6.2. Torpaq və Bitki örtüyü.
Asiya qitəsi bitki örtüyünün olduqca zənginliyi, torpaqlarının isə daha müxtəlifliyi ilə Avropadan kəskin fərqlənir. Cənubi Asiya və Ön Asiyanın cənub – qərbi, İran yaylasının cənubi Paleotropik, qalan ərazi isə Qolarktikaflora sahələrinə daxildir. Bu iki flora sahəsində geoloji tarix boyu və xüsusilə kaynazoyda bütün üzvi aləm, o cümlədən bitki örtüyü tamamilə müxtəlif iqlim şəraitində inkişaf etmiş və formalaşmışdır. Cənubi Asiyanı əhatə edən Paleotropik bitki sahəsi iqlimində üçüncü və dördüncü dövrlərdə dəyişiklik olmamışdır. Bunun nəticəsində həmin sahədə üçüncü dövrün bitkiləri dəyişmədən inkişaf etmiş və zənginləşmişdir. Bu sahənin bitki örtüyündə hətta mezozoy erasının bitkiləri belə saxlanmaqdadır.
Qitə ərazisinin olduqca geniş bir hissəsini tutan Qolarktika sahəsi də bitki örtüyünün zənginliyi ilə seçilir. Burada Aralıq dənizi quru subtropiklərindən və Şərqi Asiya rütubətli subtropiklərindən tutmuş, Orta və Mərkəzi Asiyanın arid iqlim qurşağında təşəkkül tapmış səhra və yarımsəhra bitkilərinə, mülayim qurşağı yarpağını tökən enli yarpaqlı meşələrinə, nəhayət qitənin Şimal Buzlu okeanın sahillərinin meşə - tundra və tundra bitkilərinə qədər olduqca geniş və müxtəlif bitki formasiyalarına rast gəlmək mümkündür.
Asiyanın böyük flora sahələrindən Malayya arxipelaqı və Malakka yarımadasını əhatə edən Maleziya yarımvilayəti bitki örtüyü çox rəngarəngliyi və endemik növlərlə zəngin olması ilə seçilir. Burada 65 mindən çox bitki növü vardır. Cənubi Asiyanın qalan ərazisini tutan (Hindistan, Hind–Çin, Cənubi Çin) Hind–Afrika yarımvilayətində isə 21 mindən çox bitki növü qeydə alınmışdır.
Asiyanın Qolarktika flora sahəsinə daxil olan başqa bitki yarımvilayətləri növcə xeyli kasıbdır. Bəzi yarımvilayətlərdə isə ağac bitkiləri növləri çox az olur, meşələr öz yerini çöl, yarımsəhra və səhra bitkilərinə verir (Mərkəzi Asiya, Ön Asiyanın arid sahələri və s.).
Asiyada cənubdan şimala aşağıdakı əsas landşaft zonaları bir–birini əvəz edir: ekvatorial qiley meşələri; subekvatorial rütubətli musson meşələri; savannalar, seyrək meşələr və kolluqlar; tropik səhralar və yarımsəhralar zonası; subtropik qurşağın səhra, yarımsəhra, çöl, arid və rütubətli (musson) meşə və kolluqlar zonası; mülayim qurşağın səhra, yarımsəhra, çöl, meşə-çöl və iynəyarpaqlı meşələr zonası; soyuq qurşağın meşə-tundra zonası, nəhayət Şimal Buzlu okeanın Asiya bölməsində yerləşən adalarında Arktika səhrası zonası.
Beləliklə, enlik təbii zonallığını yalnız Asiya daxilində nəzərdən keçirsək, ekvatorial qurşaqdan və Sibir tayqasından başqa, bütün qalan qurşaqların şərq Sakit okean bölmələrində meşələrin (musson meşələrinin), daxili hissələrdə isə çöllərin, səhraların,yarımsəhraların, nəhayət arid kolluqların yayılmasını görərik. Daxili və qərb bölmələrdə meşələrə çox rütubət alan dağ yamaclarında rast gəlinir.
Ekvatorial qurşaqda həmişəyaşıl və bütün il boyu rütubətli meşələr (qileylər), Malay arxipelaqı adalarında (Yava, Sumbava, Flores,Timor adalarından başqa), Malakka yarımadasında və Filippin adalarında yayılmışdır. Müxtəlif boylu ağac növləri ilə zəngin olan Asiya qileylərində palmaların bir çox növləri: Hebanq, saq, kariot, şəkər palmaları, liana–palma, rotanq və fikusların bir çox başqa növləri, ağacabənzər qıjılar, nəhəng rasamala, Braziliyadan gətirilmiş kauçuk palması və s. geniş yayılmışdır.
Dağlıq sahələr bitki örtüyü ilə daha zəngindir. Ekvatorial qleylər Sumatra, Kalimantan və Flores adalarındakı dağların yamaclarında 1000–1500 m-ə qədər yüksəyə qalxır. Daha yuxarıda tropik və subtropik meşələr yayılmışdır. Bu zonaların əsas torpaqları qalın qırmızımtıl, laterit torpaqlardır. Dağlarda dağ lateritləri inkişaf etmişdir.
Subekvatorial qurşaq Cənubi Asiyanın geniş bir hissəsini: Hindistanı, Hind-Çini, Cənubi Çini, Malay arxipelaqının ən cənub adalarını əhatə edir. Fəsillər üzrə rütubətlənmə şəraitində tropik musson meşələri geniş yayılmışdır. ərazinin oroqrafik quruluşu qeyri–bərabər paylanmasına səbəb olur.
Tropik qurşaqda əsasən səhra və yarımsəhra bitkiləri yayılmışdır. Bura Tar səhrası, İran yaylasının cənub, ucqar hissəsi və Ərəbistan yarımadasının cənub yarısı daxildir. Ilboyu passat sirkulyasiyası təsirinə məruz qalır, yağıntıların miqdarı 100 mm – dən, çox yerdə isə 50 mm – dən az olduğu halda, buxarlanma qabiliyyəti 2000–2500 mm-ə çatır. Hərəkətdə olan qumlar səhrasında torpaq örtüyü inkişaf edə bilməmişdir. Daşlı səhralar geniş yer tutur. Bir qədər çox yağıntı olan sahələrdə torpaqda humus toplanır. Adətən, belə sahələrdə səhra boz torpaqları yayılmışdır. Çox yerdə qırmızımtıl dəmirli–manqanlı aşınma qbığına rast gəlinir.
Subtropik qurşaq Asiyada Aralıq dənizi sahillərindən Sakit okean sahillərinə qədər böyük məsafədə uzanır və bir çox torpaq bitki bölmələrinə ayrılır. Qərbdə bitki örtüyü Aralıq dənizi subtropiki üçün səciyyəvi olan bərk yarpaqlı daima yaşıl meşələrdən və kolluqlardan ibarətdir. Burada iqlimin bir qədər kontinentallığı ilə əlaqədar olaraq kserofitlərin və Ön Asiya yaylaları üçün səciyyəvi olan dağ kserofit formasiyasının rolu artır. Kiçik yarpaqlı palıddan ibarər olan makvis kolluqları meşələr qırılan sahələrdə yayılmışdır. Meşələrdə Aralıq dənizi iynəyarpaqlılarına (şamın bir neçə növü) da tez–tez rast gəlinir. Ön Asiyanın Aralıq dənizi bitkiləri vilayətində dağ–meşə qəhvəyi torpaqları, düzənlərdə laterit torpaqlar inkişaf etmişdir.
Mərkəzi Asiyanın subtropik qurşaqda yerləşən, kəskin kontinental iqlimi olan yüksək yaylalarında, dağlarında və qapalı çökəklərində əsasən səhra,dağ–səhra və dağ–kserofit bitkiləri (kolluqlar), çökəklərdə isə halofitlər yayılmışdır.
Ön Asiyanın yaylaları və dağlarında dağ qonur – meşə torpaqları, dağ qəhvəyi torpaqlar, dağ boz–qəhvəyi torpaqlar, boz torpaqlar, dağ boz torpaqları, yüksək dağlarda çimli dağ–çəmən torpaqları, dağ çöllərində isə dağ–qara torpaqları inkişaf etmişdir. Mərkəzi Asiyada boz səhra torpaqları, çox yerdə torpaq örtüyündən məhrum olan qumlu və daşlı səhralar, dağlarda dağ–şabalıdı, dağ–qonur torpaqları, Tibetdə yüksək dağ səhra torpaqları inkişaf etmişdir.
Subtropik qurşağın Sakit okean bölməsində (Çində, cənubi Koreyada və Yapon adalarının cənubunda) iqlim şəraiti və xüsusilə musson yağıntılarının bolluğu burada meşə bitkilərinin geniş yayılması üçün olduqca əlverişlidir.
Dostları ilə paylaş: |