3.Mədəniyyətin sosioloji anlayışı. Mədəniyyətin sosioloji anlayışı nisbətən dar mənada işlədilir. Məsələn, geniş mənada mədəniyyət insan və cəmiyyətin yaradıcı fəaliyyətinin, həmin fəaliyyətin nəticələrinin (maddi və mənəvi mədəniyyətlərin), bilik, təfəkkür və dünyagörüşünün formalarının, estetik və sənət fəaliyyətinin (məsələn, kütləvi mədəniyyətin) məcmusundan ibarətdir. Mədəniyyət sferasına hətta daha geniş təsvir vermək olardı. Lakin, empirik elm sahəsi kimi, sosiologiya mədəniyyəti fərd və sosial qrupların davranışını tənzimləyən norma və dəyərlərin sistemi, adamların mədəni – asudə vaxt, mədəni-təhsil səviyyəsi,, müəssisə və təşkilatların mədəni quruculuğu, kütləvi mədəni-maarif işi və s. Təzahür formalarında öyrənir. Yuxarıda dediklərimizi nəzərə alaraq, sosioloji anlayış kimi, mədəniyyətə aşağıdakı tərifi vermək olar: mədəniyyət fərd və cəmiyyətin həyat tərzini formalaşdıran dil, normalar, dəyərlər, inam, adət-ənənələr, bilik və simvolların (rəmzlərin) məcmusundan ibarətdir. Bu mənada, mədəniyyət anlayışı millətin, insanların fərqli həyat tərzini təsvir etmək üçün işlənir. Məsələn, azərbaycanlıların, çinlilərin, fransızların və s mədəniyyəti. Mədəniyyətin bir hissəsi olmaqla və ya mədəniyyətdə iştirak etməklə adamlar öz fəaliyyətinin və başqa adamların fəaliyyətinin mənasını anlaya bilir. Mədəniyyət olmasaydı, təbii ki, düşünmək və ünsiyyət bağlamaq da mümkün olmazdı, heç dilə də ehtiyac olmazdı. Hər hansı bir mədəniyyətə aid adamların hamısı eyni dəyər və yaxud inamın daşıyıcısı deyil, hamısı dildən eyni dərəcədə istifadə etmir. Deməli, mədəniyyətlər daxilən fərqlənir. Məsələn, Amerikanın cənubunda mədəniyyət cənub-qərbdən fərqlənir, Afrikalı-amerikalıların mədəniyyəti asiyalı-amerikalıların mədəniyyətindən fərqlənir. Hərçənd ki, onların hamısı amerikalıdır. Mədəniyyətin bir hissəsi digərindən xüsusilə fərqlənirsə, sosiologiyada bu hadisə submədəniyyət adlanır. Amerika mədəniyyəti çoxlu submədəniyyətləri daxil edir. Bunun bir neçə səbəbləri vardır: ölkənin nisbətən böyüklüyü və açıqlığı, demokratikliyi, cürbəcür immiqrant qrupların içində “ərinməsi” və s. Fərdlər bir və ya daha çox submədəniyyətdə iştirak edə və həmin submədəniyyətlə eyniləşmə (identiklik) məsələsində tam sərbəstdirlər. Müxtəlif submədəniyyətlərin sintezi kimi Amerika mədəniyyəti bütün amerikalıların ictimai həyatının bütövlüyüdür.
4)mədəniyyətin elementləri Mədəniyyət — hər bir insanın az və ya çox dərəcədə əldə etdiyi bilik və vərdişlər, ictimai və istehsalat həyatı, savad və tərbiyə, yaradıcılıq və mənəvi-əxlaqi fəallıqdır. Eyni zamanda, buraya insan tərəfindən yaradılmış sərvətlər (o cümlədən maddi sərvətlər) də daxildir.Mədəniyyətin formaları bunlardır:Elitar mədəniyyət: imtiyazlı təbəqə və onun sifarişi ilə yaradılan mədəniyyət nümunələri (zərif incəsənət, klassik musiqi və ədəbiyyat). “İncəsənət incəsənət üçündür” şüarı elitar mədəniyyətin devizidir. Mədəniyyətin bu formasını yaradanlar mədəniyyətin diktəedicisi hesab edilir. Xalq mədəniyyəti — mənşəyinə görə bu forma həvəskar və ya kollektiv mədəniyyət forması adlanır. Xalq mədəniyyəti folklor ədəbiyyatı özündə birləşdirir (miflər, əfsanələr, dastan və nağıllar, nəğmə və rəqslər). Kütləvi mədəniyyət — yaşayış yerindən asılı olmayaraq bütövlükdə insanların təlabatı nəzərdə tutulur. Kütləvi mədəniyyət ilk növbədə ticarət-qazanc məqsədlərinə yönəldilir, onun daima fəaliyyətdə olması nəzərdə tutulur.İqtisadi mədəniyyət :cəmiyyətin iqtisadi mədəniyyəti ümumi mədəniyyətin maddi əsası, fəaliyyət növlərinin aparıcısıdır.Siyasi mədəniyyət:siyasi proses subyektlərini bilavasitə öz fəaliyyətində göstərən, varislik əsasında cəmiyyətin siyasi həyatının təzələnməsini təmin edən, tarixən təşəkkül tapmış dayanıqlı sərvətlərin və istiqamətlərin davranış modelləri sistemidir.
5.Mədəni inteqrasiya.mədəni müxtəliflik və submədəniyyətlər. Mədəni assimilyasiyanın nəticəsi mədəni inteqrasiyadır. Axırıncı termin ayrı-ayrı hissələrin üzvü vəhdətindən ibarət olan mədəniyyət sisteminin funksional inteqrasiya dərəcəsini göstərir. Digər səviyyələrdə, mədəniyyətin elementləri cəmiyyətin müxtəlif aspektləri ilə, məsələn, sosial struktur və hakimiyyət münasibətləri iləı funksional cəhətdən sıx-sıx bağlı olur. Mədəniyyəti daha çox inteqrasiya olunmuş cəmiyyətin düşüncə və fəaliyyət tərzində ziddiyyətlər də az olur. Belə cəmiyyətin dini, iqtisadiyyatı, ailə-məişət həyatı bütövləşmiş cəmiyyətin ayrılmaz hissələridir. Sadəcə, mövcud adət-ənənələrə riayət etməklə, adamlar münaqişələri minimum həddə endirə bilər. Lakin, antropoloq R. Linton sübut etmişdir ki, yüksək dərəcədə inteqrasiya olunmuş cəmiyyətin özü çox zəifdir.Adət-ənənələr, inamlar, dəyərlər və texnologiya qarşılıqlı surətdə biri-digərindən asılıdır: bir sahədə baş verən dəyişiklik nəinki digər sahələrə təsir göstərir, hətta bütöv sistemi (cəmiyyəti) tarazlıqdan çıxara bilər. Məsələn, Avropa missionerləri Madaqaskarın yerli əhalisini xristianlığa çevirəndə, oğurluq adi bir hala çevrilmişdi. Evlərin, kəndlərin qayğısına qalmaq əhəmiyyətsiz bir şey oldu. Bunun səbəbi, Lintonun fikrincə, yeni qəbul olunmuş Avropa dəyərlərinin oğruluğa, quldurluğa qarşı əski Madaqaskar qadağalarını əvəz etməsində idi. Linton yazır: “Cəhənnəm və polis qorxusu hər şeyi bilən və törədilən bəd əməlləri yer üzündə ciddi cəzalandıran və axirət aləmində pis adamları dədə-baba yurdundan çıxaran uluların ruhu qarşısında qorxu hissini əvəz edən yoxsul anlayışlar idi”.Eyni ilə, metalın tətbiqi Avstraliyanın yüksək dərəcədə inteqrasiya olunmuş Daş Dövrü mədəniyyətini tədricən dağıtdı. Keçmiş SSRİ dağılandan sonra, Azərbaycanda yetərincə inteqrasiya olunmuş şəhər mədəniyyəti tədricən dağıldı. Misalları bir qədər açıqlayaq. Avropalılar üçün polad baltalar sadəcə alət idi və texniki cəhətdən daş alətlərlə müqayisədə üstünlüklərə malik idi. Avstraliya aborigenləri üçün isə balta sadəcə bir alət deyildi: ailə, qəbilə və tayfalar arasında münasibətlər əsrlərin sınağından keçmiş daş işlərinin formal-ənənəvi, “seremonial” mübadiləsinə əsaslanırdı. Beləliklə, daş alətlərdən metaldan düzəldilmiş alətlərə keçid yerli aborigenlərin nümunəvi mübadilə formasını əhəmiyyətsiz etmişdir. Müasir cəmiyyətlərin əksəriyyəti müxtəlif irq və etnosların nümayəndələrindən ibarətdir. Son dərəcə iri və müxtəlif elementlərdən ibarət müasir cəmiyyətlər ənənəvi cəmiyyətlə müqayisədə, çox zəif inteqrasiya olunmuşdur.Mədəni azlıqların ümumi bölüşdükləri və dominant mədəniyyətdən özlərini fərqləndirməkdən ötrü istifadə etdikləri fərqli normalar, dəyərlər, bilik, dil və simvolların məcmusuna sub-mədəniyyət deyilir. Sub-mədəniyyətin mövcudluğu, müəyyən dərəcədə, adamların submədəni qrupla identifikasiyası (eyniləşdirilməsi) çox vacibdir (onların digər indentifikasiya formaları da ola bilər). Həmçinin, bilavasitə və dolayısı ünsiyyətin olmağı vacib şərtlərdən biridir. Bu baxımdan sub-mədəniyyətlər simvolik qarşılıqlı fəalyyətin (interaksiyanın) məhsuludur.Mədəniyyətin quruluşunu onda müxtəlif submədəniyyətlərin olması baxımından nəzərdən keçirmək olar. Submədəniyyətlər hakim mədəniyyətin tərkib hissələri olub, öz normativ quruluşu, dəyərləri, ənənələri ilə bütövlükdə mövcud mədəniyyətdən fərqlənirlər. Onlar sosial birliklərlə - mədəniyyətin daşıyıcıları ilə sıx bağlıdır. Bu halda şəhər və kənd submədəniyyətini, habelə silklərin, təbəqə və siniflərin submədəniyyətini ayırd edirlər (məsələn, mühüm əlamətlərə görə Qərbi Avropada cəngavər mədəniyyəti, sonra zadəgan mədəniyyəti, daha sonar isə burjua mədəniyyəti ayırd edilmişdir). Keçmişdə əkinçi xalqların kəndli mədəniyyəti üçün spesifik həyat tərzi, xüsusi təsərrüfat formaları və əmək ritmi, habelə bədii praktikanın folklor növləri (miflər, nağıllar, atalar sözləri, incəsənətin tətbiqi növləri və s.) səciyyəvi olmuşdur. Hazırda Asiyanın, Cənubi Amerikanın, Afrikanın bir sıra ölkələrində həmin mədəniyyət qalmaqdadır. Lakin müasir cəmiyyətdə sosial meyarlara görə ayırd edilən bir sıra submədəniyyətlər inkişaf etməkdədir. Məsələn, tədqiqatçılar elitar mədəniyyəti – cəmiyyətin imtiyazlı qruplarının submədəniyyətini, yoxsulluq mədəniyyətini - ən yoxsul qrupların elitar mədəniyyətə əks qütbdə inkişaf edən mədəniyyətini, gənclər submədəniyyətini – müasir şəhər mühitində formalaşan və gəncləri əhatə edən mədəniyyəti, etnik-milli submədəniyyətləri (xüsusən milli-etnik tərkibi rəngarəng olan ölkələrdə), habelə ərazi (regional) submədəniyyətlərini ayırd edirlər.Qarşılıqlı təsir və fəaliyyət prosesində submədəniyyətlərin üzvləri yalnız öz qrupları ilə deyil, həmçinin, dominant mədəniyyətlə eyniləşir (dominant mədəniyyət burada kəmiyyət çoxluğu baxımından deyil, real hakimiyyət və təsirə malik qrupu bildirir). Məsələn, ateistlərə görə - din, Afrikalı-Amerikalılara görə -Qərbi Avropanın ağ adamları, işsiz və evsizin gözündə - orta sinif və əla maddi imkanlara malik adamların mədəniyyəti dominantdır. Azərbaycanda dominant mədəniyyət klan və ya tayfa üzvlərinə, regional dəstəyə, qan qohumluğu əlaqələri olan qruplara, dövlət və hökumət məmurlarına və s. Aiddir. Burada etnik mənsubiyyət və yaxud dini müəyyənlik sadəcə olaraq ideoloji və partiya texnologiyasıdır: kasıblıq həddindən aşağı yaşayanların içində müxtəlif etnosların nümayəndələri mövcuddur. Bu çox aktual bir məsələdir, çünki cəmiyyətimizdə mövcud ədalətsizliyin səbəblərini açıqlamağa imkan verir: etnos, din, region və s. Kimi, nə demokratiya, nə də ki, bazar münasibətləri kasıbçılıq “istehsal etmir”. Əsl istehsalçılar pərdə arxasında gizlənmiş dövlət və hökumət məmurlarımız, onlarla yanaşı möhtəkirlərimiz, rüşvətxorlarımız və s.