9. Azərbaycanda iqtisadi fikir tarixi
Tarixin ilkin dövrlərindən başlayaraq Azərbaycanda, Şərqdə iri şəhərlər, elm
və mədəniyyət mərkəzləri yaranmış və özünün yüksək inkişaf mərhələsini
keçirmişdir. Çindən Avropaya uzanan qədim ipək yolu Azərbaycanın və bir çox
Şərq ölkələrinin iqtisadi, mədəni inkişafında mühüm yer tutmuşdur. İndi bərpa
olunmağa başlanılan bu qədim karvan yolu xalqlar arasında iqtisadi, mədəni və
mənəvi yaxınlığa və tərəqqiyə də səbəb olmuşdur. IX-XIV əsrlərdə Şərqdə və
Azərbaycanda elm, sənət və mədəniyyət yüksək inkişaf dövrü keçirmişdir. Bu
dövrdə Şərqin dünya şöhrətli dahi mütəfəkkirləri yetişmişdir. Bunlardan Fərabi
(870-950), İbn Sina (980-1037), Biruni (973-1048), Bəhmənyar (993-1066), Nizami
(1141-1209), Tusi (1201-1274), İbn Xəldun (1332-1406) kimi mütəfəkkirlər
çoxcəhətli elmi və ədəbi yaradıcılıqları ilə dünya mədəniyyətini zənginləşdirmişlər.
Çox erkən dövrlərdə heyvandarlıqla, əkinçiliklə məşğul olan türk tayfaları dəmir-
metal əşyalardan sənət məmulatları istehsal etməyə başlamışlar. Azərbaycanda
dəmir filizi, mis istehsalı və onlardan istifadə olunması qədim tarixə malikdir.
Məşhur türkoloq alim Lev Qumilyev «Qədim türklər» əsərində yazır: «Türklər
dəmirin sənaye üsulu ilə istehsalını mənimsəyən ilk xalq kimi tarix səhnəsinə
çıxmışlar».
Azərbaycanda ilkin iqtisadi fikir və təsəvvürlər türk dünyasının böyük abidəsi
olan «Kitabi-Dədə Qorqud» dastanlarında da əks olunmuşdur. Bu dastanda əks
etdirilən həyat səhnələri, qəhrəmanlıq hadisələri ilə yanaşı, oğuz qəbilələrinin
yaşadığı iqtisadi və sosial həyat şəraiti haqqında da məlumatlar verilir. Dastanın
boylarından aydın olur ki, qədim oğuzlar maldarlıqla, əkinçiliklə məşğul olmaqla
yanaşı, sənətkarlığın müxtəlif növləri ilə də məşğul olmuşlar. Bu sənətlərdən dəmir
və poladdan düzəldilmiş alətlər, döyüşdə istifadə edilən qılınc, nizə, xəncər, ox və
yay, zirehli paltar və sairələri daha çox yayılmışdır. Bununla yanaşı, xalçaçılıq,
keçəçilik, toxuculuq, zərgərlik və şərabçılıq kimi sənət növləri də xüsusi yer tuturdu.
Bütün bu sənət və peşə növlərinin inkişafı qədim türk-oğuz tayfalarında əmtəə
mübadiləsinə və ticarətə də şərait yaratmışdır.
İslam mədəniyyəti xalqların həyat tərzinə, əxlaqi davranış və düşüncələrinə
daxil olmaqla yanaşı iqtisadi-sosial həyat məsələlərinin də tənzim edilməsində
özünü göstərir. İslamın müqəddəs kitabı «Qurani-Kərim» də və Məhəmməd
Peyğəmbərin kəlam və nəsihətlərindən ibarət olan «Hədislər» də mülkiyyət, sərvət,
əmək, bölgü, mübadilə, ticarət, pul, sələm və vergilər kimi iqtisadi məsələlərə
münasibət bildirilir. Quran»ın bir çox surələrində ticarətdə, alqı-satqıda bərabərlik
prinsipinə əməl olunması göstərilir. Çəkidə, ölçüdə, malın keyfiyyətində aldatmaq
şəriət qanununa zidd bir əməl kimi pislənilir.
İbn Xəldunun böyük elmi xidmətlərindən biri cəmiyyətin keçdiyi təbii-tarixi
inkişaf mərhələləri və onun hərəkətverici qanunları haqqındakı fikirləridir. O
göstərir ki, cəmiyyət öz inkişafında köçərilik, oturaq həyat və mədəniyyət
mərhələlərindən keçməlidir. Müəllif bu inkişaf mərhələlərinin birindən digərinə
keçməsi prosesini əmək bölgüsü və məhsuldar qüvvələrin inkişafında baş verən
dəyişiklik və tərəqqilə izah edir. İbn Xəlduna görə dövlətin və məmurların bilavasitə
iqtisadi fəaliyyətlə, ticarətlə məşğul olması o ölkənin təbəələri üçün zərərli haldır.
Azərbaycanın və Şərqin ictimai fikrinin mühüm hissəsi olan iqtisadi fikir sonrakı
dövrlərdə də məşhur mütəfəkkirlərin əsərlərində bu və digər dərəcədə öz əksini
tapmışdır. Xüsusilə Azərbaycanda iqtisadi fikir və təlimlər XIX əsrin ikinci
yarısında M.F.Axundovun, H.B.Zərdabinin, N.B.Vəzirovun, Z.Marağayinin və
başqa mütəfəkkir və yazıçıların əsərlərində inkişaf etdirilmişdir. XX əsrin
əvvəllərində baş verən ictimai-siyasi hadisələr Azərbaycanda xeyli qəzet və
jurnalların yaranmasına, müxtəlif fikir cərəyanlarının meydana çıxmasına təkan
vermişdir. Bu dövrün mətbuatında, böyük mütəfəkkir, şair, yazıçı və siyasi
xadimlərin əsərlərində Azərbaycanın mövcud iqtisadi və mənəvi mühiti ifadə
edilmişdir.
Dostları ilə paylaş: