Təsadüfi kəmiyyət, diskret və kəsilməz təsadüfi kəmiyyətlər. Hadisə və onun ehtimalı kimi təsadüfü kəmiyyət anlayışı da ehtimal nəzəriyyəsinin əsas anlayışlarından biridir. Təsadüfü kəmiyyət, baxılan hadisəni kəmiyyətcə xarakterizə edən və təsadüfü amillərin təsiri ilə bu və ya digər şəkildə müxtəlif qiymətlər ala bilən kəmiyyətlərdir. Təsadüfü kəmiyyətin hansı qiymət alacağını qabaqcadan qəti demək mümkün deyildir.Onun hər bir sınaqda aldığı qiymətlər müxtəlif səbəb və təsadüflərdən asılı olaraq dəyişir. Sınağın nəticəsini keyfiyyətcə xarakterizə etmək o deməkdir ki, sınaq zamanı konkret əlamət, fakt qeyd olunur və onun nəticəsinin əlamətə malik olub- olmadığı müəyyənləşdirilir. Qeydə alınan bu əlamət hadisə adlanır və deyirlər: “hadisə baş verdi”, ya da “hadisə baş vermədi”. Sınağın nəticəsini kəmiyyətcə xarakterizə etmək o deməkdir ki, sınaq zamanı hər hansı kəmiyyətin ala biləcəyi qiymətlər müəyyən olunur, belə ki, həmin qiymətləri sınağa qədər təyin etmək mümkün deyildir. Belə kəmiyyətlər təsadüfi adlanır. Deməli, təsadüfü kəmiyyət sınaq nəticəsində bu və ya digər qiymət ala biləcək dəyişən kəmiyyətdir.
Misal 1. Bir zəri bir dəfə atmaqdan ibarət olan sınaqda yuxarı düşən üzdəki xallar sayını X ilə işarə edək. X– təsadüfü kəmiyyətdir. Bu kəmiyyət 1,2,3,4,5,6 qiymətlərinin birini ala bilər, lakin hansı qiyməti alacağını qabaqcadan demək mümkün deyildir.