Sinir – trofik funksiyaları tənzimləyən terapiya - dərman maddələri vasitəsilə sinir sisteminə təsir edərək patoloji prosesin ləğvinə yönəlmiş müalicədir. Bəzən təcrübədə belə müalicə üsulu “sinir sistemi vasitəsilə müalicə” adlanır. Məlumdur ki, necə fəaliyyətdə olan orqanizmdə, eləcə də xəstəliklər zamanı sinir sistemi xüsusi tənzimləyici və uyğunlaşdırıcı rol oynayır. Sinir və humoral mexanizmləri bir – biri ilə sıx əlaqədə olduqlarından vahid sinir – humoral sistemi yaradırlar. Beləliklə, sinir mərkəzlərinin qıcıqlandırılmasını dəyişərək orqanizmdə baş verən hər bir patoloji prosesə təsir etmək mümkündür.Baytarlıq təcrübəsində sinir - trofik funksiyaları tənzimləyən terapiya metodu şərti olaraq təsirinə görə iki yerə: mərkəzi sinir sisteminə və vegetativ sinir sisteminə təsir edən müalicə metodlarına bölünürlər. Mərkəzi sinir sisteminə təsir edən vasitələr baş – beyin, onurğa beyin və başqa orqanların zədələnməsində istifadə edilir. Meningit və ensefalitlər zamanı yuxu gətirən və sakitləşdirici vasitələrdən (xloralhidrat, fenobarbital, luminal və s.), nevroz və stress vəziyyətlərində bromidlər və neyroleptiklərdən, sedativ preparatlardan (aminazin, stressnil, propazin) istifadə edilir. Atların sancıları zamanı mədə - bağırsaq şöbəsinin kompleks terapiyasında ağrı kəsicilərdən (novokain, promedol, analgin) eləcə də mərkəzi sinir sistemini sakitləşdirən və qıcıqlanmalardan qoruyan (valerian xülasəsi və s.) preparatlardan geniş istifadə edilir. Daxili orqanların xəstəlikləri zamanı vegetativ sinir sisteminin funksiyalarını tənzimləmək məqsədilə: krupoz və lobulyar pnevmoniyalarda, aşağı boyun simpatik (ulduzlu) düyünlərin novokain blokadası, at və buzovlarda kəskin mədə - bağırsaq xəstəliklərində, plevraüstü simpatik düyünlərin blokadası, atlarda bağırsaqların metiorizmi, iri buynuzlu heyvanlarda timpaniya zamanı paranefral novokain blokadası aparılır. Novokain blokadalarının mexanizm təsiri çox mürəkkəbdir və axıradək öyrənilməmişdir.
Blokada zamanı zədələnən sahələrdə güclü oyanma və ya ağrı impulslarının (məsələn, bağırsaqlardan və ya tənəffüs yollarının selikli qişalarından baş – beyinin qabığına və ya qabıqaltı mərkəzlərinə) təsiri müvəqqəti olaraq zəifləyir və ya tamamilə itir və beləliklə də neyrohumoral proseslər normallaşır.
Əvəzedici terapiya – orqanizmin normal fəaliyyətdə olması məqsədilə çatışmayan inqridiyentlərin (elementlərin) doldurulmasına (əvəz olunmasına) yönələn metoddur. Əvəzedici terapiya kimi, əsasən də xüsusiləşdirilmiş fermer təsərrüfatlarında və sənaye komplekslərində qrup şəklində aparılan profilaktika və müalicə tədbirlərində vitamin və mineral maddələrdən geniş istifadə olunur. Vitaminlə müalicə (vitaminoterapiya) orqanizmdə vitamin çatışmazlığı zamanı aparılır. Bunun üçün tərkibində təbii halda bol vitamin olan dietik yemlər, yemlərdə vitamin çatışmamazlığı olduqda isə vitamin preparatlarından istifadə edilir. İqtisadi nöqteyi nəzərdən vitaminləri premiks şəklində və ya qarışıq yemlərə əlavə kimi qarışdırılıb verilməsi daha məqsədəuyğundur. Belə hallarda vitaminlərin keyfiyyətinin azalmaması məqsədilə yemlərə əlavə stabilləşdirici maddələr qarışığı (məsələn diludin – A vitamininin stabilləşdiricisidir) əlavə olunur. Vitamin preparatları mono və polivitaminlər şəklində heyvanların vəziyyətindən asılı olaraq istifadə olunur. Bu gün vitamin preparatları ən çox quşçuluqda və cavan heyvanların bəslənilməsində istifadə olunur.Heyvanların qrup şəklində aparılan profilaktiki tədbirlərində mineral maddələrin verilməsi onların makro və mikro elementlərlə təminatından asılıdır. Belə hallarda su, torpaq və yemlərdə makro və mikro elementlərin çatışmamazlığı ilə əlaqədar biokimyəvi bölgələrin mövcudluğu nəzərə alınmalıdır.Əvəzedici terapiyanın vasitələri kimi mineral çatışmamazlığında əksər hallrda premiks və yem əlavələri təbaşir, natrium – xlorid, fosfor – kalsium birləşmələri, dəmir, yod, kobalt, mis, sink, manqan və başqaları duz formasında mineral maddələr kimi istifadə edilir. Fərdi müalicədə əvəzedici terapiya vasitələrindən homogen qanin köçürülməsi, izotonik məhlulun (fizioloji və Ringer məhlulu) parenteral yeridilməsi, hipoasid qastrit zamanı daxilə xlor turşusunun və təbii mədə şirəsinin verilməsi, hormonal terapiya (şəkər diabetində insulin, zob xəstəliyində qalxanabənzər vəzin hormonları, böyrəküstü vəzin çatışmamazlığında prednizalon və kartizon, ketozlarda hipofizin hormonları) bu və digər xəstəliklərdə geniş istifadə olunur.