Ənənəvi dərslərin xüsusiyyətləri
|
İnteraktiv dərslərin xüsusiyyətləri
|
1. Diqqət bilik və bacarıqların mənimsənilməsinə yönəlir, şagirdlərin tərbiyə və inkişafı çox vaxt müəllimin rəhbərliyindən kənar həyata keçirilir.
|
1.Diqqət ilk növbədə şagirdin şəxsiyyətinin
formalaşmasına yönəlir.
|
2. Müəllimin əsas funksiyası şagirdlərə məlumat çatdırmaq və onun mənimsənilməsi üçün sərait yaratmaqdır.
|
2. Müəllim ilk növbədə idrak fəaliyyətinin əlaqələndiricisi, şagirdlərin məsləhətçisi və köməkçisi kimi çixiş edir.
|
3.Müəllim- şagird münasibətlərində avtoritar üslubun üstünlüyü.
|
3. Müəllim və şagird arasında əməkdaşlıq, məktəbləlilərin dəlillərinə və fəaliyyətinə böyük diqqət.
|
4. Dərs tədris fənni çərçivəsi ilə ciddi məhdudlaşır.
|
4.Müasir nəzəriyyə müxtəlif fənlərdən dərs deyən bir neçə müəllim tərəfindən keçirilən fənlərarası dərsləri istisna etmir.
|
5. İnkişafedici və tərbiyəedici amil kimi, əsasən, təhsilin məzmunu götürülür.
|
5.Təhsilin məzmunu ilə yanaşı şagirdlərin tərbiyə və inkişafında təlim metodları və təşkilati formalar da mühüm rol oynayır.
|
6.Dərs demək olar ki, həmişə adi qaydada keçilir.
|
6.Ənənəvi olaraq digər formaların əlamətləri dərs sayilan və ona qarşı qoyulan bəzi elementləri (məs: seminar-dərs,oyun- dərs, yarış- dərs, konfrans- dərs və s.) assimilyasiya edir.
|
7. Müəllim bütün funksiyaları özündə saxlayır.
|
7. Müəllimin funksiyalarının bir hissəsinin şagirdlərə verilməsi səciyyəvidir: bilik və bacarıqların yoxlanılması və qiymətləndirilməsi (qarşılıqlı və özünüqiymətləndirmə), işin planlaşdırması, tədqiqat və özünü qiymətləndirmə elemetləri.
|
Fəal(interaktiv) təlimin əsas üstünlüyü - real idrak motivasiyasının (biliklərə yiyələnmək həvəsinin) yaranmasıdır. Bu da idrak fəaliyyətinin gedişində şagirdlərin təfəkküründə gerçək ziddiyyətlərin həlli imkanlarına əsaslanır. Real ziddiyyətlərdən yaranan emosiyalar əqli ehtiyatların səfərbərliyini təmin edir, idrak fəaliyyətini şövqləndirir, diqqəti uzun müddət cəmləməyə imkan yaradır. Bilgilər “hazır” şəkildə deyil, onların müstəqil surətdə kəşfi prosesində mənimsənilir, yəni mənimsəmə prosesi passiv deyil, fəal xarakter daşıyır. Müasir dərsin əsas cəhətlərirndən biri şagirdlərin fəallığıdır ki, buna da interaktiv (fəal) təlim metodlarından istifadə etməklə nail olmaq mümkündür. Bu metodlara əsasən iş forması müəyyən edilir: cütlərlə, böyük və kiçik qruplarla iş daha əlverişlidir.
Şagird ünsiyyət prosesində özünü daha yaxşı dərk etdiyinə görə istər qrup, istərsə də cütlərlə işdə fəallıq, şagirdlərin fəaliyyətində bir-biri ilə əməkdaşlıq, yaradıcılıq, qarşılıqlı münasibətlər formalaşır.
Müəllim dərs formasını seçərkən şagirdlərin marağını nəzərə almalıdır.
Bu gün məktəbdənkənar mühitdə mövcud informasiya vasitələrindən fəal istifadə edən şagird dərsdə onlar üçün maraqlı olanları görmək istəyir.
Bunun üçün müəllimin İKT-dən istifadə etmək bacarığı yüksək olmalıdır. Həm də bu texniki təminatı lazımı materiallarla zənginləşdirməyi bacarmalıdır. Müəllim mövzuya uyğun resursları seçməlidir ki, bu resursların da rəngarəngliyi dərsin maraqlı keçməsinə, qarşıya qoyulan məqsədə nail olmağa imkan yaradacaqdır. Belə dərslərdə həmçinin digər texniki təminatların olması dərsin səmərəliliyini artırır.
Müəllim dərsə yaradıcı yanaşmalıdır, məzmun standartlarına əsasən dərsin məqsədini müəyyənləşdirməlidir. Bu zaman öyrədici, inkişafetdirici, tətbiqedici funksiyalar nəzərə alınmalıdır. Müasir dərs demokratik prinsiplərə söykənməli, bütün hallarda məqsədin düzgün müəyyən olunması və məzmunun, formanın ona uyğun seçilməsi vacibdir.
Pedaqoji prosesdə müəllimin rolu dəyişir, o, daha çox bələdçi ( fasilitator) rolunu oynayır, fəal-interaktiv təlimə üstünlük verir, əyani vəsaitlərdən geniş istifadə etməyə çalışır, dərslərini daha maraqlı qurur. Bu səbəbdən də şagirdlərin təlimə marağı artır, təlim materialları daha yaxşı mənimsənilir, məktəbin səmərəli idarə edilməsi asanlaşır, nəticədə təhsilin keyfiyyəti yüksəlir. Şagirdlərin irəliləyişləri, əldə etdiyi nailiyyətləri müəllimlərin fəaliyyətinin keyfiyyət göstəricisi kimi qiymətləndirilir.
Tədqiqatçılıq müasir təhsil sistemində işləyən müəllimlərin aparıcı xüsusiyyəti hesab edilir. İnformasiyaların sürətlə artdığı bir zamanda onu ardıcıl olaraq izləmək, ümumiləşdirərək öz işinin gedişatına gətirmək indiki müəllimlər üçün əsas keyfiyyət kimi dəyərləndirilir.
Axtarışlar aparmaq, fəaliyyətini tədqiqatçılıq prinsipləri üzərində qurmaqda hər müəllimin özünəməxsus potensial imkanı, iş təcrübəsi vardır. Onların öyrənilməsi, digər müəllimlər tərəfindən tətbiq olunması, pedaqoji innovasiyaların ümumiləşdirilərək geniş yayılması baxımından əhəmiyyət daşıyır.
İnteraktiv termini “qarşılıqlı fəaliyyətə əsaslanan” deməkdir. Lakin qarşılıqlı fəaliyyət istənilən tədris metodunun istifadəsi zamanı az və ya çox dərəcədə mövcud olur.
Tarixin öyrənilməsində interaktivlik dedikdə sadəcə obyektlərin qarşılıqlı təsir prosesi deyil, şagirdlərin tədqiqat xarakteri daşıyan xüsusi təşkil olunmuş idrak fəaliyyəti başa düşülməlidir. İnteraktiv metodlara tarix tədrisinin elə metodları aid edilir ki, onlar şagirdlərin dərslik materialı (mənbələr, sənədlər, xəritələr, illüstrasiyalar, tədqiqatçıların ziddiyətli fikirləri) ilə, eləcə də ətraf aləmin reallıqları və təzahürləri ilə (rollu oyunların, müxtəlif hüquqi və münaqişəli vəziyyətlərin müzakirəsinin, layihələrin tərtibinin, müsahibələr aparılmasının və s. köməyi ilə) sərbəst iş prosesini təmsil edir, nəticədə onlara əsasən şagirdlərdə yeni biliklər yaranır.
Beləliklə, interaktiv təlim metodları-müəllimin iştirakı ilə şagirdlərin müxtəlif informasiya mənbələri (kitab, xəritə, illüstrasiya və s.) və ya bir-biri ilə qarşılıqlı fəaliyyət prosesində yeni biliklər əldə etməyə imkan verən təlim üsullarının və dərs formalarının məcmusudur.
Bu qayda ilə qazanılan biliklər şagirdlərin yaddaşında uzun müddət qalır və onlar tərəfindən hər hansı bir təcrübə kimi istifadə olunur.
Hələ qədim Çində məşhur filosof Konfutsi demişdir: ”Qulaq asıram- unuduram, görürəm-yadda saxlayıram, özüm edirəm-anlayıram (dərk edirəm)”.
Eyni zamanda, pedaqoji və sosial tədqiqatlara əsasən ənənəvi dərs-mühazirələrin passiv dinlənilməsi ona gətirib çıxarır ki, tez bir zamanda unudulur.
Mütəxəssislər hesablamışlar ki, əla mühazirədən sonra diqqətli dinləyici üç saatdan sonra materialın 70%-ni, üç gündən sonra 10% -ni bərpa edə bilir. Təlimdə yadda saxlamanın müəyyən qanunauyğunluqları var- şagird oxuduğunun 10%-ni, eşitdiyinin 20%-ni, gördüyünün 30%-ni, gördüyü və eşitdiyinin 50%-ni, özü dediyinin 80%-ni, öz fəaliyyəti prosesində öyrəndiklərinin 90%-ni yadda saxlayır.
Müəllim şagird qarşısında problemi ustalıqla qoymağı, onun idrak və tədqiqat fəaliyyətinə rəhbərlik etməyi bacarmalıdır. Müəllim məktəblinin daxili aləmini görməyi, şagirdlərinin qarşılaşdığı vəziyyətin problemliliyini dərindən hiss etməyi, təlim prosesində təşkilatçı, əlaqələndirici və tərəfdaş funksiyalarını yerinə yetirməyi, həll yollarını axtararkən uşaqların buraxdıqları səhvlərə qarşı dözümlü olmağı bacarmalıdır.
Müəllim özü seçdiyi mənbələrdən istifadə edə bilər, lakin burda içtimai həyatın müxtəlif tərəflərini, məişəti, əxlaq və ənənələrini əks etdirən mənbələrin janr və xarakterinə görə ən müxtəlif səpkili materiallar əks olunmalıdır.Dərsdə fəal iş forması və geniş mənbə bazası əsasında şagirdlərin sərbəst işinin təşkili tarixin öyrənilməsinə, tədqiqata və yaradıcı axtarışa marağı artıra bilər.
Birləşdirilmiş dərslər, praktiki məşğələlər,debatlar, rollu oyunlar və s.- mənbələrlə tənqidi - təhlili işin təşkili üçün, qrup tədqiqatlarının və işğüzar ünsiyyətin aparılması üçün çox faydalı və rahat formalardır.Bunlar öz növbəsində şagirdlərin idrak fəaliyyətini fəallaşdırır, yaradıcı imkanlarının inkişafına və keçmişə öz münasibətlərinin formalaşmasına imkan yaradır.
Şagirdlər, həmçinin, məruzə ilə, öz layihəsinin təqdimatı ilə çıxış edərək, sinifdə diskussiya apararaq və ya problemin həllində birgə çalışaraq müəllim rolunda çıxış edə bilirlər.
Fəal təlim metodlarının tətbiqi ilə şagirdlərə müstəqil düşünmək, sərbəst işləmək, problemin həllinə dair fikir söyləmək, münasibət bildirmək, qərar qəbul etmək, fərziyyələrini bildirmək, yaradıcı fəaliyyət göstərmək, məntiqi, tənqidi təfəkkürünü inkişaf etdirmək imkanları yaradılır.
Dostları ilə paylaş: |