalır.

Axım istər aylar üzrə, istərsə də fəsillər üzrə qeyri-bərabər paylanır. İl ərzində axımın iki maksimumu nəzərə çarpır. Bunlardan başlıcası yaz (may), ikincisi isə payız (sentyabr-noyabr) maksimumudur. Payız axımı yay axımından fərqlənir və bə’zi illərdə bu maksimum demək olar ki, nəzərə çarpmır. Aprel-iyun, bə’zən isə iyul ayların yağması nəticəsində baş verir.

Azərbaycan Respublikasının başqa çayiarından fərqli olaraq Naxçivan MR çayları ilin şaxtalı dövründə (dekabr-fevral) buz bağlayır. Bə’zən sərt keçən qışlarda çaylar tamailə donur.

Çaylarda daşqınlar əsasən yaz dövründə, qarların əriməsi və gur yaz yağışlarının yağması nəticəsində baş verir. Qar əriməsinin intensivliyi, qidalanma sahəsinin mütləq yüksəkliyi, forması ve böyüklüyü yaz daşqınlarına ciddi tə’sir göstərir. Respublikanın cənub-şərqində qar örtüyü daha davamlı olduğundan bu hissədə yaz daşqınlarının ümumi axımı şimal-qərbdəkinə nisbətən xeyli artıqdır. Payız daşqınları, əsasən yağışlar hesabına oktyabr-noyabr aylarında baş verir və yaz daşqınlarına nisbətən bir qədər zəif olur. Ümumiyyətlə, qar, yağış, bə’zən isə dolu şəklində düşən atmosfer yağıntıları Naxçıvan MR-də intensi səth axımını əmələ gətirən əsas mənbədir. Çayların ən az su sərfi yay və payız-qış dövrlərinə təsadüf edir. Yay ayları bütün ərazi üçün ən quraq dövr hesab edilir.

Mə’lum olduğu kimi, hövzənin meylliyi nə qədər artıq olarsa, suyun lillənmə dərəcəsi də o qədər artıq olar. Lakin tədqiq etdiyimiz ərazinin cənub-şərq hissəsində meylliyin artıq olmasına baxmayaraq çayların lillənməsi şimal-qərbdəki çaylara nisbətən azdır.Belə ki, lillənməsi 100 q/kub m-dən az olan zona Gilançay və Kotamçayın yuxarı axınını, Zəngəzur silsiləsinin qayalı, yüksək zirvələrini əhatə edir. Lillənməsi 100-250 q/kub metrolan zona Zəngə-zur silsiləsinin qollarını əhatə edir. Buranın süxurları arasında əhəngdaşına, tufa, qumdaşlarına və mergellərə rast gəlinir. Lillənməsi 250-500 q/kub metr olan zona orta və yüksək dağlıq sahədə Muxtar respublikanın çox geniş ərazisini tutur. Burada yuyulmaya davamlı süxurlarla yanaşı, asan yuyulan süxurlar da mövcuddur.

Kimyəvi tərkibinə görə Naxçıvan MR-in çay suları hidrokarbonatlı- kalsiumlu sinfə daxildir. Çayların yuxarı axınında orta minerallaşma 150 mq/l-dən az olduğu halda, aşağı axınında 1,5-3,5 dəfəyə qədər artaraq 300-500 mq/l-ə çatır. Məsələn, Naxçıvançayda suyun minerallaşması Biçənək kəndində 125,6 mq/l, mənsəbində isə 481,5 mq/l-dir. Gilançayla Əlincəçay arasında Darıdağ mərgümüşlü bulaqlarının yerləşdiyi sahədə suyun orta minerallaşması 500-1000 mq/l-ə çatmaqla sulfatlı-natriumlu sinfə daxildir. Ümumiyyətlə, Naxçıvan MR çayları vasitəsilə hər il Araza suda həll olmuş şəkildə 300 min ton duz tökülür.

Naxçıvan MR ərazisində nisbətən uzun müddət davam edən quraqlıq dövrdən sonra (iyun-avqust)qəflətən yağan leysan yağışlarından təsərrüfatlara böyük zərər vuran güclü sellər əmələ gəlir. Sel gətirmələrinin eroziya modulu 70 t/kv.km-ə çatır. S.H.Rüstəmovun mə’lumatına görə Naxçıvan MR ərazisi eroziya nəifcəsində ildə 0,061 mm alçalır. Vaxtaşırı baş verən sel hadisələri böyük maddi zərər verdiyindən onların səciyyəsi üzərində bir qədər dayanmağı vacib hesab edirik.

Azərbaycan Respublikasında baş verən sellərin 33-35 faizi Naxçıvan MR-in payına düşür. Ərazidə bitki örtüyünün zəif inkişafı, çay hövzələrinin dağlıq relyefə malik olması, kəskin kontinental iqlimin tə’siri nəticəsində dağ süxurlarının intensiv surətdə aşınması, şiddətli torpaq eroziyaşı və aşınmış materialların toplanması, vaxtaşırı gur leysan yağışlarının yağması və dolu düşməsi Naxçıvan MRdə tez-tez sel hadisələrinin baş verməsinə səbəb olur. Bə’zən aprelin axırları və mayın əvvəllərində istilərin birdən-birə düşməsi Zəngəzur və Dərələyəz dağlarında toplanmış qar ehtiyatının intensiv olaraq əriməsinə, bu isə çayların səviyyəsinin qalxrtıasına, öz sahillərini yuyub aşaraq ətraf sahələri basmasına səbəb olur.

Naxçıvan MR-də baş verən selləri struktur və axıcı (turbulet) sellərə ayırmaq olar. Struktur sellər metereoloji-geoloji və geomorfoloji amillərin müəyyən əlaqəsi şəraitində əmələ gəlir və dağıdığı qüvvəyə malik olur. Axıcı sellər, əsasən fəaliyyətdə olan çay vadilərində yaranır və böyük sür’ətə, dağıdıcı qüvvəyə malik olur. Su ilə qarışıq halda gətirdiyi az miqdarda sülb matərialları həcminə və ağırlığına, növünə görə tərkib hissələrinə ayırır və gətirmə konusuna yayır.Naxçıvan MR-də axıcı sellər daha çox yayılaraq demək olar ki, hər il baş verir. Lakin vaxtaşırı baş verən struktur sellər daha böyük dağıntılara səbəb olur.Mə’lumdur ki, hər bir selin gücü onun gətirdiyi materialların həcmi ilə müəyyən edilir. Naxçıvan MR-də əmələ gələn sellər Azərbaycan ərazisində ən çox material gətirən sellər qrupuna daxildir. Belə ki, Naxçıvan MR-də əmələ gələn hər bir orta sel nəticəsində 1 mln kub metrə qədər sülb material gətirilir. 20 avqust 1931-ci ildə Ordubadçayda baş verən sel 1 mln. kub metr, 1943-cü ilin avqustunda gələn sel isə 0.9 mln. kub metr sülb material gətirmişdir. 1874-cü ildə, 1904-cü ildə, 1906-cı ildə, 1939-cu ildə (iyun) Gənzə çayından keçən sel Ordubad şəhərinin şərq hissəinə ciddi zərər vurmuş, meyvə bağlarını, üzümlükləri və əkin sahələrini, yolları yuyub aparmış, mal-qaranın tələfatına səbəb olmuşdur.

Ordubad və Əylis çaylarından keçən sellər daha güclü və dağıdıcı qüvvəyə malik olur. 3 iyun 1884-cü ildə Ordubadçaydan keçən sel dalğasının hündürlüyü 4-8 metrə, sel materiallarının qalınlığı isə 1-1.5 metrə çatmışdır. Şiddətli yağış nəticəsində 1885-ci ildə baş vermiş sel körpüləri, bağları, dəyirmanı yuyub aparmış, bulaqları batırmış, tikintilərə böyük zərər vurmuşdur. 1904-cü ilin avqustunda iki dalğa ilə keçən sel Ordubad şəhəri yanında müdafiə bəndlərini uçurmuş, çoxlu mal-qara tələf olmuş, təsərrüfatlar ciddi zərər çəkmişdir. 1884-cü ildə (iyun) Əylisçaydan keçən sel xüsusilə dəhşətli olmuş və ciddi fəlakət törətmişdir. Yağışdan yarım saat sonra baş verən strukturlu-palçıqlı, sonra isə palçıqlı-daşlı selin dalğalarının hündürlüyü 7-21 metr arasında dəyişmişdir. Bə’zi daşların həcmi 20 kub m, çəkisi isə 32 ton idi. Sel gətirmələrinin qalınlığı 2-4 metrə çatırdı. Sel 1 saata qədər davam etmiş, nəticədə 43 adam ölmüş, körpülər, çoxlu evlər

tamam aparılmış, 8 bulaq batmış, Nüvədi kəndində 18 ev uçmuşdu. Bə’zi hallarda yağan gur yağışlar nəticəsində ərazinin bir neçə çaylarında eyni zamanda sel hadisələri baş verir. Məsələn, 20 avqust 1931-ci ildə Əlincəçaydan şərqə bütün çaylarda, o cümlədən Əlincəçay, Vənəndçay, Ordubadçay, Əylisçay və Kotamçayda güclü sel baş vermişdir.

31 iyul 1998-ci ildə Ordubad rayonunun Unus, Kələki və Dırnıs kəndləri sahəsində Vənəndçayın Zəngəzur dağlarının qərb yamacını əhatə edən yuxarı hövzəsinə yağan davamlı leysan yağışları və dolu nəticəsində “Ağ yurd” adlanan dağlıq hissədə sürüşmə baş vermişdir. Burada əmələ gələn palçıq seli Vənəndçay boyunca hərəkət edərək öz yolunda dəhşətli fəlakətlər törətmişdir.Sel bir neçə dəfə təkrarlanaraq, gətirmə materiallarının səviyyəsi görünməmiş səviyyəyə qalxaraq sahil yaxınlığındakı evləri basmış və ya dağıdıb aparmışdır. saat 19-dan başlayan sel gecə yarıdan keçənə qədər ara verə-verə on dəfələrlə təkrarlanmışdır. Sel haqqında əhaliyə vaxtında xəbər verildiyinə görə onlar qabaqcadan fəalkət zonasından çıxmış və insan tələfatı olmamışdır. Sel Unus, Kələki və Dırnıs kəndlərində böyük dağıntılara səbəb olmuş və bu kəndlərin əhalisinə xeyli ziyan vurmuşdur. Unusda 5, Kələkidə 11, Dırnısda isə 15 yaşayış binası tamamilə dağılmış və ya selin gətirdiyi palçığın, daş və çınqıl axınının altında qalmışdır. Bundan başqa, Dırnısda 20 ev müxtəlif dərəcədə zədələnmiş, 50-yə qədər yardımçı binalar və tikililər selin gətirmə materialları altında qalmışdır. Sel nəticəsində əhalinin 80 baş mal-heyvanı tələf olmuş, 40 hektar sahədə tarlalar, bağlar, meşəliklər, qoz ağacları məhv edilmişdir. Yollar, telefon, elektrik xətləri, içməli su mənbələri sıradan çıxmışdır. Dırnıs kəndində Vənəndçay üzərindəki iki körpü, həmçinin piyada üçün olan körpülər palçıq altında qalmışdır. Kələki ilə Unus arasındakı körpünü sel apardığından Unus kəndi ilə nəqliyyat əlaqəsi kəsilmişdi. Respublika Dövlət Komissiyası yaradılmış və təbii fəlakət nəticəsində yaranmış vəziyyəti aradan qaldırmaq üçün tə’cili tədbirlər görülmüşdür. Sellərin davamiyyəti yağıntının müddətindən, şiddətindən və dalğaların çatma müddətindən asılıdır. Bu cəhətdən Naxçıvan MR xüsusilə fərqlənir. Muxtar respublika ərazisinin oroqrafik xüsusiyyətinə müvafiq olaraq sel dalğalarının çatma müddəti şimal-qərbdə 15 saata qədər, cənub-şərqdə (Gəncə, Ordubad, Əylis və s. çaylar) 1-3 saata bərabərdir.

Sellərin fəallığına və gücünə görə Naxçıvan MR ərazisi iki hissəyə bölünür: sel hadisələrinin daha fəal olduğu sahə - Gilançaydan şərqə - Ordubad rayonunun ərazisi; sellərin fəaliyyətinin nisbətən zəif olduğu sahə - Gilançaydan qərbə olan ərazi. Gilançaydan qərbdəki hissədən Şərqi Arpaçaya qədər sellər o qədər olmur. Lakin qərb qurtaracaqda sellərin təkrarlanması və gücü artır. Çanaqçıçayda sellər daha tez-tez təkrarlanır. Mərkəz hissədə subalp və alp çəmənliyinin, az da olsa meşələrin mövcudluğu, ərazidə geniş düzən sahələrin olması, çayların gətirmə konusuna çıxana qədər olan meylliyinin azlığı (30-60 faiz), dağ yamadannın qismən az meylli olması burada struktur sellərin əmələ gəlməsinə şərait yaratmır. Şərqi Arpaçayda və Gilançayda demək olar ki, struktur sellər baş vermir. Lakin Naxçıvançayın qolları olan Gömürçayda, Nursuçayda, Salvartıçayda, Buzovçayda, həmçinin Cəhriçayda və Biçənəkdən yuxarı hissədə struktur sellər müşahidə edilir.

Sel əmələ gətimnə fəaliyyətindən asılı olaraq çay hövzələri üç qrupa ayrılır: yüksək, orta və zəif fəaliyyətli hövzələr. Naxçıvan MR ərazisində Gilançaydan şərqə olan sel hövzələri yüksək fəaliyyətli, Naxçıvan- çaydan qərbdəki hövzələr orta fəaliyyətli, Naxçıvançayla Əlincəçay arasında yerləşən və Dərələyəz silsiləsinin cənub-qərb yamacında yerləşən hövzələr isə zəif fəaliyyətli hövzələr sırasına daxil edilir.Sellərin gətirdiyi sülb materialın həcmi nəzərə alınaraq sel hövzələri üç növə ayrılır: 1 mln kub m-dən artıq sülb materialı gətirən sellər: 0.5-1 mln. kub m-ə sülb materialı gətirən sellər. Naxçıvan MR-də sellərin gətirdiyi sülb materialının həcminə görə Gilançaydan şərqə olan hövzələr birinci növə, ondan qərbə olan hövzələr isə ikinci növə daxil edilir. Muxtar respublika ərazisində üçüncü növ hövzələrə Araza yaxın sahələrdə, düzənlik və dağətəyi hissədə əmələ gələn sellər daxil edilir.

Göllər

Naxçıvan MR-in əsas təbii gölləri başlıca olaraq Naxçıvançayın və Gilançayın hövzələrində yerləşmişdir. Qanlıgöl eyni adlı çayın, Batabat gölləri Naxçıvançayın, Salvartı gölü Salvartıçayın, Göy göl Saqqarsuyun (Gilançayın sol qolu) mənbəyində, 2000 metrdən yüksək sahədə (Göy göl isə 3065 metr yüksəklikdə) yerləşir.



Əvvəllər kiçik sahəyə və az su tutumuna malik olan təbii göllər

sonradan insan fəaliyyəti nəticəsində genişləndirilmiş, onların su tutumu xeyli artırılmış və sün’i su anbarlarına çevrilmişdir.




Yüklə 71,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin