20.Atropatenin Parfiya və Roma dövlətlərinin işğalçılıq siyasətlərinə qarşı mübarizəsi.
Atropatenanın böyük imperiyalarla münasibətinə dair mənbələrdə xeyli məlumat var. Atropateniya və Parfiya münasibətləri haqqında mənbələrə əsaslanaraq aşağıdakıları qeyd etmək olar.
Abdulla Fazili qeyd edir ki, Atropatena hökmdarları öz müstəqilliklərini qoruyub saxlamaq xatirinə əvvəllər Selevkilər, sonra isə Roma və Parfiya kimi qüdrətli dövlətlər arasında gedən şiddətli çəkişmələrdən daima istifadə etmişlər. Onlar müəyyən dövrlərdə Selevki, Parfiya, bəzi hallarda isə Romanı müdafiə edirdilər. Bu baxımdan da, Atropat Midiyasında Roma münaqişələri bir sıra hallarda atropatenalıların xeyirinə müvəffəqiyyətlə nəticələnirdi.
Böyük Midiyaya gəldikdə isə, o, iki böyük qrup arasında gedən mübarizələrdə daima parfiyalıların mənafeyini müdafiə edirdi. Vətənlərini yadellilərdən müdafiə edən midiyalılar digər tərəfdən partiyalılarla dil və etnik nöqteyi-nəzərdən yaxın idilər. Vətənpərvərlik əhval-ruhiyyəsi ilə çıxış edib parfiyalılaranı tərəfini saxlayan midiyalılar romalılara şiddətli müqavimət göstərmişdir. Məlum olduğu kimi, Atropatena hökmdarı Artavazd Antoni ilə Fraat arasında olan çəkişmələrdə əvvəllər Fraatın tərəfində olub Antoniyə qarşı vuruşmuş, sonralar qənimətin bölüşdürülməsi üstündə Fraatdan inciyərək Antoninin tərəfinə keçmişdi. Bu səbəbə görə də Fraat Atropatenaya hücum edib, I Artavazdı hakimiyətdən salmışdı. O, Atropatenanın idarə olunmasını müvəqqəti olaraq Ermənistan çarına tapşırmışdı. Belə olduqda, I Artavazd məcbur olub Antoniyə pənah gətirmişdi. Bu zaman I Artavazd, həm də Antoninin oğlu ilə qohumluq münasibəti yaratmışdı. Antonidən sonra Kiçik Asiyaya gələn Avqust I Artavazdın xidmətini bəyənmişdi.
Müasir Türkmənistan və Xorasan antik dövrdə Parfiya adlanırdı. I Dara tərəfindən yazılmış Bisütun, Presepol, Nəqş-e Rüstəm kitabələrində bu ad "Pərsəvə" formasında verilmişdir. Xəzər dənizinin cənub-şərqində yerləşən bu ölkə əkinçilik üçün əlverişli olmayan vadilərlə həmsərhəd idi. Ətrafında olan səhralara görə nazik zolaq olan bu ərazi Xəzər dənizindən şərqə doğru uzanırdı. Parfiyanın heç bir vaxt Assur dövlətinə tabe olmadığına baxmayaraq, bu ərazi haqqında ilkin məlumata Assur mənbələrində təsadüf edilir. Əhəməni imperiyasının Şimal satraplığını təşkil edən Parfiya I Daranın hakimiyyətə keçməsi ilə əlaqədar Midiyada Fraortanın rəhbərliyi altında baş verən üsyana qoşulub farsların zülmünə qarşı mübarizə aparmışlar.
Eramızdan əvvəl III əsrin ortalarından etibarən Selevki dövləti dağılmağa başlayır. Məhz bu zaman (e. ə. 250-ci ildə) Parfiya dövləti təşəkkül tapır. Bu dövlətin tərkibinə Orta Asiyanın cənub-qərb hissəsi, İranın isə şimal-şərqi daxil idi. Parfiya dövlətinin paytaxtı əvvəllər Nisa şəhəri, sonralar isə Ktesifon şəhəri olmuşdur. Ölkəni əsası I Arşak tərəfindən qoyulmuş Arşakilər (Əşkanilər) sülaləsindən olan çarlar idarə edirdi. Geniş ərazinin ayrı-ayrı vilayətlərinin idarəsi isə kiçik çarlara həvalə edilmişdi. Parfiya hökmdarları özlərini şahlar şahı adlandırırdı. Parfiya hökmranlığını 3 dövrə bölmək olar:
1. Parfiya dövlətinin yaranması və Selevkilərin İran ərazisindən tamamilə qovulması.
2. Parfiya dövlətinin Romaya qarşı apardığı müharibələr.
3. Parfiya dövlətinin tənəzzül dövrü.
Strabonun göstərdiyinə görə, Parfiya çox da geniş əraziyə malik deyildi. O, farsların hökmranlığı dövründə Hirkaniya ilə birlikdə İrana, onlardan sonra isə uzun müddət makedoniyalılara xərac verirdi. Əhəmiyyətsiz dağlıq hissəsinə gəldikdə isə, onu qalın meşələr örtmüş və olduqca kasıb ölkədir. Çarları böyük qoşun dəstələrini az müddət ərzində belə ərzaqla təmin edə bilmirdi. Halbuki indi onların ölkəsi genişlənmişdir. Parfiya ölkəsinə Komisen, Xoren, Kaspi darvazalarına kimi olan ərazi, o cümlədən, Raqa və tanurların ölkəsi də daxildir.
Strabonun göstərdiyinə görə, Atropaten varisləri ermənilərin, suriyalıların, sonralar isə parfiyalıların çarları ilə qohumluq münasibətləri yaratmışdılar.
Atropatena şahları öz müstəqilliyini qorumaq məqsədilə bu və ya digər qüvvətli ölkənin şahları ilə iqtisadi əlaqəyə meyil göstərməklə bərabər, eyni zamanda, həmin ölkələrlə diplomatik və siyasi əlaqə də yaradırdılar.
Dostları ilə paylaş: |