1. “Layihə” və “Layihələrin idarə olunması” anlayışları Amerika Layihələrin idarə olunması institutu tərəfindən verilmiş və layihə idarəetməsinin əsasları üzrə rəhbərlikdə (PMBOK Guide) olan tərif layihəni aşağıdakı kimi izah edir:
Layihə nadir məhsul, xidmət və ya nəticələrin yaradılması üçün nəzərdə tutulmuş müvəqqəti müəssisədir. Bu tərifdən belə qənaətə gəlmək olar ki, bütün layihələr üç vacib xarakteristikaya malikdir.
Başlanması və sona çatması tarixlərinin olması.
Hər bir layihənin nəticəsi - nadir məhsul və ya xidmətdir.
Layihənin müəyyən məqsədlərə nail olmağa yönəlmiş olması.
Layihələrin idarə olunması layihəyə dair tələblərin ödənməsi üçün idarəetmə biliklərinin, vərdişlərinin, alətlərinin və metodlarının layihə fəaliyyətinə tətbiqidir.
Layihələrin idarə olunması menecmentdən, bu sözün klassik mənasından fərqlənir. Adətən menecment dedikdə vəsaitlərin qənaətlə sərf edilməsi ilə müəyyən məqsədlərə nail olmağa yönəldilmiş hərəkətlərin əlaqələndirilməsi başa düşülür. Bu, təşkilat üzlərinin işinin planlaşdırılması, təşkili, rəhbərlik və nəzarət edilməsi eləcə də bütün mövcud təşkilati resursların müəyyən təşkilati məqsədlərə nail olmaq üçün istifadə edilməsidir. Menecment dövrü, təkrarlanan xarakter daşıyır ki, bu da idarəçilik təsirlərini təkmilləşdirməyə və təşkilatın fəaliyyət səmərəliliyinin yüksəldilməsinə nail olmağa imkan verir. Layihə isə dinamik inkişafı zamana və resurslara görə məhdudluğu ilə xarakterizə olunan nadir tədbirdir.
Layihələrin idarə olunması proseslərinə aşağıdakı funksional sahələrdə daha böyük diqqət yetirilir:
Layihənin predmet oblastının (məzmunu və sərhədlərinin) idarə olunması.
Layihənin zaman parametrlərinə görə idarə olunması.
Layihənin dəyərinin idarə olunması.
Keyfiyyətin idarə olunması.
Heyətin idarə olunması.
Kommunikasiyaların idarə olunması.
Layihədən meyletmələrin idarə olunması.
Müqavilələrin idarə olunması.
Layihələrin idarə olunması metodologiyası
Layihələrin idarə olunması metodologiyası prinsiplərinə aşağıdakıları aid etmək olar:
tarixilik prinsipi layihələrin idarə olunması, bu fəaliyyət sferasında ziddiyyətlərin həll edilməsi və daha yaxşı nəticələrin yayılması sahəsində toplanmış praktiki təcrübənin istifadə edilməsindən ibarətdir;
- sistemlilik prinsipi layihəyə xarici mühit amillərinin təsiri altında olan, daxili münasibətlərin çox müxtəlifliyi ilə fərqlənən, strukturunun, funksiyalarının və emercentliyinin vəhdətinə və sinerjiyə malik mürəkkəb sistem kimi yanaşmanı şərtləndirir.
komplekslilik prinsipi innovasiya sistemi şəraitində texnologiyaların ötürülməsi mexanizminə təsir edən bütün xarici və daxili amillərin nəzərə alınmasını müəyyən edir;
- təsnifat prinsipi idarə oluna bilməsi və iş səmərəliliyinin yüksəldilməsi məqsədilə sistemdə təsnifat əlamətlərinə görə bircins olan ünsürlərin ayrılmasından ibarətdir;
- səmərəlilik prinsipi layihələrin idarə olunması metodlarının həm layihə iştirakçılarının, eləcə də bu layihənin yerinə yetirildiyi daha yüksək səviyyəli sistem (müəssisə, bölgə, region) üçün pozitiv nəticələrin əldə edilməsinə yönəlmiş olmasını nəzərdə tutur.
Layihələrin idarə olunması metodlarının spektri kifayət qədər genişdir. Məs, kritik yolun təhlili metodunun (Critical Path Method – CPM, 1957) da daxil olduğu şəbəkə planlaşdırması və idarəetməsi, proqramların (layihələrin) təhlili və qiymətləndirilməsi (Program Evaluation and Review Technique – PERT, 1958) metodları aiddir.
Layihələrin idarə olunması ilkin olaraq hərbi təyinatlı məqsədlər üçün xüsusi idarəetmə kimi tətbiq olunurdu. Müasir layihə menecmentinin ilk nümunəsi icrasına 1941-ci ildə başlanmış və Amerika atom bombasının yaradılmasına həsr edilmiş Manhattan layihəsi olmuşdur.
XX əsrin sonunda layihələrin idarə olunması metodlarına kadr və mədəni problemlərin həll metodları, eləcə də layihələrin idarə olunmasını və müəssisənin inkişaf strategiyasını əlaqələndirən sistemlər (məsələn, tarazlaşdırılmış göstəricilər sistemi) əlavə olundu.