Mövzu :6
Nitqin zənginliyi, sadəliyi və təbiiliyi.
Plan:
1.Nitqin zənginliyinin meyarları.
2.Nitqi zəngilləşdirən vasitələr.
3. Nİtqdə sadəliyin mahiyəti .
4. Nitqin sadəliyinin pozulma halları.
Nitqin zənginliyi. Bu, nitqdə işlənən
dil ünsürlərinin müxtəlifliyi, rəngarəngliyi
və çoxluğudur. Nitqin zənginliyi üçün başlıca meyar danışanın (yazanın) geniş söz
ehtiyatına malik olmasıdır.
İnsan təfəkkürünün hüdudu sonsuzdur, dildə sözlərin miqdarı bununla nisbətdə
məhduddur. Natiq bu cəhəti nəzərə almalı, hər hansı bir mətləbi aşkarlayarkən
daha münasib sözlərdən – sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələr
və ibarələrdən,
digər məcazlardan, intonasiya, üslubi vasitələr və sairədən
məharətlə istifadə etməyi bacarmalıdır. Müəyyən rabitəli mətndə nə qədər çox
müxtəlif və təkrarlanmayan söz, ifadə və cümlə işlədilərsə, həmin nitq o qədər də
zəngin olar, maraqla dinlənilər, yaxşı təsir bağışlayar, asan dərk olunar. Söz
ehtiyatı zəngin olan, işlətdiyi hər söz və ifadənin mənasını yaxşı
anlayan adam
həmişə öz fikirlərini çətinlik çəkmədən sərbəst şəkildə ifadə edə bilir. Lüğətin
zənginliyi məsələsi insanın məşğul olduğu işin xarakterindən, yaşadığı mühitdən,
mütaliəsindən, dünyagörüşündən asılıdır. Görüş dairəsi və mütaliəsi geniş, savadı
mükəmməl adamların söz ehtiyatı da zəngin olur. Belələri öz çıxışlarında (adi
söhbətlərində də) dilimizin söz xəzinəsindən bacarıqla istifadə edirlər.
Hər bir
savadlı və mədəni şəxs daima öz lüğət ehtiyatının artırılması qayğısına qalmalıdır.
Bunun üçün ən səmərəli vasitə radio və televiziya verilişlərini dinləmək və
mütaliəni genişləndirməkdir.
Nitqin zənginliyi və emosionallığını təmin edən amillərdən bir də intonasiyadır. Bu
o deməkdir ki,
söylənilən fikirlər, onlara münasibət insanın keçirdiyi hissi hallar
uyğun səs tərtibatı, avazla verilə bilsin, nitq rəngarəng intonasiya çalarlarına malik
olsun, danışan intonasiya elementlərindən (məntiqi vurğu, nitq fasiləsi, nitq tonu,
səsin tembri və s.) düzgün istifadə etməyi bacarsın və s. Nitqin intonasiya
baxımından zənginliyindən danışarkən sual, nida, əmr cümlələri, xitablar, ara
sözlər, ara cümlələr və s. sintaktik quruluşların özünəmüvafiq formada,
təbii
şəkildə tələffüz olunmasının vacibliyi də diqqət mərkəzində saxlanılmalıdır.
Nitq zənginliyinin başlıca əlamətlərindən biri də onun məzmun cəhətdən
dolğunluğudur. Nitq o zaman maraqla dinlənilir ki, haqqında bəhs olunan məsələ
yeni olsun, həm də hərtərəfli şəkildə, sübutlarla, dəlillərlə, həyati misallarla,
dinləyicini qane edəcək bir formada şərh edilsin.
Nitqin sadəliyi, təbiiliyi. “Dil nə qədər asan, sadə olsa, bir o qədər gözəl, göyçək
və məqbul olar” (F.Köçərli). Nitqin sadəliyi onun aydınlığı, anlaşıqlı olması, asan
qavranılmasıdır. Sadəliyi
heç də fikrin məzmununun, mahiyyətinin bəsitləşməsi,
ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi mürəkkəb cümlələrdən
qaçmaq, məzmunun mümkün qədər sadə cümlələrlə vermək mənasında da
anlaşılmamalıdır. Natiq danışarkən, əşya və hadisələri təsvir edərkən onların
mahiyyətini daha aydın və dəqiq vermək üçün həm sadə, həm də mürəkkəb
konstruksiyalardan istifadə etməlidir. Nitqin sadəliyi tələb edir ki,
orada işlədilən
bütün sözlər dinləyicilərin (auditoriyanın) ümumi səviyyəsinə və xüsusiyyətlərinə
uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun. Sadə nitq hər cür yabançı
pafosdan, qondarma,süni ifadələrdən, müqayisələrdən uzaqdır. Nitqin sadəliyinin
pozulma hallarından biri sözçülük, ağır və uzun cümlələr işlətməkdir. Sözçülük,
eyni
fikrin
təkrar-təkrar
ifadəsi
daha
geniş
yayılmış
nöqsandır.
Nitqin sadəlik və təbiiliyinin pozulması halları yazılı nitqdə özünü daha çox
göstərir. Yazan hər bir söz, ifadə, cümlə üzərində ayrıca düşünür,
onu dinləyici
üçün maraqlı olsun deyə ifadəlilik vasitələri, atalar sözü, məsəlləri, frazeoloji
birləşmələr və sairədən istifadə edir. lakin burada da ifrata varmaq,
həmin
ifadələrin həddindən çox işlədilməsi nitqi ağırlaşdırır, oxucunu yorur.
Nitqin sadəliyinin pozulma səbəblərindən biri də anlaşılmayan və ya az
anlaşılan söz və terminlərin işlədilməsidir. Burada da natiq öz bilik və hazırlığının
yüksək səviyyədə olmasını nümayiş etdirmək məqsədilə ehtiyac olmadığı halda
terminlərdən, mürəkkəb tərkiblərdən istifadə edir. Natiq dinləyicinin başa
düşəcəyi bir dildə danışmalı, mənası çətin anlaşılan söz və söz birləşmələrini
işlətməkdən çəkinməlidir.
Dostları ilə paylaş: