1. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti. Dövlətin anlayışı



Yüklə 3,16 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix07.06.2020
ölçüsü3,16 Mb.
#31822
1   ...   16   17   18   19   20   21   22   23   ...   27
KY0000391


KitabYurdu.az 
131
 

cinayətlərdə əlavə  cəza növü kimi baxır.  Müsadirə  yalnız məhkəmə  tərəfindən və 
qanunda nəzərdə tutulmuş hallarda tətbiq olunur. Müsadirə müqəssirin həyatı üçün 
zəruri  olan  və  onun  himayəsində  olanın  əmlakına  yönəldilə  bilməz.  Belə  əmlakın 
siyahısı qanunvericiliklə müəyyən olunur. 
Mülki-hüquqi müsadirə sanksiya kimi etibarsız əqdlər zamanı da tətbiq edilir. 
Müsadirənin  milliləşdirmə  ilə  oxşarlığı  var,  hər  ikisində  əmlak  məcburi, 
dəyəri  ödənilmədən  dövlət  mülkiyyətinə  daxil  edilir.  Bunların  bir-birindən  fərqi 
ondadır  ki,  milliləşdirmədə  əmlakın  alınması  normativ  qaydada  həyata  keçirilir, 
müsadirədə isə konkret hüquq pozuntusuna görə. 
Mülkiyyətçidən dövlət mənafeyi və ya ictimai mənafe üçün (təbii fəlakətlər, 
texnoloji qəzalar, epidemiyalar və s.) dəyəri ödənilməklə əmlakın dövlət tərəfindən 
alınması həcz və yaxud rekvizisiya adlanır. 
Rekvizisiya aşağıdakı cəhətlərinə görə müsadirədən fərqlənir: 
1.  Rekvizisiyada  əmlakın  dövlət  mülkiyyətinə  keçməsi,  ancaq  dəyəri 
ödənilməklə mümkündür; 
2.  Əmlakın dövlət mülkiyyətinə qatılmamaqla müəyyən müddətdə alınması. 
Məsələn, təbii fəlakət zamanı yerli icra hakimiyyəti və bələdiyyə orqanları əhaliyə 
məxsus  olan  nəqliyyat  vasitələrindən  istifadənin  vacibliyi  haqqında  qərar  çıxara 
bilər. 
3.  Rekvizisiyada əmlakın alınması hüquq pozuntusuna görə deyil, dövlət və 
ictimai maraqların təmini məqsədilə həyata keçirilir. 
Əmlakı üzərində qanunsuz rekvizisiya və müsadirəyə məruz qalmış şəxs ona 
dəymiş  zərərin  dövlət  hesabına  ödənilməsi  barədə  məhkəmədə  iddia  ilə  çıxış  edə 
bilər. 
Törəmə  üsullardan  biri  də  müqavilə  üzrə  əmlak  əldə  edənin  mülkiyyət 
hüququnun əmələ gəlməsidir. Müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ 
(əməli  idarəetmə  hüququ)  qanun  və  ya  müqavilə  ilə  sair  hal  nəzərdə 
tutulmamışdırsa, əşyanın verildiyi vaxtdan əmələ gəlir. 
Mülki Məcəllənin 181-ci maddəsində daşınar əşyalara mülkiyyət hüququnun 
əldə  edilməsi  əsasları  göstərilmişdir.  Həmin  maddəyə  əsasən,  daşınar  əşyaya 
mülkiyyət  hüququnun  əldə  edənə  verilməsi  üçün  mülkiyyətçi  əşyaya  sahibliyi 
həqiqi  hüquq  əsasında  ona  verməlidir.  Əşyanın  verilməsi  bunlardır:  əşyanın  əldə 
edənin  birbaşa  sahibliyinə  verilməsi,  əşyaya  dolayı  sahibliyin  müqavilə  üzrə 
verilməsi,  bu  zaman  əvvəlki  mülkiyyətçi  birbaşa  sahib  kimi  qala  bilər; 
mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. 
Şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya 
yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə 
nəticəsində  götürülən  bəhərə,  məhsula  və  gəlirə  mülkiyyət  hüququ  isə  həmin 
əmlakın mülkiyyətçisinə məxsusdur. 
Mülkiyyətçisi  olan  əmlaka  mülkiyyət  hüququ  başqa  şəxs  tərəfindən  alqı-
satqı,  dəyişdirmə,  bağışlama  müqaviləsi  və  ya  bu  əmlakın  özgəninləşdirilməsinə 
dair  digər  əqd  əsasında  əldə  edilə  bilər.  Fiziki  şəxs  öldükdə,  ona  mənsub  olmuş 
əmlaka mülkiyyət hüququ onun vərəsələrinə, hüquqi şəxs yenidən təşkil edildikdə 
isə yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisi olan hüquqi şəxsə keçir. 
Mülki  qanunvericilik  daşınmaz  əşyalara  mülkiyyət  hüququnun  əldə 
edilməsində  bir  sıra  qaydalar  müəyyən  etmişdir.  Həmin  qaydalardan  biri  də 
daşınmaz əmlakın satılmasına (verilməsinə) dair əqdlərin dövlət reyestrində qeydə 
alınmasıdır. Belə ki, bu cür əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz 
əmlakın dövlət reyestrində qeydə alındığı  andan əldə edənə  keçir. Əgər daşınmaz 
əmlakın  dövlət  reyestrində  əsassız  qeydə  alınmış  mülkiyyətçi  qeydə  alınanın 
əsassız  olduğunu  bilməyərək,  torpaq  sahəsinə  10  il  ərzində  fasiləsiz  və  etirazsız 
KitabYurdu.az 
132
 

sahiblik etmişsə, daha həmin sahə barəsində ona etiraz edilə bilməz. 
Mülkiyyətçisi olmayan daşınmaz əmlakın əldə edilməsində isə mühüm tələb 
qanunvericiliklə  müəyyən  edilmiş  əldəetmə  müddətinin  şərtlərinə  riayət 
edilməsidir. 
Konstitusiya 
və 
mülki 
qanunvericiliyin 
mülkiyyət 
hüququnun 
toxunulmazlığını təsbit etməsi, bu və ya digər əmlak üzərində bütün hallarda fiziki 
və  hüquqi  şəxslərin  mülkiyyət  hüququnun  təsdiq  olunmasını  təmin  etməsi  demək 
deyildir. 
Biz,  bir  şəxsdə  mülkiyyət  hüququna  xitam  verilməsinin  digər  şəxsdə 
mülkiyyət  hüququnun  əldə  edilməsi  ilə  nəticələnməsi  barədə  çoxlu  misallar 
gətirmişik.  Lakin  ola  bilər  ki,  mülkiyyət  hüququna  xitam  verilməsi  onun  digər 
şəxsdə  əmələ  gəlməsi  ilə  nəticələnməsin.  Bu  əşyanın  mülkiyyətçi  tərəfindən 
istifadə  olunması  hallarından  başqa,  mülkiyyətçinin  onu  məhv  etməsi  zamanı  da 
baş  verə  bilər.  Məsələn,  ona  lazım  olmadıqda  və  ya  səlahiyyətli  dövlət  orqanının 
tapşırığı ilə xəstə mal-qaranın məhv edilməsi və s. 
Deyilən  səbəblər  bəzən,  ümumiyyətlə,  hüquqi  cəhətdən  tənzimlənmə  tələb 
etmir  (mülkiyyətçi  öz  əmlakmı  məhv  edərkən,  əgər  bu  hərəkət  başqalarının 
maraqlarına  toxunmursa),  bəzən  də  bu  səbəblər  təkcə  mülkiyyət  hüququ 
normalarının  deyil,  digər  hüquq  normalarının  təsirinə  düşmüş  olur.  Məsələn, 
sığorta, zərərvurma nəticəsində yaranan öhdəliklər və s. 
Mülki qanunvericiliyə əsasən, mülkiyyət hüququnun itirilməsinin (xitamının) 
aşağıdakı növləri fərqləndirilir: 
1.  Daşınmaz  əmlakın  dövlət  reyestrində  qeydiyyat  yazısının  ləğv  edilməsi, 
habelə daşınmaz əmlakın tamamilə məhv olması; 
2.  Daşınar  əşyanın  mülkiyyətçisinin  mülkiyyət  hüququndan  imtina  etməsi, 
əşyanın  məhv  olması  və  ya  sonralar  hər  hansı  başqa  şəxsin  bu  əşyaya  mülkiyyət 
hüququnu əldə etməsi; 
3.  Öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 
4.  Qanuna  görə  həmin  şəxsə  mənsub  ola  bilməyən  əmlakım 
özgəninkiləşdirilməsi; 
5.  Sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 
6.  Təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 
7.  Rekvizisiya; 
8.  Müsadirə. 
Dövlət  mülkiyyətində  olan  əmlak  özəlləşdirmə  haqqında  qanunvericilikdə 
nəzərdə  tutulmuş  qaydada  fiziki  və  hüquqi  şəxslərin  mülkiyyətinə 
özgəninkiləşdirilir. 
Fiziki  və  hüquqi  şəxslərin  mülkiyyətində  olan  əmlakın  dövlətin  və 
cəmiyyətin  ehtiyacları  üçün  özgəninkiləşdirilməsinə  yalnız  qabaqcadan  onun 
dəyərini ədalətli ödəmək şərtilə yol verilə bilər. 
 
4.  Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi. 
 
Mülkiyyət hüququnun müdafiəsi mülki, cinayət və digər hüquq elmlərinin ən 
mühüm  problemlərindən  biridir.  Məlumdur  ki,  hüquqi  dövlət  quruluşu  olan 
cəmiyyətlərdə  mülkiyyət-iqtisadi  münasibətləri  həmişə  hüquqi  təminata  bağlıdır. 
Bu  öz  əksini  respublikanın  yeni  qəbul  edilmiş  Konstitusiyasında  da  tapmışdır. 
Mülkiyyət  toxunulmazlığı,  vətəndaşların  şəxsi  işlərinə  özbaşına  müdaxilənin 
yolverilməzliyi,  mülki  hüquqların  maneəsiz  həyata  keçirilməsi,  mülkiyyət 
KitabYurdu.az 
133
 

hüququnun  bütün  formalarının  bərabərliyi  və  s.  prinsipləri  təsbit  etməklə 
Konstitusiya  mülkiyyət  hüququnun  müdafiəsini  dövlətimizin  ən  mühüm 
vəzifələrindən biri hesab edir. 
Mülkiyyət  hüququnun  və  digər  əşya  hüquqlarının  müdafiəsi  dedikdə,  bu 
hüquqların  pozulmasının  aradan  qaldırılmasına,  mülkiyyətçinin  pozulmuş 
hüquqlarının  bərpasına  və  onun  hüquqlarının  müdafiəsinə  yönəldilmiş,  mülki 
qanunvericilikdə nəzərdə tutulan vasitələrin məcmusu başa düşülməlidir. Göstərilən 
vasitələr özünün hüquqi təbiətinə görə bir neçə qrupa bölünür. 
Mülkiyyət hüququnun müdafiəsi vasitələri içərisində  hər şeydən  əvvəl əşya 
hüquqi iddiaları qeyd etmək lazımdır. O vasitələri ki, onlar konkret vəzifələrlə bağlı 
deyildir,  vəzifələri  ya  mülkiyyətçinin  əşya  üzərində  sahiblik,  ondan  istifadə  və 
barəsində sərəncamını bərpa etmək, ya da bu səlahiyyətlərin mülkiyyətçi tərəfindən 
həyata  keçirilməsində  maneələri  və  ya  şübhələri  yox  etməkdir.  Müvafiq  olaraq 
əşya-hüquqi  iddialara  başqasının  qanunsuz  sahib  olduğu  əmlakın  mülkiyyətçi 
tərəfindən  tələb  edilməsi  (vindikasiya  iddiası),  pozulmuş  hüquqlar  sahiblikdən 
məhrumedilmə ilə əlaqədar olmadıqda da öz hüquqlarının bərpa edilməsi (neqator 
iddia) və nəhayət, mülkiyyət hüququnun etiraf edilməsi haqqında iddialardır. Daha 
dəqiq  desək,  konkret  subyektiv  hüquq  kimi  mülkiyyət  hüququ  qeyd  etdiyimiz 
iddialarla müdafiə olunur. 
Mülkiyyət  hüququnun  müdafiəsinin  ikinci,  mülki-hüquqi  vasitələr  qrupu 
öhdəlik-hüquq  xarakterli  vasitələrdir.  Onlara,  məsələn,  mülkiyyətçiyə  dəymiş 
zərərin  ödənilməsi,  əsassız  olaraq  əldə  edilmiş  əmlakın  alınması  iddiaları  və  s. 
aiddir.  Bütün  bunlar  üçün  xarakterik  cəhət  odur  ki,  onları  təşkil  edən  tələblər 
mülkiyyət hüququndan deyil, digər hüquq institutlarından və bu institutlara uyğun 
olan  subyektiv  hüquqlardan  irəli  gəlir.  Məsələn,  mülkiyyətçi  əmlakı  icarəyə 
verdikdə öz hüquqlarını müqavilə hüququ normaları ilə müdafiə edir. 
Mülkiyyət  hüququnun  müdafiəsinin  mülki-hüquqi  vasitələrinin  üçüncü 
qrupunu onlar təşkil edir ki, onlar, nə əşya-hüquq, nə də öhdəlik-hüquq xarakterli 
vasitələr  deyildir,  mülki  hüququn  müxtəlif  institutlarından  irəli  gəlir.  Məsələn, 
xəbərsiz  itkin  düşmüş  şəxsin  əmlakının  mühafizəsi,  qanunun  tələblərinə  müvafiq 
olmayan bağlanan əqdlərdə tərəflərin mənafelərinin müdafiəsi belələrindəndir. 
Nəhayət,  xüsusi,  mülki-hüquqi  vasitələrin  dördüncü  qrupuna  qanunla 
müəyyən  olunmuş  qaydada  mülkiyyət  hüququna  xitam  verilməsi  zamanı 
mülkiyyətçinin mənafelərinin müdafiəsinə yönələn vasitələr daxildir. 
Azərbaycan  Respublikası  və  ya  Naxçıvan  Muxtar  Respublikası  mülkiyyət 
hüququna  xitam  verən  qanunvericilik  aktları  qəbul  etdikdə  həmin  aktların  qəbul 
olunması  nəticəsində  mülkiyyətçiyə  dəyən  zərərin  əvəzi  məhkəmənin  qərarı  ilə 
Azərbaycan Respublikası tərəfindən tam həcmdə ödənilir. 
Dövlət  idarəetmə  orqanları  və  ya  yerli  orqanlar  tərəfindən  qanuna  uyğun 
gəlməyən aktın qəbul edilməsi nəticəsində mülkiyyətçinin və başqa şəxslərin onlara 
məxsus  əmlaka  sahiblik,  ondan  istifadə  və  onun  barəsində  sərəncam  hüquqları 
pozularsa,  həmin  akt  mülkiyyətçinin  və  ya  hüquqları  pozulan  şəxsin  iddiasına 
əsasən, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 
Dövlət  orqanının  mülkiyyətçidən  əmlakın  bilavasitə  alınmasına  yönəldilən 
qərarı  ilə  əlaqədar  olaraq  mülkiyyət  hüququna  xitam  verilməsinə  yalnız 
Azərbaycan  Respublikasının  qanunvericilik  aktları  ilə  müəyyən  olunmuş  hallarda 
və qaydada yol verilir. Bu zaman mülkiyyətçiyə eyni dəyərə malik əmlak verilir və 
ya dəymiş zərərin əvəzi tam həcmdə ödənilir. 
Mülkiyyətçi,  mülkiyyət  hüququna  xitam  verən  qərarla  razılaşmadıqda, 
məhkəmə mübahisəni həll edənədək həmin qərar icra edilə bilməz. 
Mülkiyyət  hüququnun  müdafiə  olunmasının  mülki-hüquqi  vasitələrindən  biri 
kimi  başqasının  qanunsuz  sahib  olduğu  əmlakın  mülkiyyətçi  tərəfindən  tələb 
KitabYurdu.az 
134
 

edilməsi - vindikasiya iddiasını göstərmək olar. 
Böyük nəzəri və praktik əhəmiyyət kəsb edən vindikasiya qaydaları çox vaxt 
öyrənilən institutun hüdudlarından kənara çıxır. 
Vindikasiya  iddiası  dedikdə  (lat.  Vim  dicere  -  güc  tətbiq  etmək  haqqında 
xəbərdarlıq  etmə)  əmlakın,  ona  sahiblik  etməyən  mülkiyyətçinin  faktiki  sahiblik 
edəndən,  naturada  qaytarılması  haqqında  müqavilədən  kənar  tələbi  başa  düşülür. 
Qüvvədə  olan  qanunvericiliyə  görə  vindikasiya  iddiasının  irəli  sürülməsi  üçün 
müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 
1.  Hər  şeydən  əvvəl  mülkiyyətçi  öz  əmlakına  faktiki  sahiblikdən  məhrum 
olunmalıdır.  Əgər  əmlak  mülkiyyətçidədirsə,  lakin  ona  sahiblik  və 
üzərində sərəncam hüquqlarını başqaları mənimsəyir və ya bu hüquqların 
həyata  keçirilməsinə  mane  olursa,  onda  mülkiyyət  hüququnun 
müdafiəsinin digər üsulları, konkret misalda mülkiyyət hüququnun etiraf 
edilməsi  və  ya  mülkiyyətçinin  hüquqlarının  sahiblikdən  məhrum 
edilməklə əlaqədar olmayan pozuntulardan müdafiəsi tətbiq edilir. 
2.  Vindikasiya  iddiasının    irəli  sürülməsi  üçün  mühüm  şərtlərdən  biri  də 
odur  ki,  mülkiyyətçinin  sahibliyindən  çıxmış  əmlak  digər  şəxsin  faktiki 
sahibliyində natura halında qalmış olsun. 
Əgər  əmlak  məhv  edilmiş,  başqa  hala  salınmış  və  ya  istifadə  edilmişdirsə, 
ona  olan  mülkiyyət  hüququna  xitam  verilir.  Bu  halda  mülkiyyətçi  ona  dəymiş 
zərərin ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Vindikasiya iddiası, bu 
iddianın  mahiyyətinə  uyğun  olaraq  yalnız  fərdən  müəyyən  edilən  əşyaya  –  yəni 
mülkiyyətçinin əilndən çıxan və onun qaytarılmasına yönələn əmlaka yönələ bilər. 
Bu  zaman  yadda  saxlamaq  lazımdır  ki,  fərdən  müəyyən  edilən  əşya  ilə 
cinsən  müəyyən  edilən  əşya  arasındakı  fərqlər  nisbidir  və  mülki  dövriyyənin 
konkret  şəraitindən  asılı  olur.  Buna  görə  də  vindikasiya  iddiası  həmin  növ  üçün 
ümumi  xassələrə  malik  olan  bütün  əşyalara,  məsələn,  taxıl,  tikinti  materialı  və  s. 
irəli sürülə bilər. 
Əgər əmlakı faktiki sahibliyində olanın cinsən müəyyən edilən əşyalarından 
(əmlakından)  ayırmaq  mümkün  deyilsə,  onda  vindikasiya  iddiası  deyil,  əmlakı 
əsassız əldə etməkdən və ya saxlamaqdan əmələ gələn öhdəliklərə görə iddia irəli 
sürülməlidir. 
3.  Nəhayət,  vindikasiya  iddiası  müqavilə  öhdəliklərindən  irəli  gəlmir,  o, 
mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi müdafiə edir. 
Vindikasiya  iddiasına  əmlaka  sahibliyini  itirmiş  mülkiyyətçi  malikdir. 
Bununla  yanaşı  olaraq,  vindikasiya  tələbi  mülkiyyətçi  olmasa  da  qanuna  və 
müqaviləyə əsasən, əmlaka sahiblik edənə də məxsus ola bilər. Adətən əmlaka titul 
sahibliyi edən belə şəxslər kirayəçi, komisyonçu, podratçı və s. qismində çıxış edə 
bilərlər.  Burada  əmlakı  başqasının  qanunsuz  sahibliyindən  mülkiyyətçi  deyil, 
əmlaka müvəqqəti sahib olan şəxs tələb edir. Əmlakın mülkiyyətçi tərəfindən deyil, 
müvəqqəti sahib tərəfindən geri tələb edilməsi üçün şəxs qanuna və ya müqaviləyə 
əsasən, əmlakın müvəqqəti sahibi olmasını sübut etməlidir. Bu zaman həmin şəxs 
tərəfindən  istər  vindikasiya,  istərsə  də  neqator  iddia  verildikdə  bu  cür  iddia,  həm 
onun, həm də mülkiyyətçinin mənafeyinə uyğun olur. 
Vindikasiya  iddiası  zamanı  cavabdeh  qismində  vindikasiya  prosesində 
əmlaka qanunsuz sahib olması sübut olunmalı olan şəxs durur. 
Hüquq  ədəbiyyatında  vindikasiya  iddiasının  predmeti  haqqında  müxtəlif 
fikirlər,  mülahizələr  mövcuddur.  Bəzi  hüquqşünaslar  qeyd  edirlər  ki,  vindikasiya 
iddiasının  predmetini  mübahisəli  əmlak  təşkil  edir.  Lakin  bu  fikirlə  razılaşmaq 
olmaz. Belə ki, əmlak mülki hüququn obyekti hesab edildiyindən, mübahisəli əmlak 
da  vindikasiya  iddiasının  ancaq  obyektini  təşkil  edə  bilər.  Vindikasiya  iddiasının 
KitabYurdu.az 
135
 

predmeti isə qanunsuz sahiblikdən əmlakın qaytarılması tələbidir. 
Əgər  iddiaçı  əmlakın  dəyəri  məbləğində  ona  pul  konpensasiyası  verilməsi 
tələbini  irəli  sürürsə,  o,  öz  hüquqlarını  müdafiənin  dəymiş  ziyana  görə  iddia 
üsulları ilə təmin edə bilər. 
Mülkiyyətçi iddianın predmeti ilə yanaşı olaraq cavabdehə qarşı tələbləri ilə 
bağlı  olan  hüquqi  faktların  əsaslarını  da  göstərməlidir.  Əmlakın  tələbinə  dair 
iddianın əsasını əmlakın sahiblikdən çıxması səbəbləri, əmlakın cavabdehə çatması 
şərtləri,  mübahisəli  əmlakın  naturada  olması,  iddiaçı  ilə  cavabdeh  arasında  tələb 
olunan  əmlaka  dair  öhdəlik  xarakterli  əlaqələrin  olmaması  təşkil  edir.  Göstərilən 
səbəblərin  məcmusu  ilə  mübahisəli  məsələyə  iddia  hüququ  və  onun  vindikasiya 
iddiası ile tələb edilməsi imkanları təsdiq olunur. 
Qeyd  etmək  lazımdır  ki,  vindikasiya  iddiası  irəli  sürən  təkcə  əmlaka  və 
sahiblik  imkanından  məhrum  olmasını  deyil,  eyni  zamanda  bu  hüquqi  imkanın 
konkret subyektiv hüquqa əsaslanmasını da sübut etməlidir. 
Mülkiyyətçi tərəfindən əmlakın başqasının qanunsuz sahibliyindən geri tələb 
edilməsində  cavabdehin  vicdanlı  və  ya  vicdansız  sahib  olması  məsələsinin 
müəyyən edilməsinin böyük nəzəri və təcrübi əhəmiyyəti vardır. 
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.3-cü maddəsinə əsasən, 
əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və 
əldə  edən  bunu  bilmədikdə  və  bilə  bilmədikdə  (vicdanlı  sahib)  mülkiyyətçi  bu 
əmlakı  əldə  edəndən  ancaq  o  halda  tələb  edə  bilər  ki,  əmlak  mülkiyyətçinin  özü 
tərəfindən  və  ya  mülkiyyətçinin  sahibliyə  verdiyi  şəxs  tərəfindən  itirilmiş  və  ya 
onların  hər  hansı  birindən  oğurlanmış  olsun  və  ya  özlərinin  iradəsindən  asılı 
olmayaraq  başqa  yolla  onların  sahibliyindən  çıxmış  olsun.  Əmlak  onu 
özgəninkiləşdirməyə  hüququ  olmayan şəxsdən  əvəzsiz  əldə  edildikdə  mülkiyyətçi 
əmlakı bütün hallarda tələb edə bilər. Bundan fərqli olaraq mülkiyyətçinin vicdanlı 
sahibindən  əmlakını  geri  tələbetmə  məsələsi  bir  qədər  mürəkkəbdir.  Mülkiyyətçi 
əmlakı vicdanla əldə edən şəxsdən aşağıdakı 3 şərtlərdən biri mövcud olduqda tələb 
edə bilər: 
1.  Əmlak mülkiyyətçi tərəfindən və ya onun razılığı ilə sahibliyinə verilmiş 
şəxs tərəfindən itirilmiş olduqda. 
2.  Əmlak hər birindən oğurlanmış olduqda. 
3.  Əmlak  onların  iradəsindən  asılı  olmayaraq  sair  yollarla  onların 
sahibliyindən çıxmış olduqda. 
Göstərilən bu üç şərtdən biri mövcud olarsa mülkiyyətçi öz əmlakını vicdanlı 
sahibindən  geri  tələb  edə  bilər.  Əgər  əmlak  mülkiyyətçinin  kobud  diqqətsizliyi 
nəticəsində  onun  sahibliyindən  çıxmışdırsa,  burada  əmlakın  geri  tələb  edilməsi 
məsələsi  bir  qədər  mürəkkəbləşir.  Mülkiyyətçi  öz  əmlakını  saxlamaq  üçün 
başqasına  vermişsə  və  həmin  şəxs  mülkiyyətçinin  etibarından  sui-istifadə  edərək 
onu  vicdanlı  əldə  edənə  satırsa,  bu  halda  vindikasiya  iddiası  vicdanlı  əldə  edənə 
qarşı  qaldırıla  bilməz.  Bu  hallarda  qanun  əmlakı  vicdanlı  əldə  edənin  hüquqlarını 
qoruyur və o mürəkkəb hüquqi tərkiblər əsasında əldə etdiyi əmlakın mülkiyyətçisi 
olur. 
Mülkiyyətçinin  əlindən  əmlakın  onun  iradəsilə  çıxdığı  halda  əmlakı  əvəzli 
surətdə  vicdanlı  əldə  edən  mülkiyyətçiyə  dəyən  ziyanın  əvəzini  ödəməli  olur.  Bu 
zaman mülkiyyətçidən fərqli olaraq əmlakı əldə edən əmlakı satan haqqında daha 
çox  təsəvvürə  malik  olur.  Buna  əsasən,  əmlak  mülkiyyətçiyə  qaytarılır,  əmlakı 
əvəzli  surətdə  vicdanlı  əldə  edən  ona  dəymiş  ziyanın  satıcı  tərəfindən  ödənilməsi 
tələbini irəli sürmək imkanı əldə edir. 
Mülkiyyət formasından və növündən asılı olmayaraq əmlak vindikasiyasının 
ümumi şərtləri belədir. 
Lakin  qanunvericilik  əmlak  vindikasiyasında  bir  müstəsna  hala  yol  verir. 
KitabYurdu.az 
136
 

Mülki Məcəllənin 157.3-cü maddəsinə  əsasən, pul, habelə adsız  qiymətli kağızlar 
vicdanlı əldə edəndən geri tələb oluna bilməz. 
Başqasının  qanunsuz  sahibliyində  olan  əmlak  tələb  olunarkən,  çox  vaxt 
həmin əmlakın gətirdiyi gəlirə görə tərəflər arasında mübahisələr yaranır. 
Qanun  burada  əmlakın  vicdanlı  və  ya  vicdansız  yolla  əldə  olunmasını 
fərqləndirir.  Mülkiyyətçi  özgəsinin  qanunsuz  sahibliyindən  əmlakını  geri  tələb 
edərkən,  bu  şəxsin  əmlaka  sahibliyinin  qanunsuz  olduğunu  bildiyi  və  ya  bilməli 
olduğu  halda  (vicdansız  sahib),  əmlakın  onda  olduğu  bütün  vaxt  ərzində  onun 
götürdüyu  və  ya  götürməli  olduğu  bütün  gəlirlərin  qaytarılmasını  və  ya  əvəzinin 
ödənilməsini  də  tələb  edə  bilər;  vicdanlı  sahibdən  isə  onun  əmlaka  sahibliyinin 
qanunsuz  olduğunu  bildiyi  və  ya  bilməli  olduğu  vaxtdan  və  ya  əmlakın 
qaytarılmasına  dair  mülkiyyətçinin  iddiası  üzrə  çağırış  vərəqəsini  aldığı  vaxtdan 
götürdüyü  və  ya  götürməli  olduğu  bütün  gəlirlərin  qaytarılmasını  və  ya  əvəzinin 
ödənilməsini tələb edə bilər. 
Söhbət o gəlirdən gedə bilər ki, o qanunsuz sahiblikdə olan əmlakdan əmələ 
gəlsin. Bununla əlaqədar verilən iddialar mülkiyyətçi tərəfindən əsaslandırılmalıdır. 
İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə, öz növbəsində əmlakdan 
gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin 
əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 
Zəruri məsrəflər dedikdə, əmlakın qorunmasına, saxlanmasına, cari və əsaslı 
təmirinə sərf olunan məsrəflər başa düşülməlidir. 
Gəlir  və  məsrəflərin  hesablanması  ilə  yanaşı,  qanunvericilik  əmlakın 
yaxşılaşdırılması üçün edilən əlavələrin taleyini də həll edir. 
Başqasının  qanunsuz  sahib  olduğu  əmlakı  tələb  etmək  hüququ  ilə  yanaşı, 
pozulmuş  hüquqlar  sahiblikdən  məhrum  edilmə  ilə  əlaqədar  olmadıqda  da 
mülkiyyətçi  özünün  bütün  pozulmuş  hüquqlarının  müdafiə  edilməsini  tələb  edə 
bilər. Belə bir hüquq neqator iddia ilə təmin olunur (lat actio neqotoria - inkar etmə 
iddiası). Neqator iddia dedikdə, mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə 
və  onun  üzərində  sərəncam  səlahiyyətlərinin  həyata  keçirilməsinə  mane  olan 
pozuntuların  aradan  qaldırılması  haqqında  üçüncü  şəxsə  qarşı  müqavilədən  kənar 
tələbi başa düşülür. Vindikasiya iddiası kimi, neqator iddia da mülkiyyət hüququnun 
müdafiəsinin  əşya-hüquqi  vasitələrindəndir.  Neqator  iddia  mübahisə  doğuran 
əşyaya  görə  mülkiyyətçi  və  üçüncü  şəxslər  öhdəlik  və  sair  münasibətlərdə 
olmadıqda  və  baş  vermiş  hüquq  pozuntusu  subyektiv  mülkiyyət  hüququnun 
xitamına səbəb olmadıqda irəli sürülür. 
Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi əmlaka 
sahib  olduqda,  lakin  ondan  istifadə  və  onun  üzərində  sərəncam  imkanlarından 
məhrum olduqda malik olur. 
Mülkiyyət  hüququnun  həyata  keçirilməsinə  özünün  qanunazidd  hərəkətləri 
ilə mane olan şəxs cavabdeh qismindədir. 
Neqator  iddianın  predmeti  sahiblikdən  məhrum  etmə  ilə  əlaqədar  olmayan 
pozuntunun  aradan  qaldırılmasına  yönələn  iddiaçının  tələbidir.  Əksər  hallarda 
üçüncü şəxs özünün qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi ilə mülkiyyətçiyə 
əmlakdan istifadə səlahiyyətlərini həyata keçirməyə maneə törədir. Məsələn, qonşu 
tərəfindən torpaq sahəsinin qanunsuz çəpərlənməsi aparılan tikintiyə mane ola bilər 
və ya bilavasitə tikinti anbarlarına yaxın ağacların əkilməsi və s. 
Elə  hallar  ola  bilər  ki,  maneələr  mülkiyyətçinin  əmlaka  sərəncam 
səlahiyyətlərinin  həyata  keçirilməsinə  imkan  verməsin.  Məsələn,  borclunun 
əmlakına həbs qoyularkən, ola bilsin ki, əmlakın içində üçüncü şəxsə məxsus əşya 
olsun  və  bu  zaman  o,  bu  əşya  üzərində  sərəncam  səlahiyyətlərini  yerinə  yetirə 
bilməsin və s. 
Maliyyə,  vergi  orqanları  tərəfindən  əmlakına  qoyulmuş  məhdudiyyətlərin 
Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin