65. Natiqin dili, nitqi və üslubu Nitqin qurulmasında natiqin özünün şəxsi üslubu olmalıdır. Üslub nitqlə sıx şəkildə bağlıdır. Hər hansı bir natiqin yaradıcılığına, dilinə, sözlərin seçilməsinə, işlənmə qaydalarına, təkrar edilən fikirlərinə, dünyagörüşünə xas olan ümumi bir anlayışdır. Fərdi üslubda bir natiqə məxsus xüsusiyyətlər, digər natiqdə olan xüsusiyyətlərdən fərqlənir. Nitqin ideyası, məzmun və forması, özünəməxsus bədii təsvir vasitələri, mövzunun əhatə dairəsi, ən əsası şifahi şərh olunması natiqin üslubunu nümayiş etdirir. Hətta, natiqin nitqində olan orijinal fikirlər, yeniliklər də onun şəxsi üslubudur.
Azərbaycan filologiyasında fərdi üslub anlayışını ifadə edən bir neçə termin işlədilir. «Fərdi deyim tərzi», «fərdi manera», «fərdi poetik üslub», «poetik fərdiyyət», «poetik səs», «öz səsi, öz nəfəsi» və s. İşlənən terminlər içərisində «fərdi üslub» daha əhatəlidir və geniş yayılıb, «Poetik dəsti-xətt»; «poetik fərdiyyət», «fərdi poetik üslub», «poetik səs» və s. Terminlər daha çox şairin, yazıçının özünəməxsus cəhətlərini əks etdirir. Axı alimin, jurnalistin, natiqin də özünəməxsus ifadə tərzi vardır! Buna görə də «fərdi üslub» termini başqa terminlərdən məqbul sayılır. XVIII əsrdə yaşayıb-yaratmış fransız alimi J.L.Buffon 1753-cü ildə «Üsluba dair mulahizələr» adlı əsərini yazmışdır. Müəllif həmin əsərdə bu qənaətə gəlmişdir ki, «Üslub eyni ilə insandır!» Həmin fikir get-gedə aforizmə çevrilmiş, həm Qərb, həm də Şərq ölkələrində geniş yayılmışdır. XX əsrin əvvəllərində bu nəzəriyyə bizim ədəbiyyatımızda da öz əksini tapmışdır».natiqlər nitqlərini qurarkən iki əsas cəhətə üstünlük verirlər:
Bəzi natiqlər nitqlərində məntiqi ardıcıllığı, aydınlığı, elmiliyi, fikir dərinliyini, ahəngdarlığı üstün tutur. Bəzi natiqlər isə obrazlılığı, emosionallığı, yığcamlılığı əsas götürür. Adətən, birinci prinsipə daha çox üstünlük verilir. İctimai yerlərdə — idarələrdə, təhsil müəssisələrində, iclas və müşavirələrdə belə nitqlər diqqətimizi cəlb edir, Təcrübəli natiqlər çıxışlarında məntiqi ardıcıllığa üstünlük verir və dinləyicilərdə mövzuya güclü maraq oyadırlar.
Fərdi üslub haqqında mülahizələrini oxucularla bölüşən mərhum professor A.Abdullayev yazır: «Nitqini təkmilləşdirmək istəyən hər adam oz qarşısında üç vəzifə qoymalıdır: Nitqimin güclü və üstün tərəfləri hansılardır? Bunu aydınlaşdırmalı. Nitqimin nöqsanları nədən ibarətdir? Hansı yollarla birincini qüvvətləndirmək və ikincini zəiflətmək olar?Natiq nitqində öz üslubi imkanlarını nümayiş etdirir. Fərdi üslub olmasa, natiqlərin, yazıçıların, alimlər və ümumiyyətlə elmin bütün sahələrində fəaliyyət göstərən ziyalıların fikri bir-birinə qarışar, elmdə bir hərc-mərclik yaranar. Fərdi üslub insanların öz dili, elmi, dünyagörüşü, fikri, zəkası, ağlı, müşahidəsi və mülahizəsi ilə sıx bağlıdır.