KitabYurdu.az
78
hakimiyyətinin bütün əlamətlərinə malikdir. Buraya aşağıdakı əlamətləri aid etmək
olar: a) dövlət hakimiyyətinin universallığı, yəni qərarların hamıya şamil
olunması; b) dövlət hakimiyyətinin xüsusi aparat vasitəsilə həyata keçirilməsi; v)
dövlət hakimiyyətinin cəmiyyətdə məcburiyyət monopoliyasına malik olması; q)
dövlət hakimiyyətinin suverenliyi.
Bütün bunlarla yanaşı məhkəmə hakimiyyəti müəyyən spesifik əlamətlərlə
digər hakimiyyət qollarından fərqlənir:
a) məhkəmə hakimiyyətinin qanunla müəyyən edilmiş qaydada yaradılmış
xüsusi orqan - məhkəmələr tərəfindən həyata keçirilməsi;
b) məhkəmə hakimiyyətinin məhkəmə iclaslarında işlərə baxılıb həll
edilməsi yolu ilə həyata keçirilməsi;
c) məhkəmə hakimiyyətinin qanunla müəyyən edilmiş prosessual formada
həyata keçirilməsi;
ç) onun fəaliyyətinə xüsusi nəzarət sisteminin olması.
Məhkəmə hakimiyyətinin spesifik əlamətlərinə aşağıdakıları da aid edirlər:
məhkəmə hakimiyyətinin məqsədləri, demokratizm prinsipləri əsasında
məhkəmələrin təşkili, məhkəmə hakimiyyətinin qanun əsasında həyata keçirilməsi,
konkret işlərə baxılması nəticəsində məhkəmə tərəfindən dövlət məcburiyyətinin
tətbiqi.
Digər hakimiyyət qolları ilə yanaşı məhkəmə hakimiyyəti bir sıra müəyyən
funksiyalar yerinə yetirir. Məhkəmə hakimiyyətinin əsas və həmişə mövcud olan
funksiyası ədalət mühakiməsinin həyata keçirilməsidir. Bu, «Məhkəmələr və
hakimlər haqqında» Azərbaycan Respublikasının qanununun 3-cü maddəsində də
təsbit olunur. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının məhkəmələrinin
fəaliyyəti yalnız ədalət mühakiməsinin həyata keçirilməsinə yönəlmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinə görə ədalət
mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri aşağıdakılardır:
1. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə,
faktlara əsasən, və qanunamüvafiq baxırlar.
2. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud
dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd
təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir.
3. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında
bərabərliyi əsasında həyata keçirilir.
4. Bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır.
5. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, cinayət işlərinin
qiyabi məhkəmə icraatına yol verilmir.
6. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.
7. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ
təmin olunur.
8. Ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır.
9. Azərbaycan
Respublikasında
məhkəmə
icraatı
Azərbaycan
Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq
təşkil edən hissəsinin dilində aparılır.
KitabYurdu.az
79
Azərbaycan Respublikasında qəbul edilən yeni qanunvericilik aktları -
Azərbaycan Respublikası Konstitusiyası, 1997-ci il 10 iyun tarixli «Məhkəmələr
və hakimlər haqqında» qanun, «Konstitusiya Məhkəməsi haqqında»1997-ci il 21
oktyabr tarixli və 2003-cü il 23 dekabr tarixli qanunlar Azərbaycan
Respublikasında məhkəmə sisteminin yeni strukturunu müəyyən etdi. Hal-hazırda
Azərbaycan Respublikasının məhkəmə sistemini şərti olaraq iki qrupa bölmək olar:
a) konstitusiya nəzarəti funksiyasını həyata keçirən məhkəmə orqanı;
b) ümumi məhkəmələr.
Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının məhkəmə sistemində
yeni bir orqan olmaqla Azərbaycan Respublikası Konstitusiyası və «Konstitusiya
Məhkəməsi haqqında» 23 dekabr 2003-cü il qanunu ilə onun səlahiyyətinə aid
edilmiş işlərə baxır. Bu orqan Azərbaycan Respublikasının ən yuxarı məhkəmə
orqanıdır və əsas vəzifəsi Konstitusiyanın aliliyini təmin etməyə yönəlmişdir.
Ümumi məhkəmələrin sistemi və səlahiyyəti «Məhkəmələr və hakimlər
haqqında» qanunda göstərilmişdir. Qanunun 19-cu maddəsinə görə Azərbaycan
Respublikasında ədalət mühakiməsini Azərbaycan Respublikasının məhkəmə
sisteminə daxil olan aşağıdakı məhkəmələr həyata keçirir:
- rayon (şəhər) məhkəmələri;
- ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi;
- hərbi məhkəmələr;
- ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi
məhkəməsi;
- yerli iqtisad məhkəmələri;
- beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan
Respublikasının İqtisad Məhkəməsi;
- Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi;
- Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsi;
- Azərbaycan Respublikasının İqtisad Məhkəməsi;
- Azərbaycan Respublikasının Ali Məhkəməsi.
Həmin maddəyə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmə
sistemi daxilində qanunla müəyyən edilmiş qaydada digər məhkəmələr də yaradıla
bilər. Bütün demokratik konstitusiyalar fövqəladə məhkəmələrin yaradılmasını
qadağan edir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyası və
«Məhkəmələr və hakimlər haqqında» qanuna müvafiq olaraq fövqəladə
məhkəmələrin və qanunla nəzərdə tutulmayan qaydada məhkəmənin yaradılması
qadağandır.
9 . Hakimlərin hüquqi statusu
Hər bir dövlətin Konstitusiyasının daha çox diqqət yetirdiyi məsələlərdən
biri məhkəmə hakimiyyətini həyata keçirən şəxslərin - hakimlərin statusu ilə
bağlıdır. «Məhkəmələr və hakimlər haqqında» qanunun 92-ci maddəsinə görə
hakimlər ədalət mühakiməsini həyata keçirmək üçün qanunla müəyyən edilmiş
səlahiyyətlərə malik şəxslərdir.
Hakimlərin hüquqi statusu Konstitusiyada və qanunlarda əks olunmuş bir
sıra prinsiplərlə müəyyən olunur. Bu prinsiplər sırasına aşağıdakılar daxildir:
KitabYurdu.az
80
hakimlərin təyinatı, hakimlərin dəyişilməzliyi, hakimlərin müstəqilliyi, hakimliklə
bir araya sığmayan fəaliyyətlə məşğul olmaması.
Azərbaycan Respublikasının qüvvədən düşmüş 1981-ci il 4 dekabr tarixli
«Azərbaycan SSR rayon (şəhər) xalq məhkəmələrinin seçkiləri haqqında» qanuna
görə rayon (şəhər) xalq məhkəmələrinin hakimləri əhali tərəfindən seçilirdi.
Azərbaycan Respublikasının 1978-ci il Konstitusiyasına görə yüksək məhkəmələr
müvafiq xalq deputatları sovetləri tərəfindən seçilirdi. Bu qayda 1990-cı ilədək
tətbiq olunmuşdur.
Hal-hazırda Azərbaycan Respublikasında hakimlər təyin olunurlar. Lakin bu
təyinat kortəbii xarakter daşımır və hakimliyə namizədlərin müsabiqədən
keçməsini nəzərdə tutur. Bu müsabiqə isə iki pillədə həyata keçirilir. Birinci pillədə
hakimlər test üsulu ilə yazılı imtahandan keçirlər. İkinci pillədə isə Məhkəmə-
Hüquq Şurasında hakimliyə namizədlərlə fərdi müsahibə aparılır. Qaydalara görə
müsabiqəyə 30 yaşı tamam olmuş, 5 il hüquq ixtisası üzrə işləmiş ali təhsilli
hüquqşünas, ikili vətəndaşlığı və digər dövlətlər qarşısında öhdəliyi olmayan, heç
bir siyasi fəaliyyət ilə məşğul olmayan, fiziki və psixi qüsurları olmayan, məhkum
olunmamış şəxslər buraxılırlar.
Bundan sonra hakim vəzifəsinə müvafiq sayda namizəd təyin edilmək üçün
Azərbaycan Respublikası Prezidentinə təqdim edilir. Azərbaycan Respublikası
Prezidenti isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan
Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası Apelyasiya
məhkəmələrinin hakimlərini təyin etmək üçün Azərbaycan Respublikası Milli
Məclisinə təqdimat verir. Azərbaycan Respublikasının digər məhkəmələrinin
hakimlərini isə Azərbaycan Respublikası Prezidenti təyin edir. Naxçıvan MR
məhkəmələrinə hakim vəzifəsinə namizədlərin seçilməsində Naxçıvan MR Ali
Məclisinin sədri iştirak edir. Azərbaycan Respublikasında Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi hakimləri 15 il, Azərbaycan Respublikası
Ali Məhkəməsi, Azərbaycan Respublikası Iqtisad Məhkəməsi, Azərbaycan
Respublikası Apelyasiya Məhkəməsi, Naxçıvan MR Ali Məhkəməsi hakimləri 10
il, digər məhkəmələrin hakimləri isə 5 il müddətinə təyin edilirlər.
Müasir dövrün konstitusiyalarının hakimlərin statusu ilə bağlı nəzərdə
tutduğu mühüm prinsip hakimlərin dəyişilməzliyidir. Azərbaycan Respublikası
Konstitusiyasının 127-ci və «Məhkəmələr və hakimlər haqqında» qanunun 97-ci
maddəsinə görə hakimlər səlahiyyət müddətində dəyişilməzdirlər. Bu prinsipə
uyğun olaraq hakim vəzifəsinə təyin olunmuş şəxslər qanunla nəzərdə tutulmuş
əsaslar istisna olmaqla özlərinin razılığı olmadan vəzifədən kənarlaşdırıla, daha
yüksək və ya daha aşağı vəzifəyə təyin oluna bilməzlər.
Qərb doktrinasında və təcrübəsində dəyişilməzlik prinsipinə hakimlərin
müstəqilliyini təmin edən mühüm faktor kimi baxılır. Hakimlərin müstəqilliyi
konstitusion prinsiplər içərisində hakimlərin statusunu müəyyən edən ən mühüm
prinsipdir.
Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və «Məhkəmələr və
hakimlər haqqında» qanunun 100-cü maddəsinə görə hakimlər müstəqildirlər və
yalnız Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedirlər.
Qanunun 100-cü maddəsinə görə hakimlərin müstəqilliyi onların səlahiyyəti
KitabYurdu.az
81
dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə
təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, səlahiyyətlərinə xitam
verilməsinin və vəzifədən kənarlaşdırılmasının məhdudlaşdırılması ilə, məhkəmə
hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda
nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə məhkəmə icraatına hər hansı şəxs
tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə,
hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara
vəzifələrinə uyğun sosial təminatlar verilir.
Hakimlərin statusunu müəyyən edən mühüm prinsiplərdən biri hakim
vəzifəsi ilə bir araya sığmayan fəaliyyətlə məşğul olmamaq hesab olunur.
Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinə görə hakimlər heç bir
başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq
fəaliyyətindən başqa heç bir sahibkarlıq,
kommersiya və digər ödənişli fəaliyyətlə
məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv
ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə
görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.
Konstitusiyada hakimlərin statusunu müəyyən edən digər mühüm prinsip
məhkəmə immunitetidir.
Məhkəmə immuniteti dedikdə, məhkəmə hakimiyyətini
həyata keçirən vəzifəli şəxslərin - hakimlərin toxunulmazlığı və məsuliyyətə cəlb
edilməsinin qanunla nəzərdə tutulmuş xüsusi qaydada həyata keçirilməsi başa
düşülür.
Azərbaycan Respublikası Konstitusiyasının 128-ci və «Məhkəmələr və
hakimlər haqqında» qanunun 101-ci maddəsinə görə hakimlər toxunulmazdır.
Hakimlərin toxunulmazlığı həmçinin, onların mənzillərinə, xidməti otaqlarına,
nəqliyyat və rabitə vasitələrinə, poçt, teleqraf yazışmalarına, şəxsi əmlakına və
sənədlərinə də şamil olunur.
Hakim cinayət məsuliyyətinə cəlb oluna, tutula, həbs edilə bilməz, onların
barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, onlar
axtarışa, şəxsi müayinəyə və gətirilməyə məruz qala bilməzlər. Cinayət törətməkdə
şübhə edilən şəxs qismində saxlanılmış hakim şəxsiyyəti müəyyənləşdirildikdən
sonra dərhal azad edilməli, bu barədə Azərbaycan Respublikası Baş prokuroruna
dərhal yazılı məlumat verilməlidir. Əgər hakimlərin əməllərində cinayət tərkibinin
əlamətləri olduqda onlar vəzifədən kənarlaşdırıla bilərlər. Hakimlərin vəzifədən
kənarlaşdırılması təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti Azərbaycan
Respublikası Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikası Milli
Məclisi qarşısında məsələ qaldıra bilər. Hakimlər vəzifədən kənarlaşdırıldıqdan
sonra Ali Məhkəmənin razılığı və Azərbaycan Respublikası Baş prokurorunun
qərarına əsasən, cinayət məsuliyyətinə cəlb edilə və həbs oluna bilər.
10. Azərbaycan Respublikasının məhkəmə sistemi: məhkəmə müdafiə
hüququ və məhkəmə üsulunun formaları.
Konstitusiya hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə
təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin II
hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar
KitabYurdu.az
82
ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən
(yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Hər kəsin onun işinə
qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır (Azərbaycan
Respublikası Konstitusiyası, maddə 62).
Hal-hazırda Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə hüquq
islahatları vətəndaşların məhkəmə müdafiə hüququnun genişlənməsinə səbəb oldu.
Bu islahatların mühüm cəhətlərindən biri də xalq iclasçıları (şeffenlər) institutunun
ləğv edilməsi və andlı iclasçılar institutunun qanunvericiliyə gətirilməsi oldu.
Vətəndaşların ədalət mühakiməsinin həyata keçirilməsində iştirakının andlı
iclasçılar forması şeffenlər formasından daha çox demokratikliyi ilə fərqlənir. Belə
ki, şeffenlər sistemində xalq iclasçıları cinayət və mülki işlərin bütün məsələlərini
andlılar məhkəmələrində olduğu kimi müstəqil deyil, peşəkar hakimlərlə bir
kollegiyada həll edirdilər. Bununla da onlar peşəkar hakimlərin təsirilə öz
müstəqilliklərini itirir, faktiki olaraq dekorativ rol oynayırdılar.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 359-cu maddəsi
konkret işlərə hansı hallarda andlılar məhkəmələrində baxılmasını müəyyən edir.
Həmin maddəyə görə hakim aşağıdakı hallarda andlı iclasçıların iştirakı ilə
məhkəmə baxışını təyin edir:
1. Təqsirləndirilən şəxsin məhkəməyə verildiyi cinayətə görə cinayət
qanununun norması ilə ömürlük azadlıqdan məhrumetmə növündə
cəzanın təyin edilməsi imkanı nəzərdə tutulduqda;
2. Xüsusi təhlükəli cinayətə görə məhkəməyə verilmiş təqsirləndirilən
şəxslərdən heç olmasa biri ona elan edilmiş ittihamla məhkəmədə andlı
iclasçıların iştirakı ilə baxılması haqqında arzusunu bildirdikdə.
Beləliklə, andlılar məhkəmələri Azərbaycan Respublikasında, ABŞ,
İngiltərə və s. ölkələrdə olduğu kimi çox geniş deyil, məhdud şəkildə tətbiq
edilməsi nəzərdə tutulur ki, bunu da məqsədə müvafiq saymaq olar. Çünki, yalnız
xüsusilə, ağır cinayətlərdə ittiham edilən şəxslərə münasibətdə andlılar
məhkəmələrinin tətbiq olunmasını onunla izah etmək olar ki, bu zaman həmin
şəxslərin həyatı həll olunur. Ona görə də belə məsələni 1 və ya 3 hakimə deyil, xalq
içərisindən seçilmiş və öz vicdanının səsinə qulaq asan 12 üzvə həvalə edilməsi
daha məqsədə müvafiq olardı.
Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin I hissəsinə
görə məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata
keçirir. Həmin maddənin III hissəsinə görə isə məhkəmə hakimiyyəti konstitusiya,
mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər
vasitələr ilə həyata keçirilir.
Göründüyü kimi konstitusiya icraatı ədalət mühakiməsinin bir forması kimi
qəbul edilir və Konstitusiya Məhkəməsi tərəfindən həyata keçirilir.
Hüquq ədəbiyyatında ədalət mühakiməsinə verilən anlayış əsasında
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ədalət mühakiməsini həyata
keçirməsini təsdiqləmək olar:
1. Ədalət mühakiməsi məhkəmələr tərəfindən həyata keçirilir. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi də Azərbaycan Respublikası məhkəmə
sisteminə daxil olan ali instansiyadır.
KitabYurdu.az
83
2. Ədalət mühakiməsi məhkəmə iclaslarında həyata keçirilir. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi də onun səlahiyyətinə aid edilmiş işlərə
məhkəmə iclaslarında baxır.
3. Ədalət mühakiməsi Azərbaycan Respublikası Konstitusiyasında və digər
qanunvericilik aktlarında müəyyən edilmiş demokratik prinsiplər əsasında həyata
keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də öz fəaliyyətini
Azərbaycan Respublikası Konstitusiyasında və «Konstitusiya Məhkəməsi
haqqında» qanunun 15 - 19-cu və 25 - 29-cu maddələrində nəzərdə tutulmuş
prinsiplər əsasında həyata keçirir.
4. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş prosessual qaydada həyata
keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də Konstitusiya
icraatını «Konstitusiya Məhkəməsi haqqında» qanunda müəyyən edilmiş
prosessual qaydada həyata keçirir.
«Konstitusiya Məhkəməsi haqqında» qanunun 40-cı maddəsinə görə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində icraat aşağıdakı 2 üsulla
həyata keçirilir:
a) Konstitusiya məhkəmə icraatı;
b) xüsusi Konstitusiya icraatı.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baxılan Konstitusiya
işləri üzrə konstitusiya məhkəmə icraatı aşağıdakı növlərdə həyata keçirilir:
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-6-cı
və 8-ci bəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün verilmiş sorğularla
əlaqədar işlərin icraatı; qanunverici, icra və məhkəmə hakimiyyəti orqanları
arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrlə əlaqədar sorğular üzrə işlərin
icraatı.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baxılan konstitusiya
işləri üzrə xüsusi konstitusiya icraatı aşağıdakı növlərdə həyata keçirilir:
Azərbaycan Respublikası Konstitusiyasını və qanunlarının şərh edilməsi üçün
verilən sorğularla əlaqədar işlərin icraatı; Azərbaycan Respublikası Prezidentinin
səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini, tamamilə, itirdiyi
barədə məlumatı aydınlaşdırmaq üçün Azərbaycan Respublikasının Milli
Məclisinin müraciəti ilə əlaqədar işlərin icraatı; Azərbaycan Respublikası
Prezidentinin istefa ərizəsinə baxılması ilə əlaqədar işlərin icraatı; Azərbaycan
Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması məsələsi ilə əlaqədar işlərin
icraatı; Azərbaycan Respublikasının Milli Məclisi deputatları seçkilərinin
nəticələrinin yoxlanılması və təsdiqi ilə əlaqədar işlərin icraatı; yeni seçilmiş
Azərbaycan Respublikasının Milli Məclisinin ilk iclasının keçirilməsi vaxtının təyin
edilməsi ilə əlaqədar olan işlərin icraatı; Azərbaycan Respublikası Milli Məclisinin
və ya Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası
Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təkliflərinə dair
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin çıxarılması ilə
əlaqədar işlərin icraatı.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 66 maddəsinə
görə ədalət mühakiməsinin bir forması olan cinayət mühakimə icraatını aşağıdakı
məhkəmələr həyata keçirir: rayon (şəhər) məhkəmələri, hərbi məhkəmələr, ağır
KitabYurdu.az
84
cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsi, ağır cinayətlərə
dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsi, Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi,
Azərbaycan Respublikası Ali Məhkəməsi.
Azərbaycan Respublikasında ümumi və ixtisaslaşdırılmış məhkəmələrin
icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanı
Azərbaycan Respublikasının Ali Məhkəməsidir. O, qanunla müəyyən edilmiş
prosessual qaydalarda ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarəti
həyata keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.
11. Azərbaycan Respublikası Prokurorluğu.
Azərbaycan Respublikasında məhkəmə hakimiyyəti sisteminə daxil olan
prokurorluq
orqanlarının
dövlət
hakimiyyəti
sistemində
yerinin
müəyyənləşdirilməsi aktual məsələlərdən biridir.
1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyası qəbul edilərkən
Konstitusiyaya prokurorluğun məhkəmə hakimiyyəti sistemində statusunu
müəyyən edən bir maddə daxil edildi (maddə 133). Həmin maddəyə əsasən,
Azərbaycan Respublikası Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada
qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş
hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını
müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir.
Lakin Konstitusiyada prokurorluğun nəzərdə tutulmuş səlahiyyətləri içərisində
əsas məsələ qanunların icra və tətbiq olunmasına nəzarətin «həcmində» idi. Xarici
ekspertlər hesab edirlər ki, nəzarətin bu cür həyata keçirilməsinin və ümumiyyətlə,
bu səlahiyyətin bütövlükdə əvvəlki siyasi və sosial sistemdən götürülməsinin
demokratik inkişaf meylləri ilə uzlaşmadığından Konstitusiyada nəzərdə tutulması
məqsədə müvafiq deyil.
1999-cu il 7 dekabrda qəbul edilmiş «Prokurorluq haqqında» Azərbaycan
Respublikası qanunu bu məsələyə aydınlıq gətirdi. Həmin qanun prokurorluğun
sosializm dövründən qalmış nəzarətini əlindən alaraq, prokurorluğun nəzarət
funksiyasını yalnız təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində
qanunların icra və tətbiq olunmasına nəzarətlə məhdudlaşdırdı. Beləliklə,
prokurorluğun «nəzarət hakimiyyətinə» son qoyuldu.
Qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prokurorluğu
məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış
prokurorluqların Azərbaycan Respublikası Baş prokurorun tabeliyinə əsaslanan
vahid mərkəzləşdirilmiş orqandır.
Azərbaycan Respublikasının Prokurorluğu sisteminə daxildir:
- Azərbaycan Respublikasının Baş Prokurorluğu;
- Azərbaycan Respublikasının Hərbi Prokurorluğu;
- Naxçıvan Muxtar Respublikasının Prokurorluğu;
- rayon (şəhər) prokurorluqları;
- hərbi və nəqliyyat ixtisaslaşdırılmış prokurorluqları;
- tədris-elm müəssisələri, mətbuat orqanları, mətbəə, sosial məişət,
təsərrüfat təyinatlı digər qurumlar.
Dostları ilə paylaş: |