“ Mədəniyyət”.-2014.-9 aprel.-N 26.-S.6.
Çağdaş teatr prosesləri: zaman müstəvisində baxış
III yazı
Teatr və rəssamlıq
Bəlli olduğu kimi, Azərbaycan teatr-dekor sənəti zəngin tarixə malikdir. Teatr ilə rəssamlıq sənətini
birləşdirən bu klassik incəsənət sahəsi milli mədəniyyətimizin mühüm qaynaqlarından birini təşkil edir.
Teatr-dekor sənətimizin tarixi inkişaf xüsusiyyətləri və bu günü haqqında söz açmazdan öncə
qloballaşan dünyamızın müasirliyə və mədəni irsə olan münasibətlərinə nəzər salaq. Bu gün qloballaşma
və sosial-mədəni inteqrasiya prosesləri hər bir ölkədə özünü büruzə verməkdədir. Yeni informasiya
texnologiyalarının inkişafı, internetin geniş yayılması ölkələri və xalqları bir-birinə çox yaxın etmişdir.
Belə bir şəraitdə milli-mənəvi dəyərlərimizi dünya miqyasında təbliğ etmək üçün əlverişli imkan
yaranmışdır və biz bundan istifadə edirik. Lakin milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin
qorunması, qloballaşan dünyada ənənələrimizin yaşaması və yaradıcılıqla inkişaf etdirilməsi problemi də
bizi dərindən düşündürməlidir. Bu problem mədəniyyətin digər sahələri ilə yanaşı, teatr-dekor sənətinə də
aid edilə bilər. Vaxtilə milli teatr-dekor sənətimizi Rüstəm Mustafayev, Nüsrət Fətullayev, Əyyub
Fətəliyev, həmçinin korifey sənətkarlarımız Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov
və başqaları inkişaf etdirmişlər. Bu gün Nazim Bəykişiyev, Tahir Tahirov kimi sənətdə öz sözünü demiş
rəssamlarımız səhnəqrafiya sahəsində çalışırlar. Qloballaşma şəraitində məhz bu ənənələr qorunmalı,
inkişaf etdirilməli, dünya birliyi qarşısında təbliğ olunmalıdır. İnteqrasiya prosesləri ilk növbədə mədəni
irsimizin təbliğinə və bugünkü inkişafına xidmət etməlidir. Bu, yad təsirlərdən qorunmaqda, sənətdə
zaman-zaman özünü büruzə verən mənəvi cılızlaşmadan qurtulmaqda cəmiyyətimizə kömək edər.
Mütərəqqi Avropa və rus teatrı zəminində təşəkkül tapan milli səhnəqrafiyamız yarandığı ilk
dövrlərdən etibarən dolğun, həyati təsir bağışlamışdır. XIX əsrin sonu - XX əsrin əvvəllərində dünya teatr
prosesləri, səhnəqrafiyanın peşəkar imkanlarının dərinləşməsi, yeni bədii üslub və formaların yaranması
milli səhnəqrafiyamıza da təsirsiz ötüşməmişdi. XIX əsrin sonu - XX əsrin əvvəllərində Avropa və rus
teatrında bədii simvolikanın təcəssümü, psixoloji ifadə tərzinə maraq səhnəqrafiyanın əsas bədii-estetik
xüsusiyyətlərindən birinə çevrilmişdi. V.Meyerxold, M.Reynhardt kimi novatorçu rejissorlar
rəssamlardan elə tərtibat istəyirdilər ki, o, quruluşun ideya-estetik əsasını psixoloji, ekspressiv formalarda
təcəssüm etdirə bilsin. Rusiyada dramaturji qəhrəmanın mənəvi durumunu bədii tərtibatın peşəkar
xüsusiyyətləri (həcm, işıq-kölgə, rənglər və s.) vasitəsilə əks etdirən «psixoloji» dekorasiyalar Bədaye və
Malı teatrlarda həqiqi yüksəliş səviyyəsinə çatmışdı. XX əsrin əvvəllərində bu teatrların işi ilə yaxın
tanışlıq imkanı əldə edən Azərbaycan teatr rejissorları həmin mütərəqqi ənənələri milli teatr sənətimizə
tətbiq etmək üçün rəssamla daha dərin yaradıcılıq ünsiyyəti qurmağın zəruriliyini başa düşürdülər. İlkin
mərhələdə Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, sonralar Adil İsgəndərov, Məhərrəm Haşımov və
başqa rejissorlar müxtəlif teatrlarda yaradıcı kollektivin daha sıx iş birliyi qurmasına xüsusi önəm
verirdilər.
Azərbaycanda peşəkar teatr sənətinin yarandığı ilk dövrlərdə səhnəqrafiya ilk addımlarını atırdı.
Rəssamlar səhnə sənətinin ictimai məzmununun əhəmiyyətini yaxşı başa düşür və tamaşaların tərtibatında
milli xüsusiyyətləri əks etdirməyə çalışırdılar.
Milli teatr-dekor sənətinin təməl daşlarını Əli bəy Hüseynzadə, Əzim Əzimzadə, Bəhruz Kəngərli
qoymuşlar. Hələ 1908-ci ildə ilk operamız olan «Leyli və Məcnun» səhnəyə qoyularkən onun bədii
tərtibatını Əli bəy Hüseynzadə hazırlamışdı. Bundan bir qədər sonra Cəlil Məmmədquluzadənin ölməz
«Ölülər» əsəri səhnələşdirilərkən, tamaşanın rəssamlıq tərtibatını Əzim Əzimzadə vermişdi. Bəhruz
Kəngərli də Azərbaycanın ilk teatr məbədlərindən olan Naxçıvan teatrı ilə sıx yaradıcılıq əlaqələrinə
malik idi. Sənətkar bu teatrda bir çox tamaşaların hazırlanmasında quruluşçu-rəssam kimi iştirak etmişdi.
Bütün bunlar XX əsrin ilk iki onilliyinə təsadüf edir. Qısa zaman kəsiyindən sonra Azərbaycan teatrının
ümumi inkişafı məcrasında teatr-dekor sənəti də inkişaf etməyə başladı. Milli teatr rəssamlarımızla
yanaşı, rus teatr rəssamları - Q.Yakulov, P.Uzunov, V.İvanov və başqaları da səhnəmizdə fəaliyyət
göstərirdilər. 20-30-cu illərdə Rüstəm Mustafayev, Qəzənfər Xalıqov, Nüsrət Fətullayev, Sadıq Şərifzadə,
Bədurə Əfqanlı, İsmayıl Axundov kimi teatr rəssamlarımız səhnəqrafiyanın inkişafında xüsusi rol
oynamışdı. Həmin dövrdə Aleksandr Tuqanov, Adil İsgəndərov, İsmayıl Hidayətzadə və başqa rejissorlar
teatr sənətinin hərtərəfli inkişafı üçün müxtəlif sahələrin - aktyor ifasının, geyim tərtibatının,
butaforiyanın, dekorasiyanın, işıqlandırmanın, musiqinin qarşılıqlı əlaqəsini möhkəmləndirirdilər. Misal
üçün, Adil İsgəndərov Nüsrət Fətullayev, İsmayıl Axundov kimi rəssamlara ayrı-ayrı tamaşaların səhnə
tərtibatını tapşırmışdı. Hələ 30-cu illərdə Nüsrət Fətullayev Hüseyn Cavidin «Şeyx Sənan», Cəfər
Cabbarlının «Almaz», Səməd Vurğunun «Vaqif» tamaşalarının rəssamı olmuşdu. Elə həmin dövrdə
İsmayıl Axundov Mirzə Fətəli Axundzadənin «Hacı Qara», Cəfər Cabbarlının «Yaşar», Səməd Vurğunun
«Vaqif» tamaşalarına bədii tərtibat vermişdi. Beləliklə, professional səhnəqrafiyamız yetişməyə başladı.
Klassik inkişaf dövründə ənənəvi teatr rəssamları olan Rüstəm Mustafayev, İzzət Seyidova, Bədurə
Əfqanlı, İsmayıl Axundov, Sergey Yefimenko, Nüsrət Fətullayev, Sadıq Şərifzadə, Əyyub Fətəliyev və
başqaları ilə yanaşı, dəzgah rəngkarlığı ilə məşğul olan tanınmış rəssamlar da bu sahəyə maraq
göstərirdilər. Mehdi Məmmədov, Tofiq Kazımov, Əliheydər Ələkbərov və başqa rejissorlar Tahir
Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov kimi korifey sənətkarları səhnəqrafiyaya cəlb
etmişdilər.
Teatr-dekor sənətində diqqəti cəlb edən əsas məqamlardan biri yaradıcılıq ənənələrin inkişaf
etdirilməsidir. Azərbaycan teatr-dekor sənəti tarixində bir çox tamaşaların ayrı-ayrı rəssamlar tərəfindən
fərqli tərtibat nümunələri olmuşdur və bu proses bu gün də davam edir. Misal üçün, «Koroğlu» operasına
müxtəlif dönəmlərdə Rüstəm Mustafayev, Əyyub Fətəliyev, Tahir Salahov, Mikayıl Abdullayev və başqa
rəssamlar bədii tərtibat vermişlər. Hər bir rəssam tərtibata özünəməxsus yeni çalarlar daxil etməklə
Azərbaycan səhnəqrafiyasında «Koroğlu» tərtibatları qalereyasını bədii-estetik baxımdan daha da
zənginləşdirmişdir. 30-cu illərdə Rüstəm Mustafayevin bədii konstruktivizmi bir müddət sonra Əyyub
Fətəliyevin irihəcmli dekorlara istinad edən dolğun və parlaq məkan həlli formaları ilə əvəzləndi. Lakin
Əyyub Fətəliyev özündən əvvəlki «Koroğlu» tərtibatı prinsiplərini inkar etmədi, konstruktivizmin tələb
etdiyi zahiri formaları bədii-estetik, həyati təsir bağışlayan parlaq səhnə elementləri ilə zənginləşdirdi.
Bundan sonra Tahir Salahov artıq formalaşmış ənənələrə istinad edərək yeni bədii ölçü sistemi yaratdı,
«Koroğlu» tərtibatına öz yaradıcılığına xas olan monumental-dekorativ formalar gətirdi. Mikayıl
Abdullayev «Koroğlu» tərtibatına əvvəllər mövcud olmayan lirik mahiyyət daxil etdi, Koroğlunun şair və
aşıq təbiətini, sevimli Nigarına olan saf duyğularını qəhrəmanlıq motivləri ilə üzvi surətdə birləşdirdi,
tərtibatda daha çox rəngdən məharətlə istifadə etdi. Bu tərtibatlar onillər boyu formalaşmış, ənənələr və
novatorluq zəminində formalaşmış bədii təkamül nümunəsidir. Belə uğurlu nümunələrin sayını xeyli
çoxaltmaq olar.
Teatr-dekor sənətimizin bu günü haqqında fərqli fikirlər səsləndirilir. Onların məzmunu əsasən teatr
sənətinin ümumi problemləri ilə üst-üstə düşür. Başqa sözlə, teatr sənətinin vəziyyəti, onun cəmiyyətdəki
reytinqi teatr-dekor sənətinə də birbaşa təsir göstərir.
Çağdaş teatr-dekor sənətimizin ümumi mənzərəsi necədir? Bu sual birmənalı qarşılanmır. Bu gün teatr
sənətinin mənəvi böhran keçirməsini iddia edənlər də, bu sənətin yeni inkişaf dövrünə qədəm qoyduğunu
təsdiq edənlər də var. Teatr hər zaman yaşadığımız cəmiyyətin güzgüsü olmuşdur. Əgər cəmiyyət vaxtilə
düşmüş olduğu maddi-mənəvi böhrandan qurtularaq sabitlik, tərəqqi yollarına çıxa bilibsə, bu mütləq
teatrın tərəqqisində də öz əksini tapmalıdır.
Bu mənada çağdaş dönəmdə teatr sənətinin əslində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu
söyləyənlərlə razılaşmamaq olmaz. Ədalət naminə deməliyik ki, teatr sənətinin inkişafı, öz keçmiş
nüfuzunu bərpa etməsi hələlik biz istədiyimiz səviyyəyə yüksəlməmişdir. Lakin mədəni mühitdə,
cəmiyyətdə cərəyan edən proseslərin təhlili bu sahədə müsbət dinamikanın formalaşdığını göstərir.
Bütün bunlar belə bir qənaətə gəlməyə əsas verir ki, səhnəqrafiya sənətimiz də özünün yeni inkişaf
mərhələsinə qədəm qoyur. Doğrudur, bu gün görkəmli rəssamlarımız bir vaxtlar olduğu kimi teatrla
yaradıcılıq əlaqələri qurmağa o qədər də meylli deyil. Lakin bunu birmənalı olaraq tənəzzül kimi
dəyərləndirmək düzgün olmazdı. Çağdaş dönəmdə çoxsaylı teatrların yaranması, müxtəlif qayəli teatr
düşüncələrinin bədii təfəkkürdə yer alması səhnəqrafiyaya olan rejissor və tamaşaçı tələblərini sayca həm
çoxaltmış, həm də ideya-estetik baxımdan mürəkkəbləşdirmişdir. Eyni zamanda məkanın sadələşdirilməsi
prinsipi müasir səhnəqrafiyanın əsas kompozisiya keyfiyyətlərindən birinə çevrilməkdədir. Zahirən sadə
formalara müraciət edən, simvolikadan yararlanan rəssam və rejissor quruluşun vizual təcəssümündən
daha əhatəli fəlsəfi-psixoloji tutum və təsir tələb edirlər. Belə effektli yaradıcılıq nümunələrinə Yuğ,
Pantomima, Gənclər teatrlarında, «Üns» yaradıcılıq səhnəsində, bəzi digər teatrlarda təsadüf etmək olar.
Müasir teatr rəssamlarının gerçəkləşdirdiyi tamaşalara nəzər saldıqda, peşəkarlıq səviyyəsinin kifayət
qədər yüksək olduğunu, novatorçu meyllərin səhnədə cəsarətlə öz təcəssümünü tapdığını görürük.
Xarakterik haldır ki, müasir rəssamlıq ənənələrinə istinad edən yenilikçi təmayüllər təkcə gənc nəslə aid
deyil. Yaxın keçmişdə Ağarəhim Əliyev, Elçin Məmmədov kimi təcrübəli teatr rəssamlarının səhnə
tərtibatında müasirliyin ideya-estetik görüşlərindən irəli gələn, əsərin məzmununu, rejissor düşüncəsini
dolğun əks etdirən orijinal bədii vasitələr yer almışdır. Ənənəvi ifadə vasitələri ilə novatorçu təmayüllərin
qovşağında qərarlaşan bədii formalar 80-90-cı illərdə, eləcə də 2000-ci illərdə milli teatr-dekor
rəssamlığının əsas xüsusiyyətlərinə çevrilmişdi. Bu xüsusiyyətlər (neokonstruktivizm, simvolika,
postmodern, funksionalizm, plastik avanqard və s.) çağdaş səhnəqrafiyanın həm gənc, həm də orta və
yaşlı nəslini təmsil edən nümayəndələrinin yaradıcılığında növbəti bədii inkişaf mərhələsi təşkil edir.
Sadə formalara müraciət etməklə məkanda bədii-kostruktiv ab-hava yaradan bu üslub tərzi Ağarəhim
Əliyev, qismən Tahir Tahirov kimi rəssamların ayrı-ayrı tərtibat işlərində nəzərə çarpır.
Müasir Azərbaycan teatr-dekor sənəti sənət peşəkarlığını inkişaf etdirmək məqsədilə xarici ölkələrin
teatrları ilə təcrübə mübadiləsi aparır. Azərbaycanın bir çox teatr rəssamları xarici ölkə teatrlarında
yaradıcılıq səfərlərində olur. Bu müsbət tendensiya daha çox MDB ölkələri, eləcə də qardaş Türkiyə ilə
mədəni münasibətlərin gerçəkləşdirilməsində özünü büruzə verir.
Teatr-dekor sənətinin inkişafını təmin edən əsas şərtlərdən biri də peşəkar təhsillə bağlıdır. Bu gün
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasında teatr-dekor rəssamı ixtisası üzrə istedadlı gənclər təhsil alır.
Hazırda səhnəqrafiyaya gənclərin cəlb edilməsi problemi də kifayət qədər aktualdır. Böyük sənət
ənənələrinə malik olan Azərbaycan səhnəqrafiyası yeni dövrün doğurduğu tələblərlə ayaqlaşmaq üçün
sözsüz ki, gənclərin gəlişinə möhtacdır. Əlbəttə, bu gün teatrlarda kifayət qədər güclü potensiala malik
yaradıcı gənclər, o cümlədən gənc rəssamlar çalışır. Lakin bir çox hallarda teatr-dekor ixtisasına
yiyələnmiş gənc kadrlar öz sahəsi üzrə işləməyə tələsmir, sənətin başqa sahələrinə üz tuturlar.
Baxmayaraq ki, teatr-dekor rəssamı ixtisasına yiyələnən gənclərimiz kifayət qədərdir. Gəncləri teatra cəlb
etmək üçün teatrın yaradıcılıq və təşkilati imkanlarını genişləndirmək, xarici teatrların özünü doğruldan iş
təcrübəsi ilə tanış olmaq, bundan yararlanmaq lazımdır. Bu gün teatrlarımız dünyanın bir çox yaradıcı
kollektivləri ilə qarşılıqlı əlaqələrə malikdir. Bu əlaqələrin inkişaf etdirilməsi gəncləri səhnəqrafiyaya
daha intensiv surətdə cəlb edə bilər.
Azərbaycan teatr rəssamlığı çağdaş dünya səhnəqrafiyasında gedən yaradıcılıq proseslərindən
bəhrələnməklə yanaşı, həm də onillər boyu formalaşmış sənət ənənələrini inkişaf etdirir. Teatrın
quruluşun dramatik və psixoloji səciyyəsinin, ideya-estetik əsasının vizual vasitələrlə dolğun əks
etdirilməsi hər zaman olduğu kimi, bu gün də səhnəqrafiyanın diqqət mərkəzindədir. Tahir Tahirov,
Ağarəhim Əliyev, İsmayıl Məmmədov, Nazim Bəykişiyev və başqa rəssamların uğurlu, orijinal tərtibat
işləri səhnəqrafiyanın çağdaş dönəmdə inkişafının göstəricisidir. Bu və digər rəssamların yaradıcılığı
çağdaş qloballaşma və mədəni inteqrasiya dövründə Azərbaycan səhnəqrafiyasının inkişafını təmin edir.
Timuçin Əfəndiyev
professor
Dostları ilə paylaş: |