Heydər Əliyev və Dil siyasəti “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli, 552 nömrəli sərəncam və nəhayət, 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında böyük tarixi şəxsiyyət Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb.
Respublikamızın çoxminli təhsil işçiləri “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanundan, eləcə də ümummilli liderimiz Heydər Əliyevin dil siyasəti ilə bağlı imzaladığı silsilə fərmanlardan irəli gələn vəzifələrin yerinə yetirilməsində, ulu öndərin dövlət dili ilə əlaqədar verdiyi müdrik göstərişlərin, irəli sürdüyü müddəa və ideyaların gerçəkləşməsində yaxından iştirak edirlər. Ölkəmizdə hər il “Ana dili” günü təntənəli surətdə qeyd edilir.Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi yolunda möhtərəm Heydər Əliyevin başladığı müqəddəs milli mücadilənin tarixi bir qərinədən çox davam etmişdir. Milli tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş 1969-2003-cü illərdə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, sözün həqiqi mənasında, gündəlik həyatda, təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, beynəlxalq aləmin çox mötəbər məclislərinin kürsülərindən eşidilməsi ulu öndərimizin ana dilimizin inkişafına, onun sosial-siyasi və mədəni həyatda layiqli yer tutmasına göstərdiyi qayğı və diqqətin, son dərəcə dəqiq, düşünülmüş və uzaqgörən dil siyasətinin nəticəsində mümkün olmuşdur. Bu şərəfli tarixi yolun başlanğıcı hələ 1970-ci ildə BDU-nun 50 illik yubileyində o dövr üçün, kommunist rejimi üçün fövqəladə hadisə sayılan respublika rəhbərinin Azərbaycan dilində çıxışı ilə başlandı. Bu tarixi çıxış ziyalılara, bütün xalqa respublika rəhbərinin Azərbaycan dilinə qayğı və ehtiramı haqda bir xəbərdarlıq idi ki, bu proses sonralar milli özünüdərkdə müstəsna rol oynadı. Az keçmədi ki, Azərbaycan dili nüfuzlu məclislərə, dövlət əhəmiyyətli tədbirlərə yol açdı, Heydər Əliyevin qayğısı sayəsində ali məktəblər üçün dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə, “Azərbaycan dilinin dialektologiyasının əsasları” dərs vəsaitinə respublika Dövlət mükafatları verildi, təhsil müəssisələrində ana dilinin tədrisinə ayrılan saatların miqdarı artırıldı, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali məktəblərə qəbul planları əhəmiyyətli dərəcədə artırıldı.