28-ci sual. Tarixi tədqiqatlarda kvantorlardan istifadə
Kvantor latın sözü quantumdan götürülüb, mənası nə qədər deməkdir. İstər təbiət, istərsə də sosial elmlərə dair tədqiqatlarda kvantordan istifadə məntiqi əhəmmiyyətlər silsiləsindən olub, tədqiq edilən obyekt və yaxud hadisə kəmiyyət xüsusiyyətləri haqqında məlumatları əks etdirir.
Belə ki, bu və ya digər hadisənin tədqiqi zamanı ictimai proseslərin inkişaf mexanizmini izləmək, elmi-obyektiv nəticələr çıxarmaq üçün həmin hadisənin başlanğıc nöqtəsindən inkişafınadək (kulminasiya nöqtəsinədək) olan kəmiyyət göstəricilərinin hansı istiqamətdə dəyişikliyə məruz qalmasını bilmək təbii ki, heç də az əhəmiyyət kəsb etmir.
Məsələn,VIII əsrin 30-cu illərinin əvvəllərində xəzərlərin 300 minlik qoşunla ərəblərə qarşı hücuma keçmələri, Ərdəbilədək olan ərazilərədək gəlib çıxmaları və Savalan dağı yaxınlığında onlar üzərində parlaq qələbə çalmaları tərəflər arasındakı hərbi əməliyyatların iri miqyasından xəbər verir. Halbuki, VII əsrdə tərəflər arasında hərbi toqquşmalar intensiv xarakter daşımırdı. Təbii ki, burada xəzər qoşunlarının sayı hərbi əməliyyatlar teatrının strateji konturlarının müəyyənləşdirilməsində ciddi önəm kəsb edir. Məhz belə ciddi hərbi hazırlıq xəzərlərin Diyarbəkir və Mosula da yiyələnmələrinə, ərəbləri isə öz qüvvələrini kəmiyyət-keyfiyyət baxımından yenidən səfərbər etməyə vadar etdi.
Gətirilən misalda kvantordan istifadə yəni hərbi əməliyyatlarda iştirak edən qoşunlarla bağlı kəmiyyət göstəriciləri proseslərə analitik prizmadan yanaşma imkanı yaratmaqla yanaşı, gələcəkdə baş verə bilənləri də proqnozlaşdırmağa kömək edir.
Təsadüfi deyildir ki, bəzən bu və ya digər ictimai-siyasi prosesin, yaxud ayrıca bir şəxsin portreti məhz kvantor tətbiqi ilə canlandırılır. Belə kvantorlar tarixi inkişafın müəyyən zaman kəsiyini daha obyektiv qiymətləndirməyə, həmin zaman intervalından həm əvvələ, həm də sonraya bağlanmaq imkanı verir. Məsələn, VIII əsrin ortalarında Əməviləri əvəz edərək hakimiyyətə gələn Abbasi xəlifələrinin hakimiyyəti dövründə vergi siyasətində ciddi dəyişikliklər aparıldı. Harun ər-Rəşidin (786-809) dövründə vergilər daha da artırıldı. On beş yaşa çatan hər kəsdən vergi alınmağa başladı. Azərbaycanın cənubundan ildə 4 milyon dirhəm vergi alınırdı.
Təbii ki, iqtisadi durumu xarakterizə edən kvantorlar gətirdiyimiz misalda sadəcə statistik göstərici funksiyasını daşımır, eyni zamanda, sözügedən dövrün sosial-iqtisadi və siyasi mənzərəsini canlandırmaqda Xürrəmilər hərəkatının nə üçün geniş miqyasda inkişafı kimi suallara cavab tapmaqda bizə yardımçı olur. Belə ki, xürrəmilərin Harun ər-Rəşidin dövründə 808-ci ildə baş verən üsyanında 100 min nəfər iştirak etmişdir.
Kvantorlardan istifadə tədqiq edilən hadisələr arasında oxşar və ya fərqli xüsusiyyətləri də müəyyənləşdirməyə kömək edir. Deyək ki, iki və ya daha çox hadisənin bu və ya digər kəmiyyət göstəriciləri eyniyyət təşkil edərsə, yaxud təqribən oxşar olarsa, o zaman əvvəl baş verən hadisəni sonrakı üçün analoji hadisə kimi qiymətləndirmək olar. Kvantorların fərqi isə həmin fərqi doğuran amillərin hadisənin baş vermə səbəblərinə nə dərəcədə təsir etmə imkanlarını deməli həm də nəticələrinə dair proqnozlar verməyinizə kömək etmiş olar.
Dostları ilə paylaş: |