1. Gəncləri ailə həyatına hazırlanmasında ailə dəyərlərinin yeri


Orta əsr ədəbiyyatlarının əsərlərində ailə dəyərləri



Yüklə 35,33 Kb.
səhifə6/7
tarix31.12.2021
ölçüsü35,33 Kb.
#49673
1   2   3   4   5   6   7
ailə dəyəri

4. Orta əsr ədəbiyyatlarının əsərlərində ailə dəyərləri

Azərbaycan xalqının dastanyaratma ənənəsi qədim çağlardan formalaşmağa başlamış və günümüzəcən davam etməkdədir. Bu ənənə qədim Azərbaycan mədəniyyətinin, tarixi-bədii təfəkkürünün ayrılmaz tərkib hissəsi kimi öyrənilməli, araşdırılmalı olduğu üçün xalqımızın o tarixi dönəmlərdəki yaşam tərzinə, məişət-mədəniyyət nümunələrinə, intellektual düşüncəsinə, ailə dəyərlər sisteminə və qarşılıqlı münasibətlərə, apardıqları mübarizə və mücadilələrə qısa da olsa nəzər yetirməyi məqsədəuyğun sayırıq. Məlumdur ki, o dövrlərdə yaranan qədim oğuznamələrdə əsasən dövlətçilik, qəhrəmanlıq, mübarizə, savaş tarixindən bəhs olunurdu, amma bizim milli sivilizasiya yolumuzun tarixi də eposlarımızda, dastanlarımızda obrazlı formada həkk olunub.

Ümumiyyətlə, dastan, eləcə də xalq ədəbiyyatının digər janrlarında saysız-hesabsız dəyərli nümunələr yaratmağa meyilli olan xalq təfəkkürünün ilkin, ibtidai ailə dəyərlər sistemi günü bu gün də öz aktuallığını saxlayır və öyrənilməsinə, tədqiq edilməsinə böyük ehtiyac var. Neçə-neçə minillikdən bəri şifahi şəkildə yaranaraq yaddaşlarda yaşayan, nəsildən-nəslə ötürülən dastanları, oğuznamələri, eposları xalqımız öz taleyində, həyatında, mübarizə və fəaliyyətində bir tarix olaraq yaşatmaqdadır. O cümlədən də ailə ilə bağlı bilgilərimizdə, şifahi xalq ədəbiyyatı nümunələrində, onun şah əsəri sayılan “Kitabi-Dədə Qorqud” eposunun ayrı-ayrı boylarında. Daha sonralar bu yaşananlar dastanlara, oğuznamələrə dönüb, xalq ədəbiyyatı nümunələrinə çevrilmişdir. Odur ki, bunlar bədii təfəkkür məhsulu olmaqla yanaşı, eyni zamanda, milli sivilizasiya – ailə dəyərləri tariximizin araşdırılması, öyrənilməsi işinə yaxından yardımçı ola biləcək zəngin qaynaqlardır. 

Ailə dəyərləri ilə bağlı bilgilər, təbii ki, yalnız “Kitabi-Dədə Qorqud” eposu ilə bitmir. Müəyyən fərqlənmələrlə sonrakı dövrlərdə, xüsusən orta əsrlərdə geniş yayılmış qəhrəmanlıq və məhəbbət dastanlarımızda ailə-məişət səhnələrinə daha sıx rast gəlirik. Bütün bunlar bir daha onu göstərir ki, lap qədim çağlardan, neçə-neçə minillərdən üzü bəri yaranan Azərbaycan dastanlarında varislik əlaqəsi heç vaxt tam qırılmamış, bu və digər formalarda ailə ilə bağlı bilgilər daim diqqətdə saxlanılmışdır. Lakin burada bir sıra kəskin fərqlənmələr, istiqamət dəyişmələri müşahidə olunur ki, bunlar da dövrün, zamanın tələbləri kimi meydana çıxmışdır.

“Kitabi-Dədə Qorqud” boylarında diqqətçəkən əsas məqamlardan biri də ailədə, cəmiyyətdə qadına münasibət məsələsidir. Sufi-irfani eşq dastanlarından fərqli olaraq, boylarda sevgili kimi (elə ana, bacı kimi də) qız, qadın daim uca tutulur, kişi ilə bərabərhüquqludur, fəaldır, aktivdir, sədaqətli və cəsurdur, fədakardır, mərddir. O, sevgilisi, əri uğrunda canından keçməyə hər an hazırdır. Ən əsası, bir sevgili, yaxud həyat yoldaşı olaraq dastanda qızın, qadının vəfası, sədaqəti, cəsarəti, fədakarlığı gizlində qalıb öz içində boğulmur, göz önündə parlayır, sınaq meydanına atılır. “Kitabi-Dədə Qorqud” boylarında qadının bu cür aktivliyi, əhəmiyyətli mövqeyə malik olması cəmiyyətdə qadının ikinci plana keçirilmədiyindən xəbər verir. Belə ki, həmin çağda anaxaqanlıq öz yerini ataxaqanlığa vermiş olsa da, hələ kişinin hakimiyyəti bərqərarolma prosesi keçirirdi, qadınlar üzərində tam mütləqləşməmişdi. Odur ki, qəbilədə hələ qadınlar kifayət qədər fəal idilər. Yeri gəlmişkən qeyd edək ki, “Kitabi-Dədə Qorqud”da islamla bağlı, əlaqəli nə varsa, hamısı əsərə sonrakı ifaçılar tərəfindən daxil edilmiş əlavələr, artırmalar, uyğunlaşdırmalardır ki, bunun da müxtəlif səbəbləri var.

Klassik məhəbbət dastanları orta əsrlərin sonlarına doğru tam formalaşma prosesi yaşadığından burada eşq şərabı içən qızlar passivdirlər, oturub ona buta verilən oğlanın gəlməsini gözləyirlər, hətta məsələ ciddiləşəndə, valideynlər qızlarını qədərlə ona bağlanmış oğlana vermək istəmədikdə də etiraz edə bilmirlər. 

“Bayburanın oğlu Bamsı Beyrək boyu”nda Banıçiçəyin öz göbəkkərtmə nişanlısının yolunu 16 il gözləməsi, sevgilisinin uzun ayrılıqdan sonra sağ-salamat gəlib çıxdığını bilərkən toyunu təxirə salması kimi ibrətamiz səhnələr də “Dədə Qorqud” boylarında məhəbbət motivlərinin ötəri xarakter daşımadığını, xeyli əhəmiyyətli rol oynadığını göstərir.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan məhəbbət dastanlarının bir çoxu bədii-poetik cəhətdən orta əsrlərin klassik eşq dastanları ilə müqayisədə nə qədər zəif, sönük təsir bağışlasa da, bu əsərlərdə “Kitabi-Dədə Qorqud” boylarının izləri qalmaqda, hiss olunmaqdadır. Sevginin həyatiliyi, hadisələrin reallıqla səsləşməsi, vətənə, yurda, xalqa, el-obaya sevgi, xidmət, ictimai-milli məsələlərdə aktivlik, şəxsi deyil, ümumi mənafeyi daha ön planda görmək və s. müasir dastanlarımızı “Dədə Qorqud” boyları ilə uzlaşdırır, bir-birinə bağlayır.

“Kitabi-Dədə Qorqud” boylarındakı qəhrəmancasına elçilik motivləri, ailə-əxlaq prinsipləri əski dünyaduyumuna əsaslansa da, onun müəyyən əlamətləri islam zamanının klassik eşq dastanlarında hiss olunmaqdadır. Əvvəlcə qeyd edək ki, klassik eşq dastanlarında rast gəldiyimiz qəhrəmancasına elçilik məsələlərində vəziyyət tamamilə fərqlidir. Məlum olduğu kimi, aşiqə yuxuda buta verilir. Qız da buta alır. Oğlan sazını götürüb yuxuda ona buta verilən qızın sorağıyla uzaq səfərlərə çıxır və s. Bir sözlə, o – aşıq qəhrəman – Haqq aşığı, əslində, elçilik etmir. Gedib qızı tapır və deyir: ölsəm də, qalsam da, bu qız mənimdir. Qız da onu sevir. Aşiqin burada silahı, yarağı yalnız aşıqlığıdır. Dədə Qorqud boylarında olduğu kimi, eşq dastanı qəhrəmanı fövqəltəbii “ağa”sına güvənib, özünü bütün təhlükələrə gözüyumulu atır. Burada dünyəvi sevgidən söhbət gedir. Sadəcə, dövrün, zamanın qaydaqanunları dəyişib, sevgi azaddır. Müasir dastanın aşiq qəhrəmanı sevdiyi qızın valideynlərinə qızlarını sevdiyini açıq-aşkar deyə, etiraf edə bilir. Artıq, bir növ, bu, normal haldır və o qədər də ciddi qəzəblə qarşılanmır. Burada qarşıya çıxa biləcək başlıca problem qızın aşiqi bəyənməməsi ola bilər ki, buna da çox az halda təsadüf edilir. Fəqət qızlarını sevən (həm də əksinə, qızın sevdiyi) oğlanı valideynlərin bəyənməməsi, qızı öz seçdikləri, nəzərdə tutduqları başqa bir oğlana vermək niyyətləri günümüzdə yaranan məhəbbət dastanlarında, bədii əsərlərdə, əsasən, aparıcı mövqe tutur. Yeni dastanlardakı aşiq obrazlarının qəhrəmancasına elçiliyi isə sevdikləri qızın valideynləri ilə şəxsən görüşüb, onları amansız fikirlərindən çəkindirməyə cəhd etmələrindən, özlərinin daha üstün əlamət, istedad, bacarıq və keyfiyyətlərə malik olduqlarını nümayiş etdirməkdən ibarətdir.

Dastanlarda əks olunan hadisələrdən də göründüyü kimi, bir sıra oxşar xüsusiyyətlərlə yanaşı, “Dədə Qorqud” boyları ilə sonrakı dastanlardakı xüsusən ailə-əxlaq, evlənmə, elçilik, sevgiyə münasibət məsələləri çağdaş dövrümüzdə öz aktuallığını saxlamaqdadır və ailə dəyərlər sistemində xüsusi yer tutur.


Yüklə 35,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin