İstehsal prosesinin fasiləsiz gedişini təmin etmək üçün əsas istehsal fondları ilə yanaşı əmək predmetləri, maddi resurslar da lazımdır.
Əmək predmetlərinin dövriyyəsi əmək prosesi və əsas istehsal fondları ilə bağlıdır.
İstehsal fondlarının müəyyən hissəsini dövriyyə fondları təşkil edir.
Dövriyyə fondları istehsal prosesinin məcburi elementi, məhsulun maya dəyərinin əsas hissəsidir. Məhsul vahidi üçün xammal, material, yanacaq və enerji sərfi nə qədər az olarsa, onların hasilatı və istehsalı üçün sərf olunmuş əmək daha qənaətlə işlənər, yəni məhsul bir o qədər ucuz başa gələr.
Dövriyyə istehsal fondları dedikdə, bir islehsalda tamamilə sərf olunan və dəyərini hazır məhsulun üzərinə birdəfəlik və bütünlükdə keçirən və bu halda özünün natural formasını itirən əmək predmetləri başa düşülür.
Müəssisənin dövriyyə fondları üç hissədən ibarətdir:
- istehsal ehtiyatları;
- bitməmiş istehsal və özünün istehsalı olan yarımfabrikatlar;
- gələcək dövrlərin xərcləri.
İstehsal ehtiyatları istehsal prosesinə buraxılmaq üçün hazırlanmış xammaldan, əsas və köməkçi materiallardan, yanacaqdan, satın alınmış yarımfabrikatlardan və komplektləşdirici məmulatlardan, tara və tara materiallarından, əsas fondların cari təmiri üçün ehtiyat hissələrindən ibarətdir.
Bitməmiş istehsal və özünün istehsalı olan yarımfabrikatlar istehsal prosesinə daxil olmuş əmək predmetlərini əhatə edir, Buraya daxildir: emal və ya yığılma prosesində olan materiallar, detallar, qovşaqlar və məmulatlar, eləcə də müəssisənin bir sexində istehsal başa çatmamış və həmin müəssisənin digər sexlərində emala məruz qalacaq yarımfabrikatlar.
Gələcək dövrlərin xərcləri indi çəkilən, lakin gələcəkdə ödəniləcək xərcləri əhatə edir. Bu xərclərə daxldir: yeni məhsulun hazırlanması və mənimsənilməsi üçün lazım olan xərcləri, səmərələşdirmə və ixtiralar üçün xərclər, layihə-axtarış işləri üçün xərclər, avadanlığın yerinin dəyişdirilməsi üçün xərclər və s. ,
Dövriyyə istehsal fondları öz hərəkətində tədavül dairəsinə xidmət edən tədavül fondları ilə əlaqədardır. Tədavül fondlarına aşağıdakılar daxildir:
-müəssisənin anbarında olan hazır məhsul;
- yüklənib göndərilmiş, lakin pulu ödənilməmiş məhsul (yolda olan məhsul);
Dövriyyə fondlarının və tədavül fondlarının ortaya çıxması üçün nəzərdə tutulan pul vəsaitlərinin məcmusu müəssisənin dövriyyə vəsaitlərini təşkil edir.
Dövriyyə vəsaitləri dövriyyə fondları ilə tədavül fondlarının pul ifadəsində məcmusundan ibarətdir.
Müəssisədə dövriyyə vəsaitlərinin strukturunu bilməklə və onu təhlil etməklə müəssisənin fəaliyyətinin bu və ya başqa dövründə maliyyə vəziyyətini xarakterizə etmək olar.
Müəssisələrdə dövriyyə vəsaitlərinin strukturu müxtəlif olur.
Bu, aşağıdakı amillərdən asılıdır:
1.Müəssisənin xüsusiyyəti. İstehsal prossesi uzun olan müəsssilərdə (məsələn, gəmiqayırma) bitməmiş istehsal qalığının, dağ- mədən müəssisələrində isə gələcək dövrlərin xərclərinin payı daha böyükdür. Məhsul istehsalı prosesi çox tez başa çatan müəssisələrdə isə istehsal ehtiyatlarının xüsusi çəkisi çox olur
2. Hazır məhsulun keyfiyyəti. Əgər müəssisədə aşağı keyfiyyətli məhsul buraxılırsa və istehlakçıların bu məhsula tələbi azdırasa müəssisənin anbarında hazır məhsulun payı kəskin surətdə artır.
3. Istehsalın təmərküzləşdirilməsi, ixtisaslaşdırılması, kooperativləşdirilməsi və kombinələşdirilməsi səviyyəsi.
4. Elmi-texniki tərəqqinin sürətləndirilməsi.
Mənbələrinə görə dövriyyə vəsaitləri xüsusi və borc alınmış vəsaitlərə bölünür.
Xüsusi vəsaitlər həmişə müəssisənin özünün resursları (mənfəət və s.) hesabına ortaya çıxarılan vəsaitlərdir.
Bu vəsaitlər xüsusi vəsaitlərə bərabərləşdirilmiş vəsaitlər və ya dayanıqlı passivlər də adlanır.
Borc alınmış dövriyyə vəsaitləri isə bank kreditlərindən, kreditor borclarından və s. passivlərdən ibarətdir.