SƏYAVUŞ
Faciə - 5 pərdə
Yazılmışdır: 1932
İlk nəşri: 1934
İlk səhnə quruluşu: 1934
Şərqin böyük dahilərindən
Firdovsinin min illiyinə ithaf
ƏŞXAS
Keykavus — Kəyan tacdarı, bir qədər ixtiyar.
Südabə — Suriya kralının qızı, Keykavus hərəmi.
Rübabə — Südabənin süd anası, ağ saçlı.
Səyavuş — Keykavus oğlu, əvvəlki hərəmindən, çox gənc.
Rüstəm — məşhur pəhləvan, Zal oğlu.
Vəzir
Münəccim
Münəccimbaşı
Tus
Bəhram
Yavərlər
Əfrasiyab — Türk xaqanı, ortayaşlı.
Gərşivəz — onun qardaşı.
Firəngiz — Əfrasiyab qızı.
Piran — Divanbəyi, ixtiyar.
Tosun — Gərşivəzin yavəri.
Çin elçisi, rəqqasə, Kosa lələ, pişxidmət, cariyələr, cəngavərlər, köylülər və sairə...
Vali, müşavir, Altay, Yalçın, təzə gəlin... nədimələr, saray qızları, yavərlər, əsgərlər və üsyançılar...
BAŞLANĞIC
Zabilistanda təlim meydanı. Səhər erkən... Coşğun musiqi. Sadə qiyafəli, qumral saçlı Səyavuş bir köy dəliqanlısilə qılınc təlimi yaparaq vuruşur. Bir yanda Zal oğlu Rüstəmlə başqa cəngavərlər, bir yanda səmimi çöhrəli, ağsaçlı bir qadınla köylü qızlar da dəliqanlılara tamaşa edirlər. Səyavuş arxadaşına üstün gəlir.
Ümumi alqış...
Rüstəm
Afərin, Səyavuş!
Köylülər
Yaşa, min yaşa!
Səyavuş
Ər gərək ər meydanında çarpışa.
Rüstəm
Kim istərsə, gəlsin!
İkinci dəliqanlı
Mənimdir sıra.
Səyavuş
Sən də gəl, ər istər mənə saldıra.
Qılınclar parlar, vuruşurlar. Səyavuş üstün gəlir. Alqış...
Köylülər
Yaşa!
Səyavuş
Kim gəlirsə gəlsin, çəkinməm.
Rüstəm
Yalnız eşdir ona Zal oğlu Rüstəm.
Səyavuş
Mən səndən öyrəndim qəhrəmanlığı.
Yenilsəm də yoxdur peşimanlığı.
Rüstəm
Durmayın, çalın da gurlasın davul.
Səyavuş
Aydın olsun kimdir qəhrəman oğul.
(Çarpışırlar, heç biri yenilməz.)
Rüstəm
Nə sən, nə mən! Biz ər oğlu ərləriz,
Gücdə, saldırışda həp bərabəriz.
Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar.
Bəhram
Kimdir onlar? İştə önlərində Tus!
Rüstəm
Bəlli, göndərmişdir onu Keykavus.
Tus bir bölük cəngavərlə gəlir, təmənna edir.
Hamı
Salam Zal oğluna Kəyan şahından.
Tus
Salam Səyavuşa!.. Al, iştə fərman!
(Bir məktub verir).
Bu gündən ətmalı köy mühitini,
Möhtəşəm saraylar bəkləyir səni!
Səyavuş
(məktubu gözdən keçirir, Rüstəmə)
Azadə dirliyə alışdım artıq.
Ağır gəlməzmi ya mənə ayrılıq?
Rüstəm
Madam ki, əmr etmiş bizə şah baban,
Çıxmalıyıq yola günəş doğmadan.
Səyavuş
(ağsaçlı, köylü qadına yaxlaşır, əlini öpür)
Sağlıqda, ey böyük, möhtərəm ana!
Sən anadan daha yaxınsan mana!
Qadın
(onun alnından öpərək)
Quzum! Er-gec parlar adın cahanda,
Diz çökərlər sənə qarşı hər yanda,
Zalimlə məzlumu, saqın, bir tutma,
Yediyin ətməyi, duzu unutma!
Hər ölkəyə varsan, bizi anarsan,
Nasırlı əllərə acır, yanarsan.
(Dərindən ah çəkərək.)
Şən saraylar məğrur etməsin səni,
Düşün daim yoxsulların dərdini.
Uyma evlər yıxan kinli şahlara,
Acı köküsləri yaxan ahlara!
(səsini yüksəldərək)
Biz səni bəslədik, çalış, adil ol!
Haydı, yavrum, şanlı yol, uğurlu yol!
Coşğun musiqi... Uzaqlaşırlar.
Rüstəm
Şanlı yol, uğurlu yol!
Köylülər
Şanlı yol, uğurlu yol!
(Deyə onların izilə gedərlər.)
PƏRDƏ
BİRİNCİ PƏRDƏ
I SƏHNƏ
Keykavus sarayında son dərəcə parlaq bir salon... Bağçaya baxan əlvan camlı, ipək pərdəli böyük pəncərələr... Coşğun musiqi ətrafı çınladır. Gənc, əsmər, cazibəli, möhtəris baxışlı Südabə kölələr omuzuna yüklənmiş taxt-rəvan üzərində iki cariyə ilə bərabər gəlir. Açıq pəncərədən dışarıdakı ziyafəti seyr edər. Palabıyıq bir pişxidmət qapı önündə ayaqda durub baxır.
Birinci cariyə
(gənc... bağçanı göstərir)
Nə parlaq ziyafət, nə şanlı bayram!
Keykavus sarayı rəqs edir tamam.
İkinci cariyə
(daha gənc)
Nazlı məlikəmiz Südabə, əfsus,
Hər sevincə qarşı kədərli, məyus.
Südabə
Nəşədən bayılsa bütün kainat,
Sevda buludları gülərmi? Heyhat!
Birinci cariyə
İştə, qədəhlər doldu.
İkinci cariyə
Yenə meylər sonuldu.
Musiqi.
Südabə
Səyavuşun sağlığına içdilər.
O həm gənc və gözəl, həm də cəngavər.
Birinci cariyə
Əvət, çeviklikdə bənzər qaplana.
İkinci cariyə
Qəhrəmandır, üstün gəlir aslana.
Südabə
Gücsüz tanrıdansa güclü qəhrəman
Səcdəyə, hörmətə layiq hər zaman.
Birinci cariyə
Baxsana! Səyavuş gəliyor sana.
Südabə
Siz çəkilin!
(Pişxidməti göstərir).
O da getsin bir yana.
Hər üçü gedir. Qumral saçlı, başı açıq Səyavuş gəlir. Lirik musiqi.
Səyavuş
Südabə!
Südabə
Səyavuş!
Səyavuş
Şah babam məni
Göndərdi ki, dəvət eyləyim səni.
Südabə
Söylə, maraqlımı saray həyatı?
Səyavuş
Maraqlı olsa da, köy xatıratı
Könlümü daima cəzb edib durur.
Südabə
Səncə o yaşayış daha xoşmudur?
Səyavuş
Çocuqluqdan bəri alışdım köyə,
Zal oğlu Rüstəmdən aldım tərbiyə.
Dağlarda yaşadım, ceyran ovladım,
Böylə şənliklərə mənus olmadım.
Südabə
(onun əllərini yaxalar)
Könül, sən söylədikcə,
Anar əski çağları.
Canlandı gözlərimdə
Həp Suriya dağları.
Səyavuş
(getmək istər)
Babam səni bəkliyor.
Südabə
Bəkləsin, istəməm, dur!
Orda bütün gözlər səni süzərkən,
Qısqanmağa başlayıram mən həmən.
Qəlbim çırpınıyor dodaqlarımda,
Gəl, öpəyim səni...
(Öpərək başını onun köksünə dayar).
Məni bağışla!
Səyavuş
Anam ölmüşsə də, bu gün sən mənə
İkinci anasan, isindim sənə.
Südabə
Deyil ana, sən yalnız
Mənə Südabə söylə!
Unutma, bir yaşdayız,
Eş kimiyiz səninlə.
(Bir daha öpmək istər).
Səyavuş
(geri çəkilir)
Burax!..
Südabə
Çəkinmə, ah, dur!
Səyavuş
Mən gedəyim.
(Gedir).
Südabə
Nə məğrur!
Pusquda duran pişxidmət son mənzərəni görür, çəkilir.
Rübabə
(gəlir, təlaş ilə)
Nədir gözlərində coşan fırtına?
Südabə
Dərdim böyük, sorma, Rübabə, sorma!
Rübabə
Sən Suriya kralının yavrusu,
Yaraşmayır bu hal sənə doğrusu.
Südabə
Nə söyləyim, gəlməz dilə,
Məni üzən fırtınalar.
Gəncliyimi gülə-gülə
Xırpalayan bir kabus var.
Könlümdəki atəşləri
Parlatamaz sönük yanğın.
Çəlik qollar istərəm ki,
Məni didsin, parçalasın.
Rübabə
Söylə, hər nə dərdin olsa aç mənə,
Süd anası deyilmiyəm mən sənə?!
Südabə
Qoymadı Səyavuş artıq məndə can.
Rübabə
Keykavus duyarsa çıldırar, inan!
Südabə
Əgər bütün saray yanıb tutuşsa,
Vaz keçəməm onun eşqindən əsla!
Musiqi
Rübabə
Çocuqluq yetişir, topla kəndini!
Südabə
Ah, bu sönük tale məhv edir məni.
Könlümü zorlayır sevmədiklərim,
Sevdiyimdən bilməm nələr bəklərim!?
(Salonu tərk etmək istər).
Keykavus
(qarşı gələrək)
Neçin Səyavuşu qırdın, gəlmədin?
Südabə
Rahatsız kimiyəm...
Keykavus
(onun gözlərini süzərək)
Nə olmuş, neçin
O şən yıldızları öpər buludlar?
Bilirsən ki, sənsiz nəşələr susar.
Nerdə rəqqasələr? Gəlsin, oynasın!
Nəşə dalğaları coşub qaynasın.
Pişxidmət digər salona işarə eylər, rəngarəng tüllərə bürünmüş rəqqasələr əllərində birər gül gəlir. Südabənin ayaqlarına ataraq oynarlar. Sonra bir qismi ona qarşı pərəstişkar bir ahəng ilə şərqi söyləyərək rəqsə davam edir. Sonra yenə sözsüz olaraq oynayır və bayğınca bir işvə ilə çəkilirlər. Bu sırada pişxidmət bir məktub gətirir, vəzirə verir.
Keykavus
Nə yazmış?
Vəzir
Türk ordusu,
Keçmiş bizim hüdudu.
Atılaraq iləri,
Talamışlar köyləri.
Keykavus
(Sarsılaraq qalxıb oturur).
İranda Rüstəm kimi
Pəhləvanlar dururkən,
Nə cürətdir bilməm ki,
Oh, bu azğınlıq nədən!?
Rüstəm
Xeyr, şahim, aldırma,
Yersizdir bu iztirab.
Rüstəm dursun, onlara
Səyavuş verər cavab.
Tus
Səyavuş var olsun, bəla görməsin,
Sayğısız düşmənə aman verməsin.
Birinci cəngavər
Səyavuş bu yurdun fəxri, şanıdır.
İkinci cəngavər
Kəyanın sarsılmaz qəhrəmanıdır.
Səyavuş
Yurdumuzu çeynəyən
Sayğısız hər kim olsa.
İnan ki, çox sürmədən,
Diz çökəcək qarşıda.
Bizdə dəmir biləklər,
Çəlik qollar az deyil.
Saldırıcı hünərlər
Mərd oğullar az deyil.
Keykavus
(qızğın bir tövr ilə qalxaraq)
Yox kimsədən qorxumuz,
Hazır olsun ordumuz.
Həp parlasın qılınclar,
Görülsün kimdə güc var.
Münəccim
(gəlir, sola doğru yürür, pişxidmətə)
Gözlərin həp parıldar,
Yoxsa bir xəbərmi var?
Pişxidmət
Var yeni bir sevişmə.
Münəccim
Nasıl, anlat, kim-kimə?
Pişxidmət
Südabəni gördüm mən
Səyavuşu öpərkən.
Keykavus
Türk ordusu
Keçmiş bizim hüdudu.
Atılaraq iləri,
Talamışlar köyləri.
Münəccim
Şahim! Burax təlaşı!
Qulun — münəccimbaşı
Yıldızları süzərkən
Keçən gecə duydum mən,
Bu səfərdə ən parlaq
Zəfər bizimdir ancaq.
Südabə
Təkbaşına Zal oğlu
Üstün gələr onlara.
Keykavus
Ya Səyavuş?
Südabə
Xeyr, o,
Getməsin bu qovğaya.
Keykavus
Neçin?
Südabə
Çünki əqrəba.
Dönüklük etməzmi ya?
Anasıdır turanlı...
Keykavus
(əlini köksünə vuraraq)
Babası da iranlı.
Cahan xain çıxsa da,
Çıxmaz Səyavuş əsla!
(Sağ tərəfdən çıxır).
Münəccim
(pişxidmətə)
Südabəni gördün sən
Səyavuşu öpərkən?
Gözdən qaçırma, diqqət!
(Bir kisəcik para atar).
Al iştə, sus!
(Gedir).
Pişxidmət
İtaət!
(altunları ovucunda oynadaraq, şən qəhqəhə ilə)
Altun, altun!.. O hər dərdin dərmanı,
Altun pəncəsindən qurtulan hanı?
Çalış cibin dolsun, cahan sənindir,
Ad şahın olsa da, fərman sənindir.
(Kisəni öpərək.)
İştə Yəzdani-pak, iştə Əhrimən!
Həp budur ağladan, budur güldürən!..
Bu göstərir divi mələkdən incə,
Gündüz bunsuz olar qaranlıq gecə.
Birinci cariyə
(Təlaş ilə gəlir).
Ah, fəlakət!..
Pişxidmət
Nə var, nə olmuş sana?
Birinci cariyə
Şahın çılğınlığı varmışdır sona.
Südabə getdi də, o fürsət buldu,
Həmən bizim odamıza soxuldu.
Pəncəsində qaldı kiçik cariyə,
Qızcığazı sürükləyir heçliyə.
Pişxidmət
(alayçı gülüşlə)
Yox, canım, şahımız öylə səfilmi?
(qolundan tutaraq)
Sarsaq! Bütün qızlar onun deyilmi?
Birinci cariyə
(geri çəkilir, kinli)
Yerə batsın tacı, gülməsin üzü!
(İç qapıya baxar)
İştə o! parlayır canavar gözü,
Qurtar məni, aman, gəldi...
Pişxidmət
(Yan pərdəni göstərir)
Gir, saxlan!
(Gizlənir).
Kim vaz keçər sənin kimi maraldan?
Keykavus
(Sərxoş addımlarla ikinci cariyəni izləyərək gəlir).
Getmə, dur, qaçma, gəl!
(pişxidmətə)
Saqın, buraxma!
Pişxidmət
(qızın önünə keçib yaxalar)
Şaşırma!
Keykavus
Bax, böylə!
İkinci cariyə
(şaha qarşı diz çökərək)
Qüsura baxma!
Bir çocuğam, hənuz yetişmədim mən...
Keykavus
Könül həp zövq alır tazə qönçədən.
Unutma ki, hər gün nazlı bir sona,
Yavru bir göyərçin qismətdir mana.
(Qolları arasına alır).
İkinci cariyə
(əlində çırpınır)
İstəməm, istəməm, öldürün məni,
Lakin toxunmayın!
Keykavus
Yaxşı, gəl, səni
İncitməm, sevərək öpüb oxşaram.
İkinci cariyə
İstəməm...
Keykavus
Sözümdən çıxsan, doğraram.
(İçəriyə doğru sürüklər)
Pişxidmət
(soyuq gülüşlə)
Gözəl töhfə! Budur nəsibin ancaq!
Qurtuluş yox sənə...
Birinci cariyə
(pərdə arxasından çıxır, Keykavusun getdiyi tərəfə)
Şərəfsiz, alçaq!
Pişxidmət
Ağzını yum, bu söz çəkilməz artıq,
Şaha qarşı nədir bu sayğısızlıq!?
Birinci cariyə
Yetər, o həris bir canavar kibi
Hər gün parçalayıb durur bir qəlbi.
Beş gün əvvəl, ah! O qanlı hökmdar
Mənimlə də etdi bu dürlü rəftar.
İsmətimi aldı ayaq altına,
Yalvardım, çıxmadı səsim bir yana.
Pişxidmət
Qurtuluş yolu yox deyildir sənə.
Birinci cariyə
Söylə, hankı yoldur o, göstər mənə!
Pişxidmət
(mənasız gülüşlə)
Şah keyfini sürdü, bu gündən sonra
(əli köksündə)
Onun kölgəsinə gəlmişdir sıra.
Birinci cariyə
Anlamadım...
Pişxidmət
Ondan artan yosmalar,
Mənim yatağımda nəşəyə dalar.
Fəqət çox sürmədən keçər fırtına,
O qız varır şanlı bir komandana.
Birinci cariyə
(fəna halda sarsılır)
Yetər, sus, yetər, ah, duyğusuz kölgə!
Mən istəməm ləkə üstündən ləkə.
(Getmək istər).
Pişxidmət
Getmə, dur!
Birinci cariyə
Toxunma, yetər, rəzalət!
Göylərəmi uçdu haq və ədalət?
Bu sırada Səyavuş belində qılınc, başında yarımtac olaraq onları
görüncə heyrətlə dinlər.
Pişxidmət
(qıza yaxlaşır)
Haq və ədalətmi?!.. O bir quş olsa,
Şahın sarayında yapamaz yuva.
(alayçı qəhqəhə ilə)
Haq və ədalət!.. Nə gülünc əfsanə!
Bu lafdan xoşlanır ancaq divanə.
Çocuqluq yetişir, gəl bu axşam da,
Vaxtını xoş keçir mənim odamda.
(Qızın qolundan tutaraq)
Unutma ki, sənin kimi yüzlərcə,
İsmətlər pozulur burda hər gecə.
Birinci cariyə
Burax, demək sən də Keykavus kibi,
Heçliyəmi gömdün vicdanı, qəlbi?
Pişxidmət
Söylənmə, gəl bəri!
Birinci cariyə
(geri çəkilir)
Yetər quduzluq.
Pişxidmət
(qucaqlar)
Sən bir oyuncaqsan, mən də bir çocuq.
Səyavuş
(sərt və kinli)
O bir quzu, sən bir quduz canavar.
(Hər biri şaşqın addımlarla bir tərəfə gedir).
Ah, nə qədər çirkin, vəhşi duyğular!..
Heç yalan deyilmiş anamın sözü,
Başqa imiş sarayların iç üzü.
O da bu çirkablar içində sönmüş,
Gənc yaşında ömrü sərabə dönmüş.
Sarmış da hər yanı bayquşlar səsi,
İştə gülünc faciələr səhnəsi!
Südabə
(gəlir. Darğın baxışla ona yanaşır)
Səyavuş! Səyavuş! Küskünəm sana.
Səyavuş
Kəyan şahı nerdə? Sözüm var ona.
Südabə
Nə söz?
Səyavuş
Hərbə aid..
Südabə
Şaşırdınmı sən?
Neçin qovğa sözü düşməz dilindən?
Cəlladmısan, səndə könül yoxmudur?
Səyavuş
Məndəmi?
Südabə
Öylə ya...
Səyavuş
Neçin?
Südabə
(əli köksündə)
Aman, dur!
Səbr edəməm qovğa sözü gəlincə.
Səyavuş
Uca ruhlu ana, qəlbin nə incə!
Südabə
Bir yaşdayıq, insaf edib baxsana,
Ana deyil, yalnız vurğunam sana.
(birdən-birə sarılır)
Səyavuş
(şaşqın bir halda geri çəkilir)
Sən xəstəsən...
Südabə
Söylə, təbibim hanı?
Səyavuş
Səndə vardır azğın bir əqrəb qanı,
Ehtiras alovu yaxmasın səni.
Südabə
Söndür o atəşi, sevindir məni!
Yoxsa... o atəşdə özün yanarsan,
Məhv olurkən bu xoş günü anarsan.
Səyavuş
Ölümdən qorxmayır Keykavus oğlu,
Xəyanət ləkəsi daha qorxulu!..
Südabə
(diz çökərək)
Bir busə ver mənə.
Səyavuş
(qolundan tutub qaldırır)
Yetər bu zillət!
Südabə
Sənin, həp varlığım sənin...
Səyavuş
Rəzalət!
Südabə
Gözəlliyə qarşı kordur gözlərin.
Bax, eyi bax!..
(sinəsini açar)
Səyavuş
Əvət, gözəl hər yerin,
Lakin, əfsus, mənim gözümdə çirkin!..
Südabə
Təhqir etsən belə buraxmam səni.
(sarılır)
Səyavuş
(itələyir)
Çəkil, ehtirasın qara yelkəni!
Sən nəsən? Bir heç, bir şərəf xırsızı,
Vəhşi Suriyanın uğursuz qızı!
Pişxidmət bu lövhəni görür, çəkilir.
Südabə
(incə ipək köynəyini yırtıb paralar, köksü tamamilə
dışarı çıxar)
Gözəlliyə qarşı kordur gözlərin.
(çılğınca bir ahəng ilə bağırır)
Sən xainsən, əvət, duyğusuz xain!
Ax, yetişin, məni məhv etdi xain!
Keykavus
(səsə çıxır)
Kimdir xain?
Südabə
Oğlun!
Keykavus
Nə kirli təhqir!
Südabə
“Babam nerdə?”-deyə gəlib söz atdı,
Mənə xəyanət əlini uzatdı.
Bax, iştə köynəyim!..
Keykavus
Əvət, bəllidir.
Südabə
Bu çirkin ləkədən xilas et məni!
(Hönkürtü ilə ağlayaraq pərdə arxasına keçir).
Keykavus
(səsə gələn pişxidmətə)
Çağır münəccimi!
Səyavuş! Səni
Yolundan sapdıran hankı duyğudur?
Səyavuş
Oğlun nə sapqındır, nə də suçludur.
Keykavus
Bir həqiqət yoxmu bu sözdə?
Səyavuş
Əsla!
Ləkəm varsa təmizlərim qanımla.
Münəccim
Nə olmuş?
Pişxidmət
Südabə etdi iftira.
Münəccim
Şahim! Əmr ediniz!
Keykavus
Var bir macəra,
Acı bir sirr!.. Onu kəşf et sən bizə!
Münəccim
(qafasını sallayaraq)
Təlaş verir gözəl bir qadın sizə.
Keykavus
Səyavuş nasıldır, o suçsuzmu, ya?
Münəccim
Yox bir düşüncəsi qovğadan başqa.
Keykavus
Çarə bul, seçilsin doğru əyridən.
Münəccim
Əmr ediniz atəş yaxılsın həmən;
Keçsinlər üstündən, diqqət eyləriz,
Yanan suçlu olar, yanmayan təmiz.
Keykavus
Yanan suçlu olar, yanmayan təmiz.
(qızğın)
Atəş, atəş!.. Çapuq atəş yaxılsın!
PƏRDƏ
II SƏHNƏ
Atəş ətrafında oxuyaraq Zərdüşt ayini icra edirlər.
Möbidlər
Əmr etmiş yaradan,
Bir sınaqdır iştə!
Günahsız bir insan
Yanmaz bu atəşdə.
Qızlar rəqs edirlər.
Keykavus
Nerdədir məlikə?
Birinci cariyə
O imdi bayğın!..
Keykavus
Bayılsa ayılsın, ölsə dirilsin!
Cariyə gedir.
Münəccim
İştə, atəş!
Keykavus
Burax Südabə gəlsin.
Möbidlər
Müqəddəs alovdan
Keçənlər qurtular.
Əyri yollar gedən
Həp yanar, kül olar.
Qızlar təkrar edirlər. Münəccim Səyavuşun tacını və qılıncını alır və uzun bir köynək geyindirir. Südabə saçları dağınıq, bənizi uçmuş olduğu halda cariyələri ilə gəlir.
Keykavus
Yaxın gəl!
Südabə
Əmriniz?
Keykavus
Girin atəşə!
Səyavuş
Mən hazıram.
Südabə
Yazıqdır Səyavuşə.
Keykavus
Öncə sən girərsən.
Südabə
Bu xoşdur mana,
Könlümdə yanğın var, başda fırtına.
(acı gülüşlə)
Təsir edərmi heç atəş atəşə?
Vuruldum yanaraq mən Səyavuşə...
Keykavus
(əl çalaraq)
Cəllad!..
(Südabəni kinli baxışla süzərək)
Nə sayğısız, nə düşgün qadın.
(İki təbərdar ilə cəllad gəlir).
Alın bu azğını, həmən asılsın!
Hər kəs ibrət alsın cənazəsindən.
Südabə
(acı və şaqraq qəhqəhə ilə)
Nə dəhşətli qərar!?. Gözəl düşünsən,
Sevgisiz yaşayan canlı bir məzar!
Sevərkən ölənlər daha bəxtiyar.
(İki-üç addım uzaqlaşaraq dönər).
Səyavuş, Səyavuş! Sənin bir busən
Dəyərlidir Kəyan tacından...
Səyavuş
Ah, sən!..
Südabə
Əlvida, əlvida... eşsiz qəhrəman!
Gedirlər.
Keykavus
Oh, ipəkli ilan, sevimli qaplan!
Səyavuş
Lütf ediniz!
Keykavus
Söylə!
Səyavuş
Neçin asılsın?
Keykavus
Ya nə olsun?
Səyavuş
Məhbəslərə atılsın.
Bəlkə Yəzdani-pak edər mərhəmət,
Tutduğundan peşiman olur...
Vəzir
Əvət,
Oğlunuz heç yanılmayır, əfəndim!
Bu gözəl tədbiri mən də bəyəndim.
Keykavus
Xayır, bu mümkünmü?
Vəzir
Neçin olmasın?
Keykavus
Neçinmi? Neçinmi? İştə, o sapğın
Çirkin bir ləkədir Kəyan tacına.
Səyavuş
Şaşırmış qadındır, acıyın ona!
Vəzir
Baş hərəmdir, əvət, edam etsəniz,
Müztərib olacaq bundan ölkəmiz.
Keykavus
Get, söylə, o vəhşi dağlar pərisi,
Duymamalı artıq bir insan səsi.
Rüstəm
Şah sağ olsun, iştə ordumuz hazır,
Bütün qəhrəmanlar əmrə muntazır.
Keykavus
(münəccimlər çıxırlar, oğluna)
Səyavuş! Qalmadı bir şübhəm sana,
Vuruldum səndəki parlaq vicdana.
Bir ləkə var bəlkə ayda, günəşdə,
İncə bir iz belə yox Səyavuşdə.
Əvət, südün təmiz, açıqdır alnın,
Sapdıramaz səni hər oynaq qadın.
Haydı, yavrum! Gözü yollarda ordun,
Get, zəfər tanrısı yardımçın olsun!
Keykavus əli ilə işarə edir, Rüstəm, Səyavuş, Tus, Bəhram və
cəngavərlər gedir.
PƏRDƏ
İKİNCİ PƏRDƏ
I SƏHNƏ
Yaxında bir köy, uzaqda Bəlx qələsi görünür, səhnədə İran köylüləri daş, çamur daşıyaraq yeni qələ yapmaqla məşğuldur. İçlərində qız və qadınlar da çalışır. Ətrafda iki çadır qurulmuş. Pərdə musiqi ilə açılır. İki zəbtiyyə məmuru ağır yürüyən işçiləri qırmancla vurub, sürətli hərəkətə məcbur edir. İki bənna divar üstündə türkü söyləyərək çalışır.
Birinci bənna
Gəl, quzum, tez ol da gəl!
Gözüm qaldı yolda, gəl!
Çamur gətir, daş gətir!
Durma, arxadaş, gətir!
İkinci bənna
Haydı, quzum, kərpic at,
Kirəc gətir, az su qat!
Gecikmə, gəl, durma, gəl!
İşə zərbə vurma, gəl!
Birinci məmur
(axsayan bir qulu itələyir)
Çapuq yürü, axsama,
Çox qalmadı axşama.
İkinci məmur
(ixtiyar köylünü vurur)
Haydı, şaşqın ixtiyar!
Tənbəllərə qırmanc var.
İxtiyar
Vurma, sönmüş qüvvətim,
Yoxdur daha taqətim.
İkinci məmur
Başqa laf istəməm, sus!
Dostları ilə paylaş: |