33.Azərbaycançılıq və multikulturalizm Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin əsasında azərbaycançılıq ideyası durur. Azərbaycançılıq ideyası – Azərbaycan xalqının siyasi, iqtisadi, sosial və mədəni yüksəlməsinə yönələn bir ideyadır. Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi tarixi Azərbaycançılıq ideyasının formalaşması prosesi ilə bağlıdır. Bu proses XIX əsrin ikinci yarısında baş vermişdir.XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycan ədəbiyyatının, incəsənətinin və maarifçılik hərəkatının görkəmli xadimləri mədəni azərbaycançılıq hərəkatına başçılıq edirdilər. Mədəni azərbaycançılıq hərəkatının görkəmli nümayəndələrinin fəaliyyəti nəticəsində Azərbaycan xalqının milli şüuru formalaşmağa başladı. Bu proses xalqın öz mədəni və etnik birliyini dərk etməsində mühüm əhəmiyyət kəsb edirdi.Azərbaycançılıq ideyasının mədəni mərhələdən siyasi mərhələyə keçməsi Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Məmmədəmin Rəsulzadə kimi görkəmli şəxsiyyətlərin nəzəri və siyasi fəaliyyətləri ilə bağlıdır. Siyasi azərbaycançılığın nümayəndələri ilk dəfə olaraq Azərbaycan xalqının siyasi hüquqlarını müdafiə etməyə başladılar.28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması siyasi azərbaycançılıq ideyasının inkişafında keyfiyyətcə yeni bir mərhələ idi. Bu mərhələ azərbaycançılıq ideyasının iqtisadi mərhələyə keçməyi üçün lazımi şərait yaratdı. Lakin 28 aprel 1920-ci ildə Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunması səbəbindən bu keçid baş tutmadı. Azərbaycançılıq ideyasının inkişafının qarşısı müvəqqəti olaraq alındı. Azərbaycan xalqının tarixinin yeni mərhələsi – sovet dövrü başladı.Azərbaycan xalqının milli azadlıq hərəkatı o qədər də əlverişli vəziyyətdə deyildi. Belə ki, onun qarşısında iki çətin məsələ dururdu. Birincisi, Ermənistanın hərbi təcavüzündən Azərbaycanın ərazi bütövlüyünü qorumaq; ikincisi, sovet imperiyasına qarşı mübarizədə Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək. Bu iki mühüm məsələni həll etmək üçün elə bir siyasi partiya tələb olunurdu ki, o, yeni tarixi şəraitdə Azərbaycan xalqının milli azadlıq hərəkatına başçılıq etməyə, onu lazımi istiqamətə yönəltməyə qadir olsun. Bu tarixi zərurətə cavab olaraq 1988-ci ilin sonlarında Azərbaycan Xalq Cəbhəsi (AXC) meydana gəlir.18 oktyabr 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Bu hadisə Azərbaycan xalqının milli azadlıq mübarizəsi tarixinin yeni başlanğıcı idi. Lakin dövlət müstəqilliyinin bərpa olunması Dağlıq Qarabağ problemini həll etmədi. İndiyədək Ermənistanın hərbi qoşunları Azərbaycanın 20% ərazisini öz işğalı altında saxlayır. Bu işğalın nəticəsində Azərbaycanda bir milyondan artıq məcburi köçkün vardır. Yuxarıda qeyd olunduğu kimi, müasir dövrdə Azərbaycan xalqının milli azadlıq hərəkatının bir kütləvi hərəkat kimi qalxmasında Dağlıq Qarabağ problemi müstəsna rol oynamışdır. Azərbaycan xalqının əksəriyyəti milli azadlıq hərəkatının əsas məqsədini Dağlıq Qarabağ probleminin həll olunmasında görürdü. Abdülrəhman Vəzirovun, Ayaz Mütəllibovun və Əbülfəz Elçibəyin hakimiyyətdən getmələrinin əsas səbəblərindən biri məhz onların Azərbaycanın ərazi bütövlüyü qoruya bilmədikləri olmuşdur. Azərbaycan xalqı ölkənin ərazi bütövlüyün təmin edə biləcək və ümumiyyətlə müasir dövrdə Azərbaycanı yüksəldə biləcək yeganə şəxs kimi ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi.
34. və 38.Assimilyasiya,izolasiya (təcridolunma) və aparteid siyasətlərinin fərqi Multikulturalizm bir siyasət modeli kimi cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti xarakterizə edir. Bu siyasətin əsasında isə cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur. Bir siyasət modeli kimi multikulturalizm ötən əsrin 60-cı illərində Kanadada meydana gəlmişdir.Multikulturalizm siyasətinin meydana gəlməsindən əvvəl etnik, irqi, dini və mədəni müxtəlifliklərlə üzləşən dövlətlər bu müxtəliflikləri əsasən iki siyasət modeli vasitəsilə tənzimləməyə çalışırdılar: assimilyasiya və izolyasiya.Assimilyasiya siyasəti milli azlıqların etnik-mədəni dəyərlərini titul (əsas) etnosun mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur. İzolyasiya siyasəti isə milli azlıqların etnik-mədəni dəyərlərinin titul etnosun etnik-mədəni dəyərləri ilə hər hansı bir əlaqəsinin qarşısını almaqla milli azlıqların cəmiyyətə inteqrasiya olmalarına imkan vermir.İzolyasiya siyasəti 2 formada özünü büruzə verir:
a. O, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmasına mane olur;
b. Cəmiyyətdə artıq məskunlaşmış müəyyən qrup adamların assimilyasına mane olmaq məqsədilə onları təcrid edir.
İkinci halda bu siyasət aparteid adlanır. Aparteid (afrikaans dilindən tərcümədə “ayrılıq”, “ayrılıqda yaşamaq” mənasını verir) Cənubi Afrika Respublikasında 1948-1994-ci illərdə tətbiq olunan siyasətdir. Aparteid siyasəti qeyd olunan dövr ərzində hakimiyyətdə olan Milli partiya tərəfindən aparılırdı. Bu siyasətin əsasını irqi ayrı-seçkilik təşkil edirdi. Aparteid siyasəti ölkə əhalisini 4 irqi qrupa bölürdü: “qaralar”, “ağlar”, “rənglilər” və “hindlilər” Cənubi Afrika Respublikasında aparteid sistemi bu ölkənin ilk qaradərili prezidenti, Nobel Sülh mükafatı laureatı Nelson Mandelanın rəhbərliyi altında 1994-cü ildə demokratik qüvvələrin ümumi seçkilərdə qələbəsindən sonra ləğv edildi.
35.Zəif və güclü multikulturalizm Ədəbiyyatda multikulturalizmin zəif və güclü formalarının olamalarına dair fikirlər mövcuddur. Multikulturalizmin zəif və güclü formaları bir-birindən seçilir. London İqtisad Məktəbinin professoru Çandran Kukatasın fikrincə, multikulturalizmin zəif və güclü formaları cəmiyyətdə mövcud olan etnik –mədəni müxtəlifliyə münasibətdə aparılan siyasətlərdəndir.Multikulturalizmin zəif forması azlıqlara öz etnik-mədəni dəyərlərini qorumaq üçün azadlıq verir. Lakin azlıqlar öz imkanları ilə bu dəyərlərini qorumaq iqtidarında olmurlar və nəticədə cəmiyyətdəki hakim etnik-mədəni dəyərləri qəbul etmək onlar üçün ən optimal çıxış yolu olur. Başqa sözlə desək, onlar elə bir vəziyyətə düşürlər ki, onlara bilərəkdən, xarici təzyiq olmadan, öz istəkləri ilə titular xalqın etnik-mədəni dəyərlərini qəbul etmək sərf edir. Öz mədəni kimliyini, etnik-mədəni dəyərlərini qorumaq isə çətin olur, baha başa gəlir. Mövcud vəziyyətdə onların başqa çıxış yolu olmadığına görə, onlar xoşluqla assimilyasiyaya gedirlər, yəni yaşadıqları cəmiyyətə inteqrasiya olunurlar.Multikulturalizmin zəif formasından fərqli olaraq onun güclü forması etnik azlıqlara öz etnik-mədəni dəyərlərini qorumaq üçün azadlıq verməklə yanaşı onların yaşadıqları cəmiyyətə bütün sahələrində fəal iştirak etmələri üçün hər cür şəraitin yaradılmasını tələb edir. Multikulturalizmin güclü forması cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə münasibətdə dözümlüyün nümayiş etdirilməsi ilə kifayətlənmir. O, bu müxtəlifliyin dövlət tərəfindən inkişaf etdirilməsini, onun maddi, hüquqi və mənəvi cəhətdən dəstəklənməsini vacib hesab edir.Çandran Kukatas multikulturalizmin qeyd olunan formalarının hər birinin liberalizm nəzəriyyəsinə əsaslandığını göstərir. Lakin zəif multikulturalizm klassik liberalizmə, güclüdür.
36.Avropada multikulturalizmin əsas qaynaqları.
Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya aparır. Məhz buna görə də bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı həm də milli və dini azlıqlar da dəstəkləyirlər.Multikulturalizmin nəzəri əsasını liberalizm, xüsusən də liberalizmin azadlıq, bərabərlik və qardaşlıq kimi dəyərləri təşkil edir. Bu səbəbdən də multikultural cəmiyyətdə nəinki sosial ədalətsizliyi aradan qaldırmağa nail olmaq mümkündür, həm də burda irqçiliklə bağlı ədalətsizliyə qətiyyən yol verilmir. Lakin multikulturalizmlə liberalizm arasında bir mühüm fərq vardır. Liberalizmdən fərqli olaraq multikulturalizm fərdlərin deyil, qrupların hüquqlarını ön plana çəkir.Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.Multikulturalizm cəmiyyətdə təzahür edən çoxnövlü mədəni müxtəlifliyin növlərindən biridir. Bundan başqa, biz multikulturalizmlə əlaqədar olan izolyasionizm (təcrid etmə), assimilyasiya və aparteidi kimi digər təzahürləri də qeyd edə bilərik.
İzolyasionizm elə bir siyasətdir ki, o, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmaqla mədəni müxtəlifliyin formalaşmasının qarşısını alır. Nümunə kimi, 1901-ci ildə Avstraliyada qəbul olunmuş “İmmiqrasiya haqqında Qanunu” göstərmək olar;
Assimilyasiya – izolyasionizmə alternativ olan siyasətdir. Bu siyasət hakim mədəniyyət tərəfindən öz içərisində milli azlıqların və ölkəyə yeni daxil olanların mədəniyyətlərinin əridilməsini nəzərdə tutur;