XVIII əsrin birinci yarısında İngiltərənin siyasi və sosial-iqtisadi inkişafı
Vilhelm və Mariyadan sonra kral titulu Mariyanın bacısı Annaya (1702-1714) keçdi.Ondan sonra almanların Hannoverlər sülaləsindən olan krallar ölkəyə başçılıq etdilər.Parlament əsasən iri torpaq sahibkarlarından ibarət idi:onlar lordlar palatasında yerlərdən hamısını və icmalar palatasında yerlərdən əksəriyyətini tutmuşdular.Amma icmalar palatası iri burjuaziyanın da maraqlarını təmsil edirdi.Burada oturan deputat-zadəganlar həm iri manufaktura sahibləri, həm də maliyyə bazarına nəzarət edənlər idi.Torpaq sahiblərinin sənayeçi təbəqəsi ilə birləşməsi prosesi gedirdi.Yerli idarəetmədə də lendlordlar üstünlük təşkil edirdilər.Amma bütün bunlara baxmayaraq hökumət və parlament getdikcə daha çox sənayeçilərin fikri ilə hesablaşmağa məcbur olurdu.
İki partiyalı sistem qoruyub saxlanıldı.Prinsip etibarilə tori və viqlər bir-birlərindən çox az fərqlənirdilər:onların sosial bazası, kənd təsərrüfatı, ticarətdən, vaxt keçdikcə isə sənayedən, müstəmləkələrdən qarət yoluyla maksimal gəlirə olan maraqları oxşar idi.Yalnız siyasi mövqedə fərq hiss olunurdu:torilər əsasən krala, viqlər isə parlamentə dəstək verirdilər.Hər iki partiya parlament yerlərini almaqla, nümayəndələrə pul verməklə, rüşvət yolu ilə parlamentdə daha əlverişli mövqe qazanmağa çalışırdılar.Korrupsiya bütün siyasi həyatın qanına işləmişdi.Qraflıqlar üzrə deputat yerlərinin qeyri-bərabər olaraq paylanması da eybəcər bir hadisə olaraq qalmaqda davam edirdi:bəzən “çürük yer”də yaşayan bir-iki adam parlamentə deputat seçmək hüququna malik olurdu.
1701-ci ildə taxt-tacın irsiliyi haqqında qəbul edilən qanuna əsasən Stüartlar sülaləsindən olan krallar həmişəlik İngiltərədə bu mövqeyə iddia etmək hüququndan məhrum edildilər.Ölkənin siyasi həyatında parlament qarşısında dövlət siyasətinə görə məsuliyyət daşıyan nazirlərin rolu güclənməyə başladı.Nazirlər kabineti parlamentdə üstünlük təşkil edən partiya nümayəndələrindən formalaşdırılırdı.Annanın krallığı zamanı üstünlük viq partiyasının əlinə keçdi.Amma böyük büdcə kəsirinə səbəb olmuş ispan irsi uğrunda mübarizə viq hökumətinin süqutunu sürətləndirdi.Hakimiyyətə gəlmiş torilər müharibəyə son qoydular.1713-cü il Utrixt sülhünə əsasən İngiltərə Hibraltar, Menorku adasını və assienta hüququnu aldı.bu hüquqa əsasən ingilislər 30 il ərzində İspaniyanın Amerikadakı müstəmləkələrinə qul gətirmək hüququ qazandılar.Amma müqavilənin başqa maddələri, xüsusilə də İspaniyaya gətirilən ingilis mallarına qoyulan gömrüyün artırılması tori hökumətinin nüfuzunu aşağı saldı və 1714-cü ildə viqlər yenidən hakimiyyətə gəldilər.1715-ci ildə Stüartlar sülaləsinin tərəfdarı olan yakobitlərin qiyamının yatırılması ilə əlaqədar olaraq viqlərin mövqeyi möhkəmləndi.
1721-ci ildə hakimiyyətə H.Uolpolun viq hökuməti gəldi.Bu hökumət iyirmi il ərzində mövcud oldu.O, İngiltərə sənaye və ticarətinə, xüsusilə də okeanın o tayındakı iqtisadiyyata himayədarlıq siyasəti həyta keçirdirdi.Onun dövründə torpaq vergisi və İngiltərəyə gətirilən xammala qoyulan gömrük vergisi azaldıldı.Eyni zamanda getdikcə artan kasıb və dilənçilərin,məcburən işə cəlb edilməsi haqqında qanun qəbul edildi.Hindistan, Amerika və Afrikadakı ingilis müstəmləkəri durmadan genişlənirdi.İngiltərə-İspaniya (1701-1713), Avstriya (1740-1748) mülkü uğrunda və Yeddi illik müharibədə (1756-1763) fəal şəkildə iştirak etdi.Bunun nəticəsində ingilislər müstəmləkələrdə öz hakimiyyətini daha da möhkəmləndirdilər və İngiltərə ən böyük müstəmləkə dövlətinə çevrildi.
Ost-Hind, Qvineya və başqa ticarət kompaniyaları, xüsusilə də qul ticarəti ilə məşğul olan kompaniyalar ölkəyə çox böyük gəlir gətirirdi.Tacirlər yalan və güc tətbiq etməklə plantasiyalarda qul əməyi üçün afrikalıları Şimali Amerika müstəmləkələrinə daşıyırdılar.Qeyd etdiyimiz kimi, ispan irsi uğrunda müharibədən sonra İngilis kralı bütün ispan müstəmləkələrində Afrikadan olan qulların ticarət üzrə istisna hüquq əldə etmişdi.
XVIII əsr sosial-iqtisadi həyatında əhəmiyyətli proseslər baş verdi.Hələ XVI əsrdə başlamış aqrar inqilab sona yetdi.Vətəndaş müharibələri və 1688-ci il çevrilişindən sonra çəpərləmələr və kəndlilərin torpaqlarından qovulması görünməmiş miqyas aldı.Hökumət nəinki çəpərləməni məhdudlaşdıran siyasətdən imtina etdi, eyni zamanda çəpərləmənin müdafiəsinə yönələn aktlar verməyə başladı.Çəpərləmələrə qarşı mübarizə aparan, onu dağıdan hər bir kəs ölüm hökmünə məhkum edilirdi.Bunun nəticəsində çoxsaylı kiçik torpaq sahibləri, sənətkarlar mflis olub ya dilənçiyə çevrilir, ya da iş dalınca şəhərlərə gedirdilər.Əgər XVII əsrin sonunda kəndlilərin əlində becərilən torpağın yarısı cəmlənmişdisə, yüz il sonra ingilis kəndli təbəqəsi olan yomenlər tamamilə yox oldular.
Müflis olmuş kəndlilər kasıb və dilənçi ordusunun sayını daha da artırırdılar.Onlara qarşı hökumət sərt qanunlar verirdi.Məsələn 1698-ci il qanununa əsasən müavinət alan bütün kasıblar üzərində xüsusi nişanlar olan qolbaqlar gəzdirməli idilər.Bir əyalətdən başqa əyalətə keçən dilənçini sərt cəza gözləyirdi:onları ən ağır və az əmək haqqı verilən işi görməyə məcbur edirdilər.Əyalət hakimləri işsiz adamları sənayeçilərin yanına göndərirdilər.Kasıbların uşaqlarını valideynlərindən alır və onları manufakturalara verirdilər.1721-ci il və 1726-cı il qanunlarına əsasən əmək haqqı yerlərdə dünyəvi hakimlər tərəfindən nizamlanırdı.Bu puldan yuxarı maaş verən sənayeçiıər böyük məbləğdə cərimə olunurdular.
Maunfaktura sənayesi tərəfindən getdikcə daha çox sıxışdırılan kəndli və sənətkarların müflisləşməsi nəticəsində çox ucuz işçi qüvvəsinin bazarı formalaşmağa başladı.Bu da öz növbəsində muzdlu əməyin inkişafına təkan verdi.Kənd təsərrüfatında kiçik mülklər öz yerini torpağı daha yaxşı emal edən, yeni texnika tətbiq edən və muzdlu əməkdən istifadə edən orta və iri ferma təsərrüfatlarına verdi.Müflis olmuş çoxsaylı kəndlilər Şimali Amerika müstəmləkələrinə mühacirət etdilər.
Torpaq mülkələrinin iri lendlordların əlində cəmlənməsi, kənd təsərrüfatının intensiv inkişafı, müstəmləkələri qarət və qullarla ticarət nəticəsində əlində böyük məbləğdə pul toplamış maliyyə burjuaziyasının xüsusi təbəqəsi formalaşdı.1694-cü ildə torpaq maqnatları və tacir-sənayeçilər İngiltərə bankının əsasını qoydular.Bu bankın pul əməliyyatları nəticəsində XVIII əsrdə inkişaf etmiş maliyyə sistemi formalaşdı.Dövlətin özü maliyyə kapitalından asılı vəziyyətə düşdü.Öz tərəfindən hökumət proteksionizm siyasəti vasitəsilə ölkənin sənayesinin inkişafını həvəsləndirirdi.
Dostları ilə paylaş: |