8. İqtisad elminin yaranmasında əsas rol oynayan məktəblər
İqtisad elmi yaranmasından başlayaraq sistemli bir elmə çevrilməsinə qədər
bir sıra mərhələlər keçirmişdir. Onun əsas mərhələlərindən biri Merkantilizm
deyilən məktəb olmuşdur.
Merkantilizm - italyan dilində ticarət, tacir deməkdir. Bu əslində Avropada
XVI-XVII əsrlərdə iqtisad elminin bünövrəsini qoyan bir nəzəri məktəbin adıdır.
Müxtəlif elm və peşə sahələrindən olan bu nəzəri məktəbin görkəmli
nümayəndələrindən ingiltərəli Vilyam Staffor (1554-1612), Tomas Man (1571-
1641), italiyalı Qaspar Skarufari (1519-1584), fransalı Antuan Monkretyen (1575-
1621) kimi şəxslər iqtisadi-nəzəri fikrin inkişafına böyük xidmət göstərmişlər.
Monkretyen ölkə daxilində sənayeçilərin, tacirlərin, əkinçilərin sərbəst inkişaf
etməsi üçün xaricdən gətirilən mallar üçün yüksək gömrük rüsumları qoyulması
təklifini bildirirdi. Onun bu əsəri nəzəriyyədən çox praktiki məsələlərin həllinə
yönəldilmişdir. Lakin «Siyasi iqtisad» adı altında yazılan bu birinci əsər iqtisadi
məsələlərin öyrənilməsinə və tədqiqinə nəzəri cəlb edirdi.
Fiziokratlar - Fiziokratiya sözü, iki yunan sözündən - «fizis» təbiət və
«kratos» hakimiyyət sözlərinin birləşməsindən törəyən «Təbiətin hakimiyyəti»
deməkdir. Bu iqtisad elmi tarixində yeni bir nəzəri məktəbin adıdır. Tədavül
sferasını öyrənən merkantilistlərdən fərqli olaraq fiziokratlar təbiətlə bağlı olan
əkinçilik, kənd təsərrüfatı istehsalını tədqiq etməyi əsas tutmuşlar. Bununla onlar
iqtisadiyyatın əsas, həlledici sahəsi olan istehsal dairəsinin öyrənilməsinə
başlamışlar. Lakin, onlar bütün iqtisadiyyatı deyil, yalnız əkinçiliyi əsas götürmüş
və onu sərvətin yaradılmasının yeganə mənbəyi hesab etmişlər. Bu fikir cərəyanı
XVIII əsrdə Fransada, kənd təsərrüfat istehsalının üstünlük təşkil etdiyi bir şəraitdə
meydana çıxmışdır. Fiziokrat iqtisadi nəzəriyyəsinin əsasını qoyan da fransalı həkim
və təbiətşünas Fransua Kene (1694-1774) olmuşdur. Altmış yaşında iqtisadi
məsələlərlə məşğul olmağa başlayan Kene XVIII əsrin ən böyük iqtisadçısı kimi
dünyada tanınmışdır. Bu məktəbin görkəmli nümayəndələri Jak Turqo (1727-1781),
Viktor Mirabo (1715-1789) və başqaları iqtisadi təlimlər tarixində xüsusi yer
tuturlar.
Klassik məktəb - klassik iqtisad elminin və onu yaradanların əsil vətəni
İngiltərə olmuşdur. Avropanın bu ölkəsində XVII-XVIII əsrlərdə və sonrakı dövrdə
iqtisadiyyatda, onun əsas sahələri olan sənayedə, kənd təsərrüfatında, nəqliyyatda,
ticarətdə sıçrayışlar baş vermişdir. Burada, sərbəst sahibkarlıq və təşəbbüsə, azad
bazar və rəqabətə əsaslanan yeni kapitalist sistemi daha sürətlə inkişaf etməyə
başlamışdır. Belə bir şəraitdə iqtisadiyyatın bütöv bir sistem kimi öyrənilməsinə və
təhlil edilməsinə ehtiyac duyulurdu. Dövrün ehtiyac və tələbləri bu elmi yaradanları
da yetişdirirdi. Bunların içərisində ən məşhurları Uilyam Petti (1623-1687), Adam
Smit (1723-1790) və David Rikardo (1772-1823) olmuşdur. İqtisad elminin baniləri
və klassiklərinin böyük xidməti ondadır ki, ilk dəfə onlar cəmiyyətin iqtisadiyyatını
bütöv halda götürüb tədqiqat obyektinə çevirmişlər. Merkantilizm cərəyanından
fərqli olaraq klassiklər sərbəst bazar iqtisadiyyatı nəzəriyyəsini yaratmışlar.
Marksist məktəb - bu məktəbin baniləri K.Marks (1818-1883) və F.Engels
(1820-1895) klassik iqtisad elmindən bir mənbə kimi istifadə etmişlər. Tarixi
materializm baxışlarını əsas tutan Marks və Engels keçmişdə və öz dövrlərində
yaşayan iqtisadçıların nəzəri görüşlərini təhlil və tənqid süzgəcindən keçirmişlər.
Onlar ictimai-iqtisadi fikrin təhlilində sinfi mövqedən çıxış etmişlər. Marks və
Engels kapitalizmin kommunizm ilə əvəz olunmasının nəzəriyyəsini əsaslandırmağa
çalışmışlar.
Dostları ilə paylaş: |