20.Ədəbi dil Xalq dilinin və ya milli dilin tarixən cilalanıb təkmilləşmiş forması ədəbi dil adlanır. Ədəbi dil dilin ən ali formasr kimi onun lüğət tərkibinin zənginliyi, qrammatik quruluşunun qaydaya salınması, inkişaf etmiş üslubları, orfoqrafiya və durğu işarələri qaydalarına ciddi riayət edilməsi ilə xarakterizə edilir.
Ədəbi dilin hərfi mənası yazılı dil deməkdir (lat. littera hərf, yazı). Ədəbi dil həqiqətən yazılı formaya malikdir və bu, onun mühüm əlamətidir. Lakin yazılı dil anlayışı ilə ədəbi dilə anlayışını eyniləşdirmək olmaz. Birincisi, heç də bütün yazılı forma ədəbi nitq deyildir və ikincisi, ədəbi dil təkcə yazılı formada deyil, həm də şifahi formada çıxış edir. Ədəbi dil yazı dili olmaqdan başqa, həm də dövlət və ictimai müəssisələrin, məktəb və teatrın, radio və televiziyanın şifahi dilidir.
Ədəbi dil dilin dialekt və fərdi müxtəlifliyinə qarşı qoyulur. Dil dialektə qarşı qoyularaq ümumxalq dili və ya ümumi dil adlandırılır. Ədəbi dil bu dildə bütün danışanların nitqini əhatə edərək, eyni zamanda, tənzimlənmiş, düzgün və məcburi norma kimi çıxış edir. Dialekt uzusu (qəbul edilmiş işlənmə, nitq vərdişi) üslublara və kommunikativ sahəyə bağlı olmayan həddən ziyadə variantlılıq, qaydalara riayət edilməsində qeyri-ciddilik və nitqin düzgün və qeyri-düzgün olması haqqında yalnız intuitiv təsəvvür ilə xarakterizə edilir. Ədəbi dil normalaşdırılmış və kodlaşdırılmışdır, yəni müasir dilin lüğət və qrammatikalarında təsbit olunmuşdur.
Ədəbi dilin variantlılığı danışıq formalarına, fərdi nitq üslubuna geniş yer verilən şifahi nitqdə daha çox baş verir, lakin yazılı ədəbi dildə də mümkündür. Ədəbi norma orfoqrafiya sahəsində daha ciddi, tələffüz, sözdəyişdirmə və sözlərin birləşdirilməsi sahəsində isə daha liberaldır.
21.Nitq səslərinin akustikası Nitq səsləri öz fiziki təbiətinə görə səslənən cismin (nitq orqanlarının) hava axınına təsir edərək əmələ gətirdiyi tərəddüdlərdir. Lakin nitq səsləri onları qəbul edən eşitmə orqanlarının və onları yaradan nitq aparatının imkanları ilə məhdudlaşır Nitqin akustikası tərəddüd hərəkətlərinin növləri və tembr haqqında, eləcə də səsin yüksəkliyi, intensivliyi və davamlılığı haqqında təlimə, nitq səslərinin akustik əlamətlərə görə təsnifatına əsaslanır.
Tərəddüd hərəkətlərinin xarakterindən asılı olaraq səslər musiqili (onları tonlar adlandırırlar) və musiqisiz (onları küylər adlandırırlar) olmaqla iki yerə ayrılır. Ton səslənən cismin, məsələn, səs tellərinin müntəzəm (ritmik) tərəddüdləri nəticəsində yaranır. Küy səslənən cismin, məsələn, dodaqların qeyri müntəzəm tərəddüdləri nəticəsində yaranır. Saitlər və cingiltili samitlər küy və səsdən, kar samitlər isə yalnız küylərdən ibarət olur.
Nitq səsləri bir-birindən yüksəkliyi, gücü və sürəkliliyi ilə, eləcə də tembri ilə fərqlənir.. Nitqdə səsin yüksəkliyi səs tellərinin uzunluğu və tarımlığından asılı olur. Nitq səslərinin xarakteristikası üçün nisbi yüksəklik mühümdür. Daha yüksək səslərin daha qısa dalğası olur, ona görə də onlar daha güclü olurlar, Səsin gücü tərəddüdün amplitudası ilə təyin edilir.
Nitq səsi akustik cəhətdən mürəkkəbdir, çünki özündə təkcə əsas tonları deyil, həm də rezonator tonlarını ehtiva edir. Rezonans ondan ibarətdir ki, səslənə bilən cisim (onu rezonator adlandırırlar) səs dalğasını qəbul edərkən səslənməyə başlayır. Yumşaq və yaş divarlı rezonatorlar (ona nifq aparatı aid edilir) öz tonları ilə tam üst-üstə düşməyən tezliklərə asanlıqla rezonans yaradırlar, həm də onların öz tərəddüdləri yavaş-yavaş zəifləyir. Bu akustik fizioloji xüsusiyyətlər nitqin akustikasında, xüsusilə tembrin təyin edilməsində çox böyük əhəmiyyətə malikdir.