37. Neyro linqvistik proqramlaşdırma Neyrolinqvistik proqramlaşdırma (NLP) müasir dövrdə ən populyar siyasi reklam vasitəsi hesab
edilir. Neyrolinqvistik proqramlaşdırma – tətbiqi psixologiyanın ən yeni istiqamətlərindən
biridir. İlk əvvəl xüsusi psixoterapevtik texnika kimi yaranmışdır. Onun mahiyyəti insana verbal
(linqvistik) olaraq “uğur formul”unu “kodlaşdırmaq”dan (proqramlaşdırma) ibarət olmuşdur.
Daha sonra verballa yanaşı qeyri-verbal təsir vasitələrindən (mimika, pantomimika və s.) də
istifadə olunmağa başlamışdır. Bütün məşhur psixoterapevtik texnikalar tədqiq olunmuşdur və
bunlar arasından (sosial uğur baxımından) davranışı daha effektiv şəkildə stimullaşdıranlar “açar
formul” qismində seçilmişlər. Sonra isə bu formullar bir çox uğura nail olmuş insanlar arasında
yoxlanılmış və onların həqiqiliyi sübuta yetirilmişdir. Bu iş prosesində müxtəlif “uğur model”ləri
aşkarlanmışdır. Məlum olmuşdur ki, onlar bu insanların müxtəlif neyropsixoloji törəmələri ilə
əlaqədardırlar.
Sağyarımkürə və solyarımkürə modellər aşkarlanmışdır. Müəyyən edilmişdir ki,
proqramlaşdırmanın linqvistik kodları neyropsixoloji törəmənin xüsusiyyətləri ilə əlaqədardır.
Beləliklə, mənası fərdi psixoterapevtik texnika olan - neyrolinqvistk proqramlaşdırma anlayışı bu
şəkildə yaranmışdır.
Elmi olmayıb, müxtəlif texnikalar məcmusundan ibarət, konseptual mənası hələ də
mükəmməlləşməyən NLP - kompleks, elmlərarası mahiyyətə malik olduğundan, onun vahid
nəzəriyyəsi və banisi yoxdur. NLP-nin “ata-banisi roluna iddialı olan çoxlu insanlar var. Onun
əcdadı isə M.Erikson hesab edilir. O NLP vasitəsilə psixi xəstə insanları təəccüb doğuracaq
şəkildə müalicə etsə də, öz texnikasını izah edə və əsaslandıra bilməmişdir. Onun əvəzinə bunu
ixtisasca riyaziyyatçı və proqramist olan D.Qrinder və R.Bendler etmişlər. D.Qrindler və
R.Bendler insanın jestləri, mimikası ilə onun nitqinin strukturu arasında möhkəm qarşılıqlı əlaqə
olduğunu müəyyən etmişlər. “Metakommunikasiya” ideyasının müəllifi Q.Beytson NLP-ni nəzəri
şəkildə izah etməyə cəhd etmişdir. Onlar hamısı birlikdə müəyyən etmişlər ki, insanın nitq,
mimika və pantomimikasının öz aralarında möhkəm şəkildə əlaqəli olmaları psixoloji təsirin
daha effektiv olmasını şərtləndirirlər. Belə koordinasiya əlaqələrin müəyyən edilməsini və
məqsədyönlü təsirin həyata keçməsini şərtləndirir. Bu digər insanın və hətta izdihamın
davranışını idarə etməyə imkan verən “effektiv ünsiyyət kodu” adlanır.
Lakin NLP hələ də öz effektivliyi ilə bağlı etibarlı statistik göstəricilərə malik deyil. “NLP-trener”
adlanan psixoloqlar bildirirlər ki, psixoterapevtik texnika bir növ incəsənətdir və burada statistik
parametrlərin olması mənasızdır.
Digər tərəfdən NLP – müasir siyasi təbligat və reklamda istifadə olunan xüsusi psixoloji
suqqestiv təsir növüdür. Xüsusilə, ayrı-ayrı linqvistik komponentlər – NLP “formul”ları, tətbiqi
siyasi psixologiyada seçkiqabağı kampaniyalar zamanı elektorata təsir üçün daha aktiv şəkildə
istifadə olunurlar. Lakin belə təsirin effektivliyi haqqında mötəbər məlumatlar hələ ki, yoxdur.
Əsasən əfsanə və apokriflər – NLP-nin “başgicəlləndirici təsirləri” haqqında nümunələr – yayılır.
NLP-nin xüsusən qərb seçki texnologiyalarında aktiv olaraq istifadə edilməsi bildirilir.