29-cu sual. Tarixi tədqiqatlarda empirik metodlar
Tarixi tədqiqatların ilkin mərhələsini empirik mərhələ (tədqiq olunan obyekt haqqında biliklərin toplanması) təşkil edir.
Empirik məlumatlar dedikdə, öyrənilən obyekt haqqında müşahidə və eksperimentlər nəticəsində əldə edilən məlumatlar da nəzərdə tutulur. Tarixi proseslərə dair empirik məlumatların əldə olunmasına şərait yaradan, imkan verən tədqiqat metodları bilavasitə reallıqla, təcrübə ilə bağlıdır. Bu metodlar nəzəri tədqiqatların aparılması üçün öyrənilən problemə dair ilkin məlumatların toplanmasına, qeydiyyata alınmasına, təsnifatlaşdırılmasına və ümumiləşdirilməsinə şərait yaradır.
Aşağıda tarixi tədqiqatlara dair empirik metodlara nəzər yetirəcəyik.
Tədqiqatın ilkin mərhələsində öyrənilən hər hansı bir tarixi hadisə, siyasi proses və s. obyektinin və predmetinin, məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi ilə bağlı məlumatların realizə olunması üçün sözügedən mövzunun tədqiqi ilə bağlı tarix elminin əldə etdiyi nailiyyətlərin bazası əsasında tarixşünaslıq müstəvisində elmi-obyektiv analizi aparılmalıdır. Bu, ilk növbədə tədqiq olunan obyektin ilkin, vacib xüsusiyyətlərinin aydınlaşdırılması, onun coğrafi və xronoloji çərçivəsinin müəyyən edilməsi üçün vacibdir. Məsələn, Azərbaycan ərazisində XV əsrdə fəaliyyət göstərən feodal dövlətlərinə dair bu və ya digər problemi tədqiq edən hər hansı bir tədqiqatçı sözügedən məsələyə dair C.İbrahimovun, İ.Petruşevskinin, Z.Bünyadovun, S.Aşurbəylinin, S.Əliyarovun, V.Bartoldun, İ.Minorski və d. bu kimi görkəmli alimlərin əsərlərinin tarixşünaslıq müstəvisində elmi-obyektiv analizini aparmalıdır. Adı çəkilən alimlərin əsərləri tədqiq olunan problemə dair tarix elminin əldə etdiyi nailiyyətləri əks etdirdiyinə görə tədqiqatçıya tədqiqat obyektinin problemlə bağlı məqsəd və vəzifələrini müəyyənləşdirməkdə yardım edir. Məhz bu istiqamət, bu yardım tədqiqatçıya tədqiqat obyektində hansı aspektlərə daha çox diqqət yönəltməyə, nələri daha çox tədqiq etməyə imkan yaradır, yol göstərir.
Digər tərəfdən mövzunun öyrənilmə səviyyəsinin müəyyənləşdirilməsi qarşıya qoyulan vəzifələrin daha opimal icrasına, hipotezlərin yaradılmasına da ciddi təsir göstərir.
Məhz bu baxımdan tədqiqat işinin tarixşünaslıq müstəvisində əsaslandırılması, zəngin tarixşünaslıq bazasına malik olması tarixi tədqiqatın ən mühüm, vacib hissəsidir. Tədqiqat obyektinin tarixşünaslıq elminin məlumatları əsasında təhlili, analizi məlum olanı məlum olmayandan, birinci dərəcəli məlumatları ikinci dərəcəlilərdən ayırmağa imkan verir. Tarixşünaslıq məlumatları
tədqiqatçıya tədqiqat obyekti ilə bağlı elmi konsepsiyaları, fikir və mülahizələri, əldə olunmuş təcrübi bilikləri yenidən saf-çürük etməyə, tədqiqatın sərhədlərini – elmi-xronoloji çərçivəsini müəyyən etməyə imkan verir.
Tarixşünaslıq materialları məxsus olduğu dövrün ictimai-siyasi, ideoloji xüsusiyyətlərini, başqa sözlə, dövrünün siyasi tələblərini əks etdirdiyinə görə tədqiqatçı təbii ki, diqqətli olmalı, tədqiqat obyekti üçün vacib olan zəruri məlumatları “seçib-götürməyi”, əldə olunan faktları elmi-obyektiv müstəvidə analiz-sintez etməyi bacarmalıdır.
Bundan başqa, tədqiqatçı tarixi hadisə və prosesləri əks etdirən dövri mətbuat materiallarını, problemlə bağlı elmi əsərlərin toplularını, müxtəlif konfrans materiallarını, tezis və məruzələri də tarixşünaslıq materialı kimi elmi dövriyyəyə cəlb etməyi bacarmalıdır.
Dostları ilə paylaş: |