23. Avtomobil nəqliyyatının yaratdığı səs-küyün təsiri Nəqliyyat vibrasiyaları
Səs – hissəciklərin rəqsi hərəkəti ilə meydana çıxan fiziki hadisədir. Səs rəqsləri müəyyən amplituda və tezliyə malik olur. İnsanın əmək və istirahətinə mane olan, akustik diskomfort yaradan istənilən arzu edilməyən səsə səs-küy deyilir. Səs-küy sözü ilə səslərin nizamsız xaotik qarışması nəzərdə tutulur. Nəqliyyat səs-küyünün mənfi təsiri insanı onun bütün həyatı boyu müşayiət edir. Səs-küyün təsirinin göstəriciləri. Səs-küyün canlı orqanizmlərə təsiri eyni deyil və qavrama dərəcəsi ilə fərqlənir. Səs-küy təsirinin obyektiv göstəriciləri onun intensivliyi, səsin yüksəkliyi (hündürlüyü) və təsir müddətidir. Nəqliyyat səs-küyünün səviyyəsinə təsir edən amillər:
mühərrikin tipi (müqayisə olunan eyni güclü mühərriklərin səs-küyünü artma səviyyəsinə görə ranqlaşdırmaq olar – elektrik mühərriki, benzin mühərriki, dizel mühərriki, buxar və qazoturbinli mühərrik);
yol örtüyünün tipi və keyfiyyəti (ən az səs-küy asfalt-beton örtük, sonra isə artan sıra ilə – tir döşənmiş, daş və çınqıl örtük yaradır. Çuxurları olan, açıq yarıqları və səthləri qovuşmayan istənilən tipli nasaz yol örtüyü artan səs- küy yaradır);
ərazinin planlaşdırma həlli (küçələrin uzununa profili və əyri-üyrülüyü, müxtəlif səviyyəli yol ayrıcları və svetoforlar mühərriklərin iş xarakterinə və deməli həm də yaranan səs-küyə təsir edir. Tikililərin hündürlüyü və sıxlığı səs-küyün magistraldan yayılma uzaqlığını müəyyən edir);