124
Hərbi-texniki sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı (1991-2011)
Belə bir halda nizami ordunun təcili yaradılması zərurəti meydana çıxmışdı.
Lakin Silahlı Qüvvələrin yaradılması ən çətin proseslərdən biridir. Hərbi
sahədə azərbaycanlı milli kadrların sayı olduqca az idi və mövcud qüvvə ilə
Silahlı Qüvvələrin yaradılması üçün sabitlik və sülh dövrü tələb olunurdu.
Erməni işğalı isə davam edirdi. Mövcud vəziyyətdən çıxmaq üçün könüllü
dəstələrə hərbi təlimlər vermək, eyni zamanda nizami ordu yaratmaq
çox vacib idi. Belə halda Silahlı Qüvvələrinin yaradılması prosesində
sıx əməkdaşlıq üçün Azərbaycan Türkiyə Cümhuriyyətinə müraciət etdi.
Yaradılacaq Azərbaycan Silahlı Qüvvələrinin gənc zabit heyətinə təlim
vermək, müxtəlif təkmilləşdirmə kurslarında iştirak etmək, eyni zamanda
yaradılan orduya texniki cəhətdən yardım göstərmək məqsədilə 1992-ci ildə
“Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında hərbi sahədə elmi,
texniki və təlim-tədris üzrə əməkdaşlıq haqqında” Saziş imzalandı. Sazişin
maddələrini icra etmək və daha geniş tərkibdə təlim vermək məqsədilə
Türk Silahlı Qüvvələri içərisindən seçilmiş ən bacarıqlı zabit və gizir heyəti
Azərbaycana gətirildi. Müstəqil Azərbaycan dövlətinin ən çətin durumunda
onun yanında olan və onu yaxından dəstəkləyən ilk dövlət məhz Türkiyə
olub. Beləliklə, döyüşlərin getdiyi anda gənclərə hərbi təlim verən, hərbin
sirlərinə sahib olmaqda təcrübəsiz gənc zabitlərə köməklik göstərən Türkiyə
ordusunun təmsilçiləri, eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin
formalaşdırılması prosesində də yaxından iştirak etməyə başladılar. Həmin
dövrdə türk zabitlərinin məskunlaşdığı təlim mərkəzlərindən birinin
kazarmasının girişində yazılmışdı: “Azərbaycan qardaşlarımıza yardım
türklərin vicdan borcudur”. Bu nə dahi bir insan, nə də filosofun dediyi
bir kəlam idi. Bu sözlər çətin anda qardaş köməyinə qoşan sadə bir türk
zabitinin qəlbindən gələn səmimi hissləri ifadə edirdi.
Dostları ilə paylaş: