Yeni dövr fəlsəfəsinin insan konsepsiyası daha çox onun zəkalılığına əsaslanır. Məlum olduğu kimi Yeni dövr rasionalizminin, xüsusi halda antropoloji rasionalizminin banisi R.Dekartdır. Onun fikirlərinə görə insan mövcudluğunun yeganə səhih göstəricisi təfəkkürdür. Bu isə onun məşhur “Cogito ergo sum” (“Fikirləşirəmsə deməli mövcudam”) tezisindən alınır. Bundan əlavə filosofun insan haqqında təlimində can və bədənin antropoloji dualizmi müşahidə edilir. Can və bədən müxtəlif keyfiyyətli substansiya kimi nəzərdən keçirilir. Dekarta görə bədən özünəməxsus maşındır. Əgər şüur bədənə təsir göstərirsə, o həm də əks təsirə məruz qalır.
İnsan problemi klassik alman filosoflarının da diqqətindən yayınmamış, artıq yuxarıda deyildiyi kimi, bu fəlsəfəçilik tipinin banisi İ.Kant insan problemini fəlsəfi tədqiqatın episentrində qoymuşdur. Dekart kimi Kant da antropoloji dualizm mövqeyində durur. Lakin onun dualizmi can və bədənin dualizmi yox, əxlaqi-təbii dualizmdir. Kanta görə insan bir tərəfdən təbii zərurətə, digər tərəfdən isə əxlaqi azadlıq və mütləq dəyərlərə aiddir. Hissi təzahürlər dünyasının tərkib hissəsi kimi o, zərurətə tabedir, mənəviyyat daşıyıcısı kimi isə azaddır. Lakin Kant insanın əxlaqi fəaliyyətinə böyük rol verir.
Kant insanı azad və müstəqil başlanğıc və eyni zamanda özünün nəzəri və praktiki fəaliyyətinin qanunvericisi qismində təsdiqləməyə cəhd edir. Bu zaman davranışın əsas prinsipi qəti imperativ olmalıdır. Qəti imperativ –formal daxili əmr, tələbdir. Bu əmr, tələb isə belə bir müddəaya əsaslanır ki, şəxs özü üçün məqsəd və özünəkafidir. Ona görə də insana hətta ən ali niyyətin belə gerçəkləşməsi üçün vasitə kimi baxıla bilməz.
Kant belə hesab edir ki, “insan təbiətinə görə şərdir”. Lakin, bununla belə o xeyrə meylliliyə də malikdir. Əxlaqi tərbiyənin vəzifəsi isə həmin meyllərin, insana öncədən xas olan şərə meyllilikdən üstün olmasına kömək etməkdir. Şərin öncəki üstünlüyünə baxmayaraq, xeyir nişanəsi özünü insanları saran günah hissi
vasitəsilə göstərir. Ona görə də, Kant belə hesab edir ki, insan əxlaqın əsasını təşkil edən “günah hissindən azad deyil”. Kanta görə hər şeydə haqlı olan, həmişə vicdanı sakit olan insan əxlaqlı ola bilməz. İnsanın digər vücudlardan əsas fərqi –özünüdərkdir. Bu faktdan həm də təbii xassəsi kimi eqoizm alınsa da, filosof hansı formada təzahür etməsindən asılı olmayaraq eqoizmin əleyhinə çıxır.
Hegelin insan konsepsiyası, elə onun bütün fəlsəfi sistemi kimi rasional əhval-ruhiyyəlidir. İnsanın heyvanlardan əsas fərqi ilk növbədə insana insaniliyini anladan təfəkkürüdür. O, ciddi cəhdlə insanı mənəvi fəaliyyətin subyekti və ümuməhəmiyyətli ruh və zəkanın daşıyıcısı kimi təsvir edir. Fərddən fərqli olaraq şəxsiyyət insanın özünü “sonsuz, ən ümumi və azad” vücud kimi dərkindən başlayır. Sosial planda onun təlimi metodoloji və sosioloji kollektivizmi, yəni sosial bütövün fərd üzərində üstünlüyü prinsipini ifadə edir.