1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə49/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   45   46   47   48   49   50   51   52   ...   115
felsefeimtahansualları

2. VIII-ХII əsrlərdə Azərbaycana İslam dininin gəlməsi və möhkəmlənməsi, və ölkənin İslam mədəni bölgəsinə fəal daxil olması Azərbaycan fəlsəfi fikrinin bu dövrdə inkişafının islam dini ilə çoxçalarlı əlaqələrinə imkan yaratdı. Zaman keçdikcə, ölkəyə Quranın zahiri və batini şərhinə əsaslanan İslam mədəni bölgəsinin çoxsaylı ideoloji cərəyanları da daxil olur və burada Azərbaycan mütəfəkkirlərinin simasında öz yerli təmsilçilərini tapırlar. Müxtəlif cərəyanların nümayəndələri nəzəri-fəlsəfi mövqelərini Quran ayələri ilə əsaslandırmağa cəhd göstərirdilər. Bu meyil regionda yayılmış mötəzililik, ismaililik, sufilik və s. cərəyanlar üçün səciyyəvi olmuşdur. Quranda və çoxsaylı İslam ideoloji cərəyanlarında əsas problem Xaliq (Allah) və məxluq münasibətidir. Bu münasibətin şərhindən asılı olaraq müxtəlif təlimlərin fəlsəfi baxımdan idealist, monoteist, dualist, panteist və ya materialist təmayülü müəyyən edilirdi. Qeyri-ortodoksal cərəyanlar Allahın Quranda həqiqət kimi təqdimini, onun canlı olması, vəchi haqqında, insanın Allaha qayıtması və Onunla görüşməsi, astral hadisələrə, idraka münasibət, İlahi nur, təqdir, cəza, Allah qorxusu, maddi nemətlərə münasibət və s. məsələləri ehtiva edən surələrin ezoterik şərhini verir, bir sıra hallarda məntiq və dövrün elmi və fəlsəfi fikrinə müvafiq, ortodoksal yönümdən fərqli, panteistik vəhdət əl-vücud fəlsəfəsini yayır və nəticədə, Azərbaycanda İslam bölgəsi mənəvi-mədəni məkanının ziddiyyətlərlə dolu ideologiyasını inkişaf etdirirdilər.
VII–VIII əsrlərdə ilahiyyat fəlsəfəsi inkişaf etməyə başlayır. İslamın fəlsəfi şərhi ilahiyyatçıların birbaşa vəzifəsinə çevrilir. Buna baxmayaraq, həmin vəzifənin icrası prosesində fikir ayrılıqları da olurdu.
Azərbaycanda feodal istehsal münasibətlərinin tam bərqərar olub inkişaf etdiyi dövrlərdə fəlsəfi fikir şərq peripatetizmi (materializm ilə idealizm arasında tərəddüd edən qədim yunan filosofu Aristotelin nəzəriyyəsi) üsulunda meydana gəlib inkişaf etmişdir. XI-XII əsrlər dövründə, Azərbaycanda fəlsəfə sahəsində hakim yeri İslam dinini əsaslandırmağa xidmət edən idealizm tuturdu.
Ə.Bəhmənyarın fəlsəfəsi baxışları. XI əsrdə Azərbaycanda fəlsəfənin inkişafı Əbülhəsən Bəhmənyar əl-Azərbaycaninin (993-1066) adı ilə bağlıdır. Onun bir sıra qiymətli əsərləri («Təhsil kitabı», «Məntiqə dair zinət kitabı», «Gözəllik və səadət kitabı», «Metafizika elminin mövzusuna dair traktat», «Mövcudluğun mərtəbələri») olmuşdur. Bunların içərisində «Təhsil kitabı» xüsusi yer tutur. O, orta əsrlər dövründə məntiq, metafizika və təbiəti öyrənmək üçün mühüm mənbələrdən biri olmuşdur.
Ə.Bəhmənyarın fəlsəfəsində varlıq tə'limi, idrak nəzəriyyəsi və məntiq problemləri sistemli şəkildə geniş şərh edilmişdir. O, varlığı vacib və mümkün olmaqla iki yerə bölərək göstərir ki, birinci qisimdən olan varlıq qeyri-varlığının fərz edilməsi mümkün olmayan varlıqdır, ikinci isə vacib varlıqdan savayı bütün yerdə qalan mövcudluqlardır. Zəruri və ya vacib varlıq bütün mövcudatın əsasını təşkil edir, mümkün varlıq isə varlığı və yoxluğu cəhətdən zəruri olmayanlardır. Vacib varlıq ilə mümkün varlıq arasındakı əlaqələr isə ilk səbəb və nəticə arasındakı münasibət kimi nəzərdən keçirilir. Ə.Bəhbənyarın fikrincə, səbəblə nəticə bir-birilə əlaqəlidir, hər bir nəticənin varlığı öz səbəbinin varlığı ilə birlikdə vacib və zəruridir.
Materiya, forma, cisim, hərəkət, məkan və zaman kimi fəlsəfi kateqoriyaları qarşılıqlı əlaqədə nəzərdən keçirən Ə.Bəhmənyar orta əsrlər peripatetizmində olduğu kimi materiya və formanın nisbətinə mürəkkəb substansiya kimi yanaşır, hərəkəti isə potensiallıqdan aktuallığa tədrici keçid kimi xarakterizə edir. Zaman gəldikdə o, hərəkətin miqdarı kimi təqdim olunur və o, materiyanın ayrılmaz xassəsi adlandırılır. Onun fikrincə, zamanın mövcudluğu materiyadan asılıdır, o, materiyada mövcuddur və bu mövcudluq hərəkət vasitəsilə şərtlənmişdir.
Ə.Bəhmənyarın «Təhsil kitabı»nda dünyanın vəhdəti məsələsinin anlaşılmasına dair fikirlərində aydın olur ki, o, çoxlu dünyaların mövcudluğunu inkar edir, vahid materiya və forma daxilində xüsusiləşən aləmin dünyanın vəhdətinin əsası hesab edir. Onun fikirincə, bu mövcudat isə ilkin məqsədəuyğunluq, ilkin səbəblər əsasında tam zərurətlə inkişaf edir. Dünyadakı bütün hadisə və proseslərin düzülüşü, nizamı, qayda-qanunu onlara əvvəlcədən daxil edilmiş, həqiqi bir nizamdır, ondan daha bitkin nizam yozxdur.
Ə.Bəhmənyarın idrak nəzəriyyəsində hissi və məntiqi (əqli) idrak pillələləri bir-birilə əlaqədar şəkildə nəzərdən keçirilir, idrakın obyekti və subyekti düzgün fərqləndirilir və göstərilir ki, «hər dərk edilən şey dərk edəndə təzəhür edir», duyğular, qavrayışlar maddi varlıqların düzgün sürətləri, in'ikaslarıdır. Əqli və ya rasional idrak da onun diqqətindən kənarda qalmamış, o, əqli idrakı şeyləri mahiyyətini aşkara çıxaran ən yüksək idrak növü adlandırmışdır.
Ə.Bəhmənyar Yaxın və Orta Şərq ölkələrində istedadlı bir məntiqçi alim kimi tanınmışdır. O, məntiqi həm elm, həm də idrak sənəti baxımından qiymətləndirmiş, məntiqin predmetinə, vəzifələrinə, problemlərinə «Təhsil kitabında» geniş yer vermişdir

Nəsrəddin Məhəmməd oğlu Tusinin dünyagörüşü (1201-1274) Orta əsr Şərqində həm böyük ensiklopediyaçı alim, həm də görkəmli filosof kimi ad-san qazanmışdır. İbn Yusif, Şəmsəddin Xosrov, Şahi Təbrizi (1184-1252) və başqalarından mükəmməl təhsil almış Nəsrəddin Tusi riyaziyyata, astronomiyaya, optikaya, mineralogiyaya və digər elmlərə dair dəyərli əsərlərlə yanaşı məntiqə, fəlsəfəyə, etikaya dair də orijinal traktatlar yazmışdır. İbn Əl-İbri Nəsrəddin Tusini "Marağada rəsədxana sahibi, bütün fəlsəfi elmlərdə şə'ni olan böyük filosof" kimi təqdim edərək yazır: Onun məntiqə, təbiətə, metafizikaya, evklid həndəsəsinə aid çoxlu əsərləri vardır, farsca "Etika" kitabı son dərəcə yaxşıdır".
Nəsrəddin Tusinin yaradıcılığında "Etika", "Mövcudatın bölküsü və onun cisimləri" və s. fəlsəfi əsərlər mühüm yer tutur. İbn Sinanın “İşarələr və qeydlər" kitabına yazılmış şərh xüsusilə qiymətlidir. Filosof ağır şəraitdə Ələmut qalasında bir növ həbsdə olarkən onun üzərində işlədiyini qeyd edir. Burada İbn Sinanın mütərəqqi fəlsəfi fikirləri ortodoksal islam ideoloqlarının hücumlarından nəzakətlə qorunur, inkişaf etdirilir. Varlıq tə'limi, idrak nəzəriyyəsi və məntiq Nəsrəddin Tusinin fəlsəfi sistemində bir-birilə üzvi surətdə bağlıdır. Onun varlıq tə'limində təbiətşünaslıq məsələlərinin şərhi geniş yer tutur. Məşhur ərəb tarixçisi və sosioloqu İbn Xaldun (1332-1406) orta əsrlərdə təbiət elminin inkişafından danışarkən İbn Sinanın görkəmli davamçısı kimi Nəsrəddin Tusinin adını çəkmişdir.
Nəsrəddin Tusinin idrak nəzəriyyəsində duyğuların və əqlin rolu eyni dərəcədə yüksək qiymətləndirilir. Filosof hissləri, duyğuları idrakın mənbəyi hesab etməklə Aristotelin və Şərq peripotetiklərinin materialist ideyalarını davam etdirmişdir. O, öz kitabında yazır: "... Duyğu ayrılıqda ümumi rə'y ifadə etmir, amma mə'lum olmalıdır ki," ümumi və ayrıca elmlərin qapılarının açarı duyğudur". Dünyanın dərk olunmasını elmi şəkildə izah edən böyük mütəfəkkir idrak prosesinin dialektikasını seçə bilmişdir. O, yazır: "Şeylərin dərk olunması bir dəfə başa gələn iş deyildir, əksinə, qüvvə və zəiflik, aşkarlıq və məxfilik, xüsusilik və ümumilik, kamillik və qeyri-kamillik sarıdan mərhələlərə malikdir".
Filosof göstərir ki, insanlar çox elm öyrənib, çox biliyə yiyələndikcə onların əqli yetkinliyi, idrak qabiliyyəti artır.
Marağa rəsədxanasındakı fəaliyyəti Nəsrəddin Tusiyə dünya şöhrəti gətirmişdir. O, oraya yaradıcı alimləri və filosofları də'vət etmiş, onların işləmələri üçün hər cür şərait yaratmışdır. 1266-cı ildən Nəsrəddin Tusi ilə bir yerdə çalışan Azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içi boş yer kürrəsi modeli də varmış. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Təəssüf ki, elm aləmində elə hesab edirlər ki, ilk coğrafi qlobusu guya alman alimi Martin Bahaym (1459-1507) hazırlamışdır. Nəsrəddin Tusi Marağa rəsədxanasında çalışan alimlərdən bir çoxuna dərs demişdir. Nəcməddin Katibi Qəzvini (1203-1277), Şəmsəddin Şirvani (?-1300), Qütbəddin Şirazi (1236-1311) və başqa təbiətşünas alimlər, məntiqçi filosoflar, bilavasitə Nəsrəddin Tusi məktəbinin yetirmələridir.
Nizami Gəncəvinin dünyagörüşü. XII-XIII əsrin ən böyük mütəfəkkirlərindən biri Nizami Gəncəvidir (1141-1209). Dünya şöhrəti qazanmış böyük şair həm də zəmanəsinin görkəmli filosofu olmuşdur. Bədii əsərlərində irəli sürülmüş fəlsəfi ideyalar göstərir ki, o, dünyanın Allah tərəfindən yaradıldığını qəbul etsə də, ortodoksal dini görüşlərlə barışmamış, varlıq və idrak məsələlərinə düzkün elmi cavab verməyə çalışmışdır. Bu cəhətdən onun fəlsəfi görüşləri təkamül yolu ilə keçmişdir. Bə'zən o, allahla təbiəti birləşdirən panteizmə, allahı təbiətin canlı ruhu kimi başa düşən hilozoizmə, bə'zən isə "eşmimişəm ki, hər bir ulduz dünyadır, hərəsinin ayrıca yeri və göyü vardır." - deyə dünyanın çoxluğunu və sonsuzluğunu qəbul edən materialist baxışa meyl göstərmişdir. N.Gəncəvi yerin kürə şəklində olduğunu dönə-dönə söyləmiş, yer səthinin dəyişilməsində təbii amillərin - zəlzələnin, suyun, küləyin tə'sirindən danışmışdır. Onun dini xurafata zidd azadfikirlilik meylləri öz əksini ruhla bədənin münasibəti məsələsinin həllində də tapmışdır. "Xosrov və Şirin" poemasında N.Gəncəvi ruhla bədənin üzvü vəhdət təşkil etdiyini, bunları bir-birindən ayrılıqda təsəvvürə gətirmək mümkün olmadığını qeyd etmişdir. O, yuxu görməni ruhun ölməzliyinə sübut kimi qələmə verməyə cəhd göstərən dini ehkamları təkzib edir, rö'yanın rasionalist izahını verməyə çalışır. Hələ Pifaqor və Platonun irəli sürdükləri "anemiezis", yə'ni bədən öləndən sonra ruhun yaşaması və keçmişi xatırlamaq qabiliyyətinin saxlanması haqqında dini-mistik tə'liminin puçluğunu göstərirdi. O, axirət dünyası barədə ehkamlara əks çıxaraq onları əfsanə adlandırır və ölmüş insanı suya qərq olmuş közə bənzədir: Suda közün alışması mümkün olmadığı kimi, öləndən sonra da heç bir gələcək, axirət həyatı ola bilməz. N.Gəncəvinin idrak məsələsinə baxışlarından müəyyən dərəcədə skeptisizm (şəkkaklıq) və aqnostsizmin tə'siri duyulsa da, o, əsasən rasionalist olmuş, maddi olan bütöv varlığın dərk edilməsinin mümkünlüyünü qəbul etmiş, ağlın, fikrin, elmin qüdrətinə inanmışdır. Onun rasionalizminin bir cəhəti də kainatın qanunauyğunluğunun öyrənilməsində nöqtə, xətt, müstəvi, cisim kimi bə'zi riyazi anlayışlarının tətbiqindən bəhs etməsidir. (İdrak qabiliyyəti baxımından fəlsəfəyə daha çox üstünlük vermiş, müasirlərində qədim hind və yunan fəlsəfəsinə maraq oyatmağa çalışmışdır. İnsan zəkasının qüdrətinə dərin inam bəsləyən N.Gəncəvi əsərlərində elmin fəzilətindən dönə-dönə bəhs etmişdir. Onun yaradıcılığında filosof obrazları mühüm yer tutur. Onlar hökmdarları və cəmiyyəti düzkün istiqamətləndirən qüvvə kimi təsvir edilirlər. Aristotel, Platon, Sokrat və b. Yunan alim-filosoflarının adlarının şərq ölkələrində şöhrətlənməsində N.Gəncəvinin poemalarının da rolu böyük olmuşdur. Şair onların dili ilə özünün həyat haqqındakı fikirlərini ifadə etmiş, Ptolomey və Evklid kimi görkəmli alimlərin əsərlərinin Ərəbcəyə tərçümələrindən faydalanmışdır.
N.Gəncəvinin yaradıçılığında bu zəngin biliyə əsaslanan elmi əhəmiyyətli beytlər və parçalar yoxdur. O, eyni zamanda elmin dar çərçivədə inkişaf etməyəcəyini söyləyir, tərcümə vasitəsilə bütün xalqların mədəni irsini öyrənməyin zəruriliyini göstərirdi. Təsadüfi deyildir ki, onun qəhrəmanı İsgəndər bütün ölkələrdə ələ keçirdiyi kitabları Yunan dilinə tərcümə etdirirdi. N.Gəncəvi insanın əxlaqi gözəlliyinə xüsusi qiymət vermiş, kamil insanın ancaq zahiri əlamətləri deyil, mə'nəvi gözəllikləri ilə də seçildiyini qeyd etmişdir. O, ançaq yüksək əxlaq prinsiplərinə riayət yolu ilə xoşbəxt cəmiyyət qurulacağına inanırdı. N.Gəncəvi həm də böyük vətənpərvər idi. O, bütün əsərlərində təsvir etdiyi hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin qüdrətli günlərini tərənnüm etməyə çalışmışdır. N.Gəncəvinin yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.

Şihabəddin Yəhya Suhrəvərdinin dünyagörüşü (1154-1191) N.Gəncəvi ilə eyni dövrdə yaşamışdır. Şihabəddin Əbülfütuh Yəhya Həbəş oğlu Suhrəvərdi böyük filosof, şiraqilik fəlsəfəsinin banisidir.
Şihabəddin Suhrəvərdi dinin zəngin yaradıçılığında peripatetizm, sufizm və işraqilik məsələləri işıqlandırılmışdır. Azərbaycan filosofu məntiq, metafizika və təbiətşünaslığa dair "Qeydlərində" (Əl-təlvihat), "Müqavimətlər" (Əl-müqavimət", "Baxışlar" (Əl-ləməhat) və başqa kitablarında fəlsəfi kateqoriyaların yeni təsnifatını hazırlamış, peripatetik tə'limini inkişaf etdirmişdir. "Filosofların görüşləri" traktatında Şərq peripatetizmini ortodoksal islam ideoloqlarının hücumlarından qorumuşdur. "Cəbrail qanadının səsi", "Qızğın əql", "Bir gün sufi camaatla birlikdə", "Uşaqlıq haləti haqqında", "Qarışqaların dili", "Simurğun civiltisi", "Ürəklərin bağı" (yaxud "Ürəklərin çəməni") və başqa traktatlarında o öz sufi sələflərinin ideyalarını təbliğ edib, panteizmə yaxın mövqe tutmuşdur.
Şihabəddin Suhrəvərdinin "İşıq heykəlləri", "İmaməddin lövhələri", "İşıqnamə", xüsusən "İmraq fəlsəfəsi" və bir sıra başqa əsərlərində Şiraqilik tə'liminin başlıca məsələləri verilmişdir. Şiraq (Əl-şiraq - işıq saçma) emanasiya termininə uyğundur. Şiraqilik (Əl-şiraqiyyə) bu sözdən əmələ gəlib, "Şirağa məxsus" deməkdir. Bu tə'limə görə işıqlardan və onun kölgələrindən təşəkkül tapmış bütün mövcudatın zirvəsində işıqlar işığı durur. Tək və səbəbsiz olan həmin işıqdan mərtəbə-mərtəbə digər işıqlar və onların kölgələri (cisimlər) vücuda gəlmişdir. Bununla şiraqilik fəlsəfəsində Şərq peripotetizmindəki əql, nəfs və cismin üçlük sisteminə əsaslanan yeni bir emanasiya nəzəriyyəsi yaradılmışdır. Şiraqilik fəlsəfəsində idrakın hissi, əqli və intuitiv mərhələləri qəbul edilir. İctimai fikirlərə gəldikdə, o Şihabəddin Suhrəvərdinin poeziyasında daha qabarıq verilmişdir. Haqsızlığa və ədalətsizliyə qarşı çıxan mütəfəkkir bədxah insanları əjdahaya və ilanlara bənzədirdi. Onun fikrincə xalqa layiqli adam başçılıq etməlidir, O, deyirdi "siyasət onun əlində olarsa, zaman işıqlı olar".
Şihabəddin Suhrəvərdinin . fəlsəfəsini, xüsusən onun Şiraqilik tə'limini Şəmsəddin Şəhrəzuri (?-1250), İbn-Kəmmunə İsrailin (?-1277), Qütbəddin Şirazi (1236-1311), Vədud Təbrizi (?-1524), Sədrəddin Şirazi (?-1610) və b. görkəmli filosoflar inkişaf etdirmişlər.

XIV əsrdə Azərbayçanda hürufilik cərəyanı meydana gəlir. Banisi Fəzlullah Nəimi (1330-1394) idi. Əsəri "Cavidannamə" adlanır. Hürufilik ərəbcə hüruf sözündən əmələ gəlmişdir, mənası hərflər deməkdir. Hərflərə mistik ilahi məna verilməsi bu təlimin başlıca fərqləndirici cəhətidir. Əsas ideya isə Allaha məxsus keyfiyyətin təcəssümü, insanın allahlaşdırılması, kainatın əbədiliyinin qəbul edilməsidir. Nəticədə Nəimi həbs edilərək, sonralar edam olunmuşdur. Fəzullah həbsxanada məşhur «cavidannamə» əsərini yazmışdır. Sözlərin müqəddəsliyini irəli sürən həmin əsərdə hürufiliyin başlıca prinsipləri öz əksini tapmışdır. Bəzi filosoflar bu cərayanı idealist, bəziləri isə materialist istiqamətə aid edirlər. Əslində isə təlim mistik dini cərəyan hesab olunmalıdır. Ayrı–ayrı materialist müddəalar bu cərayanı materialist cərəyan hesab etmək üçün kifayət deyildir. «Allah mənəm», «Allah mənim özümdədir» fikri də allahın tam inkarı deyil, onun insanda təcəlla tapmasının təsdiqidir. Hürufizm tərəfdarları müsəlmançılığın müqəddəs kitabı olan Quranın bütün şeylərin məcmusu olduğunu göstərirlər. Allah isə ilkin əsas olmaq funkisiyasını itirmir.


Hürufiliyin ən böyük nümayəndəsi İmaddəddin Nəsimi (1369-1417) olmuşdur (Əsl adı Seyid Əli). Azərbaycanın filosofu Şamaxı şəhərində dünyaya göz açıb. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. X əsrdə Bağdadda dara çəkilmiş həllac Mənsur Hüseynin Sufi görüşlərini təbliğ edən Nəsimi ilk şe'rini Hüseyn təxəllüsü ilə yazmışdır. XIV əsrin sonlarında Azərbayçanda keniş yayılmış hürufi (hürufi ərəbçə hərflər sözündəndir) təşkilatları ilə əlaqə saxlamışdır. Fəzlullah Nəiminin görüşlərini mənimsəyərək təriqətin fikirlərini təbliğ edən şe'rləri yazmağa başlamış və bu vaxtdan e'tibarən Nəiminin təxəllüsü ilə həmahəng deyilən Nəsimi təxəllüsü qəbul etmişdir. 1394-cü ildə Nəimi e'dam edildikdən sonra onun "Vəsiyyətnamə"sinə əsasən Nəsimi Təbrizə, oradan da Anadoluya (Türkiyəyə) getmiş hürufilik ideyalarını yaydığı üçün dəfələrlə zindana salınmışdır. Ömrünün son illərini Hələbdə yaşamış, orada həbs olunmuş, "kafir", "dinsiz" e'lan edilərək, Misir Sultanının əmri və ruhanilərin fitvası ilə diri-diri dərisi soyulmuşdur.
Nəsiminin görüşlərində insana məhəbbət, insan şəxsiyətinin azadlığı mövzusu başlıca yer tutur. Şair insanı alçaldan, azadlığını buxovlayan feodal dini-əsarət əleyhinə alovlu e'tiraz səsini qaldırdı. Nəsimi insanı bir yaradıçı varlıq kimi ucaldır, hətta "məndə sığar iki cahan, mən bu cahana sığmazam" deyərək insanın qüdrətini tərənnüm edirdi, lakin insanı ilahiləşdirən mütəfəkir onu göylərə qaldırmır, konkret insan obrazını nəzərdə tuturdu. Şairin lirik "məni" elə bir aləmdir ki, bütün kainatın sirləri burada gizlənmişdir. O əzəli və əbədidir, dünyada müxtəlif şəkillərdə təzahür edir. İnsan zəkasının, varlığın sirlərini açmağa qadir olduğuna dərin inam bəsləyən Nəsimi ideyalarında insanın özünü, beləliklə də həqiqəti dərk etməyə çağırırdı. Həyat və kainatın sirlərini dərk etməyə sə'y göstərən mütəfəkkir ardıcıl panteizm mövqeyində durur, özündən əvvəlki panteistlər kimi ruhun cəmadət (cansız aləm), nəbadət və heyvanatdan keçərək, insana doğru inkişafını qəbul edirdi. Nəsiminin fikrincə maddə məhv olmur. Əbədi yaşayır, insan öldükdən sonra bitki şəklində yenidən həyata qayıdır. Beləliklə o, həyatı əzəli və əbədi adlandırır. Lakin başqa panteistlərdən fərqli olaraq, Nəsimi bu fikirləri hürufilik baxımından izah edir. Nəsimi həyat gözəlliklərini təsdiq edən, ondan bəhrələnməyə çağıran nikbin ruhlu mütəfəkkirdir. Nəsimi sufilərə tənqidi yanaşmış özünü dərk edən, həyatın zövqünü bu dünyada görən, insan qüdrətinə inanan, onu həyatın yaradıçısı sayan, insan gözəlliyini təqdir edən hünərli, iradəli bir şəxsiyyət olan "arif" obrazını onlara qarşı qoymuşdur. Nəsimi yaradıcılığında onu kafirlikdə, dinsizlikdə təqsirləndirən ideya düşmənləri ilə mübarizəsi əhəmiyyətli yer tutur. O, insanlar arasında dini e'tiqadlarına görə ayrı-seçkilik, düşmənçilik salan "əyri nəzər" din xadimlərini qətiyyətlə izləyir, bütün xalqları bir e'tiqada, dostluğa səsləyirdi. Böyük Nəsiminin rübailərində hürufiliyin müddəaları, həyat və kainat haqqında düşüncələri yığcam və məntiqi bir dildə ifadə olunmuşdur. Nəsiminin əsərləri hələ sağlığında Azərbaycanda, Yaxın Şərqdə, İraqda, Kiçik Asiyada və Suriyada, eləcə də Orta Asiyada uyqurlar içərisində şöhrət tapmışdır.

XIV əsrdə Azərbaycanda fəlsəfi fikrin inkişafında dünya şöhrətli şair Məhəmməd Füzulinin böyük xidməti olmuşdur.



Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin