1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Elmi idrakın empirik metodları



Yüklə 340,51 Kb.
səhifə91/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   87   88   89   90   91   92   93   94   ...   115
felsefeimtahansualları

Elmi idrakın empirik metodları.
Müşahidə elmi tədqiqatın başlanğıc nöqləsi olub, elmi idrakın müxtəlif sahələrində, o cümlədən təbiətşünaslıqda geniş tətbiq olunur. Müşahidə obyektin məqsədli və müntəzəm qavranılması prosesidir. Müşahidənin hissi idraka əsaslanması o demək deyil ki, onun gedişində insanın təfəkkürü, bilik və təcrübəsi iştirak etmir. Əksinə, sübut edilmişdir ki, obyektin məqsədli qavranılmasının məzmun və istiqaməti insanın bilik və təcrübəsindən, hadisəyə marağından və gerçəkliyə münasibətindən də bilavasitə asılıdır.
İzlədiyi məqsəd və daşıdığı vəzifədən asılı olaraq müşahidələr elmi və qeyri-elmi olur. Hərbi işdə, cinayətin təhqiqində, gündəlik həyatda istifadə olunan qeyri-elmi müşahidədən fərqli olaraq elmi müşahidə müəyyən elmi məsələni, problemi həll etmək məqsədilə aparılır. Elmi müşahidələr əsasında irəli sürülən müəyyən fərziyyələr və ideyalar son nəticədə qanunların kəşfinə gətirib çıxarır. Məsələn, Tixo-Bragenin planetlərin hərəkəti üzərində apardığı elmi müşahidələr, yuxarıda qeyd etdiyimiz kimi, Kepler qanunlarının kəşfi üçün empirik əsas olmuşdur.
Elmi idrakın məhsuldar metodu olması üçün müşahidə müəyyən tələblərə cavab verməli, yə'ni məqsədli olmalı, planauyğun, müntəzəm və fasiləsiz aparılmalıdır.
Elmi idrakın empirik metodlarından biri də müqayisədir. Müqayisə gerçəkliyin müəyyən sahəsinə daxil olan cisim və hadisələrin oxşar və fərqli cəhətlərini müəyyən etməyə imkan verən idraki üsuldur. Müqayisə nəticəsində iki və ya daha çox obyektin ümumi cəhətləri müəyyən edilir ki, bu da qanunların açılması yolunda çox mühüm addımdır.
Elmi idrakın məhsuldar metodu olması üçün müqayisə iki əsas tələbə cavab verməlidir. Əvvəla, o hər cür obyektlər arasında deyil, ancaq obyektiv ümumiliyə malik olan obyekllər arasında aparılmalıdır. İkincisi, müqayisə obyektlərin hər cür əlamətləri üzrə deyil, ancaq mühüm və əhəmiyyətli əlamətləri üzrə aparılmalıdır. Qeyri-mühüm əlamətlər üzrə aparılan müqayisə yanlış nəticələrə gətirə bilər.
Elmi idrakın müqayisə ilə sıx bağlı olan digər metodu ölçmə adlanır. Bu melod tarixən onun əsasını təşkil edən müqayisə əməliyyatından irəli gəlsə də, o, müqayisəyə nisbətən idrakın daha universal və güclü metodudur. Əsası Qaliley və Nyuton tərəfindən qoyulmuş müasir eksperimental təbiətşünaslıq məhz ölçmə metodu sayəsində meydana gəlib inkişaf etmişdir.
Ölçmə etalon və ya ölçü vahidi vasitəsilə hər hansı bir kəmiyyətin (məsələn, sür'ət, tə'cil, çəki, uzunluq, vaxt və s.) ədədi qiymətinin tə'yin edilməsi əməliyyatıdır. Ölçmə vasitəsilə kəmiyyətin ədədi qiyməti tapılaraq müəyyən ölçü vahidləri - kiloqram, nyuton, metr, coul, veber və s. ilə ifadə olunur. Ölçmə eyni keyfiyyəti ifadə edən kəmiyyətlərin ədədi müqayisəsidir. Məsələn, hər hansı cismin kütləsini ölçərkən əslində biz iki kütləni - cismin və etalonun kütləsini müqayisə edirik.
Ölçmə də müstəqil və dolayı yolla aparıla bilər. Ölçmə empirik qanunların kəşfinə aparan yoldur. Ölçmə həm də nəzəriyyənin formalaşmasının mühüm vasitələrindən biridir. Dəqiqlik ölçmənin keyfiyyət və elmi dəyərinin mühüm göstəricisidir. Amerikan alimi Maykelson tərəfindən işıq sür'ətinin, rus alimi P.Lebedyev tərəfindən işıq təzyiqinin təcrübi ölçülməsi elm tarixinə daxil olmuş nadir ölçmələrdir.
Elmi tədqiqatın tarixən qədim və geniş yayılmış metodlarından biri də eksperimentdir. Eksperiment latın sözü olub sınaq, təcrübə, sübut mə'nasını verir. Eksperiment həmişə müşahidə ilə bağlı olur. Lakin müşahidədən fərqli olaraq eksperimentdə insan hadisələri yalnız seyr etməklə kifayətlənməyib, həm də onların gedişinə fəal müdaxilə edərək onları elə bir sün"i vəziyyətə gətirir ki, bu vəziyyətdə onların xassələrini öyrənmək təbii haldakına nisbətən daha asan olur. Eksperimentlərin gedişində hadisələrin passiv müşahidəsi ilə kifayətlənməyib onların təbii gedişinə şüurlu və fəal surətdə müdaxilə edən tədqiqatçı buna ya öyrənilən prosesə bilavasitə tə'sir etməklə, ya da prosesin cərayan etdiyi real şəraiti dəyişdirməklə nail olur. Sadə müşahidənin prosesə fəal tə'sirlə tamamlanması eksperimenti empirik tədqiqatın ən səmərəli metoduna çevirir.
Müşahidə ilə müqayisədə eksperimentin bir üstünlüyü də bundadır ki, o, hadisənin cərəyan etdiyi şəraiti dəqiq təyin etməyə, onu dəyişdirməyə, müşahidəyə müyəssər olmayan hadisələri də öyrənməyə, təbii proseslərin analoqunu və modelini yaratmağa, prosesləri sürətləndirməklə onları dəqiq öyrənməyə, hadisələri dərindən dərk etməklə onların tə'sir dairəsini genişləndirməyə və nəhayət, hadisələrin daxili səbəbini aşkara çıxarmağa imkan verir.
Eksperimentin təbiəti mürəkkəbdir. İnsanın obyektə maddi tə'sir vasitəsi, gerçəkliyin praktiki mənimsənilməsi üsulu olan eksperiment insanın bilavasitə öz həyati ehtiyaclarını ödəmək məqsədilə deyil, elmi məqsədlə, obyekti tədqiq etmək, onu öyrənmək məqsədi ilə aparılır. Buna görə də eksperimentdə yalnız praktika üçün deyil, həm də nəzəri təfəkkür üçün səciyyəvi olan cəhətə - tədqiqatçını maraqlandıran tərəflərin seçilib ayrılmasına və digər cəhətlərdən sərfnəzər edilməsinə rast gəlinir. Bu səbəbdən eksperiment bir növ praktiki abstraksiya olub, yalnız praktika ilə deyil, həm də nəzəri təfəkkürlə bağlıdır. Eksperimentin nəzəriyyə ilə əlaqəsi öz ifadəsini fikri eksperimentdə tapır.
Maddi eksperimentdə cismin özündən istifadə edən tədqiqatçı fikri eksperimentdə onun obrazından, ideal modellərdən istifadə edir. Fikri eksperiment maddi eksperimentlə nəzəriyyə arasında aralıq mövqe tutur, burada maddi eksperimentin gücü ilə məntiqin gücü birləşir.
Daşıdığı məqsəddən, tədqiqat predmetindən, istifadə olunan texnikanın xarakterindən asılı olaraq eksperimentləri tədqiqat, yoxlama və nümayiş eksperimentlərinə ayırırlar.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin