10. İqtisadi sistem və onun formalaşması prinsipləri
İnsan cəmiyyətinin bütün inkişaf mərhələlərində iqtisadi fəaliyyət üçün eyni
şərait olmamışdır. Lakin bir sıra iqtisadi məsələlər ümumi olmuşdur. Bura
iqtisadiyyatın təşkili, kimin üçün nə istehsal etməli, nə qədər istehsal etməli kimi
məsələlər daxildir. Necə istehsal etmək sualına görə isə dövrlər bir-birindən əsaslı
surətdə fərqləmişdir. Ayrı-ayrı dövrlərdə mövcud olan cəmiyyətlərdə müxtəlif
iqtisadi sistemlər mövcud olmuşdur.
Cəmiyyətdə hakim münasibətlər və təşkilat formaları əsasında təşəkkül
tapmış iqtisadi proseslərin məcmusuna iqtisadi sistem deyilir. İqtisadi hadisələri,
prinsipləri təhlil etməklə bütöv iqtisadi sistem haqqında təsəvvür əldə etmək olar.
Hər hansı bir ölkənin iqtisadi sistemi canlı bir orqanizm kimi aşağıdakıları
özündə birləşdirir: təbii və əmək resursları (ehtiyyatları), mövcud mülkiyyət
formaları, müxtəlif kapital ünsürləri, sahibrarlıq və zəruri idarəetmə sistemi və s.
Heç bir cəmiyyət və onun iqtisadi sistemi hər hansı bir sərvət üzərində
mülkiyyət forması, iqtisadi münasibətlər olmadan mümkün deyildir.
İstehsalın müasir texnika ilə silahlanması, müasir texnoloji proses iqtisadi
sistemin fəaliyyətində mühüm yer tutur. İqtisadi sistemdə sahibkarlıq fəaliyyəti,
idarəetmə sistemi də özünəməxsus rola malikdir.
Bəşər tarixində indiyə kimi ən'ənəvi, bazar, inzibati-amirlik və qarışıq iqtisadi
sistemlər fəaliyyət göstərmişdir. Bu və digər sistem daxilində müxtəlif ölkə və
regionlarda iqtisadi inkişafın çoxlu modelləri də mövcud olub. İstehsal qüvvələri,
mülkiyyət formaları inkişaf edib dəyişdikcə iqtisadi sistemlər də tədricən dəyişib
bir-birini əvəz etmişdir.
İnsan cəmiyyətinin təkamülü ilə ta qədim zamanlardan bu günkü müasir dövrə
qədər iqtisadi sistemlər də çox tədriclə dəyişmiş və təkamül yolu ilə biri digərini
əvəz etmişdir. Bu proses istehsal (məhsuldar) qüvvələrinin tarixi dövrlər səpgisində
irəliləməsi ilə baş vermişdir.