Nitq zənginliyinin başlıca əlamətlərindən biri də onun məzmun cəhətdən
dolğunluğudur. Nitq o zaman maraqla dinlənilir ki, haqqında bəhs olunan məsələ
yeni olsun, həm də hərtərəfli şəkildə, sübutlarla, dəlillərlə, həyati misallarla,
dinləyicini qane edəcək bir formada şərh edilsin.
Nitqin sadəliyi, təbiiliyi. “Dil nə qədər asan, sadə olsa, bir o qədər gözəl, göyçək
və məqbul olar” (F.Köçərli). Nitqin sadəliyi onun aydınlığı, anlaşıqlı olması, asan
qavranılmasıdır. Sadəliyi heç də fikrin məzmununun, mahiyyətinin bəsitləşməsi,
ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi mürəkkəb cümlələrdən
qaçmaq, məzmunun mümkün qədər sadə cümlələrlə vermək mənasında da
anlaşılmamalıdır. Natiq danışarkən, əşya və hadisələri təsvir edərkən onların
mahiyyətini daha aydın və dəqiq vermək üçün həm sadə, həm də mürəkkəb
konstruksiyalardan istifadə etməlidir. Nitqin sadəliyi tələb edir ki, orada işlədilən
bütün sözlər dinləyicilərin (auditoriyanın) ümumi səviyyəsinə və xüsusiyyətlərinə
uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun. Sadə nitq hər cür yabançı
pafosdan, qondarma,süni ifadələrdən, müqayisələrdən uzaqdır. Nitqin sadəliyinin
pozulma hallarından biri sözçülük, ağır və uzun cümlələr işlətməkdir. Sözçülük,
eyni
fikrin
təkrar-təkrar
ifadəsi
daha
geniş
yayılmış
nöqsandır.
Nitqin sadəlik və təbiiliyinin pozulması halları yazılı nitqdə özünü daha çox
göstərir. Yazan hər bir söz, ifadə, cümlə üzərində ayrıca düşünür, onu dinləyici
üçün maraqlı olsun deyə ifadəlilik vasitələri, atalar sözü, məsəlləri, frazeoloji
birləşmələr və sairədən istifadə edir. lakin burada da ifrata varmaq, həmin
ifadələrin həddindən çox işlədilməsi nitqi ağırlaşdırır, oxucunu yorur.
Nitqin sadəliyinin pozulma səbəblərindən biri də anlaşılmayan və ya az
anlaşılan söz və terminlərin işlədilməsidir. Burada da natiq öz bilik və hazırlığının
yüksək səviyyədə olmasını nümayiş etdirmək məqsədilə ehtiyac olmadığı halda
terminlərdən, mürəkkəb tərkiblərdən istifadə edir. Natiq dinləyicinin başa
düşəcəyi bir dildə danışmalı, mənası çətin anlaşılan söz və söz birləşmələrini
işlətməkdən çəkinməlidir.
Dostları ilə paylaş: